Şahlar Göytürk: "Biz dilimizə sevgi ilə yola çıxmışıq. Hədəfimiz nə saytlar, nə də media mənsublarıdır"

"Saytlarımız monitorinq aynasında" kitabı çapdan çıxıb

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Saytlarımız monitorinq aynasında" adlı yeni kitabı çapdan çıxıb.
Bu barədə saytımıza Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov (Göytürk) məlumat verib: “Birgə əməyimizin nəticəsi olan 456 səhifəlik "Saytlarımız monitorinq aynasında" kitabımız çapdan çıxıb.
Monitorinq Mərkəzi kiçik kollektivi ilə fədakarlıq edir. Həmkarlarımı təbrik edirəm. İnşallah, dekabrın 4-ü geniş tədbirimiz olacaq. Tədbirə tanınmış dilçi alimlər, ziyalılar, media nümayəndələri dəvət olunacaq.

Biz dilimizə sevgi ilə yola çıxmışıq. Məqsədimiz dilimizin saflığını qorumaq, Azərbaycan dövlət dilinin düzgün tətbiqinə nəzarət etmək, fədakar media nümayəndələri ilə əməkdaşlıq çərçivəsində mediada, reklam daşıyıcılarında və internet resurslarında yol verilən nöqsanları aradan qaldırmaqdır. Odur ki, media nümayəndələri, xüsusən sayt rəhbərləri monitorinqlər zamanı qeydə aldığımız minlərlə dil faktına ciddi yanaşmalı, səhvləri təkrarlamamalıdırlar.
Hədəfimiz nə saytlar, nə də media mənsublarıdır. Dilimizin inkişafında, düzgün tətbiqində peşəkar media nümayəndələrinin rolunu yüksək qiymətləndiririk. Bizim işimiz həm də dildə gedən prosesləri izləmək və əvvəlki nəticələrlə müqayisə etməklə irəliləyişə nail olmaqdır.
Monitorinq Mərkəzi olaraq hörmətli media nümayəndlərinin istənilən suallarına, hətta etirazlarına da təmkinlə cavab verməyə hazırıq. Onları tərbirlərimizə ona görə dəvət edirik ki, çatışmazlıqları birlikdə müzakirə edək, onlara dilimizin düzgün tətbiqi işində yardımçı olaq.
Çox təəssüf ki, gərgin əməyimizin nəticəsi olan xoşməramlı fəaliyyətimizə bəzən biganə və məsuliyyətsiz yanaşanlar da olur.
Bu sahədə maarifləndirmə işləri aparsaq da, bəzi media nümayəndələri "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununa riayət etmirlər.
Biz saytlarda yol verilən səhvlərə görə hələlik cərimə tətbiq etmirik, maarifləndirmə işi aparırıq.
Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilmiş Azərbaycan dilinin Orfoqrafiya Normalarına istinad olunmalıdır”.
Oeyd edək ki, "Saytlarımız monitorinq aynasında" kitabı mətbuat işçiləri, eləcə də Jurnalistika və Filologiya fakültələrində təhsil alan tələbələr, magistrlər üçün nəzərdə tutulub. Kitabdan, eyni zamanda tətbiqi dilçilik üzrə tədqiqatların aparılmasında mənbə kimi istifadə oluna bilər.