Tehran Allahşükür Paşazadəni "sionistlərə qulluqda" ittiham etdi

Qafqaz Müsəlmanları İdarəsinin başçısı Allahşükür Paşazadə bir neçə gün bundan öncə İranla bağlı verdiyi müsahibədən sonra bu ölkənin mediası və SEPAH-a bağlı sosial media kanallarının hədəfinə çevrilib.

İran mediası onu səlahiyyətsiz, iradəsiz şəxs adlandırmaqla yanaşı, şeyxi "sionistlərə qulluqda" ittiham edib.

Sözügedən media orqanları bununla yanaşı Allahşükür Paşazadəni Azərbaycanda həbsdə olan dindarları müdafiə etmədiyi üçün tənqid ediblər.

Qaralama kampaniyasına Azərbaycanda axtarışda olan və İrana sığınan "Hüseyniyyun" qruplaşmasının sosial media kanalları da qoşulub.

Bir neçə gün bundan öncəyə kimi Qafqaz Müsəlmanları İdarəsinin sədrinə qarşı ehtiyatlı davranan adıçəkilən qruplaşmanın üzvləri indi şeyxin "Şeytana biyət etdiyini" yazır, onu casus adlandırırlar.

Xatırladaq ki, Allahşükür Paşazadə "Real TV"yə verdiyi son müsahibəsində İranın Azərbaycan Respublikasına qarşı mövqeyindən təəccübləndiyini deyib.

"Amma mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı", - deyə Şeyx müsahibəsində İran hökumətini nəzərdə tutaraq bildirib.