“Milli Jurnalistika Kоnqresi” İctimai Birliyi İran mediasını təhlil edəcək

“Milli Jurnalistika Kоnqresi” İctimai Birliyi bu ilki layihəsində “Beynəlxalq Mediada Azərbaycan mövzusu: İran mediasının monitorinqi, sosial dialoqun qurulması və konfransın keçirilməsi” araşdırmalarını edəcək.
Açılış toplantısında layihənin rəhbəri, MJK-nın sədri, BDU-nun dosenti Zaur Babayev dedi ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur.
Layihəni jurnalistika mütəxəssisləri və İran mövzusu ilə bağlı ekspertlər reallaşdırır.
Layihənin məqsədi: Azərbaycanla İran arasında media üzərindən konfliktlərin nizamlanmasında dezinformasiya meyllərinin müəyyən edilməsi; Regionda yaranmış gərginlikdə İran mediasının mövqeyinin qiymətləndirilməsi; Azərbaycanın milli, sosial-mənəvi, iqtisadi, geo-siyasi maraqlarının qorunması üçün İran mediası ilə müsbət meylli əməkdaşlığın imkanlarının təhlil edilməsidir.
Layihə çərçivəsində öhdəmizə aldığımız vəzifə: Qarşılıqlı münasibətdə universal jurnalistika dəyərlərinin və paralel səmimiliyin müzakirə edilməsi üçün İİR-in və İran yönümlü medianın (TV, radio, qəzet, internet saytları) peşəkar monitorinqini etmək; İranın tanınmış jurnalistləri, politoloqları və ictimai fəalları ilə dialoq aparmaq; monitorinqin və dialoqların nəticələrinə uyğun olaraq problemlərin nədənliyini araşdırıb perspektiv təklifləri hesabat olaraq hazırlamaq; jurnalistika yükümlüləri ilə işküzar müzakirələr etmək; son hesabatı jurnalistlərə, ölkə ictimaiyyətinə, o cümlədən aid olan dövlət qurumlarına yaymaqdır.
Layihədən gözlənilən nəticələrə gəldikdə: İnformasiya savaşının zəiflədilməsinin, zərərsizləşdirilməsinin üsul və prinsipləri haqqında konseptual təkliflə informasiya savaşlarına qarşı qoruyucu tədbirlər hazırlanacaq; Azərbaycana mənfi təsəvvürlərlə köklənmiş İran KİV-ləri ilə əməkdaşlıq əlaqələri qurmağa, onları jurnalistikanın universal qaydalarına uyğun – doğru informasiyanın axtarılması, əldə edilməsi və yayımlanması tələblərinə əməl etməyə çağırmaq; Azərbaycan jurnalizminin İran mediası ilə davranma  metodlarını müəyyən etmək layihənin nəticəsi olacaq.