Ziyalılığı siyasətə daşıyan elm adamı: Professor İlham Rəhimovun doğum gününə təbrik əvəzi

Xanoğlan ƏHMƏDOV

Yanvarın 14-də Azərbaycanın tanınmış ziyalısı, hüquqşünas-alim, professor İlham Rəhimovun 73 yaşı tamam olur. İlham Rəhimov öz əməlləri ilə ucalan, sözü ilə əməli vəhdət təşkil edən, ədalətli, xeyirxah vətəndaş və insan olaraq hamıya qarşı səmimi olmağı bacaran bir şəxsiyyətdir. Onu yaxından tanımağımın maraqlı tarixçəsi var. 2000-ci ilin əvvəllərində “Ekspress” qəzetində işləyirdim. Bir gün redaktorumuz İlham Rəhimovdan müsahibə götürməyimi təklif etdi və əlaqə saxlamaq üçün iş telefonunu verdi. O zaman İlham müəllim “Lukoyl” şirkətində hüquq şöbəsinin müdiri vəzifəsində işləyirdi. Redaktorun tapşırığı ilə İlham müəllimə zəng edib, müsahibə üçün razılığını aldım və ondan ilk müsahibəni götürmək mənə qismət oldu...
İlham Rəhimov, hər şeydən əvvəl ziyalılığı siyasətə daşıyan elm adamıdır, azərbaycanlı siyasətçi və  Azərbaycan siyasətçisidir. O, vəzifəsindən, kimliyindən asılı  olmayaraq, hər kəslə insanlıq anlamında davranan ziyalı, nəcib  şəxsiyyətdir. O, gördüyü işlərin, məşğul olduğu sahələrin verdiyi imkanlardan yararlanaraq elmin, ziyalılığın və xeyirxahlığın vəhdət düsturunu zamanımıza gətirirməklə bərabər, həyatda kimsəyə güzəştə getmədiyi müqəddəs bir prinsipi var - bu, ədalət hissi, mənəvi saflıq, qabiliyyətin vicdanlı qiymətləndirilməsidir. Onun fikrincə, insan anadan olandan ədalətli yaranır. Sonra isə həyat, cəmiyyət, ətraf insanın daxilindəki ədalət hissini, prinsiplərini dəyişə bilər: “Amma prinsip etibarı ilə bütün insanlar ədalətlidir”.

Eyni zamanda, İlham Rəhimovun ən böyük önəm verdiyi işi, üstün tutduğu əməli elmi potensialı, istedadı və bacarığı olan mütəxəssislərin, alimlərin yetişdirilməsində çəkdiyi zəhmətdir. Üç elmlər doktoru, iyirmidən artıq elmlər namizədinin elmi həyata vəsiqə almasında zəhməti olan bir insan, əlbəttə, qibtə olunacaq əməlləriylə fəxr edə bilər.
Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın Prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov bütün mənalı ömrünü elmə və cəmiyyətə fayda verən işlərə sərf edib. A.Jdanov adına Leninqrad  Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirən Rəhimov "Azadlıqdan məhrumetmənin effektivliyi və onun artırılma yolları" mövzusunda dissertasiya müdafiə edərək hüquq elmləri doktoru adını alıb və keçmiş SSRİ-nin ən gənc hüquq elmləri doktoru kimi tanınıb. Bir müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunvericilik idarəsinin rəisi və Kollegiya üzvü olub. İşlədiyi illərdə bir çox normativ aktların və qanun layihələrinin hazırlanmasında yaxından iştirak edib. Onun redaktəsi ilə Sankt-Peterburqda "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi" kitabı nəşr olunub.
İlaham Rəhimov cinayət hüququnun fundamental problemləri, islah-əmək hüququ, qanunvericilik və məhkəmə fəaliyyətinə həsr olunmuş 100-dən artıq elmi məqalə və bir çox monoqrafiyanın müəllifidir. Son illər  davamlı olaraq “Cinayətkarlıq  və cəza” (2012), “Cinayət və cəzanın fəlsəfəsi” (2013) , “Cəzanın əxlaqiliyi haqqında” (2016), “Ölməz ölüm cəzası” (2018), “Din və cəza” (2020), “Dünya dinlərində cinayət və cəza” (2023)  adlı kitablarını yazıb. 2013-cü ildə ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin olunub. Bu sadaladıqlarımız İlham Rəhimovun avtobioqrafiyasından götürülmüş qısa seçmələrdir.
İlham Rəhimov haqqında ölkə və dünya mətbuatında kifayət qədər yazılıb və bu yazılarda səmimi təəssürat yetərincədir. Onun yazdığı elmi əsərlər respublikamızın, MDB məkanının hüdudlarından kənarda da məşhurdur. Bu fikrimi aşağıda bir nümunə ilə möhkəmləndirmək istəyirəm.
Bir neçə il öncə mətbuatda hüquq doktoru, professor Kamil Səlimov tərəfindən İlham Rəhimovun elmi əsərlərinin Avropa İttifaqının (Aİ) aparıcı hüquq mərkəzi tərəfindən yüksək qiymətləndirildiyi barədə yazı çap olunmuşdu. Kamil Səlimovun sözlərinə görə, professor İlham Rəhimovun son dövrlərə aid bir sıra əsərləri yalnız Azərbaycanda yox, eləcə də xaricdə əldə edilib və 1948-ci ildən, yəni qurulduğu gündən sıralarından ən azı 18 Nobel mükafatı laureatının çıxdığı Maks-Plank (Almaniya) adına Xarici və Beynəlxalq Cinayət Hüququ İnstitutunun vahid standartlaşdırılmış kataloquna daxil edilib. Qeyd edək ki, bu təşkilat təkcə Avropa İttifaqında deyil, bütün dünyada aparıcı elmi-tədqiqat mərkəzidir. Avropa İttifaqının cəza təyin edilməsi, cinayətin qarşısının alınması sahəsində dünyanın aparıcı araşdırma mərkəzləri ilə tədqiqatların əlaqələndirilməsi sahəsində cinayət siyasəti bu institutda həll edilir: “Həmyerlimiz, professor İlham Rəhimovun əsərləri institutun vahid standartlaşdırılmış kataloquna daxil edilib. Alman mütəxəssislər sözügedən tədqiqatları mütəmadi olaraq öyrənir. Yeni əsərlərlə tanış olduqdan sonra bu barədə öz əsərlərində müəyyən fikirlər yürüdürlər. Onların arasında filosof  Yurgen Habermas da var. Mən bu institutda olduğumdan öz həmvətənim professor Ilham Rəhimov haqqında Avropadakı məşhur alimlərdən olan E.Çiklauri-Lammiç, Hans-Jörg Albrext, Ulrix Ziber və başqalarından müsbət sözlər eşitdiyim üçün sevinmişəm".       
Yeri gəlmişkən, qeyd edim ki, İlham müəllimin elmi əsərlərində təkcə hüquq məsələləri yox, fəlsəfə, din, sosiologiya, psixologiya, hətta genetika məsələlərinə də toxunulub. Professor özü də bu qənaətdədr ki, cinayət və cəza təkcə hüquqla bağlı deyil. Dediyinə görə, bu günə kimi hüquq elmi cinayətin törəmə səbəbini tam açıqlaya bilməyib. O, elmi işlərilə məşğul olarkən aydınlaşırıb ki, cavab tapmaq istədiyi suallara təkcə hüquq elmi cavab verə bilməz: “Cinayət təkcə hüquqla yox, insanın obrazı, daxili dünyası, psixologiyası və fiziopsixologiyası ilə məşğul olan sahələrlə də bağlıdır. Hüquq formal doqmatikadır. Deməli, bunun cavabını ayrı bir yerdə axtarmaq lazımdır. Problemin dini, fəlsəfi tərəfini də araşdırmağım, kitablarımda bu mövzuya yer ayırmağım da bununla bağlıdır”.
İlham Rəhimov, eyni zamanda elmi fəaliyyətlə məşğul olmasının həyatının mənası sayır, özünü həmişə elm adamı kimi hiss etdiyini, elmi nailiyyətlərindən daha çox ləzzət alıdığını deyir: “Ailədə də bizə verilən tərbiyənin əsası təhsil idi. Bizə yalnız bir yol görünürdü – o da elm. Evdə bizə yalnız “oxuyun” deyilib. Uşaqlıqdan ən çox tarixi əsərlər və fəlsəfə ilə bağlı kitabları oxuyardım. Hər dəfə yeni kitabım çıxanda inanın ki, çox böyük zövq alıram. Elmi bütün məşğuliyyətlərdən cəlbedici sayıram. Bu gün əksəriyyət elmin ləzzətini bilmir, bunu dadmaq istəmir. Mən ona görə oxumuram ki, desinlər güclü alimdir, ona görə elmlə məşğul oluram ki, bundan özüm zövq alıram.
Elmlə maraq və sevgiylə məşğul olduğum zamanda həmişə Allaha bu sözlərlə müraciət edirəm: “Ay Allah! Elmdə gizlin qalan şeylər üzərində düşünmək üçün mənə bol vaxt bəxş elə və həqiqəti bilməyə yardım et”. Və mən Uca Allaha minnətdaram ki, O məni eşidir və kömək edir”.
İlham müəllimin düşüncəsinə görə, Qurani-Kərimə üz tutmağının bir səbəbi də hüquq sahəsində tətbiq olunan bir çox prinsiplərin Quranda öz ifadəsini tapmasıdır. Ona görə, Müqəddəs Kitabımızın ayələrinə bir hüquqşünas mövqeyindən yanaşır, hər dəfə də yeni-yeni fikirlər tapır: “Bu, hansısa roman oxumaq deyil. Ona görə ki, Quranı öyrənəndən sonra çox şeyə ayrı cür baxırsan. O cümlədən, bəzi hüquqi məsələlərə. İndi baxıb görürsən ki, biz çox şeyləri hələ o dövrdə əsası qoyulan hüquqi məsələlərdən götürmüşük”.
Dünyada elə bir adam tapılmaz ki, həyat onu imtahana çəkməsin. Bu mənada, həyat İlham müəllimi də çox imtahana, sınağa çəkib - rahat keçilməsi mümkün olmayan döngələri, eniş-yoxuşlarıyla.  Amma o, hər zaman qarşısına çıxan əngəlləri, maneələri aşmaqda özündə güc, qüvvət tapa bilib: “Mən çox dözümlü və səbrli insanam. Bir işi başladımsa, mütləq axıra çatdırmalıyam. Heç bir işi yarı yolda qoymuram. Mənə dostlarım, müəllimlərim və düşmənlərim yardımçı olub. Bəli, düşmənlərim də. Onlar məni möhkəmləndirib. İctimai fikri mənim haqqımda qərəzli və nifrətlə formalaşdırmaq istəyən insanlara yazığım gəlir. Bu dedi-qoduları yayan qüvvələrin təxminən kimliyi və məqsədi mənə bəllidir. Sadəcə, bu adamlara fikir vermək, reklam etmək istəmirəm. Haçansa reaksiya vermişdim, indi təəssüf edirəm. Xalq məni və onları tanıyır. Rusiyanın hər hansı bir yerində yaşayan azərbaycanlılara kömək lazım olubsa, bunu etmişəm və edəcəyəm. Bunu hamı bilir. Mən bütün imkanlarım çərçivəsində azərbaycanlılara arxa oluram, dövlətimizə xidmət edirəm”.
Onun əsil ziyalılara xas bir xüsusiyyəti də odur ki, siyasətçilərdən fərqli olaraq, "vasitə məqsədə bəraət qazandırır" kimi prinsipi məqbul saymır. Qarşısına nəcib məqsədlər qoyan İlham müəllimə bəzən daş, kəsək atanlar tapılsa da, o, həmin nəcib yollarla gedir. Nəcib məqsədə gedən yolun yarısında dayanmaq, nədəsə səhv etmək, sarsılmaq xarakterinə tamamilə yaddır. Ona görə, İlham müəllim ömrünün bütün anlarında nələri düzgün yolla əldə etmək mümkünsə, onu əldə etməyə çalışıb, nəyi özünə yaraşdırıbsa, o tərəfə baxıb, onu əldə etmək istəyib.
Sadə dost və xeyirxah insan olan İlham müəllim təkcə qohum-qardaşının, qonum-qonşusunun xeyir və şərinə yaramır. Sıxıntı və problemlər içində olan hər kəsə yardım etmək onun həyat kredosuna çevrilib. Xeyirxah insan kimi ondan razılıq edənlərin sayı-hesabı yoxdur. Özündən böyüklərə həssaslıqla yanaşan İlham müəllim şəhid alilələrinə, qazilərə, eləcə də uşaqlara qarşı da hədsiz dərəcədə ehtiyatlı və diqqətcildir. Hər il təxminən 500 min dollara yaxın vəsait yalnız xeyriyyə aksiyalarına yönəldilir. Xüsusən, şəhid ailələrinin himayəyə götürülməsinə, yaralı dğyüşçülərin və ağır xəstəlikdən əziyyət çəkən uşaqların xaricdə, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, İsrail və digər dövlətlərdə müalicəsinə yardım edir. Azərbaycanda və xaricdə təhsil alan 30-a yaxın tələbənin təhsil haqlarını biz ödəyir. Eyni zamanda, təkcə Rusiyada deyil, digər xarici ölkələrdə yaşayan soydaşlarımızın da işlə təmin edilməsində, himayə olunmasında, hüquqlarının müdafiəsində, müxtəlif problemlərinin həllində yaxından iştirak edir: “Atamın  xeyirxahlığını çox görmüşəm, elə də xatırlayıram. Bizi də elə tərbiyələndirib. Amma mən onun qədər xeyirxah ola bilmərəm. Birdə, xeyriyyəçilik işlərilə ona görə məşğul olmuram ki, bu barədə kiməsə danışım, özümü reklam edim, bu addımı atmaqla insanlar qarşısında öz mənəvi borcumu yerinə yetirmək məqsədi güdürəm. Həm də sağ əlin verdiyini sol əl bilməməlidir, axı”.
İlham müəllimin Tovuzda, anadan olduğu Cilovdarlı kəndində müasir tipli tibb məntəqəsi inşa etdirməsi dediklərimizin əyani sübutudur. Qeyd edək ki, həmin tibb müəssisəsini o, şəxsi vəsaiti hesabına mərhum həyat yoldaşı Kəmalə xanımın xatirəsinə tilkdirərək cilovdarlıların və ətraf kəndlərin sakinlərinə hədiyyə edib. Hazırda Cilovdarlıda tikdirdiyi müasir tpli 56 yerlik uşaq baxçasında son tamamlama işləri gedir və yaxın aylarda bağçanın təntənəli açılış mərasimi keçiriləcəkdir.
İlham müəllim vətəninə olan hədsiz sevgisini, məhəbbətini pafoslu çıxışlar, şüarlar səsləndirməklə deyil, əməlləri ilə sübut edir. Vaxtilə ona Rusiya vətəndaşlığını qəbul etmək və Kremldə yüksək vəzifə tutmaq barədə təkliflər ediləndə, bu təklif çoxlarına əlçatmaz görünsə də, o öz doğma ölkəsinin sıravi vətəndaşı olmağı daha üstün tutmuşdu.
Tam sadalamadığım bu üstün keyfiyyətləriylə İlham müəllim cəmiyyətdə hamının hörmət bəslədiyi şəxsiyyətə çevrilməyi bacarıb. Bu da, təbiidir. Çünki insan sadə, səmimi, xoşniyyət olanda istər-istəməz ətrafdakıların rəğbətini qazanır: “Heç kim deyə bilməz ki, indiyədək kiməsə “baş üstə” demişəm. Ədliyyə Nazirliyində -  akademiyada işləyən dövrdə keçmiş ədliyyə naziri var idi, rəhmətlik Nəriman Yusifov,  məni nazirliyə dəvət edib şöbə müdiri qoydu. Artıq bir neçə gün idi işləyirdim, nazirlə birbaşa telefon əlaqəsi vardı. Bir dəfə zəng gəldi, dedim bəli, Nəriman Yusifoviç. Sonra mənə bir neçə tapşırıq verdi, mən də dedim “baş üstə”. Dərhal dedi, dur, gəl bura. Getdim, mən gənc oğlan idim. Dedi, “bir müddətdir işləyirik, sənin işindən razıyam, xasiyyətin də xoşuma gəlir, amma bir də səndən “baş üstə” sözünü eşitsəm, daha səninlə işləməyəcəm. Təkcə mən yox, birinci katib də zəng etsə, ona da “baş üstə” desən, səninlə qurtardıq”. O zamandan “baş üstə” sözüylə qurtarmışam”.      
İlham müəllimin dostlarına olan münasibəti də, kimliyindən asılı olmayaraq, sabitdir, dəyişməzdir. Dostluğu həmişə siyasətdən üstün tutduğu üçün də, bu gün onun dostlarının arasında Elmlər Akademiyasında, Ədliyyə Nazirliyində, eləcə də başqa sahələrdə çalışan, yaxın münasibətdə olduğu dinsanlar çoxdur. Aralarında elələri olub ki, işsiz olduğu vaxtlarda İlham müəllimdən məsafə saxlayıblar, münasibətləri dəyişib, bir yerdə gəzməkdən belə qaçıblar. Ancaq elələri də olub ki, dəyişməyiblər, hətta çətin vaxtlarında onun yanında olublar. İlham müəllim dostlarının heç birini yaddan çıxarmayıb, bu çox mürəkkəb insani münasibətləri yüksəkdə tutub, zamana baxmayaraq, onu qorumağı bacarıb. Təqdirəlayiqdir ki, İlham müəllimin hüquq elminin inkişafındakı xidmətləri dövlət, xeyriyyəçiliklə bağlı təşəbbüsləri isə həmvətənləri tərəfindən layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adına və “Şərəf” ordeninə layiq görülməsi, eləcə də, xeyriyyəçilik fəaliyyətinə görə, “XXI əsrin Hacı Zenalabdin Tağıyevi” adlandırılması dediklərimizin əyani sübutudur.
Bəli, 14 yanvar İlham müəllimin anadan olduğu gündür. Hər gün, hər an özü ilə insan ömrünə dəyişikliklər gətirir. Bu dəyişikliklərin içində qalıb zahirən və daxilən dəyişməmək insandan güc, qüvvət və ağıl tələb edir, üstəlik  sabit əxlaq və mənəvi üstünlük sərgiləməklə. Bu mənada, ömrünün müdriklik mərhələsini yaşayan İlham müəllim üçün bütövlükdə yaşadığı illərin hamısı maraqlı olub, indi də belə davam edir.
İlham müəllimi bir daha təbrik edir və yazımı AMEA-nın aparıcı elmi işçisi Şahin Bağırovun onun haqqında yazdığı bir fikri ilə tamamlayıram: “... Həyatda milyarder də olmaq olar, Putinin, Baydenin, Ərdoğanın, Prezident İlham Əliyevin də dostu olmaq olar... amma sadə, ədalətli, məşğul oduğu sahənin nüfuzlu alimi, vətəninə ürəkdən bağlı olan layiqli vətəndaş olmaq çətindir! İlham Rəhimov kimi!!!”