Mərkəzi ofisi Londonda yerləşən “İndependent Turkish” qəzeti üçün müsahibə almaq istəyirəm. Müsahibə Türkcə və ərəbcə çap ediləcəkdir. İstanbulda Türkcə və ərəbcə saytları var, yaxın günlərdə qəzet də çap olunacaq. Dünyadakı ingilis dilli qəzetlər arasında 5-ci yerdədir. Tanınmış hüquqşünas alim, iş adamı, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov Bakıda “İndependent Turkish” qəzetinin suallarını cavablandırdı Əsas məqsədim Rusiyanın Türkiyə, Türk dünyası və Ərəb ölkəriylə əlaqələrinin daha da güclənməsidir” “Tərtəmiz Türk qanlıyam, rusca hüquq təhsili almağımda ögey anamın rolu böyükdür” “İndependent Turkish”: Gənc yaşında hüquq elmləri doktoru alimlik dərəcəsi almış alim, dövlət adamı, daha sonra iş adamı. Etiraz etmirsinizsə, İndependent Turlish qəzetinin Türkcə və ərəbcə yayımları üçün özünüzü təqdimatdan başlayaq. Rəhimov: Əslən Azərbaycanın Tovuz rayonundanam. Qanım da tərtəmiz Türk qanıdır. Bizim qanımızda heç vaxt qarışıqlıq olmayıb. Əslində bu, mümkün deyil ancaq mən buna milliyyətçi kimi baxmıram, fakt budur. 1951-ci ildə anadan olmuşam. Kənd məktəbinə getmişəm. Valideynlərim Tovuzludurlar və mənim təxminən 7 yaşım olanda onlar ayrılıblar. Taleyim elə gətirib ki, atamla qalmışam. Atam təzə ailə qurmuşdu və mənim ögey anam Rus idi. O vaxt ögey anamın mənim taleyimi həll edəcəyini bilmirdim. 3-cü sinifə qədər Azərbaycan məktəbində oxumuşam, 3-cü sinifə Bərdə rayonunda Rus məktəbində başlamışam. O da ögey anamın təşəbbüsüylə olub. Çünki özü Rus dili və ədəbiyyatı müəlliməsi idi. Təsəvvür edin ki, Tovuzun bir kəndində Azərbaycan məktəbində təhsilə başlayan bir uşaq 3 ildən sonra başqa bir rayonda təhsilini Rusca davam etdirir. Rus dilini öyrənmək üçün nə qədər vaxt lazım olduğunu özüm də təsəvvür etmirdim. Ögey anamın sayəsində Rus dilini çox tez öyrəndim. 10-cu sinifi Bərdə rayonunda bitirdim, qiymətlərimin hamısı “5” idi, bir fəndən “4” ilə bitirmişdim. Orta məktəbin son illərində humanitar elmələrə böyük marağım vardı. Tarixə, ədəbiyyata dair çox kitab oxuyurdum, humanitar fənlər mənim üçün daha maraqlı idi. Ona görə özüm üçün qərar qəbul etmişdim ki, hüquq fakültəsinə daxil olum və valideynlərim bu qərarımı bəyənmişdilər. Ancaq ortaya çıxan sual “Harda oxumaq?”dan ibarət idi. Təbii ki, ilk növbədə, Bakı Dövlət Universitetinin hüquq fakültəsi gündəmə gəldi. Ancaq 1969-cu ildən belə bir partiya göstərişi vardı ki, vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə sənədləri qəbul edilməsin. O vaxt mənim atam rayon miqyasında yüksək vəzifəli şəxslərdən biri idi. Ona görə sənədlərimi qəbul etmədilər. Düşündük ki, necə edək, hara gedək? İki şəhər vardı: Moskva və Leninqrad. Ögey anam əslən Leninqradlı olduğuna görə, belə qərar qəbul etdilər ki, elə Leninqrad yaxşıdır. Ögey anamın orada qohum-əqrəbaları vardı. Mənim Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində oxumağımın səbəbkarının ögey anam olduğunu deyə bilərəm. Sovet dövründə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsi həm də ona görə məşhur idi ki, orada dünya şöhrətli alimlər dərs deməklə birlikdə, Vladimir İliç Lenin də o fakültəni bitirmişdi. Prestijli fakültə sayılırdı. Leninə dərs verib ondan imtahan götürən müəllimlərdən biri bizdən də imtahan götürüb. Məntiqdən. Yaşlı, çox qoca bir kişi idi. Leninə dərs dediyinə görə, onu universitetdən çıxara bilmirdilər. Ölənə kimi də bizə dərs dedi. Mən qrup rəhbəriydim. ”Zaçot" idi, ona “Qiymətli zaçot” deyirdilər, universitetə gələ bilmirdi, gedib evində imtahan verirdik. Özünün də balaca bir kitabı vardı. Təkcə o kitabı oxumaq kifayət edirdi, başqa heç nə tələb etmirdi. Ona imtahan verəndə gördü ki, bilirəm. Axırda dedi ki, sənə “əla” cavab verdin, “5” verə bilərəm, ancaq bunu edə bilmərəm. Mən də səbəbini soruşmuram, çünki müəllimdən elə şeyi soruşmaq olmur. Özü cavab verdi. Dedi ki, Lenin özü mənim dərs dediyim məntiq fənnindən “5” almadı, “4” aldı (gülür). “Baxıblar ki, ilk 1 ayda dərslərə məndən başqa vaxtında gəlib vaxtında gedən olmayıb, qrup rəhbəri təyin etdilər” “İndependent Turkish”: Sizi Lenin ilə müqayisə edib… Rəhimov: Dedi ki, məndən hələ heç kim “5” almayıb. Ona görə Lenin özü “4” alıb, mən sənə necə “5” verim? (gülür). Bilirsiniz, mənim özümün xarakterimlə bağlı bir problemim də vardı. Onu da özüm həll etdim. Bizimlə oxuyan tələbələrin əksəriyyəti Leninqraddan idi. Başqa respublikalardan gələnlərdən var idi, Qafqaz respublikalarından tək mən idim. Şimali Qafqazdan bir nəfər vardı, ancaq ora Rusiyaya aiddir. Bir neçə aydan sonra hiss etdim ki, onların ümumi səviyyəsi, bazası məndən üstündür. Bu fərq təbii idi, çünki Leninqradda Rus dilli məktəb hara, Bərdə rayonunda Rus dilli məktəb hara? Yəni, o, mənim günahım deyildi, ilk təhsilimi harda almışdımsa, günah orda idi. Ona görə də mənim qarşımda yeganə məqsəd vardı: nə etmiləyəm ki, bunların səviyyəsinə çatmalıyam? Onun da yeganə yolu vardı: onlar gündəlik dərslərə, kitab oxumağa 2 saat sərf edirdilərsə, mən 5-6 saat sərf edirdim. Çox qısa müddətdə mən onların səviyyəsinə çatmışdım. Mənim qrup rəhbəri olmağımın da özünün tarixi var. “İndependent Turkish”: Sirr deyilsə, onu da bizimlə bölüşməyinizi xahiş edirik… Rəhimov (gülür): Qrup rəhbəri da belə idi ki, biz 100 nəfər tələbə idik, 4 qrupa bölünmüşdük. İlk bir ayda heç kimi qrup rəhbəri qoymurdular. Heç kimin ağlına da gəlmirdi ki, nə olacaq. Bir gün məni dekanlığıa çağırdılar, dekan müavini dedi ki, sən sabahdan qrup rəhbərisən. Düşündüm ki, bu seçim nə ilə əlaqədardır? Bəlkə ona görə ki, mən ayrı millətin nümayəndəsiyəm? 4 qrup rəhbəriolmalıydı, bəlkə fikirləşdilər ki, biri də ayrı millətdən olsun? Orda ayrı millətlərdən də var idi. Məsələn, Kareilyadan fin mənşəli tələbə vardı, Ukraynadan vardı, yəhudilər vardı. Ancaq mənim üstümdə qərarlaşıblar. Bunun səbəbini başa düşdüm. Bir ay ərzində mən bir dəqiqə də olsun dərsə gecikməmişdim. Nə tez getməmişdm nə də gecikmşdim, düz vaxtında gedirdim. Görünür, baxıblar ki, bu sakit tələbə (gülür), dərslərə vaxtında gəlib gedir, nizam-intizamlı adamdır, bu işi bunun boynuna qoyaq (gülür). Axıra kimi qrup rəhbəri oldum. Artıq üçüncü kursda tələbələr haraya işləməyə gedəcəklərini müəyyənləşdirməyə başlayırdılar: prokurorluq, məhkəmə, vəkillik. Mən isə 3-cü kursdan özüm üçün müəyyənləşdirmişdim ki, elmi işlə məşğul olsam, daha yaxşıdır. Ürəyimə yatan o idi. Elə də oldu.Təyinatlar çox obyektiv idi. Divara siyahı vurulurdu ki, harda boş yerlər var. Məsələn, prokurorluqda, milisdə, məhkəmədə. Ən yaxşı oxuyanların və məzun olanların adları siyahının birinci sıralarında olurdu. Onların istədikləri yeri seçmələri üçün üstünlükləri vardı. “Təyinatım Voloqodsk prokurorluğuna veriləndə qohumlar demişdilər ki, ordan bizə yağ göndərərsən” “İndependent Turkish”: Əslində demokratik seçimdir. Rəhimov: Çox, həddindən artıq. Heç kim bir söz deyə bilməz, müdaxilə edə bilməzdi. Birinci haranı istəsə, seçirdi, ikinci də həmçinin. Təbii ki, kənardan gələnlərin Leninqrad şəhərində qalmaları mümkün deyildi. O vaxt yer və qeydiyyat lazım idi. Ona görə kənardan gələnlərə deyirdilər ki, yer seç, ancaq Leninqrad olmasın. Mən də baxıb gördüm ki, ən yaxşısı- prokurorluqdur. Təyinatımı Rusiyanın Voloqodsk vilayətinə verdilər, prokurorun böyük köməkçisi vəzifəsinə. Elmlə, konkret olaraq, cinayət hüququ ilə məşğul olmaq istəyirdim. Diplom rəhbərim də qalmağım üçün təkid edirdi. Ancaq orda qalmağım üçün gərək kafedrada yer olaydı, aspiranturaya daxil olmalıydım. Elmi rəhbərim dedi ki, yeganə yol var: Azərbaycandan sənə yer istəsinlər. Ona “məqsədli aspirantura” deyirdilər. Elə olsa, universitetdə qala bilərsən. Elə də oldu. Mən Azərbaycana gəldim, Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutu mənim üçün yer istədi. Voloqodsk vilayətinə getmədim.Tələbə yoldaşlarımızın hamısı iş yerlərinə getmişdi, mən isə sənədlərimi düzəltdiyimə görə təyinat yerimə gedə bilmirdim. Voloqodsk prokuroru da tez-tez fakültəyə teleqram vururdu ki, təyinat verilən Rəhimov İlham Məmmədhəsən oğlu gəlib çıxmadı. Aspirantura əmrimi alandan sonra o prokurora böyük həvəslə gözəl bir teleqram göndərdim: ”Üzrlü hesab edin ki, gəlib orda sizin əlinizi sıxıb tanış ola bilmədim” (gülür). O vaxt Azərbaycanda ərzaq məsələsi böyük problem idi, ən çox da yağ tapılmırdı. Voloqodsk vilayətində isə yağ istehsal edilirdi. Buradakı qohum-əqrəba mənə deyirdi ki, Voloqodsk vilayətinə getməyin yaxşıdır, bizə yağ göndərərsən (gülür). Bunlar nə haydaydı, mən nə haydaydım? “İndependent Turkish”: Əziz Nesinin əsərlərində olduğu kimi… Rəhimov: Hə, elə idi. Mənim aspiranturada qalmağım belə oldu və qısa müddətdə müdafiə edib alimlik dərəcəsi aldım. Azərbaycana qayıtdım, çünki “məqsədli aspirant” olmuşdum.Təxminən 1 il işləyəndən sona məni Ədliyyə nazirliyinə işə dəvət etdilər. Tale elə gətirdi ki, Ədliyyə nazirliyində düz 16 il işlədim: 1980-ci ildən 1996-cı ilə qədər. “Rusiyadan 1 milyon rubl dəyərində aparaturanı gətirmək üçün maliyyə naziri ilə həmyerli olmağımızdan istifadə etdim” “İndependent Turkish”: Oraya gələcəkdim, siz yönləndirdiniz, minnətdaram. Ədliyyə nazirliyində Tibbi ekspertizanın həm elmi, həm də praktiki cəhətdən inkişafında mühüm rol oynadığınızı bilirik. Həm alim, həm də dövlət adamı kimi təcrübələrinizi bölüşə bilərsinizmi? Rəhimov: Sizə bir söz deyim: mənim Ədliyyə nazirliyindəki ən uzun müddətli vəzifəm- Qanunvericilik idarəsinin rəisliyi olub: 10 il. Yəni, hələ sovet dövründə Azərbaycanda heç bir qanun və qərar mən onu görməyənə, imzalamayana qədər Ali Sovetə göndərilməyib. Hər bir qanunun və qərarın ilk variantı məndə olurdu ya da verilən tapşırıqla o qanunun ilk layihəsini mənim rəhbərlik etdiyim idarə hazırlayırdı. Ona görə qanunvericilik işini ekspertiza işindən daha çox bilirəm. Mən hara işə getsəm, orada yeniliklər axtarmaqdan xoşum gəlir. Ona görə ki, yenilik, islahat olmayanda, işləməyin özü də maraqsız olur. Ekspertiza institituna gələndə də orada da yeniliklər etməyə başladım. Bilirsiniz necədir? Rəhbər olasan, bir il işləyəsən, ancaq o bir ildə tezliklə təzə şeylər yaradasan. Onda sən həmişə yadda qalacaqsan. Ancaq 20 il işləyəsən, gələndə bu yeri necə görmüsənsə, gedəndə də o cür qalıbsa, sən he vaxt xatırlana bilməzsən. Baxmayaraq ki, hər bir yenilik həmişə başağrısıdır. Yenilik o deməkdir ki, illərlə qurulmuş hansısa sistemi dağıdıb onun əvəzinə təzə bir şey yaradırsan. O da çoxlarının xoşuna gəlmir, çoxluq onu qəbul etmir. Ona görə də islahatçılıq baş ağrıdan şeydir. İslahat aparan insanın başı ağrıyır və o heç vaxt uzun müddət vəzifədə qala bilmir. Amma həmişə yadda qalır. İnstituta gələndə mən istalahatlardan başladım: maddi-texniki bazanın yenilənməsi, təzə avadanlıqların alınması. O dövrdə Azərbaycanda pul yox idi, SSRİ dağılmışdı, hardan nə alınacağını heç kim bilmirdi. İnanın ki, o vaxt dəyəri 1 milyon rubl olan yeni bir aparatı almaq üçün gedib maliyyə naziri, Tovuzlu həmyerlim Saleh Məmmədovun yaxasından tutmuş və yerliçilikdən istifadə edərək Rusiyanın uzaq bölgəsindəki zavodun hesabına pul köçürməklə o aparatı gətizdirə bilmişdim. Belə şeylər çox olub. İçində ekspertiza aparaturaları olan avtobusu Azərbaycana birinci mən gətirmişəm. 1987-ci ildə doktorluq dissertasiyamı müdafiə edib təsdiqimi almışdım, ona görə institutun elmi bazasını yaratdım. Bu, çox vacib iş idi. İnstituta təkcə praktiki yox həm də elmi müəssisəsi kimi baxırdım. O sahədə çox iş gördüm, xeyli yenilik etdim. “Ədliyyə naziri dedi ki, 1 həftədə 10 qanun layihəsi hazırlamalısan, dedim ki,mümkün deyil” “İndependent Turkish”: Ədliyyə nazirliyində Qanunvericilik idarəsinin rəisi olduğunuzu xüsusi qeyd etdiniz. Əksər ölkələrdə (Türkiyə də daxil olmaqla) siyasi iqtidarlar dövlətin ən mühüm qurumlarından biri olan Ədliyyə nazirliyini tamamilə öz tabelərinə keçirməyə çalışırlar. Yoxsa rahat ola bilmirlər. Siz bu gün dönüb geriyə baxanda Ədliyyə nazirliyinin Qanunvericilik İdarəsindəki fəaliyyətinizdə istər Azərbaycanın müstəqilliyi, istərsə də müstəqillikdən sonrakı demokratikləşmə yolunda gördüyünüz işlərdən razı qaldığınızı deyə bilirsinizmi? Rəhimov: Demokratik islahatların əsası harda qoyulur? Ədliyyə nazirliyində hazırlanan qanun layihələrində. SSRİ dağılana kimi Azərbaycan Respublikasının qanunvericiliyi SSRİ qanunvericiliyinə uyğun olmalı idi. Mən bunu başa düşürdüm, kənara çıxmaq olmazdı. Amma mən neyləyirdim? Çalışırdım ki, öz qanunuvericiliyimizdə milli mentalitetimizi, xarakterimizi, dilimizi elə formada qoruyaq və ön plana çıxaraq ki, onu çox başa düşməsinlər. Yəni, Moskvada ona etiraz etməsinlər. Söhbət təkcə Moskvadan getmirdi, Azərbaycanda da çoxları ehtiyat edirdi ki, hansısa qanunu qəbul etsək, Moskva etirazla qarşılayacaq. Ona görə mən hər şeyi çox ehtiyatla edirdim.Yadıma gəlir ki, hələ SSRİ dağılmamışdı, Qorbaçovun vaxtı idi,Həsən Həsənov Azərbaycan Nazirlər kabinetinin sədri idi.Tapşırıq gəlmişdi ki, 10 qanun layihəsini 1 həftədə hazırlayıb Nazirlər Kabinetinə təqdim edək. O işi 1 həftədə görmək mümkün deyildi. O vaxtkı Ədliyyə naziri Əlisahib Orucova başa sala bilmədim ki, bu layihələrin heç birini də 1 həftədə hazırlamaq mümkün deyil, mən bunu edə bilmərəm. Dedi ki, yox, lazımdır. Dedim ki, bilirsiniz, nə var? Bu qanunlarda hər yerdə RSFR yazılıb, mən bunun əvəzinə Azərbaycan SSR yazacağam, bunun başqa yolu yoxdur. Nazir Orucov təkid edirdi ki, Nazirlər Kabinetinin tapşırığı belədir, qəbul etmirdim. Yəni, çalışırdım ki, bütün işlərimizdə öz mentalitetimizi, adət-ənənələrimizi, dini dəyərlərimizi orada saxlayaq. Və həm də demokratik prinsiplərə uyğun olaraq. “Ölkəmdəki nə hüquq elminin, nə hüquq orqanlarının fəaliyyətindən razıyam. Vəkillər müstəqil olmadığına görə, vətəndaşlar AİHM-ə müraciət edirlər” “İndependent Turkish”: Sovet vaxtında hüquq sahəsində elmlər doktoru olmaq çətin idi, gənc yaşda isə lap çətin idi. Siz 36 yaşınızda elmlər doktoru olmusunuz. Konstitusiya hüququna çox önəm verdiyinizi görürük. Ali Attestasiya Komissiyasında Hüquq Şurasının sədrisiniz. Bu ölkədəki hüququn vəziyyətini necə xarakterizə edərdiniz: elm, praktika, vəkillik. Türkiyə Vəkillər Kollegiyaları Birliyinin 100 min üzvü olduğu halda.. Rəhimov: 104 min… “İndependent Turkish”: Bir neçə il əvvəl oxumuşdum ki, Azərbaycanda 800 vəkil var. Necə dəyərləndirirsiniz? Rəhimov: Obyektiv? “İndependent Turkish”: Təbii ki. Rəhimov: Özümü tərifləməyə görə demirəm, Azərbaycanda hüquq elminin vəziyyətini, hər halda, məndən yaxşı bilən yoxdur. Ona görə ki, mən neçə ildən bəri Ali Attestasiya Komissiyasında Hüquq Şurasının sədriyəm. Bu işlərin hamısı mənim əlimdən gəlib keçir. Azərbaycan kiçik bir yerdir, hər sahənin alimləri bir-birini tanıyır. Ona görə çox qısa şəkildə deyə bilərəm ki, şəxsən məni qane etmir. Çünki müdafiə edilən dissertasiyalara baxıram, inanırsınız, sovet dövründə müdafiə edilən dissertasiyaların yanında bunlara elm demək olmaz. Çox zəifdir, həddindən artıq zəifdir. Müdafiədən sonra o dissertasiyaların hamısı gəlib məndən keçir. Təkcə o deyil ki, bizim şuradan keçir və mən avtomatik qol çəkmirəm. Elə olub ki, müdafiə edənlər Milli Məclisin deputatı olub, çağırmışam, gəlməyə etiraz ediblər. Demişəm ki, gəlməsələr, təsdiq etməyəcəyik. Mən onların hamısını niyə dəvət edirəm? Çünki söhbət edəndə müəyyən etmək mümkün olur ki, bu dissertasiyanın müəllifi, ümumiyyətlə, bu adamdır, yoxsa yox? Onlara 3 sual vermək mənə kifayət edir. Neçə dissertasiyanı biz Şurada təsdiq etməmişik. Çünki dissertasiya yaxşı olsa da, müəllifin ondan xəbəri yoxdur. 3-4 sual verən kimi iş bitir, o saat deyirəm ki, qəbul olunmadı, gedin. Ona görə bu sahənin həqiqi, peşəkar adamlarından soruşsanız, hamısı deyəcək ki, İlham müəllim obyektivdir, yaxşı ki, ordadır. Ancaq narazı olanlar da var, təbiidir. Görmüşəm ki, layiq deyil, üzünə demişəm ki, layiq deyilsən. Təbii ki, onlar da narazı qalırlar. Yəni, demək istəyirəm ki, elm məni qane etmir. Mənə elə gəlir ki, Azərbaycanın hüquq sahəsindəki əsil alimlər də mənimlə həmfikirdir. “İndependent Turkish”: Bəs praktiki sahədə Vəkilliyin vəziyyəti? Rəhimov: Vəkilliyin vəziyyətinə gəlincə, Türkiyə Vəkillər Kollegiyaları Birliyi bir neçə dəfə məni öz qurultaylarına, iclaslarına dəvət edib, iştirak etmişəm. Onlar məni alim kimi yaxşı tanıyırlar. Onların səlahiyyətlərini də yaxşı bilirəm, nüfuzlarını da bilirəm, üzvlərinin sayı 104 mindən çoxdur, özlərinin mehmanxanaları, sosial məqsədli yerləri də var. Onların hakimiyyətə təsir etmə imkanları da var. Düzdür, hakimiyyət onlara təzyiq göstərməyə çalışsa da onlar müstəqildir. Bizdə isə mən eyni şeyi deyə bilmərəm, bizdə əksinədir. “Biz Vladimir Putinlə hələ tələbə olçazdan əvvəl tanış idik” “İndependent Turkish”: Buraya qədərki açıq və səmimi söhbətinizə görə təşəkkür edib taleyinizin başqa bir mühüm nöqtəsinə keçmək istəyirəm. Belə ki, taleynizə XXI əsrin mühüm bir dövlət adamıyla dostluq da düşüb. Bunu sırf dostluğunuz baxmından deyirəm. O illərə dönüb baxanda bizim oxucularımız üçün nələr demək istərdiniz? Rəhimov: Belə anladım ki, söhbət Vladimir Putindən gedir. Bilirsiniz, 50 ilə yaxındır ki, təkcə Putinlə yox, keçmiş tələbə yoldaşlarımızın bəziləriylə bu günə kimi dostluq edirik. Ancaq burada mühüm bir nöqtə var: bizim bir-birimizi tanımağımız tələbəliyimizdən qabaq olub. “İndependent Turkish”: Necə? Rəhimov: Sizə izah edim: tələbəlikdən əvvəl abituriyentlik olur, yəni, gəlib imtahan verirsən, hamı bir-birini görür, ancaq tanımır. Birinci imtahanı verirsən, hamı dəhlizlərdə həyəvcan keçirir, kimin neçə aldığıyla maraqlanır. Elədirmi? Orda tanış olursan. Adın nədir-Vladimir, adın nədir-Viktor, sənin adın nədir-İlham. Növbəti imtahana gələndə görürsən ki, artıq onlardan bəziləri yoxdur.Niyə? Çünki imtahandan keçə bilməyiblər. Amma orda gördüyüm bəzi insanlar yenə ordadır. Necəsən, imtahan necə oldu? Şükür Allaha,birincisi yaxşı oldu, görək, bu necə olacaq? Bunu da keçirsən. Növbəti dəfə gəlib görürsən ki, həmin adamlar yenə ordadır. Yəni, demək istəyirəm ki, biz qəbul imtahanlarımızı verəndə artıq bir-birimizlə tanış olmuşduq. Düzdür, buna hələ dostluq demək olmazdı, sadəcə olaraq münasibət yaratmşdıq. O da heç kimdən asılı deyildi, şərait özü belə yaratmışdı. Onda heç kim bilmirdi ki, kim keçəcək, kim keçməyəcək? Tale elə gətirmişdi ki, mən sonradan ailəvi dostluq etdiyim insanlarla o dəhlizlərdə birinci dəfə tanış oldum. Amma biz heç vaxt bilməzdik ki,münasibətlərimizi 50 il qoruyacağıq (gülür). “Putin, Xmarin və mən idmançı idik, universitetin komandasında çıxış edirdik. İçki içməz, siqaret çəkməzdik, Rus arağının dadını universitetin 5-ci kursunun axırında bilmişəm” “İndependent Turkish”: Məhz o dəhlizlərdə tanış olduğunuza görə dostluğunuz bu gün də qədər sıxdır? Rəhimov: Vallah, biz onda da bilmirdik ki, tələbə vaxtı da bu münasibətlər qalacaq və ya qalmayacaq. Ancaq o vaxt Vladimir Putini, məni və başqa bir dostumuz Viktor Xmarini birləşdirən başqa bir cəhət də vardı: biz üçümüz də idmançı idik. Mən sərbəst güləşlə, Putin və Viktor Xmarin isə sambo- dzyu do ilə məşğul olurduq, universitet komandasının üzvləri idik, idman salonunda da bir yerdə olurduq. Ona görə də bu faktor bizi birləşdirirdi. Üçümüz də nə siqaret çəkir nə də içki içirdik. Heç kəsə məlum deyil ki, mən rus arağının dadını hüquq fakültəsinin 5-ci kursunu bitirəndə bilmişəm. Amma bu, o demək deyil ki, biz bir yerdə oturanda içki içmirdik. Ya yüngül çaxır və ya pivə içirdik, ən çox pivə içirdik. Çaxırı isə hansısa tədbir olanda yataqxanada içirdik. Bizim içki içməyimizin də, siqaret çəkməyimizin də qarşısını alan idman olub. “İndependent Turkish”: Bəs tələbəlik illəriniz? Kitabxanalarda keçirdiyiniz vaxt, tələbə yoldaşı kimi birgə keçirdiyiniz zaman… Aranızda rəqabət var idimi? Mən onu oxudum, o bunu oxumadı... Rəhimov: Mən tələbəlik vaxtımdan həmişə xarakterimi göstərən adam olmuşam. İkinci kursda mülki hüquq fənnindən İoffe adlı xaricdə də yaxşı tanınan bir professora imtahan verirdik. 6 dil bilirdi, o vaxt üçün çox istisna bir şey idi. Mən imtahan biletini götürdüm, orada bir neçə tələbə imtahan verməyə hazırlaşırdı. Dedi ki, İlham, mən sizə icazə verirəm, suallar xoşunuza gəlmirsə, çətindirsə, başqa bileti də götürə bilərsiniz. Mən sizin Rus olmamağınızı nəzərə alıram. Azərbaycanlı olduğumu bilirdi. Bəlkə onun fikri başqa idi, ancaq mənə elə gəldi ki, o mənə bunun eyhamını vurur: Ruslarla və ya yəhudilərlə müqayisədə sizin səviyyəniz aşağıdır, bizim kimi yetişməmisiniz, bir az aşağısınız. Ona görə çətindirsə, başqa bilet götürün. Onun bu sözü məni çox tutdu, xətrimə dəydi. Dedim ki, yox, ehtiyac yoxdur. Bəxtimdən də ürəyimə yatan suallar idi. Mənə “4” verdi. Daha sonra tələbələr bunu müzakirə etməyə başladılar. Az qalmışdılar ki, o müəllimi şikayət etsinlər. Yəni, tələbələr belə başa düşmüşdülər ki, o, məni təhqir edib. Ancaq mən onları sakitləşdirdim ki, bəlkə düz başa düşməmişəm. Diqqət yetirin: o dövrdə tələbələr də belə şeylərə reaksiya verirdilər. Kim necə başa düşürsə-düşsün. ”Rus milləti belədir, imperiya burdən gəldi, Rus milliyyətçilyi ordan getdi”- belə söhbətlər həmişə olur. Ancaq mən özümün həyatımdan deyirəm. Həqiqətən o dövrdə Rus millətinə mənsub olan insanların əksəriyyəti çalışırdı ki, o biri millətlərin nümayəndələrinə bir az yumşaq münasibət olsun. Onlar elə düşünür və elə münasibət bəsləyirdilər. Mən özümdən danışım. Hələ qəbul imtahanları vaxtı Rus dili və ədəbiyyatı imtahanı da vardı. Ögey anam Rus dili və ədəbiyyatı müəlliməsi olduğuna görə həm ədəbiyyatı, həm də dilin qrammatikasını çox yaxşı bilirdim. İki qadın müəllimə imtahan götürürdü. Əvvəlcə qrammatika imtahanını verib sonra Rus dili və ədəbiyyatına keçirdik. İkisindən sənə bir qiymət yazırdılar. Gördüm ki, qrammatika imtahanını götürən qadının üzü gülür, sevinir. Ədəbiyyat imtahanını da verəndən sonra o, qrammatika imtahanı götürən müəllimədən soruşub ki, necə cavab verdi? O da deyib ki, bizim rus uşaqları öz dilimizin qrammatikasını bu səviyyədə bilsəydilər, mən özümü çox xoşbəxt hiss edərdim. Dedi ki, sənin qrammatika imtahanı ilə bağlı fikrin nədir? Dedi ki, “5”. Dedi ki, bəs ədəbiyyatdan imtahanı necə verdi? Cavab verdi ki, tam “5” deyil, “4+” olar. Qrammatika imtahanını götürən müəllimə dedi ki, gəl “5” yazaq. Yəni, başqa millətlərin nümayəndələrinə o vaxtkı münasibət çox yumşaq, mülayim idi. Əlbəttə ki, hər yerin milliyyətçisi də var, yaxşısı da pisi də. Ancaq mən orda oxuduğum dövrdə bunları hiss etmişəm. “Elmi işlə məşğul olacağımı 3-cü kursdan bilirdim. Putin birbaşa KQB-yə getdi, Xmarin isə vəkilliyi seçdi” “Zaporojets” markalı maşının qapısının sayıını bilmədiyimizə görə, Putin bizdən 1 yeşik pivə udmuşdu” “İndependent Turkish”: Universiteti bitirəndən sonra hərə bir tərəfə getdi, müxtəlif iş sahələrində çalışdı. Münasibətləriniz davam etdimi? Rəhimov: Aydın məsələdir ki, hamısıyla eyni dərəcədə münasibət saxlamağımız mümkün deyildi, hərə bir yerə getmişdi. Türkmənistana, Pribaltikaya, Belorusa, Rusiyanın ən dərin guşələrinə. 3 tələbə yoldaşımız mənim kimi aspiranturada qaldı, onlarla tez-tez görüşürdük, sonra üçümüz də professor olduq. Putin bitirən kimi onu KQB-yə işə götürdülər, o biri dostumuz Xmarin vəkil oldu, Leninqradda qaldı, yəni üçümüz də Leninqradda qaldıq. Həmişəki kimi, həftədə ən azı 2-3 dəfə görüşürdük, çörək yeyirdik, pivə içirdik. Sizə bir əhvalat danışım. “İndependent Turkish”: Buyurun… Rəhimov: Bir gün Putin, Xmarin və mən kafedə çörək yeyirik. Putin dedi ki, “Zaporojets” maşınının neçə qapısı var? Qabaqlar “Zaporojets” çox idi axı, ”Mercedes” yox idi (gülür). Heç birimizin ağlına gəlməzdi ki, ”Zaporojets”in neçə qapısı olduğunu yadımızda saxlayaq. Xmarin 4 qapısı olduğunu dedi, Putin razılaşmadı. Mən də 4 qapısı olduğunu dedim. Putin dedi ki, onda gəlin, 1 yeşik pivədən mərc gələk. Kafedə oturan bir neçə nəfərə yaxınlaşıb “Zaporojets”in neçə qapısı olduğunu soruşdum, gördüm ki, heç kim bilmir. Kafedən çıxıb küçədə “Zaporojets” axtardıq, tapa bilmədik. Çörək yediyimiz kafe Putingilin evinə yaxın idi. Dedi ki, biz tərəfə gedək, mən göstərəcəyəm. Gedib gördük ki, bunların həyətində təzə bir “Zaporojets” var. Baxıb gördük ki, qapı məsələsi Putin deyən kimiymiş (gülür). Ona 1 yeşik pivə uduzduq. Gedib bizim o vaxtkı məşqçimizə demişdi ki, bunlardan 1 yeşik pivə udmuşam. Putin prezident olandan sonra o məşqçi bu pivə söhbətini yaydı (gülür). Demişdi ki, vaxtilə Putin İlham Rəhimovdan və Viktor Xmarindən 1 yeşik pivə udub. Maşını görəndə Putin demişdi ki, bu, mənim “Zaporojets”imdir. Dedim ki, necə yəni, sənin “Zaporojets”indir? Dedi ki, anam lotereyada udub. Anası xəstəxanada işləyirdi, orda veriblər və bəxtinə “Zaporojets” çıxıb. Sonradan o maşının mənə çox köməyi oldu. Böyük qızım kiçik yaşlarında olanda bir qəsəbə vardı, şəhərin o başında idi gedib oradan onun üçün süd alırdıq. Tramvayla 50 dəqiqəlik yol idi, 2 gündən bir gedib ordan şüşədə süd gətirirdim. ”Zaporojets”I görəndən sonra Putinə dedim ki, bəs bunu niyə demirsən? Mən də tramvayla gedib süd gətirirəm. O “Zaporojets” bizə axıra qədər süd gətirməkdə kömək etdi (gülür). “Putin Azərbaycanda qonağım olanda özünü cinayət axtarışı inspektoru kimi təqdim etmişdi. O vaxt Şərqi Almaniyadakı sovet kəşfiyyatında işləyirdi” “İndependent Turkish”: Dostluğunuz davam edərkən bir də gördünüz ki,Vladimir Putin Kremlə gəlib baş nazir oldu. Dostluğunuz daha da irəlilədi? Rəhimov: Mən dissertasiya müdafiə edib Azərbaycana qayıdandan sonra Putin Almaniyaya kəşfiyyat işinə göndərildi. Ona baxmayaraq, bizim əlaqələrimiz davam edirdi. Məzuniyyətə gələndə ya mən Leninqrada gedirdim, orda görüşürdük ya onlar Azərbaycana gəlirdilər, burda görüşürdük. Bir gün avqust ayının istisində axşam evə zəng gəldi. O vaxt mən Ədliyyə nazirliyində idarə rəisi, kollegiya üzvü və nazirliyin partkomu idi. Bunlar ciddi vəzifələr idi. Salam-kəlamdan sonra Putin dedi ki, Leninqradda məzuniyyətdəyəm. İcazə verirsən, Viktoru da götürüm, gəlib Xəzər dənizində çimək? Dedim ki, əlbəttə. Ancaq biletinizi alandan sonra xəbər verin. Dedi ki, elə indi deyək də,sabah gəlirik (gülür). Ertəsi gün qarşıladım. Şəhər elə isti idi ki, Putin onları dərhal dənizin qırağına aparmağımı istədi, şəhərdə qalmaq istəmirdilər. O vaxt indiki şərait yox idi, ən münasib yer Nabran idi. Zəng edib oradakı sanatoriyada yer ayırtdırdım. 10 gün qalmalı idilər. Rayonun məhkəmə sədrinə, prokuroruna xahiş etmişdim ki, qonaqlara lazımi diqqəti göstərsinlər. Bizimkiləri də bilirsiniz, orta xətt yoxdur, gərək mütləq sərhədi keçələr. Hakim, prokuror, milis rəisi səbəb axtarırlar ki, qonaq gəlib, oturub yesinlər-içsinlər, o vaxt elə idi də. 1987-ci ildən danışıram. Onlara baş çəkməyə gedəndə uzaqdan məni görüb qaça-qaça yanıma gəldilər ki, bizi azad et. Dedim ki, nə olub? Dedilər ki, bu, istirahət deyil. Soruşdum ki,niyə? Dedilər ki, səhər durub dənizə girib çimmək istəyirik, elə oradaca bir serjant gəlib təzim edir, deyir ki, bizi milis rəisi göndərib. Orada səhər yeməyi masası açılıb, sizi gözləyir. Gedib səhər yeməyi yeyirik, gəlib çimmək istəyəndə xəbər gəlir ki, prokuror qonaq çağırır (gülür). Dedilər ki, bizi buradan apar. Dedim ki, yaxşı, bir az istirahət edin, apararam. Əlavə etdim ki, bizdə adət-ənənə var, qonaq gələndə soruşurlar ki, harda işləyir? Xmarinin işi məlumdur, o, vəkildir. Bəs səni necə təqdim edək? İndi kəşfiyyat işçiləri hər yerdə boşboğazlıq edib özlərini hər yerdə tanıdırlar, o vaxt hər şey son dərəcə gizli idi, mümkün deyildi. Almaniyada kəşfiyyatda işlədiyinə görə, soruşdum ki, bəs səni necə təqdim edim? Dedi ki, cinayət axtarışı inspektoru. Cibindən cinayət axtarışı inspektorunun vəsiqəsini çıxardı. Dedim ki, yaxşı. Çörək yeyəndə milis rəisi dedi ki, İlham müəllim, qonaqları təqdim edin, harda işlədiklərini bilək. Dedim ki, Viktor Xmarin vəkildir, hüquq məsləhətxanasının müdiridi, Vladimir Putin də cinayət axtarışında işləyir. Bunu deyəndə rayonun milis rəisi o tərəfdən ayağa durdu ki, baho, mənim həmkarımdır, öz həmkarımızı tapmışıq (gülür). Milis rəisi sual verdikcə Putin cinayət axtarışı şöbəsindəki “işiylə” bağlı məlumat verirdi. “Siyasətdən gəlməyən bir adamın baş nazir təyin edilməsi bizim üçün sürpriz olmuşdu. Onunla bağlı mətbuata ilk müsahibəni mən vermişdim” “İndependent Turkish”: Baş nazir təyin edilməsi sizing üçün sürpriz olmuşdu yoxsa Kremldə irəliləyib o nöqtəyə gələcəyinə yaxın dostu kimi siz inanırdınızmı? Rəhimov: Açığını deyim ki,o vaxt kimin ağlına gələrdi? Ancaq bilirsiniz ki, ondan əvvəl FSB-nin baş direktoru və həm də Milli Təhlükəsizlik Şurasının katibi idi, iki vəzifəsi vardı. Mən onun o vəzifəyə layiq olduğunu və oraya gələcəyini bilirdim. Ancaq baş nazir olacağını təxmin etmirdim. Çünki baş nazir siyasi vəzifə idi və o dövrdə siyasi vəzifəyə kəşfiyyatdan adam təyin edilməsinə yaxşı baxmırdılar, siyasətdən oraya getmədiyinə görə qəbul edilmirdi. Putin də siyasətdə olmamışdı. Təzəlikcə baş nazir olmuşdu ki, ”Moksovskiy komsomolets” qəzetindən mənə zəng etdilər. Dedilər ki, Leninqrad universiteti hüquq fakültəsinin dekanına zəng edib soruşduq ki, bu baş naziri tanıyan kim var? Onunla söhbət edək ki, bu adam kimdir, nəçidir? Onun ən yaxın adamı kim olub? Həmin dekan da (indi orada rektordur) mənim adımı verib ki, bunun ən yaxın adamı filankəs idi. Mobil telefonumu veriblər. Qəzet bir neçə suala cavab verməyimi istəyirdi ki, bu adamı ictimaiyyət tanısın. Dedim ki, indi suallara cavab verə bilməyəcək bir yerdəyəm, sabah bu vaxt zəng edin. Söz verib-vermədiyimi soruşanda dedim ki, söz verirəm. Moskvaya zəng edib köməkçisinə məsələni dedim. Cavab verdi ki, iclas aparır, mümkün olan kimi calaşdıracağam. Ələqə yarananda dedim ki, mənə müraciət ediblər, sənin haqqında soruşurlar. Fikirləşdim ki, sən bu barədə nə düşünürsən? Dedi ki, sən məni necə tanıyırsansa, elə də cavab ver. Putin haqqında ilk müsahibəni “Moskvokskiy komsomolets” qəzetinə mən vermişəm. O, baş nazir təyin ediləndə mən Bakıdakı Ali Diplomatiya kollecində prorektor idim. Özü məni Moskvaya çağırdı. Dedi ki, sən Vahid Ələkbərovu tanıyırsan? Dedim ki, eşitmişəm, ancaq tanışlığım yoxdur. Dedi ki, 1 həftədən sonra Bakıda olacaq, səni tapacaq, onunla görüş. Hiss etdim ki, mənim üçün münasib iş axtarır. Putin mənim iş yerimi bilirdi. Ələkbərovla bir müddət işlədim. Moskvada görüşəndə dedi ki, sənin buraya gəlib işləmək fikrin var? Öz administrasiyasının rəhbərinə tapşırdı ki, söhbət edin. Ürəyimdən keçən vəzifələr barədə soruşdu. Ortaya mənim vətəndaşlıq məsələm çıxdı. Dövlət işində işləyən adam gərək Rusiya Federasiyasının vətəndaşı olaydı. Mən Azərbaycan vətəndaşlığından çıxmağı düşünmədiyimi dedim. O vaxtdan bəri çox insanın Rusiya vətəndaşı olmasına kömək etmişəm. Özüm isə qəbul etmədim. “Prezident seçkisində Rusiyadakı Azərbaycanlıları Putinə səs vermələri üçün səfərbər etmişdim. Kiçik qızımın toyuna xəbərsiz gələndə heç kim inanmamışdı” “İndependent Turkish”: Prezidentliyə namizəd olandan sonra seçilməsi üçün dəstək verdinizmi? Prezident olandan sonra köhnə və sadiq dostları ilk dəfə nə vaxt dəvət etdi? Rəhimov: Seçki kampaniyasında mənim funksiyam Azərbaycanlıların yaşadığı bölgələrə gedərək onları Vladimir Putinə səs verməyə çağırmaq idi. Moskvada, Leninqradda, Nijni Novqorodda və başqa vilayətlərə gedərək Azərbaycanlılarla görüşdüm, diasporaya dedim ki, Vladimir Ptun bizim milləti sevən adamdır, ona səs verin. Seçiləndən sonra isə andiçmə mərasimindən tutmuş o biri mərasimlərin hamısında iştirak etmişəm. Həm də rəsmi dəvət alaraq. Aydın məsələdir ki, sonra yaxın dostları özü çağırdı. Bir məqam da olub. 2001-ci il idi. Kiçik qızımın toyu olmalıydı, həyat yoldaşım xəstə idi, Moskvada xəstəxanada yatırdı. İstəyirdi ki, toy tez olsun, ömür vəfa etməz, hiss edirdi. Müəyyən oldu ki, həyat yoldaşımı Bakıya gətirə bilməyəcəyik, aparmaq olmaz. Belə qərar qəbul etdik ki, toyu Moskvada edək. Bakıdan qohum-əqrəbanı da dəvət edə bilmədik, yaxın bir dostum gəlmişdi. Moskvada yaxından tanıdığım Azərbaycanlıları dəvət etmişdim. Moskva ətrafındakı hökumət bağ evlərinin birində bizə də yer vermişdilər, orda qalırdıq. Putinin iqamətgahına yaxın idik. Toya 3 gün qalanda mənə zəng etdi ki, işin yoxdursa, gəl, görüşək. Onun həyat yoldaşı da yanında idi. Dedim ki, 3 gündən sonra kiçikm qızımın toyudur, sizi dəvət etmək mənim borcumdur. Gəlib-gəlməmək öz işinizdir. Sonra mənə deməyin ki, niyə dəvət etmədin? Heç nə demədi, dodaqucu soruşdu ki, nə vaxtdır, harda olacaq? Dedim ki, “Özbəkistan” restoranında. O dəqiqə düşündüm ki, kimdənsə hədiyyə göndərib təbrik edəcək… Toyda mənim başqa yaxın dostlarım da vardı: Daxili İşlər nazirinin müavini, Moskva Baş Milis İdarəsinin rəisi, Prezident Aparatında şöbə müdiri. Hamısı toyda idi. Prezident Aparatında işləyən başqa bir dostum isə hələ də gəlməmişdi. Ona zəng edəndə deyir ki, prezident məni qəbul etməlidir, bir məsələ barədə məruzə etməliyəm, ona görə gələ bilmirəm. Saat arıtq 21.30 idi. Ordakı monitorda içəri girənlər görünür. İsgəndər Xəlilov da xanımı ilə toyda idi, onun xanımı monitoru göstərib Putin həyat yoldaşıyla gəldiyini dedi. İsgəndər isə inanmayıb bütün restoranlarda bu cür reklam videolarının göstəririldiyini bildirdi (gülür). Elə bu vaxt restoranın adminstratoru qaça-qaça gəlib qulağıma dedi ki, Putin yoldaşıyla gəlib, qapının ağzında dayanıb sizi soruşur. Gedib qarşıladım, bəylə gəlinin hansı tərəfdə olduğunu soruşdu. Onlar da elə yerdə oturmuşdular ki, qonaqlar oynayırdı, o tərəfə keçmək olmudur. Dedi ki, onları çağır gəlsin. Bəylə gəlini və həyat yoldaşımı təbrik edəndən sonra bir qədər toyda iştirak edib getdilər. Putin gedəndən sonra Prezident Aparatındakı o dostuma yenə zəng edəndə məlum oldu ki, hələ də orda prezidenti gözləyir (gülür). Deyirəm, nəyi gözləyirsən, Putin buraya gəlib toyda iştirak etdi, getdi. Şəhərin rəisi mənə dedi ki, bəs mənə niyə deməmişdiniz ki, prezident gələcək? Dedim ki, şəhərin milis rəisi sənsən, mən hardan biləydim ki, gələcək, sən bilməliydin. Dedi ki, bəlkə məni artıq işdən çıxarıblar, ona görə xəbərim yoxdur (gülür). Zarafatla dedim ki, onu bilmirəm, ancaq bundan sonra səni çıxaracaqlar. “24 noyabr 2015-ci ildə Rus təyyarəsi vurulanda tez onunla əlaqə saxlayıb Türk xalqının narahatlığını bildirmişdim” “İndependent Turkish”: Baş redaktorumuz Nevzat Çiçek bəy sizə xüsusilə bir sual verməyimi istəyib. 24 noyabr 2015-ci ildə Rusiya təyyarəsi vurulandan sonra gərgin vəziyyət yaranmışdı. Gərginliyin azaldılıaraq məntiq çərçivəsində hərəkət edilməsi üçün sizing xüsusi rolunuzun olduğundan söhbət gedir. Rəhimov: Orda bəzi məsələlər oldu. O vaxt Türkiyədə idim, hadisələri bilirdim, insanların münasibətini görürdüm. Mən bunu ona çatdırdım ki, əhali çox narahatdır, gərginliyin azalmasını istəyirlər. Sonra hansı addımlar atmaq, hansı formalarda hərəkət etmək lazım olduğunu dedim. Gördüm ki, gərginliyin artmasını özü də istəmir ancaq. şübhəsiz ki, məğrurluğunu qoruyurdu. Şərtləri vardı, onların qəbul edilməsi lazım idi ki, gərginlik azalsın. Özünün Türkiyə ilə əlaqələri yaxşıdır, dostları çoxdur. Demək istəyirəm, bəli rolum olub ancaq hər şeyi çox da açmaq olmur. Çünki elə məqamlar var ki, onlar barədə danışmaq lazım deyil. “Putin barədə yazılan kitabı Türkcəyə tərcümə etdirib özünə hədiyyə etdim, ondan sonra münasibətlər inkişaf etməyə başladı” “İndependent Turkish”: Vladimir Putin hakimiyyətə gələndən sonra Türkiyə ilə münasibətləri həmişə yaxşılaşdırmağa çalışdı və buna xeyli dərəcədə müvəffəq oldu. Redaksiyamızın bir sualı da Rusiyanın Türk dünyası ilə münasibətlərində özünüzün də dediyiniz kimi, təmiz Türk qanlı bir insan kimi rolunuz nədir, bundan sonra nə olacaq? Rəhimov: Onun hakimiyyətə gəlməsindən sonra mənim əsas məqsədim-ilk növbədə, Azərbaycanla münasibətləri yaxşıladırması idi. Çünki Yeltsinin dövründə Rusiyanın Azərbaycana münasibəti həddindən artıq pis idi. Mən isti münasibət yaratmağa çalışırdım. Nə vaxt görüşsək, bu barədə danışırdıq. Bilirsiniz, Türkiyə ilə münasibətlərdə birinci addım nə vaxt atıldı? Putin haqqında çıxan kitabı mən Türkcəyə tərcümə etdirib özünə təqdim etmişdim. Orada demişdim ki, yaxşı olar ki, Dövlət Dumasından bir heyət Türkiyə Böyük Millət Məclisi ilə əlaqə yaratmaq üçün oraya getsin. Dedi ki, yaxşı fikirdir, ancaq sən də getməlisən. Ertəsi gün Moskvadan Ankaraya uçacaqdıq, axşam zəng vurdular ki, atan rəhmət getdi. Ona görə mən Bakıya qayıtmağa məcbur oldum. Ancaq nümayəndə heyəti Ankaraya getdi. Yüksək səviyyədə görüşlər olmuşdu. Sonra Türkiyədən bir qrup millət vəkili Moskvaya gəldi. Görüşlərin mən təşkil etmişdim. Demək istəriyəm ki, münasibət birinci dəfə ondan başladı. İki ölkə arasındakı danışıqlarda mənim çox rolum olub ancaq bunları heç vaxt büruzə verməmişəm. Əlimdən nə gəlibsə,həmişə etmişəm. “Artıq Ərəblər inanırlar ki, Rusiya heç vaxt onların arxasından qaçmaz” “İndependent Turkish”: 17 illik fasilədən sonra Vladimir Putin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə gedərək mühüm sazişlər imzaladı. Bunu siz necə şərh edirsiniz? Rəhimov: Səudiyyə Ərəbistanı, Qətər və digər körfəz ölkələriylə Rusiyanın, demək olar ki, münasibətləri yox idi. 4-5 il əvvəl Qətərdə olanda oranın hakim elitasının, demək olar ki, hamısıyla görüşdüm. Həmişə bunu soruşurdum ki, Rusiya ilə niyə münasibət yaratmırsınız? Özləri də bu sualı verirdilər. Mən başa düşdüm ki, ABŞ-dan ehtiyat edirlər. Onlara başa salırdım ki, Rusiyadan sizə heç vaxt ziyan dəyməz, münasibət yaradın.
© 2020 - Created by İLK XEBER.