Mühacir işinə görə həbs edilmiş mərkəz rəhbəri bir azərbaycanlının ifadəsi əsasında saxlanıbmış; Şahbaz Xuduoğlu: “Hər şey yaxşıdır...”
“Leqat” Hüquq Mərkəzinin rəhbəri xalq şairi Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev azadlığa buraxılıb. “Yeni Müsavat”ın xəbərinə görə, bu barədə onun oğlu
Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.
Vəkillərin verdiyi məlumata görə, hər şey qanun çərçivəsində olub. Araşdırma başa çatıb və Ə.Əliyevin tələbi təmin edilib. T.Rüstəmxanlı onu da qeyd edib ki, hələ Ə.Əliyev saxlanılarkən bunun anlaşılmazlıq olduğunu bildirmiş və alman polisinin ədalətli araşdırma aparacağına, nəticədə onun azad olunacağına əminliyini demişdi.
Hazırda Almaniyada yaşayan Əlövsət Əliyev mühacir qalmaqalına görə alman polisi tərəfindən saxlanılmışdı. Onun qardaşı, “Qanun” nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu “Yeni Müsavat”a bildirdi ki, özü ilə danışıblar: “Hər şey yaxşıdır. Özü ətraflı açıqlama yayacaq. Onun iki vəkili var idi, işin tamamlanması ilə bağlı məlumatsızam”.
BBC News Azərbaycancaya danışan Əlövsət Əliyev deyib ki, nə üçün həbs edilməsi əvvəlcə ona açıqlanmayıb.
“Məni nə üçün saxladıqlarını əvvəlcə mənə demədilər. Daha sonra dedilər ki, mənim haqqımda olan şikayətlər əsasında telefonumu dinləyiblər. Telefonuma, Whatsapp-ıma həm Almaniyadan, həm də Azərbaycandan çoxlu sənədlər gəlib. Onlar da düşünüblər ki, ola bilsin qanunsuz sənədlər bu formada gəlir. Ancaq mən tərcümə firmasıyam, sənədlər tərcüməyə gəlir. Eyni zamanda bəzən də insanlar sənədlərini göndərir ki, məzmunun nədir, necədir? Sənəddə nə düzdür, nə səhvdir? Guya mənimlə vətəndaşların əlaqəsi çoxdur. Ancaq mən Almaniyaya gələndə artıq miqrasiya üzrə tanınmış mütəxəssis idim. Bunlar isə burada bunu bilmirlər”, - Əlövsət Əliyev deyib.
Onun sözlərinə görə, saxlanmağının əsası kimi Azərbaycan əsilli bir mühacirin ona qarşı yanlış ifadə verməsi olub. Əlövsət Əliyev bildirib ki, o şərti azadlığa buraxıldığı üçün hələlik bu məsələ ilə bağlı ətraflı məlumat verə bilməyəcək.
Almaniya polisinin ötən il noyabrın 13-də miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə saxladığı səkkiz azərbaycanlının arasında Əlövsət Əliyev də olub. Həmin vaxt Əlövsət Əliyevlə görüşən vəkil Erich Althammer müvəkkilinin heç bir Almaniya qanununu pozmadığını bildirmişdi. “Spiegel” qəzeti yazmışdı ki, polis Almaniyanın Cologne, Frankfurt, Wiesbaden və Dusseldorf şəhərlərində 13 obyektdə reyd keçirib və bir neçə azərbaycanlı saxlanıb.
BBC News Azərbaycancaya müsahibəsində Erich Althammer Əlövsət Əliyevə istinadən demişdi ki, o, ona verilən ittihamlarla “tam tanış ola bilməyib”. Althammer bildirib ki, o, Əlövsət Əliyevi daha əvvəldən tanıyır və onun Almaniya qanunlarını pozacaq əməllərinə rast gəlməyib. Əlövsət Əliyev Azərbaycanda miqrasiya sahəsindəki fəaliyyəti ilə tanınıb.
“Yeni Müsavat”