İndi kompüter əsridir. Riyaziyyat dərsliklərində öyrədilən əksər məsələləri, hesablamaları kompüter vasitəsilə, müvafiq proqramların köməyilə heç bir çətinlik çəkmədən etmək olar. ABŞ-da, Yaponiyada, Avropada insanların gündəlik fəaliyyətində, müxtəlif ixtisas və peşə fəaliyyətlərində riyazi müdaxilə tələb edən əksər problemlər üçün hazır proqramlar işlənib-hazırlanmışdır. Ona görə də, Qərb ölkələrində əsasən informatika və proqramlaşdırmaya, onların praktik istifadəsinə üstünlük verilir. İndi Azərbaycanda da müasir tipli şirkətlərin çoxu işə adam götürərkən onun riyaziyyatı yox, informatikanı bilib-bilmədiyini yoxlayır. Proqramlaşdırmanı bilənlərə isə ikiqat üstünlük verilir. Amma bizim məktəblərdə bu sahə demək olar ki, sıfır səviyyəsində qaldığı halda, uşaqların beyni ağır, çətin riyazi biliklərlə doldurulur. Bu onu xatırladır ki, insanlar təsərrüfatda da müasir texnika ola-ola ağır fiziki əməklə məşğul olsunlar… Bəli, neçə əsr ərzində ağır fiziki əmək maşınlarla əvəz olunduğu kimi, son on illiklər ərzində də ağır zehni əmək kompüterlərlə əvəz olunur. Amerika təhsilşünası Tomas Souelin yazdığı kimi: «Sivilizasiya əslində biliklərə qənaət olunmasına xidmət edir»[1]. T.Souel müasir insanı geri qalmış vəhşi ilə müqayisə edir və belə qənaətə gəlir ki, təbiətlə üz-üzə dayanan və bütün mürəkkəb situasiyalarda öz həyatını təmin etmək üçün əvvəlki nəsillərin toplamış olduğu biliklərin hamısını mənimsəməli olan vəhşidən fərqli olaraq müasir insana yaşamaq üçün çox az biliklər lazımdır. O, ancaq bir sahədə – öz ixtisasına dair biliklərə yiyələnməlidir. Beləliklə, mənimsədilən biliklərin getdikcə artırılması əslində sivilizasiyanın mahiyyəti ilə bir araya sığmır. Bizsə hələ də keçmişdən iki əlli yapışmışıq. Və hələ də bizim üçün meyar rus qardaşlarımızdır. Əksinə, amerikalı məktəblilərə baxıb sevinirik ki, kompüter onları tənbəlləşdirib, mürəkkəb elmi-riyazi bilikləri – teoremləri, düsturları və s. öyrənmirlər… Bizsə, görürsünüzmü, onlardan çox bilirik. Amerikalı məktəblilərin biliksizliyinə gülür, bizim uşaqların isə beynini o qədər doldururuq ki, az qala uşaq səadətini də əllərindən aldığımızı unamırıq. Orta məktəbdə bu fənlər yalnız o səviyyədə keçilməlidir ki, gələcək ixtisasından asılı olmadan hamıya lazımlı olsun. Bu baxımdan yanaşdıqda məktəblərimizdə şagirdlərə təqdim edilən biliklərin ən azı yarıdan çoxu lazımsızdır. Alman pedaqoqu F.Disterveq haqlı olaraq tövsiyə edirdi ki, uşağa sonralar lazım olmayacaq bilikləri öyrətməyin. Gələcəkdə riyaziyyatçı olmayan şəxslər heç olmazsa, ömründə bir dəfə triqonometrik tənliklərdən və ya laqorifmlərdən istifadə ediblərmi? Yaxud diferensial və inteqral hesabından bir dəfə də istifadə ediblərmi? Yaxud Nyuton-Leybnis düsturunu, Koşi, Hölder bərabərsizliklərini, permutasiyalar, aranjemanlar, kombinezonlar, və s. bu kimi «dərin» biliklər nə vaxtsa, kimə isə lazım olubmu? Amma məktəb proqramları mürəkkəbləşə-mürəkkəbləşə getməkdədir. Unudulur ki, ümumtəhsil məktəbində riyaziyyat gələcəkdə ancaq mütəxəssislərə lazım olacaq çoxlu informasiya verilməsinə yox, riyazi təfəkkürün, rasional düşüncənin inkişafına xidmət etməlidir. İnformasiya bolluğu, süni çətinləşdirmə meylləri şəraitində məhz bu əsas missiya «yaddan çıxır», onun həyata keçirilməsi sadəcə qeyri-mümkün olur. Lakin vaxtında Təhsil Qanununun tələblərinə uyğun təhsil islahatı aparılmadığından, ümumi orta təhsil (əsas təhsil – doqquz illik təhsil) mərhələsini doğrudan da gələcək ixtisasından asılı olmadan hamı üçün ümumi, minimal zəruri biliklərin verildiyi mərhələ kimi formalaşdırılmadığından və vaxtında təmayüllü liseylər açılmadığından indi belə bir problemlə üzləşmişik. Hər bir şagird kimya-biologiya təmayülünümü, humanitar təmayülünümü və s. seçəcəyindən asılı olmadan bütün təmayüllər üzrə maksimal bilikləri mənimsəməli olur. Təmayüllü liseylər açılsa, X-XI sinfin dərs proqramlarına əslində indikindən daha çox ixtisaslaşdırılmış və daha dərin biliklər daxil etmək olardı. Lakin bu iş görülmədiyindən, orta məktəb məzunları TQDK-nın təsnifatındakı bütün qruplar üzrə biliklərin hamısını mənimsəmək məcburiyyətindədirlər. Halbuki, qəbul imtahanları hər bir şagird üçün bu qruplardan yalnız biri üzrə aparılır. Məhz bu məntiqsizlik valideynləri öz uşaqlarını orta məktəbin yuxarı siniflərində dərsdən ayırıb repetitorlarla, ancaq lazım olan qrup çərçivəsində hazırlaşdırmağa vadar edir. (Çünki məktəb hamıya hər şeyi öyrətmək tələbi ilə iştədiyindən əslində heç kəsi imtahanlara hazırlaya bilmir.) Lakin real həyatın öz məntiqi vardır. Orta məktəbi bitirmək üçün belə mürəkkəb və çoxsahəli təhsil proqramını mənimsəmək tələbi, görünür, qeyri-rəsmi yollarla xeyli yumşaldılmışdır və imkanı olan şagirdlər məktəblərdən «xilas olaraq» repetitorlarla çalışırlar. Nəticədə repetitorluq biznesi (bu sahə dövlət tərəfindən idarə olunmadığından, ancaq xüsusi sektora aid edilə bilər) o dərəcədə genişlənmişdir ki, dövlət təhsili ilə açıq-aşkar rəqabətə girmişdir. Dərsliklərə alternativ olaraq testə hazırlaşmaq üçün xüsusi vəsaitlər buraxılışına başlanmışdır və bu işin təşkilinə hansı isə özəl qurum deyil, TQDK rəhbərlik edir. Təhsilin məzmunu sahəsində daxili məntiqi ziddiyyət vaxtında aradan qaldırılmadığından iki dövlət qurumu arasında ziddiyyətə və alternativ fəaliyyətə rəvac verilmişdir. TQDK-da testləri tərtib edən şəxslərin məntiqi buna əsaslanır ki, imtahan bütün proqramı əhatə etməlidir, yəni, başqa sözlə, proqram hamı üçün zəruridir. Lazımsız təfərrüatlarla dolu olan proqramların müəllifləri isə belə düşünürlər ki, dərslik zəif şagirdin yox, ən istedadlı, ən hafizəli, ən çox bilik öyrənmək imkanına malik şagirdin boyuna biçilməlidir. Və vacib deyildir ki, bütün şagirdlər hər şeyi öyrənsinlər. Görəsən, bu iki məntiqdən hansı daha kəsərlidir? Yaxud kim birinci insafa gəlib geri çəkiləcək? Doğrudan da, belə düşünmək olar ki, test hazırlayanlar bütün proqramı, dərslikdəki bütün təfərrüatları yox, ancaq zəruri minimumu əsas tuta bilərlər. Lakin elə bütün məsələ də bu zəruri minimumun (əslində dövlət standartının) müəyyənləşdirilməsindən ibarətdir. Ölkənin bütün elmi-pedaqoji potensialı bu məsələnin həllinə yönəldilməlidir. TQDK-nın isə belə bir potensialı yoxdur. Bizcə, bu iş nəinki təkcə TQDK-nın, həm də Təhsil Nazirliyinin fövqündə, hökumət səviyyəsində (həm də MEA-nın və digər qurumların potensialını səfərbər etmək üçün) həll olunmalıdır. Bəli, dövlət standartlarının müəyyənləşdirilməsi olduqca məsuliyyətli bir işdir. Lakin hələ ki, bu iş Təhsil Nazirliyi səviyyəsində həll olunur. Nazirlər Kabineti isə bunu ancaq təsdiq edir. Ya TQDK ilə koordinasiya yaratmaq, ya da proqramları ancaq zəruri minimum səviyyəsində hazırlamaq seçimi də hələ ki, Təhsil Nazirliyinin funksiyasıdır. Zəruri minimum mülkiyyət formasından asılı olmayaraq icbari təhsili həyata keçirən bütün məktəblərdə tətbiq olunmalı, dövlət proqramları və dərsliklərdə öz ifadəsini tapmalıdır. Lakin dərsliklərdən başqa hər bir fənn üzrə müxtəlif bilik səviyyələrini əhatə edən dərs vəsaitlərinin olması da vacibdir. Necə ki, icbari dərslərdən başqa, şagirdlərin maraq dairəsinə uyğun olaraq əlavə məşğələlərin, dərnəklərin, «gənc texnik» mərkəzlərinin, uşaq konstruktor bürolarının və s. fəaliyyəti də vacibdir. Dərinləşmiş və hərtərəflt biliklər verilməsi məqsədi ilə ayrıca ödənişli və ödənişsiz özəl məktəblər şəbəkəsi də yaradılmalıdır. Bu deyilənlər icbari təhsilə – ümumi orta təhsilə aiddir. Tam orta təhsil isə Təhsil Qanununda nəzərdə tutulduğu kimi, təmayüllü liseylərdə həyata keçirilməlidir ki, yalnız bu yolla hamını hər şeyi öyrənmək məcburiyyətindən xilas etmək olar. Artıq 15 yaşına çatmış gənclərə sərbəst seçim imkanı vermək olar. Bu tələb qüvvədə olan Təhsil Qanununda nəzərdə tutulmuşdur. Lakin təəssüf ki, Təhsil Nazirliyi qanunu həyata keçirmək əvəzinə heç bir qanun və prinsiplərə əsaslanmayan islahatlar həyata keçirməklə əslində öz səlahiyyətlərini aşmış olur. Məsələn, Təhsil Nazirinin 21.08.2002-ci il tarixli, 237 nömrəli əmrinə əsasən ümumtəhsil məktəblərinin tədris planlarına dair «Qeydlər»in təkmilləşdirilmiş variantı təsdiq edilmişdir. Əmrin 1.7-ci maddəsində yazılır: «Xarici dil tədris olunmayan, təlim Azərbaycan dilində aparılan ümumtəhsil məktəblərində həmin saatlar bölgənin (rayonun, şəhərin) tarixinin, coğrafiyasının, flora və faunasının öyrənilməsinə verilir… Həmin sahələr üzrə proqramlar ayrılmış saatların miqdarına görə müvafiq fənn müəllimləri tərəfindən işqlənib-hazırlanır və R(Ş) TŞ tərəfindən təsdiq olunur». Şərhə ehtiyac varmı? Belə çıxır ki, hər məktəbin müəllimi öz rayonunun, şəhərinin tarixi və coğrafiyasını heç bir mənbəyə istinad etmədən, dərsliksiz, vəsaitsiz, ancaq rayon təhsil şöbəsi səviyyəsində təsdiq olunmuş proqram əsasında şagirdlərə öyrətməlidir. Bir rayonda nə qədər müəllim varsa, hərəsi bir cür: babalarından eşitdikləri, gəzib-gördükləri əsasında?.. Əgər bu yaxşı şeydirsə və həqiqətən lazımlıdırsa, xarici dil dərsi keçilən məktəblərdə bunlar niyə öyrədilmir? Əgər ölkə miqyasında vahid prinsip yoxdursa, təhsilin məzmunu belə təsadüfi məqamlardan asılı vəziyyətə salınıbsa, bunun üçün kim məsuliyyət daşımalıdır? Dövlət əhəmiyyətli bir məsələyə belə barmaqarası münasibət nədən irəli gəlir? Məgər artıq saatları tədris planına daxil edilmiş proqram və dərsliklə təmin olunmuş fənlərə əlavə etmək olmazmı? Məgər orta məktəbdə «insan və cəmiyyət» fənninə ayrılmış saatların həddindən artıq az olduğu Nazirliyə bəlli deyilmi? Görünür, yox. Əks təqdirdə, 2002/2003-cü tədris ilindən başlayaraq bu saatların miqdarı bir az da azaldılmazdı. Özü də həmin məqamda ki, Nazirlik öz işində bilik verməkdən daha çox, guya vətəndaş hazırlamağa üstünlük verdiyini bəyan edir. Görünür, bu fənnin məqsədi və funksiyaları təhsil məmurlarına hələ də bəlli deyil. Əmrin ikinci bölməsi «Seçmə fənlərə ayrılan saatların tətbiqi» adlanır. Belə məlum olur ki, Nazirlik məktəblərimizdə Avropa dəyərlərini, plüralizm və demokratiya prinsiplərini özünəməxsus şəkildə həyata keçirməyə başlamışdır. Qüvvədə olan Təhsil Qanununa uyğun surətdə uşaqların əsas təhsil pilləsindən sonra təmayüllü məktəbləri seçmək hüquqları təmin olunmadığı halda, bizim məktəblərdə yerli şəraitlə heç cür uzlaşmayan bir praktika tətbiq olunmaqdadır. Hər bir sinif daxilində uşaqların hansı isə fənlərə üstünlük verməsini əsas tutaraq tədris planlarının məktəb miqyasında istənilən cür dəyişdirilməsinə rəvac verilmişdir. Bu isə istər-istəməz dövlət tərəfindən təsdiqlənmiş təhsil standartlarının pozulmasına gətirib çıxarır. Biz ancaq bəzi məktəbləri müəyyən təmayül üzrə yönəltsək, bəlkə də onları müvafiq maddi-texniki baza və yüksək səviyyəli müəllimlərlə təmin edə bilərdik. Lakin hər bir məktəbdə bütün ixtisas sahələri üzrə təmayüllü siniflər yaratmaq təşəbbüsü struktur baxımından qarışıqlıq yaratmaqdan başqa həm də müvafiq laboratoriyalar və texniki təchizat baxımından qeyri-mümkündür. Məsələn, məgər bütün məktəblərin kompüter təchizatı, yaxud fənn laboratoriyaları elə yüksək səviyyədədirmi ki, biz uşaqların seçiminə uyğun dərinləşdirilmiş dərslər keçək? Bəlkə də Avropanın hansı isə modern məktəbində bu mümkündür, lakin biz təchizat baxımından Avropaya çatmamış metod baxımından onları keçməkmi istəyirik? Həmin əmrin 2.9-cu maddəsində oxuyuruq: «Ayrı-ayrı fənlər, yaxud təhsil sahəsi seçilərkən bununla əlaqədar V-VIII siniflərdə şagirdin arzusu, valideynin ərizəsi, fənn müəlliminin, məktəb psixoloqunun rəyi, IX-XI siniflərdə isə şagirdin ərizəsi, habelə fənn müəllimi və məktəb psixoloqunun rəyi əsas götürülür». Deməli, «plüralizm» hətta V-VIII siniflərə də tətbiq edilməklə əsas təhsilin ölkə miqyasında tətbiq olunan ümumi prinsiplərindən kənara çıxmağa şərait yaradır ki, bu da Təhsil Qanununa ziddir. Digər tərəfdən, bəlkə də Avropa məktəbləri üçün məqbul olacaq bir şeyin bizim məktəblərin mövcud maddi-texniki bazası, müəllimlərimizin və məktəb psixoloqlarımızın məlum səviyyəsi şəraitində nə qədər özbaşınalıqlara gətirib çıxara biləcəyini görəsən qabaqcadan təsəvvür etmək mümkün deyilmi? Kim bilir, bəlkə bu «islahatlar»dan məqsəd də elə budur. Əks təqdirdə, hələ heç universitet tələbələrinə sərbəst seçim imkanı verilməyən bir ölkədə V sinif uşaqlarına belə bir şərait yaratmaq nə kimi bir məqsəd güdə bilər? Axı, ilk növbədə magistraturada, sonra isə bakalavr pilləsində sərbəstlik dərəcəsini artırmağa dair təkliflər həmişə qulaq ardına vurulur. Nazirliyin «standartlarından» kənara çıxmağa heç universitet elmi şuralarına icazə verilmədiyi halda, belə ağır bir məsuliyyəti səviyyəsinə yaxşı bələd olduğumuz minlərlə orta məktəblərin üzərinə necə atmaq olar? Axı, bu islahatın nəticəsi qabaqcadan məlumdur. Məktəblərin böyük əksəriyyətində dərslər iki və hətta üç növbədə keçilir. Boş sinif otaqları yoxdur… Lakin Nazirlik bunu da nəzərə almışdır. 03.04.2002-ci il tarixli 280 nömrəli əmrin Qeydlər bölməsində deyilir: «Qruplara bölünmə yalnız müvafiq maddi tədris bazası və sinif otaqları olduğu halda həyata keçirilir… Şagirdlərin sayı 18 nəfərdən az olan sinif seçmə fənlərin tədrisində qruplara bölünmür, seçmə fənn şagirdlərin əksər say çoxluğu nəzərə alınmaqla müəyyənləşdirilir». Bax, budur təhsildə aşağıdan demokratiya. Azlıqda qalanlar çoxluğun istəyinə tabe olmalıdırlar. Əlavə sinif otağı var, ya yox, bunu həyata keçirmək üçün şərait var, ya yox, – fərq etməz; nazirliyin qərarı qərardır. Hətta eyni sinif daxilində iki və üç seçmə fənn keçilməsi kimi möcüzələrə də şans verilir. İndi Avropa bizə qibtə etməsin, neyləsin? Bütün bunlar azmış kimi, təhsil məmurları öz eksperimentlərini daha böyük uğurla başa çatdırmaq üçün orta təhsil müddətinin bir il də artırılması – on iki illik təhsilə keçilməsi uğrunda böyük cidd-cəhdlə mübarizə aparırlar. Hətta bunu yeni Təhsil Qanununa salmaq üçün böyük səylər göstərilir. Milli Məclisin Elm və Təhsil Məsələləri daimi komissiyası belə eksperimentlərə rəvac vermək niyyətində olmadıqda isə qanunun qəbul olunmasına min bir maneə törədilir. Bütün xalqın mənafeyinə toxunan belə ciddi bir məsələni hansı isə kredit naminə həyata keçirmək məsuliyyətini kim üzərinə götürəcəkdir? Bu məsələ yenidən ümumxalq müzakirəsinə çıxarılarsa, yeni Təhsil Qanunu daha neçə il ləngiməlidir? Və bu, kimin maraqlarına uyğundur? Belə bir strateji sahədə islahat adı altında subyektiv mülahizələrə və hansı isə beynəlxalq qurumların, bankların tövsiyələrinə (?) əsaslanan, milli-fəlsəfi-pedaqoji fikrin məhsulu olmayan, xalqın iradəsini əks etdirməyən islahatlar keçirilməsi, gündə bir eksperiment aparılması nə dərəcədə məqbuldur? Əgər orta təhsil pilləsində ən böyük problemin – şagirdlərə sərbəst düşüncə vərdişləri aşılamaq əvəzinə hazır biliklər verilməsi ənənəsinin, əzbərçiliyin qarşısı alınmayacaqsa, bir metoddan başqa metodlara keçmək, Qərbin ən modern metodikalarını sadəcə təqlid etmək bizə nə verə bilər? Axı, bütün bu prosesin mərkəzində yaradıcı təfəkkürlü müəllim şəxsiyyəti dayanmalıdır. Bəs biz bu müəllimləri hardan alacağıq? Amerikaya təcrübə keçməyə tutaq ki, on nəfər, iyirmi nəfər, lap yüz nəfər müəllim göndərdik. (Yeri gəlmişkən, bu üsul ancaq özünün yüksək təhsil sistemi olmayan bəzi Afrika ölkələri və s. üçün məqbuldur. Öz təhsil sistemi olan ölkə daha qabaqcıl bir ölkənin təhsil təcrübəsini ancaq böyük təhsil nəzəriyyəçiləri və ya yüksək vəzifəli təhsil təşkilatçılarının simasında mənimsəməlidir). Əvvəla, onların dil bilmədən, ilkin səviyyə olmadan bu təcrübəni qısa müddətdə mənimsəməsi real deyil. İkincisi, lap tutaq ki, kim isə, nəyi isə qismən mənimsədi. Yarım-yarımçıq öyrəndiyini başqa müəllimlərəmi öyrədəcək? Məgər öyrətmək üçün öyrənənlərdən, heç olmazsa, bir baş yuxarıda durmaq lazım olduğunu pedaqoqlarımız (yaxud təhsil məmurlarımız) bilmirlərmi? Bunun üçün Amerikaya və ya Avropaya getmiş şəxslər orada həmin problem üzrə ən azı dissertasiya müdafiə etməli deyillərmi? Əgər biz belə geniş miqyaslı və mürəkkəb bir vəzifəni hansı isə treninqlərlə, ora-bura yamaq vurmaqla həll edəcəkdiksə, bu qədər milli universitetlər nəyə lazım imiş? Məgər bütün reformaların mərkəzində müəllim yetişdirən ali məktəblər dayanmalı deyilmi? Bəlkə, Təhsil Nazirliyi bu yönlü təhsil müəssisələrindəki real vəziyyətdən xəbərsizdir? Kadr hazırlığının əsas yükünü üzərinə götürən pedaqoji ali məktəblər öz funksiyasını yerinə yetirə bilmirsə, xarici ölkələrin, ekspertlərin köməyi ilə görülən işin miqyası real tələbatı ödəmək üçün kifayət edə bilərmi? Zay məhsul hazırlayıb, sonra onu təmir üçün uzaq Amerikaya göndərməkdən və ya ölkəmizi borca salıb Dünya Bankının təmir üsullarını tətbiq etməkdənsə, elə ali məktəblərimizin öz səviyyəsini artırmağın, orada sağlam mühit yaratmağın qeydinə qalsaq yaxşı olmazdımı? Bəli, biz xaricilərdən öyrənməliyik. Çox şey öyrənməliyik. Bizim mütəxəssislər məhz beynəlxalq təhsil təcrübəsini, dünya pedaqoji fikrini, Qərb maarifçilərinin fəlsəfi əsərlərini öyrənə-öyrənə mütəxəssis olublar. Bu gün də, beynəlxalq miqyasda yeni təhsil paradiqmasına keçidin fəlsəfi mahiyyəti və pedaqoji aspektləri dərindən mənimsənilməlidir. Lakin, bu bizim alimlərimizin, mütəxəssislərimizin vəzifəsidir. Milli mütəxəssisin xarici ekspertdən fərqi odur ki, o, öyrəndiklərini kor-koranə surətdə, hazır prosedur formalarında deyil, nəzəri şəkildə mənimsəyir və milli-ictimai gerçəkliyin ehtiyaclarından çıxış edərək, yerli təhsil islahatının praktikasında nəzərə alır. Təhsilin nəzəriyyəsi, fəlsəfəsi ümumbəşəri olduğu halda, onun praktikası, konkret tətbiqlər milli-regional xüsusiyyətlərdən məhrum deyil. Məhz bu xüsusiyyətlər hər hansı bir reforma xüsusiyyətinin hazır şəkildə transfer olunmasını qeyri-mümkün edir. Lakin, təəssüf ki, bizdə təhsil islahatı birbaşa empirik səviyyədə həyata keçirilir. «Azərbaycan müəllimi» qəzetində «Azərbaycanda təhsil islahatı: kurrikulum və qiymətləndirmə» adlı hesabat yazısında oxuyuruq: «2003-cü ilin yanvarından kurrikulum, təlim materiallarının hazırlanması və şagird qiymətləndirilməsi sahəsində layihənin həyata keçirilməsi üçün dünyada məşhur olan Hollandiyanın «CITO groep» şirkəti dəfət olunmuşdur. Layihə Niderlanddakı ümumi rəhbər tərəfindən idarə olunurdu. Eyni zamanda bu işə Beynəlxalq Məsləhətçilər Qurumunun başçısı və Milli Məsləhətçilər Qurumunun başçısı kömək göstərirdi. Ümumiyyətlə, layihədə 11 beynəlxalq məsləhətçi, 9 milli məsləhətçi çalışırdı». Yaxud: «Azərbaycanda təhsil sahəsində islahatlar keçirilən bu vaxta qədər görülmüş işlər daha çox təhsil sahəsində dünyanın qabaqcıl ölkələrinin iş təcrübəsinin öyrənilməsinə, onların tətbiqi imkanlarının araşdırılmasına yönəldilmişdir. Lakin «CITO groep» şirkəti tərəfindən həyata keçirilən layihə zamanı Azərbaycanda ilk dəfə olaraq kurrikulum nümunələri hazırlandı və pilot milli qiymətləndirməsi tətbiq olundu»[2]. Deyilənlərin bəlkə heç şərhə də ehtiyacı yoxdur. Əgər kurikulum nümunələri Azərbaycanda ilk dəfə olaraq hazırlanırsa və bunu hansı isə «CITO groep» şirkəti həyata keçirirsə, onda vay bizim təhsilimizin halına. Görəsən, indiyədək bizim orta məktəblərdə kurikulum olmayıbsa, bəs təhsilin məzmunu nə ilə tənzimlənib? Bəs tədris planları, proqramları olmayıbmı? Bəlkə bütün məsələ elə bu sözün başındadır? Əgər biz təhsil islahatını bu cür başa düşürüksə, əgər hesabatda deyildiyi kimi, «Azərbaycan dili» kurikulumunun hazırlanmasını» da «CITO groep» şirkəti həyata keçirirsə, yenə də şərhə ehtiyac yoxdur. Lakin bununla iş bitsəydi dərd yarı idi. Hesabatda yazıldığı kimi, «Azərbaycanda təhsil islahatı davam edir. «CITO groep» şirkətinin kurikulum və qiymətləndirmə sahəsində həyata keçirdiyi layihə üzrə əldə olunmuş nəticələrə, dünya təhsil sisteminə inteqrasiya olunmanın bir vasitəsi kimi yanaşılır və onların tətbiqi imkanları araşdırılır»[3]. Görünür, bu xəmir hələ çox su aparacaq… Lakin sadəcə əcnəbi sözlərdən (qoy bu söz, lap kurikulumdan da orijinal bir söz olsun) istifadə etmək naminə Hollandiyadan şirkət çağırmağa ehtiyac varmı? Gözümüzün qarşısında türk lisələri ən böyük təhsil uğurları qazanır, bütün elita uşaqlarını bu lisələrə verir və onlar ölkəmizdəki 4500 məktəb arasında birinci olmaqla qalmayıb, dünya olimpiadalarında misilsiz uğurlar qazanırlar, belə olan halda heç bir əlavə pul xərcləmədən, kredit almadan elə bu türk lisələrinin təcrübəsini öyrənmək olmazdımı? Axı, məhz bu məktəblər təkcə nəzəri olaraq yox, həm də praktikada məhz Azərbaycan ictimai gerçəkliyində özünü artıq doğruldublar… Onda biz təhsilin məzmunu ilə əlaqədar məsələləri nə üçün orta təhsil sahəsində heç bir xüsusi uğurları olmayan Hollandiyadan öyrənməyə çalışırıq? Məgər məhz Hollandiyanın hətta Avropa meyarları baxımından belə adət-ənənələrdən, əxlaqi prinsiplərdən ən çox uzaqlaşmış ölkə olduğu kimə bəlli deyil? (Bəlkə elə buna görə?) Bəli, Qərbdən öyrənmək lazımdır. Lakin nəyi? Kimdcənsə nə isə öyrənmək üçün gərək əvvəlcə onun öz xüsusiyyətlərini, məziyyətlərini, çatışmazlıqlarını öyrənmiş olaq. Qərbdə orta təhsilin real vəziyyəti görəsən necədir? Amerikada təhsil alan və bütün Qərb dünyasının heç bir aliminin son üç yüz ildə əldə edə bilmədiyi bir nəticə göstərərək 26 yaşında ABŞ-ın dünyaca məşhur Yel universitetinin professoru olan Oktay Sinanoğlu Nyu-York Tayms qəzetinə istinadən yazır: «Amerikan lisələrini bitirən amerikalı gənclərin 60 faizi dost-doğru oxuma-yazma bilməməkdədirlər. Onların müəllimləri eyitim bir yana dursun, biz bir saatlıq dərsdə öyrəncilərin bir-birini tapança ilə vurmasının qarşısını ala bilsək – öyünərik».[4] Hələ Amerika məktəbləri Hollandiyanınkılara nisbətən şükranədir. Hələ məktəb yaşlarından siqaret çəkmək, alkoqol, narkotika, seksual azlıq azadlığı, – bütün bu azadlıqların hüquqla təsbit olunmuş ən yüksək formaları… Əlbəttə, onların təhsil sisteminin öz üstünlükləri də vardır. Lakin qarantiya varmı ki, biz onlardan naqis cəhətləri yox, məhz üstün cəhətləri öyrənəcəyik? Özü də sükanı hələ bəri başdan onların əlinə vermişiksə. (Görəsən, Dünya Bankı ekspertlərinin xoşuna gələn özgə nə qalıb ki, onu Azərbaycan təhsil sisteminə növbəti kreditləri almaq naminə tətbiq edək?) Biz bununla razılaşırıq ki, əgər islahata ehtiyac varsa, bu, ilk növbədə təhsilin məzmunu ilə bağlı olmalıdır. Lakin əgər biz orta məktəb proqramlarında, dərsliklərində və müvafiq olaraq testlərdə əksini tapan informasiya artıqlığının qarşısını ala bilmiriksə, zəruri minimumun müəyyənləşdirilməsində çətinlik çəkiriksə, öz iş üsulumuza, metodoloji prinsiplərimizə yenidən nəzər salmalı deyilikmi? Bunu ilk növbədə öz ölkəmizin yüksək ixtisaslı kadr potensialı hesabına həyata keçirə bilmərikmi? Sual olunur: Bir dəfə də olsa, Milli EA-ya, yaxud qabaqcıl universitetlərimizə orta təhsildə islahat zərurəti ilə bağlı müraciətlər edilibmi, yeni pedaqoji paradiqmaya, yeni təhsil kurikulumuna keçidlə əlaqədar Təhsil Nazirliyinin hüdudlarından (monopoliyasından) kənara çıxmaq təşəbbüsü göstərilibmi ki, indi birdən-birə xarici ekspertlərin köməyinə ehtiyac yaranıb? Bizim strateji problemlərimizi, dövlət əhəmiyyətli, milli mündəricəli problemləri bizim əvəzimizə xaricilərmi həll etməlidir? Bəlkə, bizim öz mütəxəssislərimiz – filosoflarımız, psixoloqlarımız, pedaqoqlarımız yoxdur? Bəli, biz razılaşırıq və yuxarıda özümüz də qeyd etdik ki, ölkəmizdə həqiqi mütəxəssislər «azdır». Lakin, «azdır», – bir şeydir, «heç yoxdur», – başqa şeydir. Əgər yeri gələndə dünya təhsilşünaslığı bizdən öyrənirsə, bizim öz Nazirliyimiz öz milli kadrlarımıza müraciət etsə, görəsən nə olar? Axı, o işləri ki, əlavə pul xərcləmədən və ya çox az xərclə, kreditsiz də görmək olar, bunun üçün Dünya Bankına müraciət etməyə nə ehtiyac vardır? [1] Томас Соуелл. Роль знаний. – Разработка учебных планов. Алматы. 1999, стр.40 [2] «Azərbaycan müəllimi» qəzeti, 27 fevral – 4 mart 2004-cü il. [3] Yenə orada. [4] Oktay Sinanoğlu. Bir Nev-York Rüyası. «Bye-bye» türkcə». İstambul. 2001, səh. 27. “Təhsil, təlim, tərbiyə” kitabından Bakı, «Azərbaycan Universiteti» nəşriiyyatı, 2005
© 2020 - Created by İLK XEBER.