SƏNƏTƏ FƏDA BİR ÖMÜR VƏ YA İLHAM SƏFƏRLİ DÜNYASINA SƏYAHƏT...

Dünyanın estetik potensialı onun harmoniyasında cəmlənmiş, istənilən gözəlliyin mənbəyi isə dünyanın universal harmoniyasındadır. Yalnız harmoniya insanda gözəllik duyğularını oyatmağa qadirdir. Gözəllik isə elə harmoniyanın əsas funksiyasıdır desək, məncə, yanılmarıq...
Bəs, gözəlliyi necə anlamaq gərək?
Onun haqda təsəvvürlər hələ qədim zamanlardan müzakirədədir. Antik filosofların təlimlərində bu, ənənəvi olaraq təbiətin öz xassəsi kimi qəbul olunurdu. Daha sonralar isə, gözəllik anlayışı ətraf dünyanın harmoniyası ilə ayrılmaz tutulurdu.
“Füsunkarlığın” estetik kateqoriyası da elə həmin qəbildəndir. O, “gözəllik” ifadəsinin yüksək zirvəsini anladır. Bununla yanaşı, estetik qavrayış  özünəməxsus “süzgəc” rolunu oynayaraq, insanın gözəllik, füsunkarlıq haqda təsəvvürlərini cilalamağa qadirdir.
 N.Q.Çernışevski yazırdı ki; “o, əşya füsunkardır ki, özündə “həyat”ı biruzə verir və ya bizə həyatı xatırladır...” Füsunkarlığın dərkinə aparan yol isə - bu, ümumbəşəri estetik zövqün inkişafı deməkdir. Gözəl əşyalar yaratmaq bacarığı istedadlı, yaradıcı kamil insanların, əsl bədii zövqə malik insanların xoşbəxt imkanları hesabına mümkündür. Yaradıcı istedadın hamıya məxsus olmadığı təqdirdə isə, istehlakçı “istedadın” (yəni, kamil zövq)  tərbiyə olunması və aşılanması vacib sayılır.
 Füsunkarlıq - insanda nəcib hissləri oyadır, onun mənəvi aləmini zənginləşdirir və bu o zaman baş verir ki, insan gözəl əşyaların əhatəsində çalışır və istirahət edir.
 Yaradıcı təxəyyül – insan övladına verilmiş ən kamil keyfiyyət, fərqləndirici bir amildir. Harmoniklik isə, həddən ziyadə nadir keyfiyyətdir ki, tədricən qurulmaq imkanına malikdir. Harmoniyanı - zamanı və insanı duyma  antoqonizmində deyil, yalnız qarşılıqlı anlaşma şəraitində əldə etmək mümkündür.
Rəssamın yaradıcı fəaliyyəti çoxşaxəlidir; o, öz təcrübəsində, təsviri yaradıcılıq, dizayn, illüstrasiyalar və qrafik ifa mədəniyyəti ilə bağlı bir çox məsələləri həll etmək məcburiyyətindədir. Rəssamlığın əsas təyinatı isə, seyriciyə dolğun, emosional və informativ (məzmun) təsiridir.
        Qrafik ifa mədəniyyətində əsas tələblər aşağıdakılardır; ideyanın orijinal həlli, optimal rakurs seçimi, ifadə lakonikliyi, obrazın qavranılma dəqiqliyi, kompozisiyanın ifadəliliyi.   Emosional effekt yaradan bu keyfiyyətlər, tamaşaçını ilk növbədə passiv seyretməyə deyil, təsəvvürü oyadan canlı marağa sürükləməlidir!
        Yaradıcı fəaliyyətin spesifikası,  mütəxəssisdən daha “dərin” hazırlıqlar, həcmi – fəza düşüncə tərzinin inkişafını tələb edir. Bütün ifadə vasitələri, tamaşaçı tərəfindən əsərin  konsepsiyasının daha dolğun və düzgün qavrayışı üçün geniş imkanlar açır.
        Bütün bu deyilənləri, yekun olaraq, rəssam – İlham İslam oğlu Səfərliyə ithaf etmək yerinə düşər...
        Ümumbəşəri sənət aləmində təkrarolunmazlıq, şəxsi dəsti-xətt, fərdi ifa manerası və  “imza” ən vacib şərtlərdən biridir. Azərbaycan Rəssamlıq Sənətinin ən görkəmli nümayəndələrindən olan İlham bəy Səfərlini  məhz, bu cür fərdi yaradıcılıq üslubuna malik, yaradıcılığı axtarışlarla zəngin olan rəssam kimi tanımaq mümkün!
İlham Səfərlinin təsviri və tətbiqi sənət əsərlərinin mövzu və janr rəngarəngliyi, yüksək icra mədəniyyəti və bədii nüfuzetmə gücü tamaşaçını özünə cəlb etmək, duyğulandırmaq və düşündürmək gücündədir, desək, həqiqəti söyləmiş olarıq.
XX əsrin 70-ci illərdən başlayaraq, müxtəlif miqyaslı sərgilərin iştirakçısı olan rəssamın  çoxşaxəli yaradıcılığının sorağı - xarici ölkələrdə də  Azərbaycan incəsənətinin uğuru kimi rəğbət və dəyər qazanmışdır.
Bir memar təkin, İlham bəy Səfərli ilə ilk tanışlığım...yaxın dostum və rəfiqəm olan Nəzrin xanım Səfərli ilə tanışlıqdan başlamış. Daha sonra, taleyin hökmü bizi, sənətkar üçün fərdi işlərinin sərgilənməsi məkanı – qalereyada bir araya gətirdi. İlham bəyin qeyri-adi, təkrarolunmaz, analoqu olmayan sənət əsərlərini izləmək, yaxından seyr etmək mənə də nəsib oldu və bu səadətə görə Yaradana çox minnətdaram! Təəsüratlarım da hüdudsuzdur desəm, heç   yanılmaram...
İlham bəyin miniatür üslubunda ifa olunmuş əsərlərinə valeh olmamaq qeyri-mümkün!
Şəxsən məni cəlb edən – müxtəlif motiv yanaşmaları, xoş məramlı metal və fərqli materiallarla (qızıl, gümüş, fil sümüyü, taxta, şüşə, ipək və s.) işləmək bacarığı, materialların məntiqi işləmə funksiyalarının tam üzə çıxarmaq, rəng, bədii ifadə dili, möhtəşəm zövq nümayişi, ecazkar nisbət duyumu və ən əsası da, İNSANLIQ amili oldu.
Bu üzdən, İlham bəyə yeni nümayiş məkanı-qalereyada (SAFARLI GALLERY) əsərlərinin təqdimatını yüksək səviyyədə təqdim etmək, seyricilərin zövq dünyasını  zənginləşdirmək, əhatə dairəsini genişləndirmək və ən əsası, böyük məmnunluq əldə etməyi sidq ürəklə diləyirəm!
Var olun İlham bəy və qoy həyatınızdan məna heç zaman əksik olmasın!
Daima irəlidə olmaq diləyilə!  

        
Qalereyanın ideya müəllifi: Nəzrin Səfərli, Xəyyam Səfərli, İslam Səfərli
İnteryer planlaşma və layihə konsepti müəllifi: Nərgiz Ağayeva
İnteryer dekorasiya həlli müəllifi: Nəzrin Səfərli
Fotoların müəllifi: peşəkar fotoqraf Adil Yusifov


NƏRGİZ AĞAYEVA

Azərbaycan Memarlıq-İnşaat Universiteti (AzMİU), “Dizayn” fakultəsinin “Mühit dizaynı” kafedrasının dosenti, AMİ-nin üzvi, AMİ-nin  “Yasayış və İctimai binaların interyer-dizayn tərtibatı üzrə yaradıcılıq komissiyası”nın sədri,  “Ustad Memar”, BMA-nın professoru
e-mal: nargiz.agayeva@hotmail.com