BAO-dan 44 günlük müharibə bəyanatı: "İqtidar-xalq birliyini qoruyub saxlayaq"

Bütöv Azərbaycan Ocaqları (BAO) Azərbaycan Prezidenti İ. Əliyev, Ermənistan baş naziri N. Paşinyan və Rusiya prezidenti V. Putinin imzaladıqları sülh bəyannaməsi haqqında bəyanat qəbul edib. Həmin bəyanatı oxuculara təqdim edirik:
Bu ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən II Qarabağ savaşında Milli Ordumuzun döyüşçüləri əsl qəhrəmanlıq göstərərək 30 ilə yaxın erməni işğalı altında qalan dədə-baba torpaqlarımızı azad etmişlər. Qısa müddətdə Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhəri, yüzlərlə doğma kənd və yaşayış məntəqələri ordumuzun nəzarətinə keçmiş, həmin yerlərdə Azərbaycan bayrağı qaldırılmışdır. Xüsusilə Azərbaycan xalqının mədəniyyət tarixində özəl yeri olan Şuşa şəhərinin əlbəyaxa döyüşlər nəticəsində qəhrəmanlıqla alınması dünya ölkələrinin mətbuatında geniş işıqlandırılmış, bu zaman Azərbaycan əsgər və zabitlərinin göstərdikləri şücaətin dünya hərb tarixinə qızıl hərflərlə yazılacağı göstərilmişdir. Qəhrəman əsgərlərimiz Qarabağda yerləşdirilmiş terrorçu dəstələri və Ermənistan hərbi birləşmələrini az vaxtda darmadağın etmiş, on illərlə formalaşdırılan “məğlubedilməz erməni döyüşçüsü” obrazını yerlə yeksan etmiş və Ermənistan baş nazirinin Rusiyanın vasitəçiliyi ilə məğlubiyyət sazişini imzalamaqdan başqa çıxış yolu qalmamışdır.
Erməni terrorçuları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunmasında qardaş Türkiyə, Pakistan və İsrail hökuməti və xalqının sonadək Azərbaycanı dəstəkləməsi, Azərbaycan Prezidenti və xalqının yanında olmasını dəfələrlə bəyan etmələri heç zaman unudulmayacaq, dostluq və qardaşlıq tariximizdə yeni səhifələr kimi yadda qalacaqdır. Qonşu İran İslam Respublikasının rəhbərliyi sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, erməni terrorçularına açıq və gizli yollarla maddi və mənəvi yardım, hərbi-siyasi dəstək göstərdi. Hətta təhlükəsizlik bəhanəsiylə sərhədə qoşun yığdı, bir növ bizə əzələ nümayiş etdirdi, hətta ordumuzu dəstəkləyən, Azərbaycan bayrağı qaldıran soydaşlarımızı təqib elədi, həbs və sürgünlərə məruz qoydu. Bütün bu təqib və həbslərə baxmayaraq, Azərbaycanın güneyində yaşayan qardaş və bacılarımız şanlı ordumuza hər zaman mənəvi dəstək göstərdilər, daim sevincimizə şərik oldular, şəhidlərimizə bizimlə birlikdə göz yaşı tökdülər.
Bu möhtəşəm qələbənin əldə olunmasında ölkəmizdə bərqərar olmuş iqtidar-xalq birliyinin önəmini ayrıca qeyd etməliyik. Mənfur və amansız düşmənə qarşı ölüm-dirim savaşına qalxmış Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz öz Prezidenti – Ali Baş Komandan ətrafında yumruq kimi birləşdi, bütün dünyaya sarsılmaz birlik və qətiyyət nümunəsi göstərdi.
Bu milli azadlıq mücadiləsində vuruşmuş, şəhid və qazi olmuş bütün Azərbaycan oğulları hamımızın fəxri, qüruru və güvənc yerimizdir, onların hamısı, özəlliklə Şuşanı qanı-canı bahasına azad edən bütün döyüşçülər milli qəhrəmanlarımıztək heç vaxt unudulmayacaqdır. Biz onların xatirəsini həmişə uca tutmalı, qanlarının, arzu və ideallarının yerdə qalmaması üçün əlimizdən gələni etməliyik.
Çox təəssüf ki, 10 noyabr 2020-ci il tarixdə Rusiya prezidenti V. Putinin vasitəçiliyilə imzalanmış Sülh Bəyannaməsində qaranlıq və qeyri-müəyyən məqamlar olduğunu, cəbhədə qanla qazanılmış uğurlarımızın sənəddə tam əksini tapmadığını deməliyik. Fikrimizcə, Dağlıq Qarabağ erməniləri üçün nəzərdə tutulmuş Laçın dəhlizinin müqabilində on illərlə blokada şəraitində yaşayan Naçxıvan üçün də eyni ölçüdə humanitar dəhliz açılmalıydı. Bütün hərbi kampaniya dövründə hər zaman yanımızda olan, Azərbaycana hər cür maddi və mənəvi dəstək göstərən qardaş Türkiyə dövlətinin masada olmaması, Sülhməramlı Qüvvələrin tərkibinə salınmaması da bizi çox narahat edir və gələcəkdə imzalanacaq sülh sazişinə sonadək əməl ediləcəyinə haqlı şübhələr yaradır. Aldığımız bəzi məlumatlara görə, elə həmin gecə ərazilərimizə daxil olmuş Rusiya qoşunları guya təmas xəttində blok-postlar qurur, oradakı infrastrukturların bərpasıyla məşğul olur, Xankəndi və başqa yerlərə ermənilərin köçürülməsini təşkil edir, Rusiya sülməramlılarının rəhbəri R. Muradov terrorçubaşı, Azərbaycanda axtarışda olan A. Arutyunyanla rəsmi görüşlər keçirir və s. Kəlbəcəri məğlub olmuş xalq kimi boşaltlmaq əvəzinə yandıran, evləri söküb dağıdan, meşələrə od vuran ermənilərə yenidən 10 gün vaxt verilir, onlara hər cür humanitar şərait yaradılır. Rusiya prezidenti V. Putin Azərbaycan Prezidenti İ. Əliyevə zəng edərək işğaldan azad edilmiş ərazilərimizdəki dırnaqarası xristian abidələrinin qorunmasından danışır. Rusiya mətbuatında və bəzi dövlət adamlarının, eləcə də səfirimiz P. Bülbüloğlunun çıxışlarında sülhməramlı qüvvələrin tərkibində Türkiyənin olmayacağı, bu missiyanı Rusiyanın təkbaşına yerinə yetirəcəyi barəsində verilən məsajlar xalqımızı çox narahat edir və qəzəbləndirir.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, heç bir beynəlxalq qurumdan mandat almayan, Ermənistan ərazisində hərbi bazası olan və indiyədək bitərəf ölkə kimi tanınmayan Rusiyanın bölgədə təkbaşına sülh yaradacağına, sonadək neytral mövqe tutacağına və əsgərlərimizin qanı bahasına qazanılmış tarixi torpaqlarımızın vaxtında və qeyd-şərtsiz boşaldılacağına şübhəylə yanaşırıq, ona görə də Türkiyə silahlı qüvvələrinin sülhməramlıların tərkibinə qatılmasını qətiyyətlə tələb edirik. Rusiyanın razılaşmayacağı halda, Azərbaycanla Türkiyə arasında hərbi-siyasi müqavilə bağlanmasını, Dağlıq Qarabağ ərazisində və başqa bölgələrimizdə Türkiyə hərbi bazalarının yerləşdirilməsini məqsədəuyğun hesab edirik. Heç olmasa, BMT və ATƏT-i bu işdə fəal olmağa çağırır, bölgədə Rusiyanın monopoliyasına son qoyulmasını istəyirik. Biz, yalnız bir ölkənin, özü də bölgədə əsrlər boyu maraqlı tərəf kimi çıxış edən, Qafqazı həmişə öz imperialist maraqları dairəsində saxlamaq istəyən Rusiyanın Azərbaycan və erməni xalqları arasında davamlı sülh yaradacağına, mübahisəli məsələlərin ədalətli həllinə kömək edəcəyinə böyük şübhəylə yanaşırıq. Azərbaycan xalqını və dövlətini, bütün siyasi partiya və ictimai təşkilatları indiyədək olduğu kimi, bu həyati vacib məsələlərin həlli prosesində də birlik və bərabərlik nümayiş etdirməyə, möhtəşəm qələbəmizin rəhni olan iqtidar-xalq birliyini qoruyub saxlamağa çağırırıq.
Bütöv Azərbaycan Ocaqları.
Bakı, 17 noyabr 2020-ci il.
Нет описания фото.