İndi hər kəs biləcək: kim Bənu Əsəd, kim Bənu Sələb qəbiləsindəndir

“Bilmirəm, lülənin ucundan filmlərdə olduğu kimi bir alov çıxdı, ya yox? Çünki qorxunc qaranlığın hökm sürdüyü anlar bitəndə uzaqdakı keçilməz dağların ardından Günəşin təbiətə həyat verən o parlaq şüaları alaqaranlıqla qol-boyun olmuşdu. Yalnız öz işinin ustası olan peşəkar qatil bu güllələri belə dəqiqliklə hədəfə yönəldə bilərdi. ... Meyitim qurda-quşa yem olacaq, canavar ətimi didişdirib yeyəcək, sümüklərini isə növbəsini gözləyən çaqqallara buraxacaqdı...   - Gərək sən belə işlərə baş qoşmazdın, gözəl bala, - dedi qatil, - Bu işlər şahmat oynamağa bənzəməz. Haqlı idi, şahmat oynamağa bənzəmirdi. Sonra ayağını sifətimin sol tərəfinə qoyub möhkəmcə basdı, üzümün sağ tərəfi torpağa girdi... Daha üç güllə səsi eşitdim. Deyəsən, gülləni başıma sıxmışdı. Heç nə hiss etmədim”                                                                                                                                  Dərviş Şəntəkin Artıq ikinci aydır, növbədənkənar parlament seçkisi ictimai diqqətin tam mərkəzinə keçib. Hara baxırsan, namizədlərin şəkli, platforması, qucaqlanmış nənələr, uşaqlar... Gedib ən ucqar kəndin ən qoca nənəsini tapır, başına dolanır, qadasını alır, qılığına girib şəkil çəkdirirlər. Nənələrə olan həmlə o qədər intensiv və israrlı şəkil aldı ki, adamlar vahimə içində idi. Maraqlıdır ki, nənə ovuna çıxanların çoxu anfasdan və profildən bədheybətə oxşayırlar və sifətlərinə ezam etdikləri saxta təbəssümə baxmayaraq yetərincə qorxuncdurlar. Ona görə evdə asayişi təmin etmək məqsədilə radio və televizoru blok etmişəm, kompüterə isə antivirusa bənzər proqram təminatı yazdırmışam – namizəd peyda olmaq istəyəndə proqram arzuolunmaz vücudun başına çəkiclə zərbə vurur (bu zaman siçan ciyiltisi kimi səs çıxır) və ekranın aşağısında “təhlükə aradan qaldırıldı, indi rahat nəfəs ala bilərsiniz” sözləri yazılır. Amma heyhat! Bu seçki bir ümid vermişdi. İslahatların davamı olaraq növbədənkənar seçkilərin keçirilməsi, əvvəlki parlament seçkilərindən fərqli olaraq daha çox şəxsin seçkiyə qatılması intellektual səviyyəsi və mənəvi keyfiyyətləri qıcıq, zahiri görünüşü ikrah doğuran bir çoxlarının yeni, xalqı təmsil etməyə daha çox mənəvi haqqı olan ziyalılarla əvəz olunması ümidini yaratmışdı. Amma bu, baş vermədi, rahat nəfəs ala bilmədik. Bir dəstə bülleteni qutuya atarkən dovşan kimi baxan “ağsaqqal” dələduz, gənc müşahidəçi xanımı saçından tutub sürüyən çərhəya qadın, qutulardakı bülletenləri stolun üstünə aşırıb, sonra siyirtmədəki və stolun altındakı saxta bülletenləri onlara qatan ləyaqətsizlər, məntəqənin birini digər namizədlərdən gozlədən komissiya sədrləri, müşahidəçinin işverən adlandıran həyasız qadın bu seçkinin siması oldu. Heyrət doğuran məqam isə ondan ibarət idi ki, fevralın 14-də dünyanın mühüm hissəsində “I love You” (ay ləv yu – mən səni sevirəm) etirafları asimana bülənd olanda Azərbaycanda MSK sədrinin dilindən “I ləğv You” etirazı səsləndi. Bu etiraz, bəlkə də, həmin gün minlərlə saxta sevgi etirafından daha faydalı və ümidverici idi... Amma tezliklə bu ümidlər də reallığın sərt daşlarına dəyib çilik-çilik oldu. Cəmi 4 dairədə nəticələr ləğv edildi. Digər etiraz edilənlərin üzərinə onları susduran bir qumruq qalxdı. Bu seçki bir sınaq idi. Bu sınaqdan uğurla çıxa bilmədik. Seçki məntəqələrində baş verən qanunsuzluq və vəhşət halları ilə bağlı video görüntülərə baxıb düşünürsən: İlahi, doğrudanmı, mən bu həşəratlarla eyni ölkəni, eyni Vətəni bölüşürəm. Şəhidlərimiz bunlara görəmi canından keçib? Deyirlər, dünyada elə bir pis şey yoxdu ki, bir xeyirli tərəfi olmasın. Bu seçki də bir dərs oldu. Deyilənə görə, cahiliyyə ərəblərində bəzi qəbilələr heyvan adları ilə adlanırmış: Bənu Əsəd - Şir oğulları, Bənu Kəlb - İt oğulları, Bənu Sələb - Tülkü oğulları... Bunun totemizmlə bağlı olduğu iddiası da var. Amma bu adlar həmin qəbilə mənsublarının ümumi xarakteristikası da ola bilər. Yəni ayrı-ayrı fərdlər kimi, qəbilə, tayfa və xalqların, hətta sosial qrup və klanların da xarakteri var. Onların gerçək mahiyyəti ekstremal situasiyalarda, həm də xalq, millət üçün taleyüklü məsələlər həll olunanda ortaya çıxır. Aristotel yazırdı ki, cəmiyyət sosial instinktlərini təmin etmək üçün birləşən insan fərdlərinin birliyidir. Seçki də Allahın bir imtahanıdır, fərqli və eyni instinkt sahiblərini differensasiya edib hər kəsə göstərir. Əfsuslar olsun ki, bu imtahandan üzüağ çıxa bilmədik. Bu seçkinin bircə faydası oldu - hamımız gördük: Bənu - Əsəd  (Şir oğulları) kimdir, Bənu Kəlb (İt oğulları), Bənu Sələb (Tülkü oğulları) kim? Bu qədər sadə... P.S. Yuxarıda Dərviş Şəntəkindən verdiyim sitat təzəcə oxumağa başladığım kitabın ilk səhifəsindəndir. Seçki saxtakarlıqlarının cəmiyyətdə yaratdığı effekti bundan gözəl ifadə etmək olmazdı... Xeyirli bazar ertələri