Ən etibar etdiyim, səmimiyyətinə inandığım şəxsdən də eşitsəm ki, Mürtəza hansısa günaha batıb və ya kobud səhvə yol verib, inanmaram. Çünki halal kişidən törəyib, halal süfrədə böyüyüb. Atası mərhum Müctəba kişi elin təqvalı ruhanilərindən biri idi. Ömrü boyu insanlara mövhumatı yox, məhz İslamı olduğu kimi təbliğ etməyə çalışırdı. Hamının məhəbbətini, hörmətini qazanan bu insanı hər yerdə etiramla qarşılayırdılar. Ruhuna salam olsun!..
Mürtəza uşaqlıq dostlarımdan biridir. Məktəbdə oxuduğum vaxtlarda yay tətillərinin bir hissəsini onun böyüdüyü Ostayır-Dəlləkli kəndlərində keçirirdim. Tez-tez görüşür, həmsöhbət olurduq. Qızmar yay günlərində həmin kəndin uşaqları gah “Ağaməmməd Şurşuru” adlanan şəlalədə, gah da “Dərin göl”də çimirdilər. Xəzərin beş addımlığında doğulub böyüsəm də ilk dəfə üzməyi Mürtəzadan öyrənmişəm desəm, yəqin ki, ağ olmaz. Qarabuğdayı, sakit və tərbiyəli bir uşaq idi. Heç kimlə işi olmaz, hamıyla mehriban dolanardı. Həddibuluğa çatandan sonra əlaqəmiz kəsildi. Amma elin xeyir-şərində, necə deyərlər, arabir üz-üzə gəlirik...
“Çox heyf ki, bu gün media daha ciddi problemlərə üstünlük vermir, qlobal dünyada baş verən proseslərin hansının bizə birbaşa və ya dolayısı ilə təsir edəcəyinin fərqinə də o qədər varılmır. Azərbaycan mediası bir çox hallarda IP deyilən xəstəliyə yoluxub. Onların fikrincə cəmiyyət üçün Nadir Qafarzadə və ya hansısa kriminal avtoritet daha önəmlidir, nəinki Amerikanın dünyaya hegemonluq etmək siyasəti. Cəmiyyət özü də bu məsələlərlə maraqlanmır. Amma, beyin mərkəzlərində ABŞ-ın anti Rusiya sanksiyalarına ciddi reaksiyaların olacağını düşünürdüm. Çünki, bu artıq təkcə Rusiyaya qarşı tətbiq olunmayıb. Bizə də çata bilər...”- söyləyir.
Tərcümeyi halını dərindən bilməsəm də, şəxsiyyətinə bələd olduğum adamdır. Uzun illərdir ki, sosial mediada jurnalist kimi fəaliyyət göstərir, əsasən siyasi analitik yazılarla çıxış edir...
Deyir ki,- “İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına məlum hücumdan sonra Ağ Ev-Tehran münasibətləri açıq qarşıdurma müstəvisinə keçməkdədir. Amerikalı senatorlar, xüsusən də respublikaçılar ölkə rəhbərliyini İrana qarşı sərt şəkildə birbaşa cavab verməyə və hətta hücum etməyə çağırıblar.”
Bu gün dünyada olan qarışıqlıqdan çox narahatdır. İstəyir ki, hər yerdə sülh, əminamanlıq hökm sürsün. Şəxsi həyatında da belədir. Heç kimlə işi olmaz, mübahisəyə meyilli deyil. Çalışır ki, dilindən və əməlindən heç kəsə ziyan dəyməsin. Obyektlviyini gözləməyə üstünlük verir. Dostluqda sədaqətli, yoldaşlıqda vəfalıdır. Poeziyaya marağı böyükdür. Doğrudur, özünü heç vaxt şair kimi təqdim etmir, amma arada şeirlər də yazır:
“Dünya bir qonaq evi,
Mən də kirayənişin...
...Vardır pərisi, divi,
Hərə qulu bir işin...
Özüm, sözüm kimiyəm,
Tükənmir əzab işim.
Ləngər vuran gəmiyəm,
Ruhum, sərxoş sərnişin...
Dalğalar özün yaxır,
Gəmirir həndəvərin...
Gəmim su kimi axır,
Biçir dalınca vərin...
...Üfüqdə qızarır dan,
Savaşır gündüz-gecə...
Ömür sınaqdı hər an,
Kim dayana, kim keçə...
Dünya bir nərd oyunu,
Taxtasın daş döyəclər...
Kirpiklər dərd suyunu,
Qurutmaz, yaş döyəclər.
Demə ki, dünya qəvi,
Savaşmaq deyil işin...
- Yox, dünya qonaq evi,
Mən də kirayənişin...”
Onu bu şeirindən də tanımaq olar- Gözütox, qəlbigeniş və müdrik. Nə isə, əgər məndən tanıdığım ən yaxşı adamların adlarını sadalamaq tələb olunsa, çəkinmədən Mürtəza Bünyadlının adını həmin sırada hallandıraram...
Fevralın 18-i Mürtəza bəyin 57 yaşı tamam olur. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram...
Çox yaşa, HALAL ADAM!
Elman Eldaroğlu
© 2020 - Created by İLK XEBER.