"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir keçirilib - FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə  “İnsan alverinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirib.

“İlkxəbər” xəbər verir ki,  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq təşkil olunan tədbirdə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant Xəyyam Nəcəfov, Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də müəllim və yeniyetmə gənclər iştirak ediblər.

Xəyyam Nəcəfov insan alveri ilə mübarizədə görülən işlər haqqında geniş çıxış edib. İnsan alverinin yaratdığı problemlər və bunun transmilli cinayət əməli olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə gördüyü işlər haqqında, insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.


Daha sonra layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxış edərək sözügedən layihənin əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib.

 Mərkəzin direktor müavini Fuad Əliyev bildirib ki, insan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə məlumatların gənclərə çatdırılması, xüsusilə  də yeniyetmə dövründə olan uşaqlar,  gənclər, tələbələrin məlumatlandırılması çox  əhəmiyyət daşıyır və birbaşa olaraq onlara bu barədə məlumatlar verilməsi çox vacibdir..

 Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən əhəmiyyətli layihəyə dəstək verildiyi üçün   Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə, “XXI Əsrin Qadınları” İctimai Birliyinə təşəkkür edilib.

Sonda tələbələrin sualları Xəyyam Nəcəfov tərəfindən cavablandırılıb.