Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq layihəsi çərçivəsində “Ekoloji İnformasiya” İctimai Birliyinin təşkilatçılığı ilə iyulun 19-da Göyçay rayonunun fermerləri üçün ekoseminar təşkil edilib .
Ekoseminar iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiram duruşu ilə yad ediblər.
Tədbiri Göyçay rayon İcra Hakimiyyəti sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Mahir Məlikov açaraq iştirakçı fermer və qonaqları salamlayıb. Bildirib ki, cari 2024-cü il ekoloji baxımdan ölkəmiz üçün əhəmiyyətli bir ildir. Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2024-cü il “ Yaşıl dünya naminə həmrəylik ili “ elan olunub. Bununla yanaşı həm də bu il ölkəmiz Beynəlxalq COP 29 ekoloji tədbirə ev sahibliyi edəcək. Mahir Məlikov Göyçay rayonunun təsərrüfatlarında yetişdirilən məhsullar haqqında məlumat verərək qeyd edib ki, yetişdirilən nar məhsulu xarici ölkələrə ixrac olunur. Keyfiyyət baxımından ekoloji tələblərə cavab verməlidir. Ona görə də göyçaylı fermerlər arasında ekoloji təmiz kənd təsərrüfatı məhsullarının təşviq olunması ümumi məqsədlərə tamamilə cavab verir. O cümlədən Ekoloji İnformasiya İB tərəfinfən icra olunan “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” layihəsi də özünün aktuallığı ilə dövrün tələblərini özündə əks etdirir.
Layihə rəhbəri, Ekoloji İnformasiya İB –nin sədri Musa Muradlı çıxış edərək layihənin məqsəd və vəzifələrindən danışıb.Qeyd edib ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şəffaf və obyektiv keçirilən qrant müsabiqəsində qalib elan edilib. Natiq təşkilatatın layihə fəaliyyətinə göstərilən dəstəyə görə QHT Agentliyinə təşəkkür etməyi də unutmayıb. Musa Muradlı tədbir iştirakçılarına göstərdikləri fəallığa və Göyçay rayon İcra Hakimiyyətinin başçısı və onun aparatına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Layihələr üzrə mütəxəsis Rasim Zeynalov “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” layihəsinin aktuallığını qeyd edib. Sağlamlığın təmin olunması üçün ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsini vacib hesab edib.
Layihə eksperti, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev fermerlərə ekoloji təmiz məhsul barədə geniş məlumat verib. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalını vətənpərvərlik və milli təhlükəsizlik baxımından mühüm addım hesab edib. Alim ekspert vurğulayıb ki, sağlamlığımızın qorunması üçün ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı prioritet sahəyə çevrilməlidir. Qeyd edib ki, ayrılan subsidiyalardan , o cümlədən ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına dair qəbul olunan qanundan yararlanmaqla fermerlərimiz bu istiqamətdə uğurlar qazana bilərlər.Beynəlxalq təcrübədən misal gətirən Xosrov Musayev hazırda əksər inkişaf etmiş ölkələrin bu istiqamətdə uğurlar əldə etməklə ixracatçıya çevrildiyini qeyd edib. Fermerlərimizə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istiqamətində fəaliyyəti genişləndirməyi tövsiyyə edib.
Tədbirdə iştirakçılara dəftərxana ləvazimatları paylanıb.Sonda çay süfrəsi təşkil edilib.
Səmərəli və faydalı müzakirələrlə yadda qalan ekoseminar iştirakçıların məmnunluğu ilə yekunlaşıb.
Ekoloji İnformasiya İB
© 2020 - Created by İLK XEBER.