Paşinyan Münhen debatından nələr uydurdu?

  Azərbaycan Prezidenti İlham Əliyevlə son görüş dönüş əhəmiyyəti daşıyır. Axar.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Baş nazir Nikol Paşinyan deyib. Azərbaycan Prezidenti İlham Əliyevlə Münhen debatını “öz uğuru” kimi qələmə verməyə çalışan erməni baş nazir bununla ictimaiyyətə artıq hər şeyi açdığını söyləyib: “Mən hesab edirəm ki, bu görüş bir neçə səbəbdən dönüş əhəmiyyəti daşıyır. 2018-ci ilin mayından Azərbaycan beynəlxalq ictimaiyyəti inandırmağa çalışır ki, Ermənistan Qarabağın həlli prosesində destruktiv mövqe tutur. Bu diskussiya beynəlxalq ictimaiyyətə çox dəqiq şəkildə göstərdi ki, Ermənistan konstruktiv, Azərbaycan isə destruktiv mövqe tutur. Bu çox vacib nəticədir. İkincisi, bu görüş Qarabağla bağlı danışıqlar prosesində erməni xalqından heç bir sirr saxlamaycağımla bağlı vədlərimdən birinin reallaşması oldu. Qarabağ məsələsinin incəlikləriylə yalnız dar ekspert dairəsinin tanış olması dövrü artıq keçib. Bütün erməni xalqı bu məsələnin məzmunu bilməlidir və şadam ki, bunu təmin edə bilmişəm. Vətənpərvərliyə gəlincə hesab edirəm ki, burada vacib məqam Qarabağ məsələsiylə bağlı danışıqların yeni məzmununun formalaşmasıdır. Mən şərti olaraq bunu Münhen prinsipləri adlandırmışam”. Paşinyan özünün “yaratdığı” Münhen prinsiplərindən bəhs edərkən bunun ilk bəndinin Qarabağın Azərbaycan kimi müstəqillik əldə etməkdən ibarət olduğunu deyib: “Bu nə deməkdir? Ərazi bütövlüyü prinsipi barədə danışarkən bilmək lazımdır ki, söhbət hansı ölkənin ərazi bütövlüyündən gedir. Əks-arqument kimi SSRİ-nin artıq mövcud olmadığı göstərilə bilər. Bəli, bu belədir. Bununla belə tərkibindən Dağlıq Qarabağın olduğu dövlət də artıq mövcud deyil. Söhbət Azərbaycan SSR-dən gedir”. Erməni baş nazir bir az daha sərsəmləyərək, Qarabağ danışıqlarında ərazi yox, təhlükəsizlik məsələsinin gündəm olması gərəkdiyini söyləyib: “Erməni ordusu bu əraziləri (Dağlıq Qarabağ ətrafındakı yeddi rayon – red.) nəzarət altına alanda onlar bunu zövq üçün yox, başqa seçimləri olmadığı üçün ediblər. Bu, Azərbaycanın aqressiv fəaliyyətini Dağlıq Qarabağdan uzaqlaşdırmaq üçün edilmişdi. Buna görə, ərazi anlayışı bu kontekstdə müzakirə edilmir, təhlükəsizlik anlayışını müzakirə edilməlidir”. Özünü sülh göyərçini kimi təqdim etməyə çalışan Paşinyan yenidən bu konfliktin həllinin Azərbaycan, Qarabağ və Ermənistan üçün qəbul edilən olması gərəkdiyini qeyd edib. Bununla belə Paşinyan özünün Qarabağla bağlı mövqeyinin sələflərindən fərqləndiyini bildirib: “Biz heç vaxt deməmişik ki, torpaqları verməyə hazırıq. Biz başqa şey deyirik. Biz deyirik ki, ərazi məsələsi yoxdur, təhlükəsizlik məsələsi var və bu məsələ ətrafında danışıqlara hazırıq. Biz deyirik ki, Qarabağ məsələsinin hərbi həlli yoxdur və əgər kimsə həllin hərbi yoldan ibarət olduğunu desə, Qarabağ xalqı bu məsələnin çoxdan həll edildiyini deyəcək”.