İntiqam Soltan Dünya bərqərar olandan seçənlər də olub, seçilənlər də... Hər yerin və hər şeyin öz seçki tövrü, seçki adəti olur... Məsələtün, bizim ailədə dədəm anamı seçib, - özü üçün (Vay o günə ki, seçimdə yanılardı... Allah bilir o zaman mənim anam kim olardı)... Kəndimizdə sayılıb seçilən kişilərdən olduğuna görə onu (dədəmi) çox övrətlər seçmişdilər (gizli səsvermə ilə), genə özlərinə... Hamısı seçkidir dana... İncavara həmən o övrətlər ki, var, hansı ki, dədəmi seçmişdilər, onların çoxunun halalca ərləri var idi... Amma nədənsə könül quşları hamıdan xəlvət dədəmə qonubmuş... Necə qonubmuşsa hər axşam yazıq dədəm evə haldan, dildən düşmüş gəlirmiş... Anam deyirdi ki, - "bə nə, elə bilirsiniz kəndin kattası olmaq asandı? Dədəniz gərək hər evdə ocaq yandırsın. Hər evin qayğısına qalsın... Axı o kəndin hər bir üzvünün katdasıdı..." Əlqərəz ki, mən namuslu, ailəcanlı bir adam kimi dədəmi sizin müzakirənizə vermək fikrindən vaz keçirəm... Amma dediyim kimi seçki deyilən nəmənə ki, var, cürbəcür olur. Bu dünyada seçən və seçilən təkcə dədəm deyil ha... Məsələtün bu yaxınlarda ölkəmizin teatr xadimlərinə də seçkilər oldu. 100 faiz demokratik yolla. Nə nazirlikdən bircə dənə zəng oldu teatr müdürlərinə, nə də kiməsə şirinlik verildi... Tam aşkar demokratik seçki... Keçən əsrdən sonrakı (yəni yaşadığımız əsrdəki) ilk seçkidən qalan ən gözəl xadimlər qrupu vəzifələrindəcə qaldılar (çox şükür) Niyə, çünki ölkə teatrlarına onlardan yaxşı yanan olmayıb, ola da bilməz... Sonra yazıçıların birliyində də seçmələrimiz oldu, sakit, səssiz... Heç kəsin ruhunu incitmədən ... Odur ki, mən də onun üstündən sakit-səssiz keçirəm... Daha sonra Bələdiyyə bacı və qardaşlarımızı da rahat hulğum seçdik getdi... Düzdü, mən öz səs verməli olduğum dairəni və məntəqəni tanımasam da, amma çox şükürlər olsun ki, xatasız-balasız ötüşdü... İndi bələdiyyə bacı və qardaşlarımız hələ də qonaqlıq məclislərini davam etdirməklə demokratik yolla qazandıqları kürsünü yuyurlar... Həmən kürsülərin suyu qurumamış milli məclisimizin bir-iki məntəqəni çıxmaq şərti ilə seçkilərini yola verdik... Demoqrafik durumdan asılı olmadan demokratik yolla... Kim istədi seçkiyə getdi, istəməyən özü bilər, cəhənnəmə getsin... Kim istədi mobil telefona çəkdi, istəməyən çəkmədi. Demokratiya deyil?!? İnandırım ki, o dərəcədə azadlıq oldu ki, kim neçə yerdə, neçə dəfə istəsə səs verə bilərdi... Bunu ədəbsiz, özünü müxalif adlandıranların öz dilindən eşitdim... Onlar özləri etiraf etdilər bu azadlığı... Amma bircə bu bimərifət müxaliflər nə istəyirdilər, onu anlaya bilmirəm. Bəlkə Moltanı seçkisi istəyirdilər... Yeri gəlmişkən moltanılar və onların seçkiləri haqqında sizə danışım, eşidin, siz savadınızı mən də savabımı artıraq... A kişilər, el arasında biri digərini nadürqstlükdə günahlandıranda ona "moltanı" deyir... Elə düz də eləyirlər... Demək, o irəlilərdən eşitdim ki, Moltanı camaatı özlərinə seçki keçirirlər. Eynən bizdəki kimi saçını-saqqalını yumayan, təraş etməyən bir neçə Moltanı gədə-güdəsi seçki sonrası özünü atır ortaya ki, pəs biz demokratik seçki istəyirik... Gözünə döndüyüm Moltanı hökuməti də seçki keçirib əvvəl özünə lazım olmayan qoca, axsaq-maxsağın adlarını elan eləyir ki, pəs bu adamlar MM-ə, yəni Moltanı Məclisinə nümayəndə seçildilər. Amma seçkinin səhərisi həmən o dılğır MM-çilər, yəni Moltanı Müxalifətçiləri haray, həşir salırlar ki, seçkilər saxtalaşdırılıb... Sonra, Moltanıların gözünə döndüyüm böyüyü seçkiləri ləğv elətdirib təkrar seçkidə özünə lazım olan adamların adlarını qutudan (seçki qutusundan) çıxartdırır... Ondan sonra da deyir ki, "Di hı, ay Moltanı camaatı, indi nə sözünüz var?!" Camaat da deyir ki, - "Malades, day sənə sözümüz yoxdu!" İndi ay camaat, hər yerin bir cür seçmək qaydası olar... Deyir,-"Qız ağacı, qoz ağacı. Yüzü daşlayar, biri saçlayar" İndi seçki qutusu da onun kimi, yüzü səs atar, biri səs tutar. Di cəhənnəm olun gedin soğan-sarımsağınızı əkib alağını vaxtlı vaxtında eləyin ki, balalarınız acından qırılmasın... Sizin qutunun dibində nə itiniz azıb?!. Odur ki, bilmədiyiniz işə burnunuzu soxmayın... HAŞİYƏ: "Moltanı"-Azərbaycanlılar adətən dinsiz, imansız, yolunu azmış adamları bu cür adlandırırlar. Əslində Moltanı (Multanı) Pakistanda şəhərdir... Vaxtilə dünyanın ticarət mərkəzlərindən biri olub. Azərbaycanla multanılıları məhz ticarət əlaqələri bağlayıb.
© 2020 - Created by İLK XEBER.