Azərbaycan dilinə ilk dəfə nəşr olunmuş “Tövrat” kitabının təqdimatı keçirilib

Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbiri açan MEK-in direktoru Leyla İmanova 2020-ci ilin Kitab Bağışlama Gününün devizinin “Kitaba məhəbbəti paylaş” olduğunu bildirib. O, Kitab Bağışlama Günündə rəmzi olaraq kitab formatında, ilboyu isə müxtəlif formatlarda MEK-in ən dəyərli resurslardan biri olan informasiyanın düzgün toplanılmasını, sistemləşdirilməsini, kitabxana istifadəçilərinin sorğularına uyğun təqdim edilməsini, MEK-in müxtəlif formatlarda fondları barəsində məlumatların oxucuların ixtiyarına verilməsini söyləyib. Ötən il 11 mindən çox kitabın müxtəlif təşkilat və qurumlara bağışlandığını qeyd edib. Leyla İmanova, eyni zamanda, MEK-ə təqdim edilən və hədiyyə olunan resurslardan söz açıb. Qeyd edib ki, 2012-ci ildə başlayan ənənə müxtəlif formatlarda, sosial şəbəkələrdə, müxtəlif saytlarda, portallarda işıqlandırılır, ənənə get-gedə genişlənir, kitab hədiyyə etmək niyyəti uşaqlardan başlayaraq böyüklərə istiqamətlənir. Beynəlxalq Kitab Bağışlama Günü 2012-ci il fevralın 14-dən başlanaraq uşaq yazıçıları, bloqqerlər, məşhurlar tərəfindən geniş dəstəklənir və dünyanın bir çox ölkəsində qeyd olunur. Daha sonra kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Beynəlxalq Kitab Bağışlama Gününün tarixinə dair məlumat verib, MEK-in kitab bağışlama aksiyalarına aid qısa hesabatını təqdim edib. Tədbir çərçivəsində MEK-ə də kitablar hədiyyə olunub. Xüsusi təqdimatla AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov çıxış edib. Təqdimatçı ibridən Azərbaycan dilinə tərcümə etdiyi və nəfis formatda nəşr olunmuş “Tövrat”ı MEK-ə hədiyyə edib. O, indiyə qədər orijinal mətni ilə müqayisəli şəkildə tərcümənin mövcud olmadığını bildirib. T.Sadıqov gələcək planlarına dair vurğulayıb ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni müqayisəli mövzular və tədqiqat işlərini davam etdirəcək. “Tövrat”ı ilk dəfə orijinaldan Azərbaycan dilinə tərcümə edən Teymur Sadıqov bildirib ki, müqəddəs kitabın tərcüməsi ilə 2014-cü ildən başlayaraq 5 il məşğul olub. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi tərcüməçinin müxtəlif mənbələrdən istifadə etməsini asanlaşdırıb və problemlərin həllinə imkan yaradıb. Tədbirdə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və başqaları MEK-in təşkil etdiyi, Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunan tədbirin orijinal formatda keçirilməsini və “Tövrat”ın tərcümə layihəsini yüksək qiymətləndiriblər.