Ədalət Partiyası Ali Məclisi partiyada baş verənlərlə bağlı bəyant verib
Ədalət Partiyası Siyasi Şurasının qərarına əsasən aprelin 19-da Ali Məclisin növbəti iclası keçirilmişdir. Partiyadan daxil olan məlumatlarda bildirilir ki, Ali Məclisin rəhbərliyində təmsil olunan bir neçə şəxsin əvvəlcədən planlaşdırılmış şəkildə Nizamnamə tələblərini pozaraq, şəxsi maraqları naminə Siyasi Şuranın qərarına etinasızlıq, partiya üzvlərinə isə hörmətsizlik göstərərək, iclasda iştirak etməmiş və bununla da Qurultayın çağırılması qərarını pozmağa çalışması təəssüf doğurur. Bununla bağlı Ədalət Partiyasının Ali Məclisi bəyant yayıb. Həmin bəyanatda deyilir:
“Ali Məclis üzvləri təəssüflə bildirirlər ki, partiyanın siyasi simasının zədələnməsinə, ideoloji platformasının, etik və əxlaqi dəyərlərinin əleyhinə çıxan bu şəxslər iclasın baş tutmaması üçün məqsədyönlü iş aparmış, sağlam mübarizə aparmaq yolunu seçməkdənsə, gecə ikən partiyanın mərkəzi qərargahının qapısının kilidini dəyişməklə iclasın baş tutmasına mane olmağa çalışmışlar. Təbii ki, onların bu qanunsuz əməlləri, Ali Məclisin iclasının keçirilməsinə mane ola bilmədi, əksinə, Məclis üzvlərinin 86 faizi (56 Rayon Təşkilatından 50 nəfər və qurultayda seçilmiş üzvlərdən 6 nəfər) iclasda iştirak edərək Ədalət Partiyasının IX Qurultayının 17 may 2025-ci il tarixində keçirilməsi barədə yekdilliklə qərar qəbul etmişdir.
Ali Məclis çoxminli partiya üzvlərinə qarşı bir neçə şəxsin sayğısız hərəkətlərini partiyadaxili siyasi münasibətlərə, həmkarlığa, ideoloji birliyə zidd addım sayır və bunun yolverilməz olduğunu bəyan edir. Partiya daxilində bütün davranışların partiya nizamnaməsi, qanunvericiliyə və milli-mənəvi, əxlaqi dəyərlərə uyğun qurulmasının alternativi olmadığını bildirir.
Ali Məclis partiyada təmsil olunan hər kəsi iddialarını Nizamnaməyə uyğun olaraq təmin etmək üçün lazımı prosedurlara əməl etməyə çağırır.
Ali Məclis bəyan edir ki, artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi seçilib və partiyanın bütün strukturlarının səlahiyyətləri ona verilib. Buna görə də Ali Məclis üzvləri rəhbərlikdə təmsil olunan və pozuculuqla məşğul olan bir neçə şəxsi, eləcə də Xəzər və Xətai rayon təşkilatlarının sədrlərini partiyadaxili həmrəyliyə çağırır, partiyanın qurultayında iştirak etməklə, öz təkliflərini və namizədlərini irəli sürmək hüququna malik olduqlarını bildirir.
Ali Məclis Ədalət Partiyasının yaradıcısı və ilk sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun siyasi irsinin, ideoloji baxışlarının davamçısı olaraq hər kəsi, o cümlədən, yalançı vədlərlə aldadılmaqda olan bir neçə partiya üzvünü səhv yoldan dönməyə, partiyanın inkişafına dəstək verməyə, qayda-qanunları, Nizamnamə tələblərini pozmaqdan çəkinməyə, partiyanın birliyini qorumağa və hər bir situasiyada ədalətli olmağa çağırır”.
© 2020 - Created by İLK XEBER.