Amerika Birləşmiş Ştatları dünyaya liderliyi yalnız hərbi gücü və möhtəşəm iqtisadiyyatı ilə deyil, həm də universitetləri ilə edir. Amerika təhsili birmənalı olaraq ən yaxşı təhsil sayılır. Keçən il Global Faculty qrant proqramının qalibi olub beş ay müddətində Duke Universitetində (bu yazıda xüsusi adlar ingilis dilindəki kimi verilir) elmi tədqiqat ezamiyyətində oldum. Duke Universiteti Amerikanın ən nüfuzlu universitetlərindən biridir. Təhsil reytinqinə görə dünyada iyirmi ən yaxşı universitet cərgəsində on yeddinci yerdədir. Elmi-tədqiqat potensialına görə isə səkkizinci yerdə dayanır. Hər il universitetdə elmi tədqiqatlara 899 milyon dollar xərclənir. Universitet North Carolina ştatının Durham şəhərində yerləşir. Bu kiçik şəhəri “şəhər-universitet” adlandırmaq olar. Əhalisinin yarısından çoxu məhz Duke universitetində çalışır. Təbiəti, təmiz havası, təbii meşə və parkları ilə hamımızın tanıdığımız Kislovodsk şəhərinə çox bənzəyir; quşların cəh-cəhi, dələlər, gül-çiçək və s. Duke universiteti “A university in the forest” (Meşə içərisində universitet) adlanır. Universitet özü North Carolinanın meşə zolağında yerləşir. Hərdən kampusa meşədən qonaqlar, ayı, tülkü və s. də gəlir. Bir çox Amerika Universitetləri kimi Duke Universiteti də ilk növbədə özünün qədim memarlıq üslubunda olan gözəl binaları ilə diqqəti cəlb edir. Universitetin iki yüz iyirmidən artıq binasının əksəriyyəti qotik və barokko üslubunda tikilmiş iki, üç mərtəbəli daş və ya kərpic binalardır. Binaların daxili dizaynı da xarici kimi olub yüksək zövq və fərdilik nümayiş etdirir. Ümumiyyətlə, dünyanın ən inkişaf etmiş ölkəsi həm də meşə zolağının qorunması, tikintidə və mebel tərtibatında plastik materiallara deyil, təbii kərpic və taxtaya üstünlük verməsi ilə seçilir. Auditoriyalardan, kitabxanalardan Bakıdakı kimi az qala insanı zəhərləyəcək kimyəvi maddələrin deyil, təmiz taxtanın iyi gəlir. Duke universitetində təhsil saralmış vərəqlərdən mühazirə oxunmasına deyil, diskussiya və fikir mübadiləsinə əsaslanır. Müəllim auditoriyada aparıcı rola malik olsa da, dərs boyu tələbələrin aktivliyi nəzərə çarpır. Bəzən müəllim qabaqcadan tələbələrə oxu materialı verir və dərs zamanı bu material ətrafında müəllimin rəhbərliyi ilə fikir mübadiləsi aparılır. Ümumiyyətlə, Amerikada müəllimlərin seçilməsi ancaq yüksək savad, auditoriyanı ələ almaq bacarığı və kifayət qədər elmi-tədqiqat işi ilə müəyyənləşir. Müəllimin ən böyük fəxri təsir faktoru (impact factor) yüksək olan, nüfuzlu agentliklərin sitat gətirmə (citation) indeksini qazanmış jurnallarda məqalə nəşr etdirməsi, nüfuzlu nəşriyyatlarda kitab çıxarmasıdır. Plagiat məsələsi sanki çözülmüş təsir bağışlayır. Nəinki müəllim, hətta tələbə belə plagiat edərsə, universitetdən xaric edilə bilər. Yadıma bizim Ali Attestasiya Komissiyasının siyahısında olan “nüfuzlu” jurnallarımızdakı oğurluqlar, internet saytlarından çəkilən məqalələr düşürdü. (Bu bir həqiqətdir, gəlişi gözəl sözlər deyil.) Sivil elm və təhsilə malik dünyadakı jurnalların Azərbaycandakı jurnallardan fərqi odur ki, orada redaksiya heyəti təqdim edilən yazıları oxuyur. Oxumuş adam isə, təbii ki, oxuduğu materialdakı plagiatı dərhal tapır. Amerikada “əşi, kim biləcək” məsələsi yoxdur. Çünki redaksiya heyətindəkilər məhz bilənlərdir. Amerikada professorların reytinq saytında hər bir tələbə anonim olaraq professorları qiymətləndirib öz mülahizəsini söyləyə bilər. Bu da auditoriyaya daxil olan müəllimdən böyük məsuliyyət tələb edir. Professorun işi yalnız dərs deməklə bitmir. Duke professorlarının hər biri ayda bir neçə dəfə tədbirlər keçirir, öz sahələri üzrə mütəxəssisləri bu tədbirlərə dəvət edir, beləliklə də tələbə əyani olaraq ixtisaslaşdığı sahənin ən mühüm istiqamət və hadisələri ilə tanış olur. Mənim Duke universitetində olduğum müddətdə Misir inqilabı dövründə Qahirənin küçə rəsmlərinə həsr olunmuş foto-sərgi, Türkiyədəki son hadisələrlə bağlı seminarlar, Müasir İslam incəsənəti sərgisi, Yaxın Şərqlə bağlı bir sıra konfranslar və s. tədbirlər keçirildi. Bir neçə dəfə yapon, koreya, ərəb dillərində kinolar göstərildi. Bütün bunların Şərq xalqlarının dil və mədəniyyəti sahəsində ixtisaslaşan tələbələr üçün nə qədər əhəmiyyətli olması məlumdur. Ümumiyyətlə, mənim çalışdığım Franklın mərkəzində hər həftə iki-üç tədbir keçirilməsi adi hal idi. Konfrans və seminarlar zamanı hər kəs azı 40 dəqiqə çıxış edirdi. Yəni bizim konfranslardakı kimi “xala xətrin qalmasın” deyə 10-15, ən yaxşı halda 20 dəqiqəlik çıxışları orada görmədim. Tədbirlərin bir cəhəti də iştirakçıların müxtəlif çeşidli yeməklərə, çay, qəhvə və s. qonaq edilməsidir. Buna görə də, Duke tələbəsi səhərdən axşamadək institutlarda, mərkəzlərdə olsa da, aclıq və s. səbəblərdən narahatlıq hiss etmir. Dəhlizlərdə, zallarda divanlar, kreslolar da var. Tələbə, istəsə, lap yata da bilər. Duke Universiteti həm də öz kitabxanaları ilə məşhurdur. Tələbənin demək olar ki, bütün günü kitabxanada keçir. Kitabxanalar ən son model Apple kompüterləri ilə təchiz olunub. Print, scan işləri pulsuzdur. Hər bir kitabxanada yeməkxana var. Kitabxanalardakı stol və oturacaqlar, kreslolar həddindən artıq rahat idi. Tələbələrin qrup halında hazırlaşması üçün kabinələr yaradılmışdı. Mən daha çox Perkinsk kitabxanasında və İlahiyyat institutunun kitabxanasında işləyirdim. Burada tələbələrin dincəlməsi üçün hətta yerdə döşəklər, mütəkkələr və s. də var idi. Yadıma tez-tez öz tələbələrim, Şərqşünaslıq fakültəsinin oxu zalı, narahat skamyalar düşürdü və öz tələbələrimə görə ürəyim ağrıyırdı. Müəllimlərin maaşlarına gəlincə, burada hər bir kəslə ayrıca müqavilə bağlanılır. İnsanların bir-birinin maaşı ilə maraqlanması yaxşı hal sayılmır. Amma professor maaşı ildə təxminən yüz qırx min dollardır. Azərbaycan professorunun maaşından təxminən 20 dəfə çox! Yaxşı ki, orda heç kəs mənim nə qədər maaş almağımı soruşmadı… Duke Universitetində azad rəqabət gördüm. Başqasının nüfuzlu bir jurnaldakı məqaləsi və ya yeni kitabı paxıllıq, dedi-qodu, çirkab atmaq, hətta açıq-aşkar hücumlarla nəticələnmir. Hər bir uğur yaxşı stimul yaradır, yəni insan başqasının sevincinə şərik olub özü də uğur qazanmağa can atır. Duke Universitetində olduğum müddətdə fakültə rəhbərliyindən, xüsusilə professor Leo Ching-dən, ərəb dili proqramının rəhbəri Mbaye Lo-dan, professor həmkarlarım miriam cooke, Abdul Səttar əl-Məmuri və başqalarından xoş münasibət və xeyirxahlıq gördüm. Amma bir səhvim də oldu. Birinci görüşümdə dekandan ərəb dilindən linqafon otaqlarının olub-olmamasını soruşdum. Mənə çox təəccüblə baxdı və səhvimi anladım. Neçə illərdir ki, BDU-nun Şərqşünaslıq fakültəsi ərəb qrupundakı tələbələr üçün bir linqafon otağı arzusu ilə yaşayır. Duke Universitetində bu, Nuh nəbidən qalma metod sayılır. Hər bir tələbənin noutbuku var. Olmayanlara isə universitet özü istifadə üçün noutbuklar verir. Bütün universitet ərazisində WiFi internet sistemi və noutbuklar olan yerdə linqafon kimə lazımdır? Yuxarı kurslarda dərslər demək olar ki, youtube-dakı ərəb materialları əsasında aparılır. Bir neçə kəlmə də öz fəaliyyətim barədə. Mənim proyektimin mövzusu “Klassik Azəri Türk şeirində gözlərin vəsfi ilə bağlı Quran simvolizmi” idi. Bu son vaxtlar üzərində işlədiyim “Klassik Azəri Türk şeirində Gözəlin üz cizgilərinin vəsfi ilə bağlı Quran simvolizmi” tədqiqatımın bir hissəsidir. Bununla bağlı “Saçın vəsfi” məqaləm 2013-cü ilin fevralında London Universitetinin çox nüfuzlu Journal of Quranic Studies adlanan jurnalında, “Qaşların vəsfi” məqaləm isə ABŞ-da İslamic İmages, Sacred Symbolism toplusunda (2013) nəşr olunub. Duke Universitetində yazdığım təxminən 60 səhifəlik “Gözlərin vəsfi” məqaləmdə ilk növbədə Azəri Türk ədəbiyyatının sərhədlərini müəyyənləşdirib Qərb şərqşünaslığında bu ədəbiyyata kifayət qədər tədqiqatlar həsr edilməməsindən, onun öyrənilməsinin əhəmiyyətindən, fars və türk ədəbiyyatlarının qovşağında yaranmış bu möhtəşəm irsin spesifik xüsusiyyətlərindən, ona xas şiə-batini, vəhdəti-vücud və hürufilik təlimlərindən bəhs edir, bu ədəbiyyatın ideya-bədii qaynaqları cərgəsində Qurani-Kərimin yerini araşdırıram. Ümumiyyətlə, Qərb şərqşünaslığında Qurani-Kərimin ədəbiyyata təsiri ilə bağlı tədqiqatlar çox az olduğundan, mənim yazılarım maraqla qarşılanır. Duke kitabxanalarında ərəb, ingilis və türk dillərində indiyədək mənə məlum olmayan bir çox kitablarla tanış oldum, onların bir hissəsinin surətini çıxarıb özümdə saxladım. Bu əsər Duke Universitetinin ictimai həyatında yaxından iştirakıma çox az vaxt qoysa da, bacardığım qədər dərslərdə və tədbirlərdə iştirak etdim. Yanvar ayının 24-də isə mənim öz tədbirim oldu. Franklin mərkəzində ərəb dilində yazdığım “İslam intibahının nəhəngləri” kitabımı və mərhum professorumuz Ələsgər Məmmədovun “Ərəb dili” kitabının latın əlifbası ilə yenicə nəşr olunmuş nüsxəsini ərəb dili dərnəyinə təqdim etdim. Sonra kitabımın əsas mövzusu olan böyük ərəb şairi əl-Mütənəbbinin həyatı və poeziyası barədə ərəb dilində bir saatlıq çıxış etdim. Çıxışım maraqla qarşılandı və Azərbaycan ərəbşünaslığının yaxşı tərəflərini açıb göstərdi. Bundan əlavə, xarici tələbələrin və müəllimlərin toplaşdığı mərkəzdə “Qədim ərəb ədəbiyyatında talenin model, portret və əlamətləri” mövzusunda ingilis dilində 40 dəqiqəlik çıxış etdim. Duke Universitetində olduğum müddətdə yüksək impakt faktorlu iki jurnaldan hələ Bakıda ikən göndərdiyim məqalələr barədə şad xəbər aldım. Bu məni çox sevindirdi. Belə bir ezamiyyətdən sonra istər-istəməz bəzi suallara cavab axtarırsan: Nə üçün bizim tələbələrdə dərsə maraq yoxdu? Nə üçün bizim tələbələrin bu qədər yaxşı şəraiti yoxdur? Nə üçün bizim müəllimlər dərslərinə can yandırmırlar? Nə üçün bizim professorlara dilənçi maaşı verilir? Nə üçün? Nə üçün? Nə üçün? Suallar çoxdur. Cavab birdir: Amerikaya inkişaf lazımdır, savadlı kadrlar lazımdır, dərrakəli insanlar lazımdır. Bunun üçün o, pul tökür, dünyanın hər yerindən ağıllı adamları öz ölkəsinə cəlb edir. Bəs bizə nə lazımdır? Bizə savadlı, ağıllı, dərrakəli gənclər lazımdırmı?…
525.az
© 2020 - Created by İLK XEBER.