Ermənistan parlamentinə “yol xəritəsi” təqdim edilib

Ermənistan parlamentinin İşıqlı Ermənistan fraksiyası ölkənin hazırkı durumdan çıxması üçün “yol xəritəsi”ni təqdim edib. Axar.az xəbər verir ki, erməni müxalifəti ölkəni vəziyyətdən çıxarmaq və kapitulyasiya aktını “daha uğurlu sənədə” çevirmək üçün 12 maddəlik təklif irəli sürüb. Birinci maddə - məğlubiyyətin səbəbkarı Nikol Paşinyanın istefası və parlamentdə yeni baş nazirin seçilməsi, keçid hökumətinin yaradılmasıdır. İkinci maddədə isə Ermənistan-Rusiya münasibətlərinin yüksək səviyyəyə qalxmasını təmin etmək üçün ciddi addımların atılması nəzərdə tutulur. Digər maddələrdə Bəyanatın “aydın olmayan”, o cümlədən bəzi məsələləri əhatə etməyən məqamlarına diqqətin artırılması, bu boşluqlardan Ermənistanın maraqları üçün istifadə edilməsi, sülh danışıqlarının Minsk Qrupu formatına qaytarılmasına nail olmaq və keçmiş Dağlıq Qarabağın “özünüidarə formasını” müəyyənləşdirmək və s. təklif edilir.