Ana (elə bir) Allahdır (ki)... Onun ayağına istənilən an piyada getmək olar!

Görkəmli pedaqoq, dəyanətli mübarizə ismi, ləyaqətli alim İbrahim Vəliyev
ZƏRURİ GİRİŞ:
Özüm üçün və Atamın xatirəsinə yazası olsam, təxminən 50 illik olayları seç-ayır edim gərək. Amma mən heç vaxt nə özüm, nə Atam, nə də ki yaxınlarım üçün yazmamışam, yazmıram, yazmayacam da. Bu yazı da 35 ildə həmişə yazdığım anlamdadı: OXUCUM üçün!
... Demirəm yoxdur, amma mən görmədim, tanımadım ikinci elə bir Oğul ki, 80 il yaşasın, son nəfəsinəcən Anasının sağlığında özü, vəfatından sonra isə adı gələndə sifəti hörmətdən, ehtizazdan, sevgidən, ucalığından ağappaq, dümağ ağarsın, rəngi qaçsın, gözü Anasının ağzına dikilsin, indi görəsən nə deyəcək mənə... Allahım!
Bəli, yaxşı oğullar gördüm, amma Anasına "Ana... Allahdır” deyib də bütün ruhu və vücuduyla səcdədə olanını görmədim – saysız-hesabsız "Ana” şeirlərinin müəlliflərini də tanıyıram şəxsən. Anasına heç vaxt heç bir halda nəinki etiraz, hətta irad bildirməyən, yanında danışmayan Oğula - Atama 1986-cı ilin yanvarında, birinci kursun qış tətilinə gələndə düşündüklərimi dedim:
- Məmməd, bax, o həyətdə səndən başqa, üç qardaşın var, üçü də səndən varlı, üçünün də uşağı səndən çox, sənin uşaqlarından zirək, imkanlı, üstəlik də səni o həyətdən çıxarıblar, niyə mənə şələ yükləyib göndərirsən ki, Anan üçün, onlar o həyətdə ola-ola... Mənə aylıq pulu bütün xərcləri yazıb verirsən, amma...
- Aydın, Ana üzü oyanadır, allah ömür versə, sənə də pay gətirərəm, uşaqlarına da. İndi az danış, apar...
Atam dediyi sözü tutdu: qızım BDU-nun tarix fakültəsində oxuyanda saatlarla Universitetin qabağında skameykada oturub gözlədi ki, Bənizər dərsdən çıxsın, onun üçün ayırdığı 100 manatı versin ona, baxmayaraq ki, özü səhər əməliyyata gedəcəkdi.
Nənəm klassik talış Anasıydı, həm də qaynana olaraq da. Talış qaynananın mahiyyətini qısaca belə deyə bilərəm: erməninin, farsın, almanın əsirliyində türk, rus qızı olmaq nədirsə, elə həmən həməndir – istisnalar var, əlbəttə! İllah da ki, oğul Məmməd kimi olanda: Yer üzündə anamı incidən yeganə adamlardı Atamla Nənəm, birinə heç nə deyə bilmədim – qarşımda Atam vardı, ikincisi ilə - Atamla şərt kəsəsi oldum: "öz arvadınla özün bilərsən, amma mənim anamı incitmə”. Ancaq... elə həmin o Nənəmin - Atamın Allahının, doğrudan da, Allah olduğuna inandım. Həm də ona inandım ki, mən Atamdan başqa ikinci bir oğul tanımadım ki, Analara bu qədər sayğılı olsun – hər kimin anasıdırsa da belə!
... Atamdan yazdığım bir neçə yazının içində xarakterini, davranışını ötəri də olsa vurğulamışam, ancaq bu məqamı bu gündən tez yaza bilmirdim!
Atam nəinki sərt, hətta həddindən artıq sərt olub bizimlə. Artıq 7-ci sinifdə oxuyanda – 1982-cü ildə o sərtliyin qabağında dözə bilmədim. Getdim Nənəmin yanına. "Ata tərəfə çox meylli olmamışıq” desəm də düzdü, "Ata tərəfimiz bizi istəmirdi” desəm də düzdü. Adımı qoyan Nənəm mənim əliboş gəldiyimi görəndə elə bil İlahidən hiss elədi ki, nəsə yerində deyil və səbəbini soruşdu!
- Məmməd məni söyür, döyür...
- Get evə, nə vaxt evdə olacaq?
- Sabah axşam növbədən gələcək.
Birisigün gözüm yoldaydı: odey ha, çinarboylu, "əşivo”-əjdaha Nənəm özünəməxsus yerişlə üfüqdən göründü!
Nə Atam, nə Anam onu gözləmirdilər – onsuz da bizə yüzildəbir gəlsə də, evimizin qabağından keçib qızlarıgilə gedəndə, əgər üzünü bizə tərəf döndərmirdisə ki, "salam” verək, nə cürətimiz vardı ki, onu gördüyümüzü Ona hiss etdirək! Çəpərin tininə - küçəmizin dönəcəyinə addım-addım yaxınlaşdıqca yalvarırdım ki, Nənə unutmamış olsun, həmişəki kimi, düz keçib bibilərgilə getməsin! Yer üzündə bu günə qədər heç nədən və heç kimdən - nə gəzdiyim-gördüyüm dağların-dərələrin, nə yediyim-içdiyim yeməklərin, nə sev(iş)diyim gözəllərin heç birindən o anda aldığım ləzzətdə ləzzət almamışam: Nənə unutmayıb, Nənə bizə gəlir!
Gülbacı xanım oturdu eyvanın başında – kimdə o cəsarət var ki, "necəsən” soruşsun. Ümumiyyətlə, bizdə yemək yediyini görmədiyim Nənəmin indi sakitcə oturub heç çaya da əl uzatmamağına, Atamın dodaqlarının səyridiyinə gözaltı tamaşa edə-edə mən də gözləyirdim! Və:
- Məmmədağa, Aydınla işin olmasın!
Nənə dedi və getdi! Məmməd məndən soruşmadı ki, Nənə hardan bilir. Soruşsaydı deyəcəkdim ki, demirsən, Ana Allahdı, Allah hər şeyi bilir! Soruşmadı. 1983-cü ilin yayından 2020-ci ilin 29 yanvarına qədər!
Üstəlik də... bəlkə də Yer kürəsində Atasının son nəfəsinə qədər ona maddi ziyan vuran yeganə övladam!
Etdiyim ağlasığmaz faciəli işlərin qarşılığında hansı Ata olsaydı, oğlunu şəxsən güllələyərdi, boğardı!
Etmədi! Güllələmədi! Boğmadı! İşi olmadı! Nəsə etdisə də, məni növbəti dəfə xilas üçün etdi 10 yaşımda "hamı bu dünyaya yaşamaq üçün gəlir, sən öl(dürül)mək üçün əlləşirsən... hər gün” deyən Atam.
Atama görə, Atamdan gördüyümə görə yazdım, yaza bildim, iddia elədim: "Atalar son nəfəsə qədər övladları üçün yaşamalıdı, çalışmalıdı, etməlidi!”
Azərbaycanda yalnız Heydər Əliyev ola bildi mən istədiyim Ata... Atamdan əvvəl! Hər bir Ata öz imkanları, gücü daxilində etməlidir – Heydər Əliyev öz ranqında, Məmməd Canıyev öz ranqında!
35 il gəzdiyim dünyada... yalnız bir nəfər danışanda eşitdim – Ordubad rayonunun Dəstə kəndindən Hacı Telman Anasıyla telefonda danışanda belə deyirdi:
- Bəli, Telli xanım!
O "bəli”ni də o qədər sevgiylə deməyiylə birgə hiss olunurdu ki, elə bil Stalinin qabağında Mərkəzi Komitənin katibi əmrə müntəzir dayanıb!
... Sonra Aqil Abbasdan oxudum: Rəşad Məcid Atasına "siz” deyə müraciət edir...
Nənəm Anamı daha incidə bilməyəndə, Atam Anamı incitməkdən yorulanda... Atam o bir neçə ilin əzabını kompensasiya etdi: özü də, evə gələn gəlinlər də, biz də, yaxın olan hamısı da Anamı XANIMGƏLİN çağırdıq. Arada soruşdum ki, Məmməd niyə?
- Mən və Anam Rəisəni çox incitdik. Qoy Anama ürəyində də olsa, kini qalmasın, qarğış eləməsin, hiss edərəm, öldürərəm! Uzunsaçlının ahı yerdə qalmaz!
Və mən 29 yanvar 2020-ci iləcən həsrət, tamarzı qaldım: Atam yeganə Atadır ki, heç vaxt öz oğlunun heç nəyini gözə soxmadı, "mənim oğlum, ...” deyib qürurlanmadı, fəxr etmədi, tərifləmədi! Heç vaxt – mən və qardaşım fənn olimpiadalarında uğur qazananda, mən və qardaşım universitetlərə qəbul olunanda, mən və qardaşım pulsuz-parasız öz gücümüzə oxuyanda, mən və qardaşım "Kommunist”də, "Xalq qəzeti”ndə, "Azərbaycan”da, "İdman”da, "Səhər”də işləyəndə, mən Milli Məclisdə, RF XİN-də, Moskvada baş redaktor olanda, akkreditasiya alanda, bölgə müxbiri işləyəndə, LDU-da elmi katib işinə götürüləndə, qardaşım respublika Hərbi Prokurorluğunda, Səbayel məhkəməsində çalışanda, nə bilim e, haralarda işləyəndə dilinə gətirmədi! Fəxr və qürur sərgiləyib övladları bunu bacarmayan ataları sıxıntıya salmadı! Elə həmişə bircə söz dedi: "Qələbə qazanmaq asandır, onu əldə saxlamaq çətin!”
Qonşu gəlinin uşağı olmamasına görə özünü "dədə”, anamı "dodo” əzizləməsindən məhrum etdi!
Heç vaxt əlinin yükü olan həsir zənbilinin üstünü açıq saxlamadı – içində nə olmasından asılı olmayaraq: "bəlkə evində yoxdu, bəlkə tamahı düşər, şişər!”
İşləmədi Heydər Əliyevin qurmağa başladığı Azərbaycanın rüşvətə bulaşdırılan vəzifəsində 1971-ci ildən, Sov.İKP-yə üzvlük zəmanətlərini evdəki sandığa atmaqla: cənubdakı yeddi rayonun çörək-bulka kombinatının kassir-buxqalteri işindən çıxıb getdi kanalizasiya təmizlədi, amma evinə haram gətirmədi! Bir gündə üç yerdən maaş aldı... növbəli işlərdə işləməklə - bu növbədən o bisinə, ikincisindən üçüncüsünə! Velosipedlə işə getdi revmatizmalı ayaqlarıyla, avtobusa 20 qəpik verməyə ürəyi gəlmədi. Təki evinə... o vaxtlar yalnız haramlıqla çoxlu qazanılması mümkün ola bilən pulu gətirməsin!
Bizim evdə kəndimizin heç bir adamının adı pisə çəkilmədi, heç bir pisin adı çəkilmədi!
Bizim evdə kəndin nümunə və əxlaqlı kişiləri və qadınları, oğulları və qızları misal gətirildi!
Bizim evə qız-gəlin qonaq gəldisə, həyətə düşməliydik: iki və daha artıq qadının söhbətini biz eşitməməliydik, kişi qadın söhbətinə qulaq asmaz!
Qonaq evə gəlibsə, evdə qonaq varsa, evin uşağı süfrəyə yaxınlaşmaz, qonaq(lar) yeyib-içər, çıxar gedər, qalarsa, yeyər. Qalmazsa, şirinçay və çörək! 35 ildə Bakıda üç, ya dörd, maksimum beş evdə qonaq olmuşam – ancaq və ancaq Atamı və Özümü görə bildiyim evlərdə olmuşam!
Bakıya oxumağa yola salanda cəmi iki şey istəmişdi 1985-ci ildə:
Atam istəyirdi ki, Onun adını üç yerdə mənə görə çəkməsinlər - polisdə, məhkəmədə, prokurorluqda!
Elə ən çox da adım oralarda çəkildi – üzümə vurmadı: bilirdi ki, mənlik deyil! Məndən asılı olanda, adını ən yüksək yerlərdə yazdırmışdım!
Atam istəyirdi ki, heç vaxt kəbinli qadınla, subay qızla dostluğum olmasın!
Həyatımdakı "dönəm xanımları”nın hamısını kəndə görüşünə gətirmişəm: oturub-durduğum qadınların hamısına mənimlə, mənim yanımda olduqlarına görə təşəkkür edib!
"Elə et ki, səndən inciməsinlər. İnciyiblər deyə gəlib çıxıblar yanına”...
Amma bunu... tələbə oğlunun hansısa qızı sevdiyini bilib, o qız üçün yemək bişirtdirib səhər tezdən isti-isti Lənkərandan Bakıya gətirib, o qızı tapıb, yeməyi ona yedirdib, dəftərinin arasına şax yüzlüyü qoyub, "kim Aydınla münasibətini soruşsa deyərsən ki, sevirəm, sevilirəm. Əmin ol, sənə özüm elçi gələcəm, kinoya da get Aydınla, teatra da, bulvara da, gəzməyə də” deyən Ata... illər sonra hərəsi neçə kişidən sonra gəlib oğluna çatmış xanımlar üçün deməyə məcbur və məhkum olmuşdu!
İçindəki insanlıqla, mərhəmətlə yanaşı, qəddar bir latayırlıq da vardı Atada: öz işinə səhlənkar yanaşana, yarımçıq görənə, laqeydlik edənə açıq deyirdi: "Sənin sevdiyin arvadı təzədən sevmək lazımdır!”
Heç kimin ağzından vurmazdı, kim nə desə qulaq asardı, çılğınlıq etmək istəyəndə deyərdi ki, Aydın, adamın sözünü ağzında "kəbinləmə”, imkan ver, danışsın!
Özümü göydən yerə, yerdən yerə çırpırdım ki, Məmməd, axı... o adamlar həqiqəti yarımçıq və üstəlik də səni infarkt eləmək üçün deyirlər.
- Getsinlər qonşu kişiyə desinlər? Sənin atan mənəm, mənə deyirlər. Elə et ki, deməsinlər...
İldə bir dəfə gəlib yoluxanda deyirdi ki, Aydın, yenə  deyirlər...
Hər fəslə uyğun deyirdim:
- Məmməd, xiyar təzə bitib, xiyar yeyirlər deyirlər;
- Məmməd, əzgil yetişib, qoy desinlər, əzgil yeyirlər;
- Məmməd, Ekvatordan banan gətiriblər, banan yeyirlər, deyirlər;
- Məmməd, alça təzə dəyib, alça yeyib deyirlər...
Axırda, növbəti illərin birində ağlıma gəldi:
- Məmməd, kim nə deyir desin, bircə cənab İlham Əliyev deməsin o Aydın var e, Canıyev, o içib neyləyib..., bax, onda sənin də ananı, mənim də anamı... ağlar qoyarlar!
2013-cü ilin elə bu günlərində prostat vəzindən əməliyyata gətirmişdim urologiyaya, oturub növbə gözləyəndə dərdləşirdik:
- Aydın bala, sən düz deyirsənmiş...
- Məmməd, mən həmişə düz demişəm...
- Mənim balam, İlham Əliyevlə bağlı dediyini deyirəm e...
Diksindim. Qanundan, hökümətdən, polisdən müticəsinə qorxan adam birdən-birə mənim İlham Əliyev haqqında dediyimi niyə bəyənsin ki? Soyuq tər bütün onurğa sümüyüm boyunca axdı:
- Hansı dediyimi, Məmməd...
- Kim nə deyir desin, İlham Əliyev deməsin...
Rəngi-rufum özümə gəldi ki, Atadı da, dözməz, qoşular mənə, bu da başlayar danışmağa, indi gəl də...
- O boyda şeyxin dediyinin, çəkdiyi xərcin üstündən xətt çəkdi, halaldı Ona, day Ondan yazmayasan, mənim balam. Səni buraxdı – dostlarından, qohumlarından, həmkarlarından, Atandan belə yaxın oldu sənə...
Xəstəxanadan götürüb gəldim "Ləvəngi”yə. Aqil Alışov xəbər tutub gəldi. Oturduq. Talışca soruşdu ki, bu da "onlar”dandı? Atam "onlar” deyəndə ayıq vaxtı əleyhinə yazdıqlarımı, içəndə söydüklərimi nəzərdə tuturdu və ona elə gəlirdi ki, mən bu dünyada ancaq tənqid, arada yeri gələndə təhqir yazıram. Arxayın elədim ki, yox, ayıq vaxtı əleyhinə yazmadıqlarım, içəndə söymədiklərim də var. Aqil o azlardandır. Gülüşdük və yola saldım rayona...
Yadıma məni əsgərliyə yola salanda dediyi düşdü:
- Aydın, rus ordusunda "... tvoyu mat” dəbdi, səni komandir söysə, narahat olma, çox təkrar eləsə, göndər gəlsin, mən burdayam, mənim arvadıma söz deyəcək kişinin başını üzüb göndərərəm anasına. Mən öz arvadımı qorumuşam, qoruyaram da, sən öz başını salamat gətir, oxu, məktəbi bitir!
Atam heç vaxt bilmədi ki, elə hamını... mən söydüm!
Amma indi... "Atam öləndən sonra kürəyim yelçəkər olub” (Şükür Səlimxanlı "Ölümün nimdaş sifəti və yaxud Bir dəqiqəlik sükut” kitabındandır fikir), gərək Anamı qoruyam, söydürməmək hələ bir yana dursun.
Atam sağ olanda, dünyada gedə bildiyim hər yerə arxayın gedirdim, edə biləcəyim bütün ağıllı və axmaq işləri ürəklə edirdim, Anamdan arxayın olurdum.
Atam həm də Anamı içində qoruyan qala idi!
Bir dəfə kefinin yaxşı vaxtında qardaşım haqqında soruşdum. Heç nə demədi. Aradan bir az keçəndən sonra başladı 40 illik dostundan danışmağa:
- Bir dəfə N.-yə dedim ki, M. niyə elə edir, camaat söyür axı? N. qayıtdı ki, Məmməd, mən atamı söydürmürəm, narahat da deyiləm, sən də pis olma, M. söydürür, getsin özü cavablarını versin!
Payımı götürdüm: qardaşım valideyni və qardaşı incidəcək heç bir iş görmürdü. O mən idim... Amma bir təsəllim var: mən yazılarımda yazdığım, yaratdığım Oğul obrazını yaşaya bilmədim, yaşadammadım Atama! Qardaşım... iki diplomunu sandığa atıb Oğul olan qardaşım axşam ayaqlarını yuyub, iynəsini vurub yatırtdı, səhər oyadıb yeməyini verdi! Hərçənd bütün mal-mülkünü dağıdan mən idim! Qardaşım hətta evin sonbeşiyi, iki qardaşdan balacası olsa da, həyəti tərk edib, özünə ayrıca ev tikdi! Nə məndən, nə Atamdan qəpik belə ummadan, almadan.
Allahı Anası olan Oğulun qardaşım kimi oğlu mütləq olmalıydı, mütləq! Oldu da!
MÜƏLLİMlə - "Yaranış”ın müəllifi Vahid Rzayevlə məhrəm söhbətlərin birində etiraf elədi: Fikrət müəllimə (qardaşı) danışdım anamı necə yola salıb, layiq olduğu yerə apardığımı. Mən Anamın yerini bilirəm!
Atam üçün klassik anlamda YAXŞI OĞUL olmadım. Azərbaycan üçün YAXŞI OĞUL olduğumu kimsə dana bilməz! Təəssüfüm bircə məqamadı: mənə dünya malına, vəzifəyə, pula, şöhrətə tüpürməyi öyrədən Atam son illər məndən həddən artıq nigaran idi: vəzifə, pul, şöhrət (onun anlamında) onun oğlunda niyə olmasın ki? Hərçənd tutulub çıxanda Ona demişdim: Məmməd, bax, rüşvət alsaydım, ev-maşın olsaydı, sənin nəzərindəki kimi, televizora çıxıb daqqa-daqqa danışsaydım, ya vəlvələdən, ya zəlzələdən, qəza törətməyə görəmi, rüşvət alandamı tutulsaydım, nə qədər pulla Şeyxin qabağına çıxıb İlham Əliyevə məni buraxdıra bilərdin? A kişi, bu ölkənin daxili işlər, xarici işlər, səhiyyə, iqtisadi inkişaf nazirləri, partiya sədrləri, qaziləri, deputatları, qəzetlərin baş redaktorları günəgün içəridə yatı(zdırılı)blar e!
Gülümsəmişdi, ancaq yenə də... günahı tv-lərdə gördüm: vaxtilə cümlə qura bilməyib redaksiyadan qovduqlarım, ilk yazılarını verdiklərim veriliş aparırdılar, ev alırdılar, şeytan Atamın qılığına girə bilirdi o anlarda, ancaq mən izahat verəndən sonra yenə qayıdırdı məcrasına!
Atam mənim haqqımda həqiqətlərin heç birini sonacan bilmədi – hərçənd 2002-ci ildə qardaşımın toyunda Əvəz Zeynallı məclisin gözü qabağında desə də ki, Aydın Canıyevi nəinki Azərbaycanda, heç evinin içində tanımırlar... Atamın bildiyi bircə şey vardı: mən savadlıyam, istedadlıyam, həm də çox zirəkəm! Bütün bunlarla yanaşı, mən yaşamaq üçün yox, öl(dürül)mək üçün əlləşirəm!
Bilmədi... amma bilirəm ki, mələklər ona çatdıracaq. Mən onun yerini bilirəm. Özüm yola saldım qardaşımla!
YAZIYA SÖZARDI:
Bineyi-qədimdən aqressiv yox, çılğın olmuşam, bir 20 il qabaqdan latayır çıxışlarım olub – qəzet səhifələrində. Rəhmətlik Zakir Sadatlı demişkən, intriqa publisistikasının banisi və dahisi mən olmuşam! Bu öz yerində. Amma keçən ilin sentyabrından bu bariz şəkildə və daha da kəskin formada sərgiləndi. Etiraf edirəm: Atamın köçəcəyi günü dəqiq bilirdim - cəmi üç gün fərq oldu! Epiqraf yerinə də İbrahim Vəliyevin fikrini ona görə çıxardım. Mən əmin idim, inanırdım Əbülfəz Elçibəy, İsa Qəmbər, Əli Kərimli və başqaları ölkəni Heydər Əliyev zülmündən qurtaracaqlar. Mən bilirdim Heydər Əliyevin Azərbaycanında xalq azad ola bilməz, xalq varlı ola bilməz – Moskvada "azərbaycanlılara maşın satılmır” yazdıran adamdan artıq nəsə gözləmək ağılsızlığı kimdə olsa da, məndə ola bilməzdi, hərçənd Allaha həmişə giley edirəm mənə az ağıl verməyinə görə. Mən əmin idim bu hakimiyyəti dəyişəcəyik və savadıma, peşəkarlığıma, istedadıma uyğun həyat quracam, Atama Atamın istədiyi yox e, Atalar üçün özümün layiq bildiyim Oğul obrazı olacam! Olmadı – sentyabrdan bu yana bəlkə 25 statusda 25 il bu hakimiyyətlə dava-dava oynayan Əli Kərimlinin əleyhinə nələrsə yazmışam. Az qala bağırmışam: yol tapsın, tapmalıydın! İsa Qəmbərə, Arif Hacılıya, Pənah Hüseynə münasibətdə reveransların kökündə də bu dururdu... sanki yalvarırdım o yazılarda ki, birləşin, dəyişin bu ölkəni!!!
Olmadı!
Mən Elçibəy hakimiyyətinin dadını, ləzzətini, ilahiliyini bilirdim, bütün çatışmazlıqları ilə birgə – Atam ilk dəfə mənə onda halallıq verdi: 35 illik stajla pensiyaya çıxardım!
Mən əmin idim... bu hakimiyyətin hər hansı bir məmurunun puluyla Atama bir tuman, bir kilo ət alsam, o bir kilo əti yeyib öləcəkdi, aldığım tumanı dəyişməyə belə macal tapmayacaqdı! Mən bu hakimiyyəti tərənnüm edən cəmi bircə yazımla Atamın bütün istəklərini yerinə yetirə bilərdim! Amma mən Atam üçün çoxlu şeylər eləmək istəyirdim... halallığı mənə dadızdırmış bir insan üçün! Əmin də idim ki, mən də, biz də, hamı Atalarımız üçün həmin o şeyləri milli-demokratik qüvvələrin hakimiyyəti zamanı edə bilərik! Mən təkcə öz Atam üçün istəmirdim: yazdım axı, Atam həsir zənbilinin ağzını da kağızla örtürdü! Etsəydim də, ona nuş olmazdı! Sinif yoldaşım əsgərlikdə rəhmətə getdiyi üçün məni 1988-ci ilin isti, cırhacır yay günündə az qala evdən qovurmuş kimi qovub, Bakının gecəqondularına sürgün edən kişiydi: "Onun valideyni səni görüb ürəyi qan ağlayar”.
- Axı başqalarını ki görürlər sinif yoldaşlarımızdan...
- Qoy səni görməsinlər, qoy ürəkləri səni görməmək qədərincə az qan ağlasın!
1988-ci ilin yayında çəkdiyim zülmü ömür boyu unutmayacam – iki-üç gün Sahib Alıyevin yanında, bir həftə İlham Məmmədlinin yanında, bir gün Ənvər Abdullayevin...
... Atam da mənimlə birgə inanırdı! Bax, o ümid öldü... keçən ilin sentyabrında. Mən Atamı daşıya bilmədim milli-demokratik qüvvələrin Azərbaycana bəxş edəcəyi o günə! Biz Atalarımızı daşıya bilmədik o günə!
Ona görə Atamı yola saldığım o hüznlü günlərdə statusda yazmışdım: ölkəni xilas edə bilmirsinizsə, küçə-küçə, ev-ev, kənd-kənd, rayon-rayon xilas edin, xalqı xilas edə bilmirsinizsə, adam-adam xilas edin!
Bu ölkə rayon-rayon, kənd-kənd, küçə-küçə, ev-ev ölür, bu xalq adam-adam ölür!
ELDƏki yaxşı oğul EVDƏ yaxşı sayılmırsa... adam-adam ölüb gedəcəyik. Atama həm də ona görə minnətdaram ki, bu mübarizə dönəmində məni demoktarik düşərgənin təmsilçisi kimi əziyyətdə görməyi rəva gördü, amma YAP yetkililərinin oğullarıyla bir sırada olub "yaxşı oğul” olmamağıma dözdü, bəzi imzaların atası kimi, dostlarla xəbər göndərmədi ki, ona deyin imza yerində adımı qoymasın! Hərçənd mənim üçün həmişə imkan vardı... Atamın təfəkküründəki "yaxşı oğul” olmaq şansı. Elə Ataya görə bu gün yanmayım deyə olmaq da olardı, amma onu söyərdilər.
... Mütəllibovun vaxtında Yardımlının icra başçısı olmuş rəhmətlik Fəzail Tağıyevə Heydər Əliyev demişdi ki, çıx Mütəllibovu söy, səni göndərirəm Yardımlıya icra başçısı. Fəzail Tağıyev demişdi:
- Heydər Əliyeviç, mən deyərəm e, Siz də məni icra başçısı göndərərsiniz, sizin üçün məni icra başçısı təyin etmək nədir ki, amma iş ondadı ki, mən evdə gedib uşaqlarımın üzünə necə baxaram?
Otaqdan çıxan kimi Fəzail Tağıyevin sümüyünü qırıb atdılar içəri!
Bu ölkədə kişiliyin və oğraşlığın öz əzabları var! Kişiliyi hakimiyyət söyür, oğraşlığı xalq! Bu qeyri-müəyyənlikdən çıxmaq lazımdı – nəinki ölkə, xalq, artıq Atalar əldən gedir! Torpaq işğalda, hər addımda namus-qeyrət tapdanır, əlimizdə-ovcumuzda qalan atalarımız, analarımızdır... sıra onlara çatır!
Və mən sevinirəm ki, Atamın son istəyinə əməl etdim: "mən öləndə yanımda və dəfnimdə ol!”
Heç bir istəyini yarıtmadığım Atamın vəsiyyətinə əməl edə bilməyim mənə mükafat oldu İlahidən! Bu istəyinə görə də "haqqımı sənə halal edirəm” demişdi! Halbuki, bütün punktlar üzrə cənnətlik olsam da, son nəfəsinəcən incitdiyim Atadan halallıq almadığıma görə, hər iki dünyada odlanasıydım!
Bu yazı da elə bunun üçün yazıldı:
Sizin yaxşı oğul və yaxşı ata olmaq imkanınız qalır... yetər ki, Ananız Allahınız olsun... elə bir Allah ki... istənilən an ayağına piyada gedə biləsiniz!
Atam kimi...
Mükafatınız qardaşım kimi qardaşınız olacaq! Amma biriniz ELİN YAXŞI OĞLU olun, biriniz də EVİN!
SON SÖZ ƏVƏZİ
"İlahi intihar” hekayəsində yazmışdım: Oğul ata-anasını o qədər incidir ki, ana "ölsəydin, canın qurtarardı, ona görə yox ki, səndən canımız qurtarardı, sən əzablardan qurtarardın!”
... Mən bu həyatı Atamdan və Anamdan tez tərk etmək istəyində olan oğul olmuşam. Çünki... Atam Anasından sonra deyib gülmədi! Anam Atası öləndən sonra qaradan başqa heç nə geyinmədi!
Mən özümə bələdəm axı – mən həm Atamdan, həm də Anamdan sonra NƏFSİMƏ nəinki deyib gülməyi, toyda oynamağı, lap gəmidə, təyyarədə, qatarda, restoranda yeyib-içib kef çəkməyi, hansısa qadınla sevişməyi QADAĞAN ETMƏK iradəsində deyiləm! Baxmayaraq ki, bu yer üzündə məndən yaxşı qardaş da yoxdu, yaxşı oğul da! Ata-Ana sevgisindən isə bir kimsə risk etməz özünü tay tutsun!
Fəqət... 80 yaşına adlamaqda olan Ata üçün 80 qəpiklik əl dəsmalı almayan oğulun cəmiyyətdə duyğu sömürüsü YAPması daha iyrənc.
Mən Atamı (Anamı da eləcə) necə sevdimsə, Azərbaycanı da elə sevdim...
Allah mənə yalnız MÖHTƏRƏMLƏRİ MÖHTƏŞƏM SEVMƏYƏ güc-bacarıq verdi, qorumağı rəva görmədi, mən də bacarmadım... istisnasız, heç bir sevdiyimi!
Əslində də, sağlığında – ötən ilin sentyabrından Atamın xəstəliyi məlum olanda həm Moskvada, həm Bakıda özünün sevə-sevə oxuduğu "Sudan gələn sürməli qız” mahnısını qoyub, saatlarla ağlayaraq dinləyib, yoxluğuyla razılaşdığım qəbri üstə göz yaşlarım ona görə axır ki... mən ən böyük cinayəti etmişdim: Atamın ümidlərini qırmışdım!
Əydilər, məni də əydilər, ATAM
Sənin də oğlundan kişi çıxmadı!
(Ağamalı Sadiq Əfəndi)
 
P.S. Atamın bilmədiklərindən biri də buydu: məni tanıyan jurnalistika, ədəbiyyat, siyasət dünyasının və həyatdakı saysız-hesabsız dəyərli və ləyaqətli, mərd, mübariz imza, qələm insanlarının, dostların başsağlıqları – sağlığında desəydin də inanmazdı! Odur ki, Bakıda cümə axşamlarından birinin keçirilməsini təklif edən, dəstək olmaq istəyən çoxsaylı dostlara "yox” deyib nəzərə çatdırıram: sağlığında dəstək üçün ağız açırdım ki, 1997-ci ildən heç bir rəsmi qurumundan maaş almadığım bu ölkədə Atamı yaşatmağa yardımçı olum. İndi Atam yoxdursa, hər hansı ehtiram sərgisi açmağım... mənim saxtakarlığım olar! Siz borcunuzdan çıxmısınız – zənginizlə, statuslar və statuslarda yazdığınız rəylərlə!
Borc mənimdir... bundan sonra elə yazmaq, elə yaşamaq ki... Atama rəhmət arzularınız əskik olmasın.
Hər cür dəstək üçün sağ olun, kürəyiniz yelçəkər olmasın! Amin!