RƏHMƏTLİK SEÇİCİLƏR və ya AXİRƏTDƏ SEÇKİ - Felyeton

İntiqam Soltan
Allah arzusunda olanlara Əmoğlum Kərbəlayi Fətullah Xorasanda rəhmətə gedib, orada da, dədəm Hacı Həsənin yanında dəfn edilib...
Dədəm ayda ildə bir dəfə yuxuma gələ-gəlməyədi, amma əmoğlum sağ olsun tez-tez gəlir, səhərəcən dərdləşirik. Keçən gecələrin birində, lap dəqiq desəm, mötəbər seçkilərimizdən bircə həftə əqdəm gəlmişdi yuxuma...
Dedim ki, pəs əmoğlu yerin məlum seçkilərə hazırlaşırıq. Özü də qızğın. Bu dəfə söz veriblər ki, kim kimi istədi seçəcək... Nə az nə çox 1800-ə yaxın namizədimiz var...(Allah bərəkət versin)
Qayıdasan ki,- "əmoğlu, vallahi biz də"...
Əvvəlcə qarnımı tutub xeyli güldüm... Sonra soruşdum ki, o dünyada Milli Məclisin filialını təşkil eləmisiniz?
O da incik cavab verdi ki, küfr danışma əmoğlu. Biz xudavəndi aləmi seçirik...
Genə güldüm, dedim, - "Əmoğlu, məzən olsun sənin, ölsən də zarafatından qalmırsan... Elə şeymi olar?"
"Niyə olmur ə, kafir?" - dedi,- "Cəmi dünyasını dəyişənlər səs verəcək ki, hansı dinə-imana qulluq etmək istəyirlər. Axirətdə Allahımızı seçəcəyik..."
Elə bu heyndə qonşumuz Pirverdinin xoruzu banladı. Necə banladısa səsi məni yuxudan oyatdı. Dalınca da qapının döyülməsi rəhmətlik Kəbleyi ilə söhbətimizi yarımçıq qoydu...
Vallah-billah heç yataqdan qalxmaq fikrim yox idi, əgər ki, qapının taqqıltısı olmasa idi... Mübarək deputatlarımızı seçmək üçün kağız parçaları gətirmişdilər...
Amma gəlmiş kağızlara baxanda dilim tutuldu... Nə xəbərdi, gecə seçki, gündüz seçki...
Əlqərəz ki, səbrsizliklə gözlədiyim ikinci gecə əmoğlum Kərbəlayi Fətullah dünən gecə yarımçıq qaldığı yerdən davam edəndə özümü saxlaya bilmədim...
Dedim, - "ə, nə boş-boş danışırsan. Sənin də, rəhmətlik dədəm Hacı Həsənin də adınıza bu dünyadakı (yəni özümüzün) Milli Məclisə seçkilər üçün çağırış vərəqəsi gəlib... Dedi, ola bilməz. Həzrət Abbas haqqı özüm gördüm, - dedim. Sən də başlamısan seçki belə gəldi, seçki belə getdi..."
Əmoğlum Kərbəlayi Fətullah qayıtdı ki, əmoğlu, bu necə ola bilər? Axı biz ölmüşük. Başa düşürsən, qəbirdəyik, torpağın altındayıq...
Dedim, a kişi, sən bizə görə ölmüsən da, onlara görə dirisən...
Əmoğlum qayıtdı ki, bəs necə eləyəcəksiniz... İki dairədə adın getməsi yaxşı düşmür axı... Həm o dünyada, həm bu dünyada...
Dedim ki, bizdən narahat olma, əmicanın məşədi Tükəzban gedib ikinizin də yerinə səs verəcək... Birinci dəfədir bəyəm?!.
Sən Axirətin həllini tap...
Elə bu heyndə genə söhbətimiz yarımçıq qaldı. Yuxudan oyatdılar məni. Oyatdılar deyəndə, Məmmədhəsən əminin ölkədə məşhur olan, itkin düşmüş Eşşəyi tapılıb gəlmişdi (inciməyin, o eşşəyə hörmətim o qədər böyükdür ki, adını böyük hərflə yazdım). Səsindən tanıdım... Əbülfəzl Abbas haqqı onun səsindəki məlahət heç kəsdə yoxdu...
Amma neçə gündür Əmoğlum Kərbəlayi Fətullah yuxuma gəlmir. Deyəsən seçki söhbəti onu bu dünyadan yaman küsdürüb... Elə bircə dəfə tələsik gəldi, ikicə kəlmə sözünü dedi, getdi. Dedi ki, - "Əmoğlu, İskəndər, bir nəfər peyda olub, adı Nəsrullahdı. Ölüləri dirildir. Mən imtina elədim. İşdi mənim adımdan yazılı məktub-zad gətirərlər, inanmayın. Bir də özün gedərsən seçkiyə, o məntəqə sədrinə deyərsən ki, ayıb olsun ona. Heç olmasa burda rahat buraxsınlar bizi"...
Vəssalam, o gedən gedib...