Ölkədə qanunverici orqan Milli Məclis, icraedici orqan Nazirlər Kabineti, nəzarətedici orqan Prezident aparatıdır. İcra başçıları yerlərdə Prezidentin birbaşa nümayəndəsi sayılırlar. Aşağı pillə icra nümayəndəliyidir. Bu sistemdə bələdiyyəyə yer yoxdur. Bələdiyyə özünüidarə sistemi aşağıdan yuxarı demokratik yolla seçilmiş hakimiyyətlə işləyən ölkələrdə olur. Bələdiyyə strukturu olan ölkələrdə icra nəzarəti olmur.
Azərbaycanda bələdiyyə özünüidarəetmə strukturu hakimiyyətə yamaq kimidir, səlahiyyətləri məhduddur, demək olar, icra nümayəndəliyi ilə eyni vəzifələri bölüşür. Daha doğrusu, bələdiyyə icra idarəetməsinin əlaltısına çevrilmişdir. Bir sözlə, bələdiyyə sədri İcra başçısının yanında heç kimdir!
Kənd yerlərində bələdiyyənin maliyyə hesabı məhdud olduğundan bu təşkilat heç bir iş görmür. Buna görə də bələdiyyə sədrləri kənddə torpaq satmağı özlərinə yeganə qazanc yeri bilirlər. Son vaxtlar bələdiyyələr kəndlərdəki yolqırağı yerləri hərraca qoyublar, dayanacaqları satıblar, idman meydançalarını həyətyanı sahə veriblər, örüş yerlərini və bələdiyyə torpaqlarını "icarə" adıyla qanunsuz əkin sahələrinə çeviriblər. Bələdiyyələrin heç birisi yarandığı gündən kənd-kəsək üçün yaxşı bir iş görməyib.
Bir təklifim var, bütün ziyalılardan bu təklifi dəstəkləməyi xahiş edirəm:
Ya ölkə bələdiyyə idarəetmə sisteminə keçməlidir, icra strukturu ləğv olunmalıdır, ya da bələdiyyə özünüidarəetmə sisteminin fəaliyyəti dayandırılmalıdır. Birinci təklif hakimiyyət tərəfindən dəstəklənməyəcək, bilirəm. Qaldı ikinci məsələ, həm də ciddi bir məsələ!
Böyük səlahiyyətləri olmayan, İcra başçılarının vassalına çevrilən, funksiyası icra nümayəndəliyinin funksiyası ilə eyni olan bələdiyyələrə ehtiyac varmı?
Ehtiyac varmı, dövlət bu seçkilərə xeyli vəsait ayırsın, bu strukturun təmsilçilərinə əmək haqqı versin?
Təklif edirəm: Bələdiyyə idarəetmə sistemi ləğv edilsin, ona xərclənən pullar kəndlərin abadlığına və yeni iş yerlərinin açılmasına sərf olunsun!!!
Bilal ALARLI HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru