Yolun düşsə, bu dünyaya bir də gəl...

Ata, ayrılığın yaman ağırmış, Ağladım gözümü yaşlar apardı. Sənsiz talan olmuş xırman yeriyəm, Daşıdı dənimi quşlar apardı. (Z.Yaqub)

Məni göydən yerə endirənim Atam, məni yerdən göyə qaldıranım – müəllimim Atam, bir il birlikdə iş yoldaşı olduğum Atam, yol göstərənim, böyüyüm Atam… Bu gün səkkiz gün oldu sənsizlik. Bilmirəm sənsiz daha da böyüdüm, yaşlandımmı, yoxsa tamam uşaqlaşdımmı?

Ürəyim doludur, ancaq yaza bilmirəm, Sənə layiq ola bilməməkdən qorxuram.

На изображении может находиться: 3 человека, часть тела крупным планом

Elə bir ömür yaşamaq lazımdır ki, hər zaman yaddaşlarda, xatirələrdə sözün gözəl mənasında yaşaya biləsən. 53 il öz ömrünü maarif sahəsində, elm yolunda şam kimi əridən Atam, Sən dəbdəbəli, cah-calallı, maddi cəhətdən zəngin bir həyat yaşamasan da, mənəvi cəhətdən zəngin və həm də şərəfli bir ömür yaşadın. “Beşikdən qəbrə qədər oxumaq”ı mən səndə gördüm, canım Atam. Nə oxumaqdan bezdin, nə də işləməkdən, nə yorğunluqdan şikayət etdin, nə maddi sıxıntın olduğunda. Səbirli, təmkinli, əsl müəllim – pedaqoq, öyrənməkdən və öyrətməkdən usanmayan müəllimim – Atam.

Hər kəsin həyatı sanki lent üzərində yazılmış, çəkilmiş bir filmdir, lent qırılır, ömür bitir. Nələr olmur bu ömürdə. Hər kəs ən çox özü öz həyatının, öz filminin izləyicisidir. İzləyə-izləyə bir gün bitər bu həyat  filmi, həm də bir daha yenidən izləyicisi, ya da oyunçusu  ola bilməz insan bu həyatın. Hər kəsin görə bildiyi, bir də yalnız insanın özünün görə bildiyi kadrlar var bu filmdə. Atamın həyatı bu kadrlara şərəfli bir ömür yolu, şərəfli bir müəllim ömrü kimi həkk olundu.

Hər şey kino lenti kimi keçir adamın gözlərinin qarşısından: ilk müəllimimin atam olması, dörd il atamın şagirdi olmağım, sonralar bir il iş yoldaşı olmağımız… Ən çox xatırladığım isə: mən uşaq olanda məzuniyyətə gedərdi, qayıdanda sevincək olub qucağında oturardım.  Birinci sinfə gedəndə çanta ala bilməmişdi mənə, bir-iki həftə sonra mənə məktəbdə heç kimdə olmayan gözəl bir çanta almışdı... Saçlarım qıvrım olduğu üçün daramazdım , daramağa da icazə verməzdim . Ancaq məktəbə fotoqraf gələndə Atam saçımı darayıb səliqəyə salar, sonra şəklimi çəkdirərdi. Qəzetlərdə maraqlı məqalələr olanda mənə oxutdurardı, sürətli oxumağım bir tərəfdən xoşuna gəlsə də, digər tərəfdən narazılıq edərdi, "asta-asta oxu, tam anlayaq" deyərdi. Mən sürəti azaldar, az sonra yenidən özümdən xəbərsiz sürətlə oxumağa davam edərdim. Güldüyünü görəndə nəyə işarə etdiyini  anlardım. Bir qəzəbli baxışından narazılığını , təbəssümlü baxışından razılığını bilərdik... O qədər xatirələr var ki, bir ömürə bərabər… Daha təkbaşına xatırlayacağımız, atamsız danışacağımız xatirələr…

Qısa ömür yaşamadı Atam, amma çətin və ağrılı ömür yaşadı…

Uşaqlığından çox çətinliklər görmüş, atasız, anasız böyümüş ,aclıqlardan çıxmış, oxumaq, savadlanmaqla bu sınaqlardan üzüağ çıxan Atamın taleyinə, oğul toyu gözlədiyi zamanda, əksinə, oğul dağı yazıldı.  Bu dağ elə bir dağ ki, onu analar anlada bilər. Atalar anlada bilməz, ürəkdə çəkər bu dərdi, bu dərdlə də köçərlər bu dünyadan, mənim nur üzlü Atam kimi…

Ağrılar içində olmasına baxmayaraq, hər gün ölkəmizdəki vəziyyətlə maraqlanırdı. Qardaşım qəhrəman döyüşçülərimizin Şuşanı azad etmələrini xəbər verəndə sevindiyindən hönkürtü vurub ağlamış, “Bəs Xankəndi…?” sualını da vermiş… Nə yaxşı ki, heç olmasa, Şuşanın azadlığına sevinə bildin, canım Atam…

Səninçün elə darıxıram ki..."Nə olaydı, bir gün durub yuxudan, Görəydik ki, yalan olub ayrılıq..." Səhər gözünü açanda elə bilirsən bu ayrılıq yuxu imiş, yalan imiş , təəssüf ki, az sonra anlayırsan yuxu olmadığını. Axşamlar isə insanın dərd ortağıdır, fikirlərin qoşunla üstünə gələn saatıdır gecə saatları. Axşamlar daha çox və bütün olub - keçənlərlə  yada düşür, göz önündə canlanır hər şey… Kəndə gedəndə daha çox axşamlar oturardıq yastığının yanında, Onur əllərindən, üzündən öpərdi dönə -dönə, “canım babam” deyə -deyə… Bu gedişimizdə isə səni öpdüyümdən xəbərin olmadı, canım Atam. Sanki yatmışdın, amma bu yuxu əbədi idi, əbədiyyətə qovuşduran yuxu idi. Qəbul etmək çətindir. Telefonla danışanda daha  anamdan, qardaşımdan səni soruşa bilməyəcəm, " necədi, yemək yeyirmi, ağrıları çoxdumu, yenə narahat yatırmı?"  suallarını verə bilməyəcəm, amma bunları soruşmaqdan özümü güclə saxlayıram , ağzımı açıb soruşmaq istəyəndə bundan sonra  yalnız ruhən var  olduğunu, olacağını xatırlayıram, Ata. Həyatın yazılmamış, ancaq pozmağa gücümüzün yetmədiyi qanunları qəbul etməyə məcburuq... Əbədi  ayrılıqlar acıdır, insanı can evindən vurur ayrılıqlar, qəmli bir mahnıda deyildiyi kimi: Aman ayrılıq, aman ayrılıq, Məni can evimdən vuran ayrılıq...

Əvvəlini unutduğum bir şeirin var, bu bəndi məni ağrıdar, kövrəldərdi deyə, bircə bu bənd yadımda qalıb:

…Saməddinəm, çoxdu qəmim,

El – oba dostum, həmdəmim,

Axirətə üzür gəmim,

Toxunmasın daşa, ya Rəbb!

Öz diləyini misralara köçürən nur üzlüm – Atam, diləyin hasil olsun, əbədi dünyada əbədi məkanın cənnət, ruhun şad olsun.

P.S. On bir yaşlı Onurum  təsəlli verib mənə:

– Babamın dünyadan köçməsinə ağlamaq lazım deyil, çünki indi orada rahatdır babam.

– Niyə rahatdır ki?

– Çünki cənnətdədir.

Fikrini öyrənmək üçün bir sual da verirəm:

– Hardan bilirsən cənnətdə olduğunu?

– Çünki babam çox yaxşı insan idi, yaxşı insanları Allah cənnətinə aparar...

Pərvanə O-nurlu