Bölgələrdə həssas qruplardan olan qadınların sosial müdafiəsinə dair seminarlar keçirilib

12-13 fevral 2024-cü il tarixlərində Tərtər və Ağdam bölgələrində yerli vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həssas vəziyyətdə olan qadınların sosial müdafiəsinə həsr olunmuş seminarlar keçirilib. ``Regionlarda sosial təminat hüquqlarına çatımlılığın yaxşılaşdırılması`` təşəbbüsü çərçivəsində keçirilmiş bu seminarlar gəlir azlığı, əlillik, xəstəlik, işsizlik və digər səbəblərdən həssas vəziyyətdə olan qadınların sosial təminat hüquqlarından səmərəli istifadəsini təşviq etmək və bu sahədə yerli maraqlı tərəflərin əməkdaşlığını gücləndirmək məqsədi daşıyıb.
Hər iki tədbirdə Azərbaycanda həyata keçirilən sosial müdafiə siyasəti və proqramlarının ümumi icmalı, sosial təminat hüquqlarının qanunvericilik əsasları, eləcə də bu hüquqlardan istifadə vəziyyəti ilə bağlı təqdimatlar dinlənilib. Həmçinin sosial müdafiə proqramlarının yoxsulluğun azaldılmasındakı rolu, bu proqramların icrası zamanı ayrı-seçkiliyə yol verilməməsi və şəffaflıq prinsiplərinin tətbiqinin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb.
50-yə yaxın yerli ictimai fəalın, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları və qadın təşəbbüs qruplarının nümayəndələrinin iştirak etdiyi görüşlərdə sosial dəstəyə ehtiyacı olan qadınların dövlət tərəfindən həyata keçirilən sosial müdafiə proqramlarından daha yaxşı faydalanması üçün imkanlar müzakirə edilib. Görüş iştirakçıları bu sahədə əsas ehiyaclardan biri kimi qadınların sosial təminat hüquqları və həyata keçirilən sosial dəstək proqramları haqqında məlumatlandırılmasının vacibliyi və bu sahədə vətəndaş cəmiyyəti təşkilatlarının görə biləcəyi işlər barədə fikir mübadiləsi aparıb. Bölgələrdə, xüsusilə kənd yerlərində yaşayan qadınlar üçün bu hüquqlara çatımlılığı daha da çətinləşdirən səbəblər arasında informasiyaya çıxışın məhdudluğu, sosial təcrid vəziyyətində olma, ödənişli hüquqi yardımdan istifadə imkanlarının olmaması kimi hallar qeyd edilib. Müzakirə gedişində göstərilən qruplardan olan qadınlara çıxışı təmin etmək, onların məlumatlandırılması üçün mümkün üsullar və əməkdaşlıq təşəbbüsləri razılaşdırılıb.
Görüşlərdə həmçinin ``Regionlarda sosial  təminat proqramlarına çatımlılığın yaxşılaşdırılması`` təşəbbüsü çərçivəsində həssas qruplardan olan qadınlar üçün göstərilən xidmətlər, o cümlədən sosial təminat hüquqları ilə bağlı məlumatlılığın artırılması, pulsuz hüquqi yardım xidməti və özünüməşğulluq təşəbbüslərinə dəstək imkanları haqqında məlumat verilib. Qeyd edək ki, bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə ``İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü`` İB və ``PI Consulting`` MMC tərəfindən birgə icra edilir.
Təşəbbüsün hədəf qrupu aztəminatlı ailələrdən olan qadınlar, çoxuşaqlı və ya övladlarını təkbaşına böyüdən analar, işsizlik, əlillik, xəstəlik, ailə başçısını itirmə və ya digər səbəblərdən həssas vəziyyətdə olan və sosial dəstəyə ehtiyacı olan qadınlardır. Bu təşəbbüs çərçivəsində Ağdam və Tərtər bölgələrində məlumat sessiyalarının təşkili, qeyd edilən ehtiyac qrupundan olan 100 qadına sosial təminat hüquqları sahəsində pulsuz hüquqi yardımın göstərilməsi, 30 qadının özünüməşğulluq proqramlarında iştirakı üçün təlim və mentorluq xidməti ilə təmin edilməsi, həmçinin 2 sosial biznes təşəbbüsünün dəstəklənməsi nəzərdə tutulur.