Ukraynadan Gürcüstana çağırış: “Vəziyyət kritikdir”

Ukrayna Ali Radası Gürcüstan Prezidenti Salome Zurabişviliyə və Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə humanitar aktın həyata keçirilməsi və Gürcüstanın üçüncü prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin əfv olunmasının zəruriliyi ilə bağlı müraciət edib.
 
Ilkxeber.org xəbər verir ki, müraciətin qəbul edilməsinə 285 deputat səs verib.
 
Qətnamənin mətnində göstərilir ki, sənədin qəbul edilməsinə Saakaşvilinin səhhətinin kritik vəziyyəti, onun həyat və sağlamlığının qorunması zərurəti səbəb olub. Buna görə də parlament Gürcüstan prezidentini Ali Radanın insan haqları üzrə nümayəndəsi Dmitri Lubinetsin Saakaşvili ilə görüşməsinə icazə verməyə çağırıb.
 
Ali Rada həmçinin Zurabişvilidən Ukrayna vətəndaşı Mixail Saakaşvilinin ağır fiziki vəziyyətini nəzərə alaraq humanitar tədbir görməyi və əfv etməyi xahiş edib.
 
Bundan əlavə, parlament Aİ-yə üzv ölkələrin parlamentlərini Saakaşvilinin Gürcüstan hökuməti tərəfindən əfv edilməsinin zəruriliyi ilə bağlı müvafiq qərar və qətnamələr qəbul etməyə çağırıb.