Füzuli Fərəcov : Əsl insan, kosmik fəzanın fatehi yaxud vətəndən uzaqda,vətənə sevgisi ilə yaşayan bir insanın ömür yoluna düz baxış

Elşad Seyidzadə

Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.

Bu yazımızda biz də həmin insanlardan biri,-daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,nəcib şəxsiyyət, sadə və səmimi,geniş ürək sahibi,əsl azərbaycanlı,aviasiya texnologiyası üzrə ən dərin elmi,nəzəri və praktiki biliyə malik,aerokosmik sənayenin ən güclü mütəxəsislərindən biri,hələ sovetlər dönəmində bu sahənin inkişafı istiqamətində bir sıra uğurlu layihələrin həyata keçirilməsində müstəsna xidmətləri olan,ən bacarıqlı və peşəkar təyyarəqayırma mühəndisi,doğru,dürüst düşüncələrində dönməz, sağlam təfəkkür sahibi,Moskvada yaşayan həmyerlimiz, iş adamı, ”TexnoSvar TMZ “ ASC-nin baş direktoru Füzuli Fərəcov ,- doğurdan da hələ sovetlər dönəmi zamanı ittifaqda tanınan,sayılıb-seçilən,dövlətin etimadını qazanmış,əsl vətəndaş,sanballı kadrlardan,vətəndən uzaqlarda yaşasa da, yenə də Azərbaycanın milli dövlətçilik maraqlarına sadiq,ən təcrübəli və səriştəli iş adamlarından,həm də dəyərli ziyalılarımzdandır.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Füzuli müəllim də, sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin onun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.

Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Füzuli Fərəcov da,Rusiyada yaşayan və dəyərinin,həmçinin sanbalının çəkisi,çox ağır gələn nümunəvi alimlərimizdən, bacarıqlı və işgüzar insanlarımzdandır.

Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki, 1958-ci il avqustun 15-də gözəl Şirvan torpağının Ağsu rayonunda,- Ərəbuşağı kəndində çoxuşaqlı traktorçu Ataş kişinin ailəsində dünyaya göz açan Füzuli Fərəcov hələ yenyteməlik illərindən fizikaya maraq göstərdiyindən, onillik təhsilini başa çatdırmaq üçün Bakıya üz tutur və 1 saylı fizika-riyaziyyat təmayüllü internat-məktəbə daxil olur.

1saylı fizika –riyaziyyat təmayülünü müvəffəqiyyətlə başa vurduqdan sonra o, M. V. Lomonosov adına Moskva Dövlət Universitetində qəbul imtahanlarını uğurla versə də, ancaq rus dilini bilmədiyinə görə adıçəkilən ali məktəbin qapılarını onun üzünə bağlayırlar.
Rastalaşdığı bu acı mənzərə gənc və istredadlı Füzuli Fərəcovu əsla ruhdan salmır. Bakıya qayıdaraq peşə məktəbinə daxil olur və üzümçülük və şərabçılıq üzrə aqronom-texnoloq ixtisasına yiyələnir.

1976-cı ildə o zamankı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşəbbüsü ilə digər istedadlı azərbaycanlılar sırasında Füzuli Fərəcov da Moskvaya oxumağa göndərilir.Qəbul imtahanlarının hamısından uğurlu qiymətlər alan Füzuli müəllim, nəhayət Moskva Aviasiya İnstitutunun təyyarəqayırma fakültəsinin tələbəsi adını qazanmğa nail olur.
Beləki,qəbul imtahanlarında müsabiqə böyük olsa da, – yəni 3 yerə 65 namizəd tələbə adını qaznmaq üçün biliyini göstərsə də, Füzuli Fərəcov bütün mərhələni uğurla adlayaraq, gələcəkdə müasir qırıcı təyyarələrin layihələndirilməsinin və istehsalının sirlərini öyrənmək üçün şərəfli tələbə adına layiq görülür.

Füzuli Fərəcov Aviasiya İnstitutunu və paralel olaraq Moskva İdarəetmə İnstutunu da müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya qayıdır.
Ancaq respublikada öz ixtisası üzrə iş tapa bilmədiyindən 1982-ci ildə təzədən Moskvaya dönür və Tuşino Maşınqayırma Zavodunda (TMZ) sahə ustası kimi işə düzəlir.

Az keçmir bilik və bacarığı nəzərə alınmaqla Füzuli Fərəcov adıgedən müəssisədə əvvəlcə yığma sexi rəisinin müavini, sonra isə rəis təyin edilir.
Əmək fəaliyyəti dövründə demək olar,onun işi ciddi şəkildə məxfiləşdirilmiş,heç kimin,hətta ailə üzvlərinin də bundan xəbəri yox idi; adı və soyadı belə gizli saxlanılırdı, çünki "Buran" çoxistifadəli kosmik gəmisinin füzelyajının yığımı məhz Füzuli Fərəcovun sahəsində həyata keçirilirdi.
Bir müddət sonra Füzuli müəllim yığma-qaynaq sexinə keçirilir. Burada ona "Buran"ın hermokabinəsinin,– tam hermetikliyi təmin edərək,bütün idarəetmə sistemlərini qoruyan və aparatla insanın əlaqəsini yaradan kosmik gəminin əsas hissəsinin istehsalı etibar edilir.
"Buran"ın üzərinə şəxsən istiliyə davamlı plitələri F. Fərəcov quraşdırır. Bu təcrübə areokosmik texnologiyaları sahəsində ən yüksək keyfiyyətli iş kimi sovet dövləti tərəfindən qiymətləndirilir. İnadkarlığı və aviasiya texnologiyasını dərindən bilməsi Füzuli Fərəcova aerokosmik sənayenin bir çox mütəxəssisləri ilə birlikdə qısa müddət ərzində çoxistifadəli kosmik gəmi yaratmağa imkan verir və bu gəmi Amerikanın "Speys Şattl" layihəsindən heç də geri qalmır.

Əksinə,dünyanın bir çox aerokosmik sahələrini təklil edərkən, "Buran"ın "Şattl"dan üstün olduğu ortaya çıxır.Çünki "Buran" üzərində işləyərkən termomüdafiə plitələrindən tutmuş,plastmasa qədər 180 yeni material yaradılmışdı.
Beləliklə,1988-ci ildə "Buran" kosmik gəmisi real uçuş şəraitində uğurla sınaqdan çıxarılır. Bu kosmik gəminin Yer kürəsi ətrafında dövrə vurması və "Baykonur" kosmodromunda enməsi təxminən saat yarımdan çox vaxt aparır. Güclü raket daşıyıcısı "Energiya" ilə o məhz "Baykonur"dan start götürmüşdü. Həm də "Şattl"dan fərqli olaraq, "Buran" uçuşu pilotsuz, göyərtə avtomatikasının kompyuterinə quraşdırılan proqrama uyğun olaraq avtomatik rejimdə həyata keçirilmişdi.

Sınaq uçuşu zamanı "Buran" heç bir ciddi zədə almadan yerə enmişdi.Yalnız atmosferin qalın qatlarına daxil olduqda korpusun qoruyucu örtüyünü təşkil edən istiliyə davamlı on minlərlə plitənin cəmi bir neçəsi qopmuşdu.Plitələrin unikal texnologiyası ondan ibarət idi ki, onlar +1000 °C temperatura davam gətirirdi, eyni zamanda onlara hətta əllə toxunmaq olardı.
Bu texnologiya sayəsində "Buran"ın korpusu atmosferin sıx qatlarına girərkən yanmırdı. Pilotlu Kosmik Raketlərin Uçuşu üzrə Dövlət Komissiyasının sədri Kərim Kərimov, həmin ərəfələrdə Füzuli Fərəcovun sovet kosmonavtikasının inkişafına töhfəsini belə qiymətləndirmişdi: "Füzuli Fərəcov özünü XXI əsrin uçuş aparatlarının hazırlanması və istehsalına həsr edib. O, qarşısına məqsəd qoyub: təyyarələri təkcə atmosferdə yox, həm də kosmik məkanda uçmağa məcbur etmək".

Füzuli müəllim elmi və işgüzar fəaliyyəti ilə yanaşı həmçinin, əsl azərbaycanlı kimi vətəndən uzaqlarda olsa da, xalqımızın milli – mənəvi,özünəməxsus əxlaqi dəyərlərini, çox əsrlik ənənələrinin qorunması, təbliği, yaşaması üçün fəal ictimai işləri ilə də yadda qalandır.O,Moskva "Azərbaycan" Cəmiyyətinin idarə heyətinin üzvü,eləcə də Məhəmməd Əmin Rəsulzadə adına Məclisə rəhbərlik etməklə bir daha milli ruhunu, Azərbaycana bağlı olduğunu bu tip nümunəvi addımları ilə göstərməkdədir.

1992-ci ildə Tallinndə Azərbaycanlılar Assosiasiyasının birinci iclasında, 1998-ci ildə Vaşinqtonda Dünya Azərbaycanlılarının II konqresində fəal iştirakı və orada DAK-ın Rusiyadakı Azərbaycan diasporunu təmsil etməsi, 2004-cü ildə DAK-ın Kölndə, 2005-ci ildə isə Stokholmda keçirilən forumlarına qatılması onun nə qədər Azərbaycançılq ideologiyasına sadiq olduğunu büruzə edən faktorlardandır.

Füzuli Fərəcovun bu günə kimi göstərdiyi xidmətlər bir sıra təltiflərə layiq görülmüş, əməyi dəfələrlə qiymətləndirilmişdir.
2003-cü ildə Moskva Sahibkarlar Assosiasiyasının təşkil etdiyi "Yaxşıların yaxşısı" müsabiqəsi çərçivəsində "2003-cü ilin ən yaxşı sahibkarı" nominasiyasına layiq görülməsi;
2003-cü ildə Rusiya Federasiyasının Kosmonavtika Federasiyası tərəfindən "K. E. Tsiolkovski" fəxri medalı ilə təltif edilməsi;
2010-cu il iyunun 11-də İctimai Mükafatlar Milli Komissiyanın qərarı ilə İctimai Elmlər Akademiyasının həqiqi üzvü kimi Moskvada, Şöhrət meydanında "Buran" kosmik gəmisinin yaradılmasında göstərdiyi xidmətlərinə görə sağ ikən büstünün ucaldılamasının qərara alınması,- kimi faktlar, bir daha onun dəyərli insan olduğunu ehtiva edən amillərdəndir.

Bunu da demək yerinə düşəndir ki, dünyada sağ ikən büstünün ucaldılmasına yalnız bir neçə nəfər layiq görülüb
Doğurdan da, dəyərli həmyerlimiz,layiqli insan,əsl azərbaycanlı,- Füzuli Fərəcov,zamanın yerişdirdiyi,adı tarixə düşən əsl Şəxsiyyətlərdəndir!!!
Beləcə, illərdir bu səmimi və doğru-dürüst insan, dəyərli alim, dünya standartlarına layiq mütəxəsis, bütün həyatını areokosmik sahənin inkişafına,düzgün idarəçiliyin formalaşmasına həsr etmiş və bu gün həmin ruh və əzmkarlqla işgüzar fəaliiyətini ”TexnoSvarTMZ“ASC-nin baş direktoru kimi davam etdirməkdədir.

Tutduğu mövqe, çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan, başçılq etdiyi kompaniyanın artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.

Rəhbərlik etdiyi ”TexnoSvarTMZ“ ASC-nin devizi də məhz bu kriteriyalara köklənmiş və bu gün həmin dəyərlər uğur simvolu kimi davam etdirilməkdədir.

Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Füzuli müəllim də, bax belə insanlarımzdan, aerokosmik texnologiyalar üzrə sahədə bu günə kimi öz yeri, çəkisi və sözü olan sanballı insanlardan, dəyərli mütəxəsislərdən,əsl peşəkarlardandır.

Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu onun bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.

Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;dəyərli,işıqlı,ziyalı, kosmik aləmi fəth edən böyük azərbaycanlı!