ŞEYTANLA GÜNAHDAN MƏRC GƏLƏN OĞLAN

“Keçmiş qüruba enən günəş kimidir. Batanda rənglərini özü ilə aparır. Və Gələcək də qızaran dan yeri kimi gələndə gedişini özüylə gətirir. Deməli, Vaxt da öz oxu ətrafında fırlanır. Bu gün–böyründən keçib gəldiyimiz Dünən deyilsə, bəs nədir...” - Zakir Sadatlı

Bu gün yazıçı-telejurnalist, şair, ssenarist publisist Zakir Sadatlının ölümünün 11-ci ildönümüdür. Zakir Sadatlı (Zakir Əmin oğlu Aslanov) 1961-ci ildə qədim Həməşərinin (indiki Cəlilabad şəhəri) Sadat yurdunda (Sadatlı kəndi) dünyaya gəmişdi. O, 1979-1981-ci illərdə ordu sıralarında olarkən hərbi xidməti borcunu Əfqanıstanda yerinə yetirmişdi. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil almışdı.

1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də, 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda çalışmışdı.

20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Televiziyada bir sıra verilişlərin, o cümlədən “Gündoğandan-günbatana”, "Aydınlıq" lahiyələrinin rəhbəri olmuşdu.

Z.Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə respublika mətbuatında çıxış etmiş, ilk mətbu şeirləri -“Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabad rayon qəzeti “Yeni gün”də dərc olunmuşdur. Dövri mətbuatda şeir və onlarla publisitik məqalələri vaxtaşırı çap edilmişdi.

2008-ci ildə Z.Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Əsər Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə 3-cü yeri tutmuşdu. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilmiş, Azərbaycanda isə 2012-ci ildə nəşr olunan “İraq olsun” sənədli povestinin tərkibində nəşr edilərək, oxuculara təqdim edilmişdi.

“Əfqanıstan uçurumu” (xatirə-roman), “İraq olsun” (sənədli povest), “Salam, baça” (hekayə) və başqa dəyərli əsərləri ilə oxucuların rəğbətini qazanmışdır.

Zakir Sadatli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli araçdırmaçı-tədqiqatçılarından olmaqla yanaşı, Cümhuriyyət dövrü fədailərindən bəhs edən onlarla tədqiqat-məqalənin müəllifidir.

O həm də Azərbaycan Cümhuriyyəti fədailərindən biri olan, ömür boyu mühacirətdə yaşamış Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarını Türkiyə türkcəsindən Azərbaycan dilinə çevirərək çap etdirmişdi. Bu tarixi əsər Azərbaycan və Türkiyədə böyük əks-səda doğurmuş və yenidən Türkiyə türkcəsinə çevrilərək təkrar nəşr olunmuşdu.

2013-cü ilin yanvar ayında Z.Sadatlının “Əfqanıstan uçurumu” adlı xatirə-romanı nəşr edilmiş, bu əsər Azərbaycan ədəbiyyatı sahəsində ən böyük ədəbi-bədii layihə olan “Milli Kitab Mükafatı”nın qalibi olmuşdu. Zakir Sadatlı həmçinin Xanlar Bayramovla birlikdə yazılmış “Onu Gəncə böyütmüşdür” kitabının həmmüəllifidir. Əsər görkəmli ictimi-siyasi xadim Tofiq Bağırovun həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edir.

2015-ci ildə Zakir Sadatlının şeirlərindən ibarət “Mən varam dünyada” adlı şeirlər kitabı nəşr edilmişdi.

Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan Zakir Sadatlı Azərbaycan Yazıçılar Birliyinin və Avropa Yazıçılar Birliyinin üzvü idi. Onun adıçəkilən əsərləri və şeirləri respublika mətbuatında, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Füyuzat” jurnallarında, eləcə də Türkiyədə nəşr olunan “Kardeş qələmlər”, “Türk ocağı”, İraqda “Kardeşlik” dərgilərində, “Hürriyyət” qəzetində işıq üzü görüb.

Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilib.

Zakir Sadatlı 2013-cü ilin 5 fevralında 51 yaşında vəfat edib, məzarı Cəlilalabad rayonunun Sadatlı kəndindədir. Yeri behiştlik olsun.

Möhtəşəm Aydın Canıyevin 2004-cü ildə “Geopolitika XXI əsr” qəzetində Zakir Sadatlıya həsr etdiyi  “ŞEYTANLA GÜNAHDAN MƏRC GƏLƏN OĞLAN” yazısını bu gün təkrar çap etməklə Zakir Sadatlının ruhunu bir daha yad etmək istədim...

 

Aydın Canıyev

 

Hərə bir paltarda şəkil çəkdirir,

Hərənin sevimli paltarı olur.

Adamlar paltardan şəkilə girir,

Hərədən dünyaya bir şəkil qalır.

Zakir Sadatlı adamın ürəyinin istədiyi adamdı ilk növbədə - həmsöhbət kimi. Ondan sonra onu jurnalist olaraq görməyə can atırsan. Bundan o yanası isə odur ki, şer, ədəbiyyat və ruh adamısansa, oturub DƏRDLƏŞƏ bilərsən.

Lap axırda KİŞİ söhbəti eləmək olar.

... Bir gün həzrəti-Əliyə bir yəhudi yaxınlaşır ki, ya Əli, mən səni çox istəyirəm. Həzrəti-Əli də buyurur ki, yalan deyirsən. Yəhudi bir daha dediyini təkrar edir. Həzrəti-Əli bir daha ona inanmadığını bildirir. Yəhudi niyə inanmadığını soruşanda həzrəti-Əli bildirir ki, qəlbinin harasına baxıramsa, özümü orada görmürəm. Yəhudi islamı qəbul edir və həqiqi ələvilərdən olur.

Zakiri tanıyanların qəlbinə diqqətlə baxsan, hökmən isti bir yerində Zakiri görərsən, Zakir də tanıdıqlarını qəlbinin isti bir guşəsində yaşadır.

Zakir qəlbində İNSAN və ƏXLAQ böyüdənlərdəndi. Qəribədir ki, onunla tanışlığın kökü dərinə getməsə də, tarixi on ilə çatır və bu on ildə həmişə inanc səviyyəsində əminlik olub ki, adam ailəsini ona etibar edə bilər. Zakirin QEYRƏT DAĞARCIĞI olmağına zaman-zaman şahid olsam da, xarakterinin bu üstünlüyünün kökü mənə maraqlı olub.

SÖZARASI: Mən adətən həmsöhbətlərimin - bu dosta da aiddi, tanışa da - məclislərində qadın olanda özlərinə hansı həddəcən meydan verməklərinə fikir vermişəm. İnandırım ki, hələ Zakirdən başqa bir kimsədə görməmişəm ki, nəzərə alsınlar ƏTRAFDAKILARIN RƏYİNİ. "Keçəl həmzələr"in ekran-efirdən daqqa-daqqa böyüklükdən və kişilikdən, əxlaqi-etik dəyərlərdən danışmaqları müqabilində, impotent olduqları halda "supermen" "risovka"lığı onların yaradıcılığının da, hardasa, kimə görəsə, haçansa şeytanın təhrikiylə kişiyana elədiyi hərəkətlərinin də blef olduğunu üzə çıxardıb - bəzən şeytan da arada-bərədə "xoşniyyət" olmağını nümayiş etdirir...

Zakirin xatirimdə qalan şəklinin şəkilaltısı "QEYRƏT DAĞARCIĞI"dır - şəksiz-şübhəsiz.

Niyəsini isə deyim:

Zakir SADATLI tərbiyə alanlardan deyil, TƏRBİYƏSİNƏ ETİBAR OLUNANLARDANDIR. Ata tərəfi Şah İsmayılın dayəsi Lələ Hüeynə gedib çıxır. Ana tərəfi Qaradağ mahalının (İran) tanınmış Qocabəylilər nəslindəndir. Azərbaycanda azından altı kənddə - Şiləvəngə (Yardımlı), Vənlik, Fətullaqışlaq, Ağbulaq, Sadatlı, Şiləvəngə (Cəlilabad) - tayfa nəsilləri yaşayır və Sadatlıda yaşayan atası haqqında el ağsaqqalının dediyi sözü olduğu kimi çatdırıram: "Mən oğlum Əliyusifə Freynazı (adlar şərtidir, ağsaqqal ikinci arvadını nəzərdə tutur - A.C.) etibar etmərəm, amma Əmin kişinin onu atın tərkində Cəlilabada aparıb-qaytarmağına razı olaram".

Atasını on altı yaşında itirən Zakir Sadatlıya var-dövlət adına bu SƏRVƏT QALIB!

Bir də: "Mən atamın qəbri üstündə oturub ağlayanda bir də gördüm ki, atamın ömür boyu yoldaşlıq etdiyi kəhər at kişnəyə-kişnəyə gəldi qəbristanlığın girəcəyində durdu, çox sonralar ağsaqqallar etiraf edib dedilər ki, nadir hallarda olur ki, at sahibini ağlayır... Sonralar əmim rəhmətə gedən ərəfədə istədim sakitcə, şerlə yazdığım sifarişi onun ovcuna qoyum, deyim ki, çatdır qağama. Ayrı adama etibarım yox idi".

Dərildi bostanlar, boş qaldı tağlar -

Könül istəyəni verməsən, ağlar!

... "Çörək ağacımız" - Rahat yat! - dedim,

Uzaqlara gedən yolun altında.

Ruhuna üç kərə "salavat", - dedim

Hər axşam, hər səhər Kəhər atın da...

Əminsiz yaşayan anası isə düz 23 (iyirmi üç!!!) il yalnız və yalnız Əmini ağlayıb - heç bir övlad atasını, anasını, qardaşını, oğlunu, qızını belə ağlamayıb!

İstər Zakir olsun, istərsə qalan uşaqlar, neyləyiblərsə, gözündə olmayıb! Zakir sonralar dərk edib: "Anam bizi Əmin kimi görmək istəyirmiş. Görünür, biz atamız kimi ola bilməmişik".

Bu məqamda mən Zakirin yaradıcı tərəfinə üz tuturam. Bədii söz sahibinin SÖZÜ DƏ, ÖZÜ DƏ, ƏSLİ DƏ XAS OLMALIDIR!!! Onun üçün ki, SÖZÜN DƏYƏRİ olsun!

Mən ədəbi tənqidin bugünkü böyük iddialarını məqbul sayıram: kübar cəmiyyət öz ədəbi-bədii ehtiraslarını ekstaza çatdırmaq üçün şedevr oxumalıdır, amma xalqın sıra nəfərləri cəmiyyətdə əxlaqlı vətəndaş kimi formalaşmaq üçün məhz SÖZÜ DƏ, ÖZÜ DƏ, ƏSLİ DƏ XAS OLAN şairi, nasiri tanımalıdır! Kübar cəmiyyətin ruhu yoxdur, onun zövqü var, kübar cəmiyyətin tərbiyəsi etiket qaydalarından ibarətdir, amma xalqın milli özgürlüyü totemlər və tabular üstündə bərqərardır - ədəbiyyat HƏM DƏ bunu gənc nəslə çatdırmağa borcludur.

Mürgülü yaddaşlar oyanır birdən,

Tuşlanır şəklimiz asılan yerə.

Hissimiz, duyğumuz çəkilir hərdən,

Şəkillər saxlayan xatirələrə.

"Ləyaqət mənasız "arqumentlərə" görə xırdalanmamalıdı"

Zakir Sadatlı söhbətlərimizin birində bu fikri deyib. Bəzən adamı sözündən tutub LƏYAQƏT ittihamı ilə çarmıxa çəkmək istəyirlər. Onda Zakir Valter Skottun həyatından bir misal çəkdi: Hamı siqareti tərgidən Valter Skottun əlində bir gün yenidən siqaret görəndə böyük yazıçı demişdi: "Siqaret çəkmədiyim vaxtlarda mən bir cümlə də yaza bilmədim. Yazmıramsa, mən yoxam. Sizə kim lazımdır? Yazıçı Valter Skott, yoxsa siqaret çəkməyən adi bir vətəndaş?"

Hər bir kəsin cəmiyyət üçün faydalılığı onun yaradıcılığının məhsulu ilə ölçülür, əməlinin fəsadları yalnız və yalnız onun özünə aiddir.

Ləyaqətini qorumaq üçün isə ömürdə bircə dəfə gərəkən silah ömür boyu kişinin üstündə olmalıdır.

"Yaxşı şair sözün özünü, əsl şair rəngini tapır"

Zakir Sadatlının şerlərində hər bir sözün rəngi var. Ən alışdım-yandımından lap tündünəcən - göy qurşağıdı elə bil. Kədər öz rəngində, sevinc də öz qiyafəsində. Hərdən qafiyə-zad, "ayran-qatıq" söhbəti salıb nahamvarlığına işarə edəndə verdiyi cavab bütöv alındı: "Qağa, yaxşı şair sözün özünü tapır, əsl şair onun rəngini".

Sözlə öldürülə bilən Zakir Sadatlı sözlə oynamır, onunla zarafatlaşmır və bu da bəs edir ki, sənginliyini, ağırtaxtalığını etiraf edəsən.

SEVƏNLƏRİN NƏZƏRİNƏ: Sevgi bənövşə rəngindədir - erkən gəlişindən yana, onu qabaqda çox "qar-boran, sazaq" gözləyir.

Zakirin Şair nəfsi həqiqətin tam özüdür. Cavan vaxtlarında bir dəfə qədim yunan alimi Demokritin öz gözlərini çıxarmağına dəstək olaraq qələmə aldığı buna sübutdur:

Çıxarın gözlərimi -

Verin bir qəlbi saxtaya.

... Bəlkə ürəyi toxtaya.

Sözümdən dönən deyiləm,

Salmayın gözümçıxdıya,

Çıxarın gözlərimi!

Susanda sözüm ağlayır,

Dinəndə səsim ağrıyır.

Bir adam var yer üzündə

Görəndə gözüm ağrıyır.

Çıxarın gözlərimi!

Çıxarın gözlərimi -

İşığı sönsün, sozalsın.

Bəlkə birinə göz olsun.

Gözlü kor çoxdu dünyada.

Bəlkə bir nəfər azalsın

Çıxarın gözlərimi!

Bu sətirlər qələmə alınandan sonra Zakir göz xəstəxanasına daimi pasiyent olmaq halına gəlir. Amma ən şəfaverici dərman... bu şerdən imtina olur.

Zakir ikinci dəfə də bir şerində "yalan" yazanda - "Ana, bir gün görərsən, tabutda gətirdilər məni" - eyni hal təkrar olur: maşın qəzasına düşür.

Yüzdəyüz inanın ki, Zakir Sadatlının yaradıcılığında və sözündə yalan yoxdur!!! Lakin "əriş-arğac" qurub "itoynadan" olmaqlıq var.  

"Bakı haqqındakı mahnıların hamısı bəstəkarlara məxsusdur"

Zakir Sadatlı ilə Vətən söhbəti etmək çətin olduğu qədər də asandır. Biz bir Vətən yaşadırıqsa içimizdə, o bir Vətəni həm böyüdür, həm də o biri Vətənlə birgə içində yaşadır.

"Oğlun Vətənin vaxtı qabaqlamağını istəyərdinmi", - deyə soruşdum. Yox, - dedi və sadəcə izahını çatdırdı: "Hər kəs həyatının yaş yükünü öz boyunda çəkməlidi. Mən hətta onun birinci sinfə tez getməsini istəmədim. Vaxtı qabaqlayıb elə özümüz olmayacaq ki?" 

Əslində biz vaxtı Təbrizə çatmaq üçün qabaqlamağa çalışmalıyıq. Təsəvvür elə, Bakı haqqında bütün mahnılar müəllif mahnılarıdır, bəstəkarlara məxsusdur, amma gəl Təbrizə bax. Xalqın hər sözü, bayatısı, ağısı, mərsiyəsi, qəsidəsi, mədhiyyəsi, mahnısı Təbriz üstədi. Gürcü dostum demişkən, Bakı Azərbaycanın paytaxtıdı, amma AZƏRBAYCANLILĞIN PAYTAXTI Gəncədi, Şamaxıdı, Lənkərandı - mən bu şəhərlərin küçələrində gəzəndə özümdə qəribə bir hallanma-hövllənmə hiss edirəm.

Razılaşmamaq olmur Zakirin bu fikirləri ilə.

Bakı inqilabçılar şəhəri deyil - Azərbaycanda bircə şəhər inqilabçılar şəhəridi - Təbriz! Ziyalılarına, inqilabçılarına çatanımızmı var?

"Qəbristanlıqda səslənən pıçıltılar"

Zakirin şerlərində hakim olan bakirə və pak ruhlar o qədər doğmadır ki, hesab edirsən sənin də bu duyğulara haqqın var.

Yenə Zakirin danışdığına üz tuturam: Qohumlardan birinin bir neçə günlük uşağının dəfnindən qayıtdıq. Hamı kədərsiz-qəmsiz (?!?) qəbristanlıqdan geri döndü. Elə bil heç nə olmayıbmış. Çox düşünməyə ehtiyc olmadı. Qəbristanlıq pıçıldayırdı: dünyasını dəyişən uşaq heç kimlə kəlmə kəsməmişdi, kiminsə işinə yaramamışdı, kiminləsə yol yoldaşı olmamışdı, bir sözlə, onun HEÇ KİMDƏ XATİRƏSİ yox idi.

İnsanlar XATİRƏLƏRDƏ YAŞAYIR! - bu qədər bəsit və ƏN ALİ HƏQİQƏT!

"Rahatlıq yox, sakitlik istəyirəm"

Növbəti tanıdığımdı ki, insan istəyi ilə yaşayır. Çörəyi də ona təklif edənin bunu sidq-ürəkdən etdiyinə inanmasa, o çörəyi götürməyən, İSTƏK adlı kateqoriyadan uzaq Zakir Sadatlı bircə SAKİTLİK ARZUSUNDADI: "Rahatlıq, stabillik demirəm e, qağa, sakitlik - ürək və ruh dincliyi, hər cür iyrəncliklərdən uzaq, həyatı yaşamağa həvəsləndirəcək qədər ətirli sakitlik".

Zakir Sadatlı öz işiylə bağlı hər yeri gəzir Azərbaycanda, onu bezdirən, ona çöçün gələn odur ki, "evdə arvadına sözü ötməyən, kənddə darğa olub el dolandırır".

İSTƏK adına isə bircə NİYYƏTİ var: Allah fürsət versin, səyyah olub Heratı gəzsin: Yusif Ənvərin, Cəlaləddin Ruminin yaşamağa üstünlük verdikləri qosqoca, əzəmətli və Heyrətamiz Heratı...

"Qarabağ əldən getməyib ki..."

İnanın və hesab etməyin ki, şair sözü əlbəttə yalandır. Mən heç kimi Qarabağın bizim olacağına belə əminliklə inandıran adam görmədim: "Ay qağa, Qarabağı almanlar alsaydı, deyərdim hə, Qarabağ gedib. Alman millətdi. Qarabağı erməni alıb. Biz, sadəcə, özümüz özümüzü, bir az da söz sahiblərinin təhrikiylə, aşağı tuturuq, guya ki, erməni Amerikada, Fransada lobbi qurub, rusdan-ingilisdən tank-top alıb".

Mən Zakirə həm də ona görə inandım ki, onu 1991-ci ildə nə sovet, nə də fars əsgərləri sərhəddə bir həftə ərzində tüfəngli-yaraqlı tuta bilməyiblər.

Könlünə Təbriz düşən Zakir Sadatlı sərhədi adlayır İran tərəfə, kəndləri bir-bir gəzir. Qayıdanda özüyçün ayaqqabı, kostyum, evdəkilər üçün mirvari, duxi gətirən Zakir Sadatlını 20 sovet əsgərinin partapart atdığı güllələr tapa bilməyib.

                      ******

Zakir Sadatlıya bircə sualım olub:

- Azərbaycan dilində danışmaq və yazmaq qadağan olunsaydı, hansı dili öyrənərdim?

- ... Lal olmağa üstünlük verərdim. Hərçənd rus, əfqan, fars dillərində danışmaq imkanlarım var. Arada alman dilini öyrənməyə də cəhd etmişəm. Qadağa varsa, mənim üçün ikinci dil yoxdur.

                     ******

... Zakir Sadatlı dünyanın olub-keçənlərini görüb götürəndən sonra belə bir fikrə düşüb ki, dünya ölüm-itim dünyasıdı, onçun da fotoqraf gəzir - Dünyayla qoşa Onun şəklini çəksin.

                     ******

Zakir Sadatlının 45 yaşından sonra bu sətirləri qələmə alanda dostlardan biri dedi ki, ad gününə görə yazı yazmaq nə dərəcədə düzgündür?

Cavab verdim: "Mən ad gününə görə yazı yazmıram. Sözü təqvimlərə-tarixlərə görə demirlər, TARİXLƏRƏ görə deyirlər - Ləyaqətlə, Qeyrətlə yaşanan ömrün vaxt ölçüsünü nəzərə ona görə çatdırırlar ki, öləri vətəndaşlar bilsinlər: əziyyətlər, məhrumiyyətlər, lap belə bəd ayaqda yetimlikdən irəli gələn kəsiklik sınmaq üçün əsas ola bilməz. İstənilən mənsəbə şərəflə çatmaq olar - Ləyaqətin, Qeyrətin yaşı onda Ömrün uzunluqda olur".

Bax, belə!

Bizim ədəbiyyatın Ləyaqətli, Qeyrətli bədii nümunələri, obrazları da var, bu Ləyaqətli, Qeyrətli bədii nümunələri, obrazları yaradan Ləyaqətli, Qeyrətli yazarları da.

Birini mən təqdim etdim.

Qalanlarıyla özünüz tanış olun.

SON:

Nooldu, döndü vələdin,

And içdin düzə, yalana.

Bir quzun itdi, mələdin,

"İtkinim!" deyib balana

Məni aramadın, kəndim.

 

Dərd saçımı darayan gün,

"Ana" deyib zarıyan gün,

Ağlamaqdan səsim batıb

Göz yaşlarım quruyan gün,

Niyə qurumadın, kəndim?

 

Gici, axmağı qorudun,

Evi, daxmanı qorudun,

Mərci, paxlanı qorudun,

Məni qorumadın kəndim.

 

Day qoyma ağıl başıma,

Day səpmə noğul başıma,

Kül mənim oğul başıma -

Məndən yarımadın, kəndim.