Ötən ilin sonlarında ölkədə idarəetmənin müxtəlif sahələrində başlandığı elan edilən islahatlar cəmiyyətdə müəyyən ümid işartıları doğurdu desək, yanılmarıq. Məlumdur ki, dünyanın ən güclü dövlətləri məqsədyönlü təhsil islahatlarını strateji vəzifə, prioritet kimi qarşısına qoyur. Ölkəmizdə təhsilin vəziyyəti ilə bağlı narahatlıqlar isə neçə onillikdir ki, davam edir. Xüsusən tez-tez dəyişən dərsliklərin bir çoxu təkcə pedaqoji sahədə çalışanların yox, ümumiyyətlə, ictimaiyyətin qınaq obyektinə çevrilib. Bütün bunları nəzərə alaraq bir neçə ziyalı iki aya yaxın müddət bundan əvvəl “İslahatçı ziyalılar” qrupu yaratdı. Qrup ilk hədəf kimi dərsliklər, dərs vəsaitləri, test topluları ilə bağlı araşdırma aparıb, təkliflərini müvafiq strukturlara çatdıracağını bəyan etdi. Çox xoşdur ki, bundan bir qədər sonra AMEA-nın rəhbərliyi Təhsil Nazirliyi ilə birgə orta məktəb dərsliklərini müzakirə edəcəyini anons etdi. Bu günlərdə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun “Azərbaycanın öz təhsil konsepsiyası mövcuddur. Xaricə baxıb özümüzü oda yaxmağın əhəmiyyəti yoxdur. Kurikulum və Baloniya sistemini götürək. Bunların bizə nə xeyri var?!” məzmunlu açılqama verməsi sosial şəbəkələrdə neçə ildir davam edən müzakirələri bir qədər qızışdırdı. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov rəsmi “Feysbuk” səhifəsndə oxşar bir açıqlama verməsi də diqqətdən kənarda qalmadı: “Misir Mərdanovun nə "Kurikulum"u, nə də ki, "Boloniya"sı özünü doğrultmadı”. Ardınca N.İsrafilov mətbuata verdiyi açıqlamada fikrini belə əsaslandırır:“Kimə və nəyə lazım idi bu diaqnostikalar, formativlər, summativlər - onların kiçikləri, böyükləri... İndi qalmışıq bu kağız israfçılığını necə aradan qaldıraq, qaydalarda hansı dəyişikliklər edək ki, müəllimi də şagirdi də bu ağır yükdən azad edək... Hanı kurikulumun şəxsiyyətyönümlü vətəndaşı, onun ölçüyə gələ biləcək qiymətləndirmə kriteriyaları...? Ona görə də təhsilimiz yenə də bilikyönümlü olaraq qalır. Bal toplamaq arxasınca qaçmaqda davam edirik”.İki gün sonra hörmətli Nadir müəllim “Söhbət kurikulumun ləğvindən deyil, yeni nəsil kurikulumların hazırlamasından gedə bilər…”, - deyə mövqeyinə bir qədər də aydınlıq gətirdi. Hörmətli Rafiq İsmayılovun “Kurikuluma “yox” deyək?” adlı məqaləsində (19 fevral 2020-ci il, “ilkxeber.org”) kurikullum mövzusu geniş şəkildə təhlilə cəlb edilib. Ümumiyyətlə, Rafiq İsmayılovun yanaşması arqumentlidir və yaxşı da maraq doğurdu, elə ilk gündə bir neçə yüz nəfər tərəfindən paylaşıldı. R. İsmayılov qeyd edir ki, ictimaiyyət kurikulumun kütləvi savadsızlıq yaratmasını iddia edir, hesab edir ki, o, “Qərb təfəkkürünün məhsuludur; bizə yaramır; diaqnostik, formativ, summativ qiymətləndirmələri və formal hesabatları ilə müəllimlərin vaxtını alır; təhsilə vaxt qalmır”.Yenə R.İsmayılova görə, təhsil sistemini daha dərindən analiz edən təhsil işçiləri, ekspertlər isə kurikulum sənədində çatışmazlıqlar çox olmasından gileylənir, onların fikrincə, sənəd təftiş olunmalı və təkmilləşdirilməlidir. Bundan başqa, kurikulumu təhsildə tətbiq etməmişdən əvvəl müəllimləri bu sistemə ciddi şəkildə hazırlamaq lazımdır. Sonradan Rafiq İsmayılov yuxarıda sadalanan iradları cavablandırır və fikrini əsaslandırır. Bu mövzuya, yəqin ki, yenidən qayıtmalı olacağıq. Çünki R.İsmayılov ciddi opponentdir. Bu dəfə isə birbaşa təhsillə bağlı olan müəllimlərin bəzi fikirlərinə yer ayırmaq qərarına gəldik. Şair demiş, “kəvakib seyrini şəb ta səhər bidar olandan sor”. Beləliklə, “Kurikuluma “yox” deyək?” adlı məqalənin sosial şəbəkədə müzakirəsi zamanı səslənən fikirlərin bəziləri: Şəhla Əhmədova. “Əvvəlcə bu sistemi bilən müəllim nəsli yetişdirmək, pilot məktəblərdə tətbiq etmək, sonra kütləviləşdirmək lazım idi. Hazırda bizdə olan dərslər, summativlər, testlər əsl sistemə bir parodiyadır. Hələ də biz "xaricdə sovet sistemini tətbiq edirlər" kimi nağıllara inanırıq. Nədənsə, təhsil üçün Oksfordu, Kembrici seçirlər, heç Rusiyaya təhsil almağa gələn yoxdur, banan ölkələrindən başqa. Çıxış yolunu təhsilə, sistemə bələd insanlar tapmalıdır, Yox deyənlərin sayı yox, təhsilin təəssübkeşlərinin fikri əsas olmalıdır”. Həcər Paşayeva: “Təhsilə aid nə yenilik varsa, aşağıda müzakirə olunmalı, bütün öndə olan, bu sahənin içində olan və əsl təhsil təəssübkeşlərinin rəyi nəzərə alınmalı, sonra yuxarıdan "et" əmri gəlməlidir. Millətin ümumi mental-psixoloji xüsusiyyətləri və səviyyəsi də nəzərə alınmalıdır. Biz amerikalı deyilik, azərbaycanlıylq. Mart ayında qəbul imtahanı keçirilir, bundan sonra qəbul olanları məktəbə yığa bilmirik. İnstituta qəbul olmuş uşaq üçün məktəbə gəlmək maraqlı deyil. Belə olurmu? Əgər repetitor "bəla"sını aradan qaldırmaq istəyirlərsə, maaşları artırsınlar”. Hicran Ağayeva-Bilalova: “Ana dili dərsliklərindəki həcmi çox böyük olan mətnlər, sıxışdırılmış qaydalar, şəraitsizlik, dağ kəndlərində internetin zəifliyi, proyektorların, elektron lövhələrin, kompüterlərin olmaması, lazımsız və yorucu tapşırıqlar, mətnlər tətbiqinin bir 45 dəqiqəyə sığmaması, ədəbiyyat dərsliklərindəki gərəksiz mətnlər, hər bölmənin sonundakı bezdirici summativlər..Bu sistem, yəni kurkulum şagirdləri kütləşdirən, müəllimləri də əsəbiləşdirən, onları hörmətsiz, dəyərsiz bir hala gətirən sistemdir. Tünzale Umaxanova: “Xüsusən rayon və kənd məktəblərində bu sistemin işləməsi mumkun deyil". Nabatəli Qulamov: “Kurikulumu birmənalı inkar edənləri saxta seçkidə iştirak edənlərin arasında axtarmaq lazımdır, çünki onların qabiliyyəti təhsildə yeni düşüncəyə köklənə bilmir, onlar məhz seçki qutuları ətrafında özlərini realizə edə bilirlər. Sübut: niyə diaqnostik qiymətləndirmədə çox aşağı bal toplamış müəllimlər işdən xaric edilmirlər? Bax kurikulumun düşməni bunlardır.Təhsil ekspertlərinə gəldikdə, onların çoxu kurikulumun mahiyyətini dərk etmir”. Təravət Məmmədova: “Düzdür, nöqsanlar az deyil. Xüsusən də qiymətləndirmə sistemində ciddi çatışmazlıqlar var. Müəllim kağızların arasında itib-batır. Formativ, diaqnostik, kiçik summativ, böyük summativ vərəqləri, dəftərləri... Üstəlik, formativ qiymətləndirmə ayrı-ayrı meyarlar əsasında hazırlanmalı və müəllimin dəftərində, şagirdlərin gündəliklərində cümlə şəklində öz əksini tapmalıdır. Nəzərə alsaq ki, hər gün ən az 7-8 nəfəri qiymətləndirmək lazım gəlir, onda bunu hansı vaxt çərçivəsində müəllim həyata keçirə bilər? Əlbəttə ki, bu, qeyri-realdır. Və formalizm də, əsasən, bundan qaynaqlanır. Kağız israfı, vaxt itkisi də bir başqa bəla .Amma müsbət cəhətləri də çoxdur. Fikrimcə, ən önəmli üstünlüyü hər bir şagirdin şablonlardan kənar öz azad düşüncəsini sərgiləmə imkanına malik olmasıdır. Şagird dərs prosesinin obyekti yox, subyekti kimi çıxış edir. Onun təfəkkürünün, təxəyyülünün, şəxsiyyətinin inkişafına rəvac verən təlim texnologiyalarının tətbiq olunması isə dərslərin daha canlı və maraqlı keçməsinə şərait yaradır". Gülçöhrə Elcan Xəlilli: “Kurikulum təhsilə gəldikdə ağır terminlərlə gəldi. Gəldiyi gündən ağır terminologiya əzbərləmək, diləyovuşmaz sözlər və rəqəmli standartlar (alt, üst) bütün bunlar əvvəldən onu gözdən saldı və heç cür də ulduzlar barışmadı. “Kurikulum təhsilimizə nə verdi və nələri aldı?” - sualının cavabını isə şərhlərdə görürəm. Aldıqlarının sayı daha çox. Kurikulum uşaqların dil qaydalarını, yazı üslubunu korladı, şəxsiyyətyönümlü şagird yetişdiririk deyirlər. Bəyəm əvvəlki şagirdlərdə şəxsiyyətyönümlülük yox idi ki? Yoxsa məntiqlə düşünə bilmirdilər? Və ya bacarıqları yox idi? Daha keyfiyyətli və daha savadlı şagirdlər yetişmirdimi? Hamısı yetişirdi, gündəlik qiymətləndirmənin yerini heç nə verə bilməz. Boş kağız-kuğuz yığını olan və müəllimin vaxtını alan qiymətləndirməyə "yox" deyirəm! Müəllim nə qədər yazmalıdır?Formativ, summativ, gündəlik və s. Bunların əvəzinə təkcə jurnal yazılsa necə?Mən yeniliyi qəbul edirəm, başa düşürəm ki, təhsil irəliləməlidir, bir yerdə qala bilmərik, inkişaf etməliyik, amma quru rəqəmlərlə, standartlarla yox.Bu gün mən kurikulumla dərs keçirəm, fəal metodlardan istifadə edirəm, bir Azərbaycan dili və Ədəbiyyat müəllimi olaraq. Bəs fizika, kimya müəllimi neyləsin? Dəqiq elmlərdə bu, özünü heç də doğrultmur”. (ardı var)
© 2020 - Created by İLK XEBER.