“Milli Jurnalistika Konqresi” İctimai Birliyi İran mediası ilə əməkdaşlıq yollarını araşdırır
“Milli Jurnalistika Konqresi” (MJK) İctimai Birliyi silsilə olaraq “Beynəlxalq Mediada Azərbaycan mövzusu”-nu monitorinq edir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur.
Bu ilki layihə İran İslam Respublikasında işləyən redaksiyaların davranış meyllərinin monitorinqini etmək, iranlı media ekspertlər ilə dialoqlar qurub qarşılıqlı münasibətlərin mahiyyətini və perspektivlərini analiz etmək idi.
Layihənin məqsədi: qonşu və dost ölkədə media üzərindən gərginlik yaradan, anlaşılmayan münasibətləri, yalan informasiya yayma meyllərini, təxribatçı redaksiyaları, müəllifləri müəyyən etmək; qarşılıqlı anlaşma, əməkdaşlıq imkanlarını təhlil etmək, səmimi sosial-mənəvi davranışları nizamlama yollarını tapmaqdır.
Layihə çərçivəsində İran təmayüllü KİV-in (TV, radio, qəzet, internet saytları) peşəkar monitorinqini etdik, İranın tanınmış jurnalistləri, politoloqları və ictimai fəalları ilə dialoq qurduq, qarşılıqlı münasibətdə universal jurnalistika dəyərlərini və paralel səmimiliyi müzakirə etdik, milli maraqların qorunması üçün müsbət meyllərin durumunu aradıq.
1 dekabr 2023-cü ildə nəticələrlə bağlı Mətbuat Şurasında jurnalistika mütəxəssisləri və İran mövzusu ilə bağlı ekspertlər ilə layihənin yekun toplantısı oldu.
Monitorinqin və dialoqların nəticələrinə uyğun olaraq problemlərin köklü səbəblərini və perspektiv təklifləri hesabat olaraq hazırladıq. Son hesabatı tələb olunan subyektlərə yayacağıq.
Jurnalistikanın universal qaydalarına uyğun olaraq doğru xəbərin axtarılması, əldə edilməsi və yayımlanması tələblərinə əməl edilməlidir.
Araşdırmamızın verdiyi töhfələrə söykənərək qonşu və dost ölkələr arasında informasiya savaşının zərərli olduğunu anladan üsul və prinsipləri təmin etmək üçün iranlı həmkarlarımızla sosial dialoqun qurulmasını konseptual təkliflə irəli sürəcəyik. Azərbaycan Respublikasına mənfi təsəvvürlərlə köklənmiş bəzi İran KİV-ləri ilə əməkdaşlıq əlaqələri qurmağa çalışacağıq. O cümlədən, iranlı həmkarlarımızın Azərbaycan KİV-lərindəki müsbət və mənfi yayımlar barədə rəylərini öyrənməyə çalıçacağıq.
Azərbaycan jurnalizminin İran mediası ilə davranma metodlarını müəyyən etmək layihənin nəticəsi olacaq.
© 2020 - Created by İLK XEBER.