Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova hesabat məruzəsində bildirib ki, saytlarda aparılan monitorinq zamanı 4500 dil faktı aşkar olunub və onun 3564-ü hesabata daxil edilib: “Aşkar edilmiş dil faktlarından 1371-nin orfoqrafik, 356-sının leksik, 909-nun qrammatik norma pozuntusu, 928-nin üslub və ifadə səhvi olub. Əvvəlki monitorinqlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının pozulması hallarına hələ də çox rast gəlinir.
V,İsmayılova qeyd edib ki, saytlarda aparılan monitorinq zamanı 1371 orfoqrafik səhv qeydə alınıb: “Monitorinq zamanı üslub və ifadə səhvləri də qeydə alınıb. Bu səhvlər zamanı 928 dil faktı aşkarlanıb. Monitorinqlər 1-2 ay müddətində aparılıb”.
V.İsmayılova onu da bildirib ki, saytlarda bir çox sözün Azərbaycan dilində deyil, Türkiyə türkcəsində yazılması narahatlıq yaradır: “Mətnlərdə "köynək" əvəzinə "tişört", "sual" əvəzinə "soru", "məcburiyyət" əvəzinə "zorunda", "pulqabı" əvəzinə "cüzdan" işlənməsi bu kimi hallardandır".
Professor Sayalı Sadıqova deyib ki, xəbər saytlarında daha çox qrammatik normaların pozulması müşahidə olunur. Professor qrammatik və orfoqrafik normaların saytlar tərəfindən qorunmasının vacibliyini vurğulayıb.
“Orfoqrafiya qaydaları həm də ərəb dillindən alınan sözlərin yazılışında pozulur. Buna daha çox “səbir”, “meyil” və digər sözlər aiddir”. Bu sözləri isə Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.
N.Cəfərov qeyd edib ki, vergüldən çox istifadə edilir: “Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür. Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz, harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz. Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var".
Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri, akademik Möhsün Nağısoylu, Qulu Məhərrəmli və başqa natiqlər çıxış edib.
Tədbir müzakirələrlə davam edib, tövsiyələr səsləndirilib.