Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı bəzi seçki dairələrindən edilmiş şikayətlərə baxacaq. İclasda bir sıra seçki dairələri üzrə qərarların açıqlanacağı gözlənilir. Həmin dairələrdən biri də 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasıdır. Bu dairədən lider namizəd isə Əminə Ağazadədir. Xatırladaq ki, MSK-nın ötən iclasında bu dairədən daxil olmuş müraciətlər baxılması üçün aidiyyəti üzrə Dairə Seçki Komissiyalarına geri göndərilmişdi. Qeyd edək ki, seçkinin nəticələrindən narazı qalmış bəzi namizədlər, hazırda MSK-nın önündə etiraz aksiyası keçirirlər. Etirazçılar arasında seçkilərin nəticələrindən narazı qalmış bəzi KİV nümayəndələri də var. Bir sıra dairələrdə seçkiləri yaxından izləmiş jurnalistlər qeyd edirlər ki, seçki prosesi zamanı qarşılaşdıqları saxtakarlıqları sosial mediada işıqlandırdıqlarına görə ciddi təzyiqlərə məruz qalıblar. Və hazırda da bu təzyiqlər davam etməkdədir. Jurnalist Könül Ayparanın bildirdiyinə görə, Kürdəmir rayon 57 saylı Dairə Seçki Komissiyasının bir neçə məntəqə seçki dairəsində baş verən özbaşınalıqları, seçki saxtakarlıqlarını, jurnalistlərin təhqir edilməsinı, bülletenlərin dəyişdirlməsini, “karusel” oyunlarını və s. işıqlandırdığına görə ona təzyiq olunub. Xüsusilə Kürdəmir Mədəniyyət Evində qarşılaşdıqlarını yazdığına görə, mədəniyyət evinin müdirinin təhdidləri ilə üzləşib. Bildirək ki, Kürdəmir rayonu 57 saylı Dairə Seçki Komissiyası ilə bağlı sosial mediada xeyli sayda video görüntülər yerləşdirilib. Görüntülərdən aydın olur ki, hətta rayonun təcili tibbi yardım maşınları da "karusel" oyunlarına alət olunub. Bu barədə artıq ciddi tədbir görülüb, Kürdəmir Rayon Təcili Tibbi Yardım (TTY) Stansiyasının baş həkimi Eynulla Novruzova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) şiddətli töhmət verilib. Kürdəmir rayonunda keçirilən seçkilər zamanı baş vermiş qanun pozuntuları ilə bağlı deputatlığa namizədlər tərəfindən mətbuat konfransı keçirilib. Konfransda, baş verən özbaşınalıqların araşdırılması üçün ölkə başçısına müraciət olunub. O cümlədən, baş verənlərin araşdırılması üçün toplanılan sənədlər, şikayətlər və saxtakarlığın nümayiş olunduğu görüntülər Kürdəmir rayonu 57 saylı Dairə Seçki Komissiyasına təqdim edilib. Jurnalistlər, həmçinin namizədlər ümid edirlər ki, Mərkəzi Seçki Komissiyası bu nəticələri yenidən nəzərdən keçirərək ədalətli qərar verəcək. İlkxeber.org
© 2020 - Created by İLK XEBER.