“AĞILLI ŞƏHƏR” VƏ “AĞILLI KƏND” KONSEPSİYASI ƏSASINDA QUBADLI RAYONUNUN BƏRBASI HAQQINDA

 Rəsul Mirhəşimli

 
 
Bir müddətdir sosial şəbəkələrdə Qubadlının bərpası ilə bağlı yayılan layihənin müzakirəsi gedir. Qeyd edim ki, həmin layihə Qubadlının 94 kəndini 24 kənd və 1 şəhər mərkəzində birləşməsini nəzərdə tutur. Əgər bu layihə rayonun bərpası üçün təsdiq olunsa, çox ciddi narazılıqlara səbəb olacaq. Elə bu layihənin müzakirəsində də çox ciddi narazılıqlar ortaya çıxıb.
Layihə bir neçə kəndin bir inzibati vahiddə birləşməsini nəzərdə tutur. Həmin layihəyə baxanda aydın olur ki, Qubadlının Ermənistanla bütün sərhəd kəndləri boş saxlanılır. Bu, çox qorxulu tendensiyadan xəbər verir. Oxuculara daha aydın olsun deyə, bəzi detalları açıqlayım.
Qubadlı rayonu ərazisində üç ən mühüm strateji yüksəkliyin yerləşdiyi kəndlər bir qədər rayona yaxın əraziyə köçürülür. Bunlardan biri Ermənistanla sərhəddə ən mühüm strateji yüksəkliyə sahib olan Səngər dağının ətəyində yerləşən Əyin, o biri isə Hərtiz yükəkliyinin ətəklərindəki Hərtiz kəndləridir. Ermənistanla sərhəd kəndlərini boş saxlamaq hansı məqsədi güdür, bunu anlamaq olduqca çətindir. Layihə müəllifləri əksinə, Ermənistanla sərhəd kəndlərinin bərpasına daha ciddi yanaşmalı idilər ki, bu ərazilərdə yaşayış məntəqələrinin salınması və daha geniş əraziləri əhatə etməsi ilk növbədə ermənilərə bir göz dağı olardı. Əyin kəndi hələ sovet dövründən rayonun əsas turizm məkanı sayılırdı. Bu kənddə yerləşən düşərgə məktəb yaşlı uşaqların yayda bir araya toplanmasını təmin edir, bununla da rayonun hər yerindən Əyinə əhalinin daha sıx toplaşmasına səbəb olurdu. Layihədə Əyin kəndi bu ərazidən aşağıda yerləşən Çardaqlı kəndinə köçürülür.
Bir qədər əvvəl erməni mətbuatında Qafan rayonunun Zeyvə kəndindən ermənilərin köçdüyü ilə bağlı informasiya yayılmışdı. Kəndi tərk edən ermənilər Gorus-Qafan magistral yoluna Azərbaycan Ordusunun nəzarətindən sonra bu kənddə yaşamağın təhlükəli olduğunu deyirdi. Zeyvə kəndindən daha yüksəkdə yerləşən Qubadlının Tarovlu kəndini köçürmək daha çox ermənilərin xeyirinə ola bilər. Gorus-Qafan magistral yolunun lap yaxınlığında yerləşən Yuxarı və Aşağı Cibikli kəndlərini bu ərazilərdən daha uzağa köçürmək isə mühüm strateji ərazini tərk etmək sayıla bilər.
Azərbaycan əhalisinin sevinclə qarşıladığı Şurnuxunun Qubadlının inzibati ərazisinə aid olan hissəsinin və ətrafdakı yüksəkliklərin Ordumuzun nəzarətinə keçməsi xəbəri bu layihəyə diqqət edəndə məyusluq yaradır. Layihə nəinki Şurnuxu kəndinin bizim inzibati əraziyə aid olunan hissəsinin bərpasını nəzərdə tutur, həmçinin bu kəndin lap yaxınlığında yerləşən Seytas kəndinin köçürülməsini ehtiva edir.
Sərhəddə boş saxlanılan kəndlər bunlarla məhdudlaşmır. Ermənistanla səhrəddə yerləşən Saldaş, Əliquluuşağı, Novlu, Göyyal, Göyərabas, Gürcülü, Davudlu kəndlərinin də bərpa edilməyəcəyini, bu kəndlərin sərhəddən aralıda yerləşən kəndlərlə birləşəcəyini göstərir. Bu layihə gerçəkləşəcəksə, bir çox ağrılı problemlərin yaranmasına səbəb olacaq. Həmin problemləri sadalamağa çalışım:
1.Bu cür məskunlaşma əhalinin öz yerlərinə qayıtmasına əngəl olacaq. Sosial şəbəkələrdə müzakirələr zamanı göründü ki, öz doğma yurdlarına qayıtmaq arzusunda olan insanlar dədə-baba yurdlarında yaşamaq istəyir. Belə görünür ki, bu cür anormal layihəni hazırlayanlar əhalinin rayona qayıdışına əngəl olmaq istəyir, bununla da “məcburi köçkünlər qayıtmaq arzusunda deyil” görüntüsü yaratmaqla, ölkədə ciddi narazılığa zəmin yaratmaq düşüncəsindədir.
2.Bir inzibati vahiddə birləşən kəndlərin əhalisinə pay torpaqlarının bölüşdürülməsi zamanı da çox ciddi narazılıqlar yaranacaq. Həmin vətəndaşlara layihə əsasında məskunlaşdıqları kəndin ərazisindən torpaq veriləcəksə, bu, əvvəlcədən orada yaşayan əhalinin narazılığına səbəb olacaq. Çünki bir kəndin torpaqlarının 7-8 kəndin sakinləri arasında bölmək daha az əraziyə malik olmaq deməkdir. Yox, əgər həmin pay bölgüsü əvvəl yaşadıqları ərazilərdən olacaqsa, o zaman da bu sakinlərin onlara düşən torpaqları əkib-becərmək üçün 15-20 km məsafə qət etmələri lazım olacaq. Bu da məhsuldarlığın azalması, kənd sakinlərinin az gəlir əldə etməsinə gətirib çıxaracaq.
3.Bu layihənin gerçəkləşməsi tarixi abidələrin, qədim məskənlərin boş saxlanılması deməkdir. Qeyd edim ki, boş saxlanılan Seytas kəndində Anabat alban kilsəsi, Novlu kəndində tarixi İmamzadə, Əliquluşağı kəndində orta əsrlərə aid Laləzar körpüsü, Göyərabas kəndində alban qəbirsatnlığı, eləcə tarixi təxminən e.ə 7-ci əsrə gedib çıxan məzarlıq, Gürcülü kəndində Günbəz və s. tarixi yerlər insanların yaşamadığı ərazilər kimi qalacaq.
Gorus rayonunun yaxınlığında Şurnuxu və Seytas kəndinin bərpası magistral yolun yaxınlığında daha böyük qəsəbənin salınması üçün əlverişidir. Belə ki, Şurnuxu kəndinin bərpası bu kəndin vaxtilə Gorus rayonunun inzibati ərazisində yaşamış azərbaycanlı əhalinin bu kəndə qayıdışına zəmin yarada bilər. Qeyd edim ki, həmin sakinlər vaxtilə yaşadıqları evlərinə köçürülə bilməsələr də kəndin yaxınlığındakı Kərimlər yerində salınacaq qəsəbədə məskunlaşa bilərlər. Bundan əlavə, həmin qəsəbəyə Gorusun azərbaycanlılar yaşayan Ağbulaq, Qurdqalaq, Şamsız, Şahverdilər kəndlərinin sakinlərinin də bu qəsədə məskunlaşdırılmasına yardımçı olar.
Bu layihə “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasından xeyli uzaq bir sənəddir. Bu layihə üzrə rayonun bərpası heç bir halda ağıla sığmır. Qubadlı işğaldan azad olunandan sonra bu rayona səfər edənlərin verdiyi məlumata görə, Qubadlının Yazı düzü və Gəyən düzü adlanan torpaq sahələrində bu ölkənin ərzaq sənayesinin böyük hissəsinə sahib olan şirkət əkin işləri aparır. Həmin əkin sahələrinin gerçək mənzərəsi gözləriniz önündə canlansın deyə, qeyd edim ki, Gəyən və Yazı düzləri Cəbrayıl rayonu ərazisində başlayıb, Gorusa qədər uzanan münbit torpaqlardır.
Qubadlının bərpasını əhalini məmnun edəcək və ideal səviyyədə gerçəkləşməsini istəyənlər bu bərpa ilə bağlı layihənin hazırlanmasına mütəxəssisləri və Qubadlını çox yaxşı tanıyan insanları cəlb etməlidirlər. Əks təqdirdə, bu layihə narazılıqdan başqa heç bir şey qazandırmayacaq.