Bilgə, Ustad, Müəllim, Hoca

Ər-Rəhman surəsinin 60-cı ayəsi xüsusilə sevdiklərimdəndir, onunla bağlı izahları oxuyurdum bir dəfə, qarşıma bir hədis çıxdı, oxudum və heç unutmuram. Bir gün Peyğəmbərimizdən soruşurlar, bəs Ayə deyir, “Yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi?”, - bunu necə başa düşək? Axı yaxşılıq olunan yaxşılıq edənə həmişə bərabər olmur, o necə qaytaracaq onun əvəzini? Peyğəmbərimiz deyir ki, maddiyyatla qaytarmaq mümkünsüzsə, onun ev işlərində ona yardım etsin. Yenə sual verilir, bəs o işləri görəcək cismi sağlamlığı, imkanı yoxsa əgər, o zaman? Cavab belə buyrulur: ”Tərifləsin onu, öysün onun hünərini, yaxşılığını” Nə bilgənin, nə müəllimin, nə ustadın, nə hocanın onu öyməyə, tərifləməyə, şəninə gözəl sözlər deməyə ehtiyacı yoxdur. Zatən gözəllik öz-özünün mükafatıdır. Əksinə, öyüləsi sözlərdən onların sıxılmasının, bundan bar verən ağacın budaqlarını yerə əyməsi misalı hallar keçirməsinin şahidiyəm. Bəli, müdrikliyin də heç kəsə nəsib olmayacaq öz cəhətləri var. Amma Şah babamız da demişkən: “Sevən ölsünmü? Əbu Turxaın hikmət dünyasında bir fikir var bu barədə, deyilir, “Həyəcanlanmış atom öz artıq enerjisini şüalandıraraq yenidən normal vəziyyətə keçdiyi kimi, ilhamlanmış sənətkar da bu ilhamın, hiss-həyəcanın daşıdığı enerjini öz yaradıcılığı ilə «şüalandıraraq» «normal” vəziyyətə keçir.” Sənətkarın ilhamlandığı kimi, xoş, əlamətdar günlərdə insanların içlərindən gələn sözləri, heç səsləndirmədikləri fikirləri, etirafları birdən-birə ard-arda düzməsinin bir hikməti də bu olmalı deyilmi?! Bilgədən hocayacan fikir, düşüncə, təhsil tariximizin, ən adlı dayanacaqlarından bir-ikisində dayanmaqla bu əvəzi heç bir sözlə ödənməyəcək adların, şəxsiyyətlərin mahiyyətini özlüyümdə dərk etməyə çalışdım. Əvvəlcə bilgə barədə. Sözün leksik və funksional mənalarının məzmunu genişdir: bilən, bilgili adam. Bilikli, əxlaqlı, yetkin, nümunəvi şəxs. Dərin bilik sahibi, alim bir adam. Öyrənmək və öyrətmək eşqi olan bir insan. Hörmətli (həzrət). Lider, rəhbər, öndər. Bilgə adı öz zirvəsinə Orxon-Yenisey abidələrində  çatır. Belə ki, bu mənbədə "bilgə" sözü həm müdrik, filosof, millət öndəri kimi. Bilgə Tonyukukun, rəhbər, lider mənalarında isə Bilgə Xaqanın timsalında işlədilib. Orta Asiya, Uyğurustan və Monqolustan ərazisində formalaşmış qədim türk dilində "bilgə" sözü həm də "peyğəmbər" mənasında işlədilib. Bu məqamda yadıma Bəqərə surəsindən bir ayə düşür: «Rəbbimiz, onlara öz içlərindən özlərinə elə bir elçi göndər ki, ayələrini oxusun, soydaşlarına Kitab və Hikməti öyrətsin, pisliklərdən təmizləsin onları. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!" (2:129) Göytürk türkçəsində peyğəmbər sözü "Qutalmış", "Ərmiş" "Bilgə" adlanırdı, islam dinini qəbul edən türklər bu sözün yerinə peyğəmbər, rəsul, elçi sözlərini işlətməyə başladılar. “Kitabi-Dədə Qorqud”da isə Bilgə el ağsaqqalı, ictimai fikri formalaşdıran və yönləndirən şəxs kimi Dədə Qorqudun özüdür. Ustad adının nağıllarımız qədər yaşı var, amma mən Aşıq Ələsgərin Aşıq Alı ilə ustad-şəyirdliyinə toxunmaq istədim. Mənbələrdən məlum olur ki, Aşıq Ələsgər xüsusi təhsil ala bilməyib. Kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asar, güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra bu öyrəndiklərini başqalarına danışardı. Bunun təsiri ilə yeniyetməlik vaxtlarında ilk qoşma və gəraylılarlnı söyləyib. Sənətin sirlərini Ələsgər Aşıq Alının şəyirdi olandan sonra öyrənib. Bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da ustadından əxz edib.  Sonradan ustad bir sənətkar kimi məşhurlaşan Aşıq Ələsgərin ətrafına çoxlu şəyirdlər toplaşıb, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salıb, saz tutub söz deməyi öyrədib. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşıblar. Ustad elə bir mövqedir ki, yetkin usta sayılan hər peşə sahibi məhz ustad dərsi almaqla öz sənətində zirvəyə irəliləyir. Müəllim adına düşünürəm ki, son onillərədək dilimizdə ali mövqeyi olmağına rəğmən mövcud sistemə görə unudulmaqda olan hoca adı ilə müqayisədə fikir bildirim. Təhsilimizin müstəqillik illərindəki  xarici əlaqələrinə görə, xüsusən, Türkiyədə təhsil alan, çalışan təbəqimizin də təsiri ilə həyatımızda bənzərsiz yer tutan müəllim və hocanın fərqi bir Cəmil Meriç sözündə: ”Hoca ögretmen oldu, talebe ögrenci. Ögretmen ne demek? Ne soğuk, ne haysiyyetsiz kelime... Hoca öyretmez, yetiştirir, aydınlatır!Ögrenci ne demek?! Talebe isteyendir; isteyen, arayan, susayan.” İndi gəlim mətləbə... Mənim dilimin əzbəri sözümün, həyatın hər müstəvisində müdrik sözün yalnız ilac olduğu məqamda hafizəmdə saxladığım və zamanında iqtibas gətirdiyim müqəddəs kəlamlartək qiymətli hikmətlərin - Əbu Turxan hikmət dünyasının müəllifi böyük filosof Səlahəddin Xəlilovun, mənim əziz hocamın ad günüdür bu gün! Ad günü təbriklərindən belə xoşhal olmayacağını bildiyimdən öz "Feysbuk" səhifəmdə illərcədir dahilərə və məşhurlara “ad günü eləmək” ənənəmə sadiq qalaraq qısaca bir xatırlatma etdim. ”Bu gün 22 fevral üç dahi şəxsiyyətin doğum günüdür: Artur Şopenhauer, Mirzə Cəlil, Salahaddin Halil” Çox keçmədi hocam ad günü sevincimi pozmaq istəmədiyindən yalnız belə bir xatırlatma – şərh yazdı: “Mehriban Sərdarova, amma gerçəklər başqadır. Dünya bu günün dəyərləndiriməsinə sənin qədər mehriban və tərəfkeş nəzərlərlə baxmır. Çünki saydığın adamlar eyni tərtibli deyil. Biri bütün dünyada tanınır, biri ancaq Azərbaycanda, üçüncü isə onu oxuyan tək-tük adamlar arasında.” Təbii, razılaşmadığımı bildirdim, Günəş buzlaqları isitmirsə, bu Günəşin yoxluğuna dəlalət eləmir qənaətimi bölüşdüm. Amma axşamacan bu fikir məni tərk etmədi və oturdum bilgisayarımın başında Bilgə haqqında ürəyimdəkiləri ona açdım. Bəli, Bilgə, Ustad, Müəllim və Hoca adlarını fikir və təhsil tariximizdə çox nadir hallarda hamısını birlikdə özündə ehtiva edən şəxsiyyətlərdəndir Səlahəddin Xəlilov! Bu gün gün mənim və yüzlərlə onu tanımaqla yenidən dünyaya gəlmiş hesab edən həmvətənimin hocası Səlahəddin Xəlilovun dünyaya gəlişi günüdür! Çox sevincliyəm. Sevincimi bölmək istəyirəm... Boy boylamaq Dədə Qorquddan gələn milli dəyərimizdir... Təbii ki, hər kəs öz boyuna uyğun boylama yapır. Əbu Turxanın bir hikmətindəki kimi, dahilər haqqında fikir bildirərkən biz onu səviyyəmizə endiririk. Əbu Turxan da Dədə Qorqud kimi insanları soya, boya ayırır; ayna kimi, dağ kimi, dərya kimi, yol kimi ...insanları tanıdır.. Həyatda elə insanlar da var ki, gün kimidir! Günlü ya günsüz, tutqunluqlarda, qapqaranlıqda ani yadına gəlməklə aləmi nura boyayır. Belə insanlardan biri mənim hocamdır - Əbu Turxan! Bir dəfə yazmışdım, elə adamlar var ki, özümüz özümüzə inandığımızdan bizə daha çox inanır, özümüz özümüzü sevdiyimizdən bizi daha çox sevir. Malik olduqlarımızdan daha çox bacaracağımızı bizə deyib və öyrədən qüdrətli insan.. Taqorun təbirincə, "Qüdrətli olmaq zəifi öz səviyyənə qaldıra bilməkdir." Onlarla ünsiyyətdən anlayırıq ki, biz də böyük ola bilərik, xeyirli ola bilərik. Onlar bizim ürəyimizdəki qığılcımı görürlər, duyurlar, kömək edirlər ki, onu od edək, ocaq edək, tonqal edək,  biz də ürəklərdə eynisini görək, biz də duyaq, yandıraq, yandıra bilək. Məmməd Arazın təbirincə "kimi işığı ürəklərə doğrayar..." Bəli, İşığı ürəyə doğrayan insan  yolun yerini  istiqamət verir, yolu özümüz tapırıq, özümüz gedirik, amma anlayırıq ki, illərdir biz bu yolsuz idik... Onları tanıyandan özümüzü tanıyırıq. Təsadüfi deyil ki, Əbu Turxan özü də bu məqamı vurğulayır: "Adətən, adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir. Mən hocamın məsləhəti, tövsiyəsi, verdiyi istiqamət, göstərdiyiniz yol ilə, bağışladığı qucaq dolusu kitablar ilə (təkrar nəşr olunmadığından əldə etməyim ağılasığmaz!) illərcədi boynumda ağır yük kimi daşıdığım dissertasiyamı yazıb bitirdim, müzakirə edib yeni mərhələni gözləməkdəyəm. Kimsə deyə bilər , hə, burda nə var ki?! Amma mənim alim olmağım, bütün çətinliklərimə rəğmən dissertasiyamı oturub yazmağım mərhum, dünyadan vaxtsız köçmüş anamın ən ümdə arzusu idi... Hər əlimə qələm aldıqca, yazının başında gözüm dolur-boşalırdı, öz-özümə pıçıldayırdım: ": Mama, axır ki, oturmuşam yazının üstündə. Oysa, gülümsəyib baxırdı mənə... Mən isə tək deyiləm... Sözündə, yazısında bir azca işıq gördüyünüz hər kəsi Böyüklüyü ilə "istedad" kimi qəbul edib beləcə maddi və mənəvi dəstək olub hocam. Nə yaxşı ki, var o! Allahın lütfüdür insanlara... Səlahəddin müəllimi qəzetdən illər öncə oxusam da, onunla "Feysbuk"da dost oldum və bilgə, ustad, müəllim və hoca kimi isə son beş ildə ona şərhlərdə, ad günülərində ünvanlanan yüzlərlə ürək sözlərindən tanıdım. Bu da müasir dünyanın özəlliyidir, əvvəl tanıyıb dost olurduq, indi isə dost olub tanıyırıq. Səlahəddin müəllimə elə insanlar ustad, hoca deyir ki... onların hər biri təhsilimizin zirvəsində hocalıq, ustadlıq edən şəxsiyyətlərdir. Şahlar Əsgərovun fikrini olduğu kimi yazıram: “SƏLAHƏDDİN müəllimi səmimi qəlbdən təbrik edirəm. Bir yerdə doyunca çalışdıq, amma doymadım. 100 yaşa xocam. Hər günün yübiley günün qədər əziz olsun. Qardaşxan Əzizxanlı "Səlahəddin Xəlil kimilər milli sərvətimizdir", - deyir. Bir başqa alim, onu bütün dövrlərdə ədalətin simvolu kimi təqdim edir. Əminə İbrahimli Səlahəddin müəllimi belə tanıdır dostlarına və hamıya: “Tək-tək işıqlı insanlar olur ömür yolunda. Sadəcə, varlığı sənə güc verər, elminə, təfəkkürünə, qəlbinə səcdə edərsən... Və bir ömür boyu qəlbində, beynində tutduğu yer dəyişilməz, öz zirvəsindən bir an belə enməyən nadir, əvəzsiz insan olar yetirmələri üçün”. Türkiyədə Üsküdar Universitetinin professoru, minlərlə tələbənin hocası Əbülfəz Süleymanlı: “Allah, millət və vətən sevgisini, azad fikir, ədalət və cəsarət kimi ülvi dəyərləri özündə cəmləşdirən yüksək fəlsəfi təfəkkür sahibi hörmətli Səlahəddin müəllim. Mən də öz növbəmdə bu gözəl təbriklərə qoşuluram, Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, El arasında belə bir söz var : Halal ömür yolu insana təmiz, şöhrətli ad qazandırır. Bu baxımdan Sizin şərəfli ömrünüz, elmi yaradıcılığınız müasir Azərbaycan fəlsəfəsi və bütövlükdə müasir dövr Türk Dünyası fəlsəfəsinin ayrılmaz hissəsi və onun parlaq səhifələrindən biridir. Sizə bu şərəfli ömür yolunda can sağlığı, uzun ömür, gərgin və yorulmaz fəaliyyətinizdə uğurlar, yeni yeni elmi-yaradıcılıq nailiyyətləri arzulayıram”. Yaxud Səlahəddin müəllimlə həyatda bir dəfə də həmsöhbət olmayan neçə alim-həkimdən birinin - Akif Cahangirovun fikri: Eyni gündə doğulan bu 3 şəxsiyyətin psixoloji portretlərində bir çox oxşar cəhətlər var. Səlahəddin müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edirəm! Əqli və ruhu, Şərqi və Qərbi, dünəni və bugünü qovuşduran, bizi bizə qaytaran, bizə yeni üfüqlər açan  Səlahəddin Xəlilov fəlsəfəsi, mənəvi çöküş zamanında, sivilizasiya spiralının eniş dövründə yüksəliş dövrü üçün zəmin hazırlayan fəlsəfədir. Bu fəlsəfənin  həyata tətbiqində itirdiyimiz hər il bizi on illərlə geriyə salır. Səlahəddin Xəlilovu yorulmaz, fədakar  təhsil və elm fədaisi adlandıran, bənzərsiz, örnək İnsan adlandıran yüzlərlə insan var, onların bir qisminin fikrini "Feysbuk"un verdiyi imkandan mən də bildim, həyatda onun müəllimliyindən danışan neçə-neçə insanın etiraflarına heyrətlənmişəm. Bir dəfə isə heç tanımadığım, adını doğru-dürüst bilmədiyim M-ova Sevda belə bir şərh yazdı: “Səlahəddin müəllimdən dərs aldığımçün çox qürur duydum. Bir hadisə ilə xatırlayıram onu hər zaman. Tam 30 il öncə idi. Fəlsəfə imtahanına hazırlıqçün 4 gün zamanımız vardı. Çatdıra bilmədiyimizçün sutkada 1 saat yatırdıq. İmtahan günü bilet çəkdim. İlk sualım "diqqət" idi. O mövzu ki, özümdən başqa üç qrup yoldaşıma da izah etmişdim. Birdən hiss etdim ki, heç nəyi xatırlamıram. Yaddaşım donub. - Cavab ver -Cavabım yox.. -"2" dedi Həyəcandan elə həmin an burnumdan qan açıldı. Çıxım yuyum, dedim. Çölə çıxan kimi birgə hazırlaşdığım tələbə yoldaşım mənə yaxınlaşdı. Əlimi, üzümü yuya-yuya tez xatırlat mənə, dedim. İçəri gəldim. Adətən, ikinci dəfə 4 verərdi, müəllimlər.. Kəsirdən sonra yəni.. Bu böyük insan cavabımı dinlədi, oturanlara məni nümunə göstərərək "5"(əla) dedi. Ağlayıb çıxdım auditoriyadan... Zamanında çox gənc olub dəyərinin dərəcəsini anlaya bilmədiyim insanın doğum gününü mən də təbrik edirəm. Onu vaxtilə dinlədiyim və tanıdığımçün fəxr edirəm.” Hocama arzular, dualar nəhayətsizdir. Bəs onun ürəyincə ən böyük arzu nə olardı?! Hocama onu sevənlər, sonsuz ehtiram edən insanlar adından arzu, dua edirəm ki, gözünün nuru, ürəyinin işığı ilə ərsəyə gətirdiyi, milli ruhumuzun daşıyıcıları kitabları (onlar 50-dən artıqdır) millətimizin hər üzvünün sevə-sevə oxuyacağı, bəhrələnəcəyi masaüstü kitab olsun! Əsl hocanın istəyi budur məhz, Hocam kimi! Fikrimi bitirməsəm də, bu sözlərlə tamamlayıram. Hocamı sevən , Əbu Turxan hikmətlərini sazla, avazla söyləyən Domrul Hakbulun bir şeirindəki misralarla: Əbu Turxan kəlmələri bu bir əzabla boy atır ... Bu əzabsız söz bulağı göz verməmiş soğulardı, Nə düşüncə bar verərdi, nə bu hikmət doğulardı. Üyütdükcə ağılları zəmanənin dəyirmanı, İrdələnib yüz fikirin bəzən qalır bircə canı. Bax o qalan bu dünyanın sözə dönmüş gövhəridir, Bir əbədi həqiqətin saf, süzülmüş cövhəridir. Haqq yoludu bu dünyanın dərkindəki hər mərtəbə, Ağlımızı cilovlayıb yol aparır son mətləbə. Övliyalıq şərbətini içən Rəbbin gör nəyidi: Haqqa süvar olan kişi insanlığın örnəyidi...