Azadlığına qovuşmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Bəyannamənin imzalandığı tarix xalqımız üçün daha bir əlamətdar hadisə ilə də bağlıdır: Qars müqaviləsinin imzalanmasının 100-cü ildönümü də bu günə təsadüf edir. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü və eyni zamanda, Qarabağ və Zəngəzur üçün çox əhəmiyyətli olan Qars müqaviləsi ilə bir gündə imzalanmasının xüsusi rəmzi mənası var: təsadüfən deyilmir ki, tarix təkrarlanır və heç də həmişə eyni izlərlə qalmır. Bu gün tarix, şükürlər olsun ki, bizim, bütün türk xalqlarının xeyrinə və maraqlarına uyğun təkrarlanır. Müzəffər Ali Baş komandanımız, Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyev Şuşa Bəyannaməsinin belə tarixdə imzalanmasının rəmzi mənalarını xüsusi vurğulamışdır. Şuşada Türkiyə lideri ilə Bəyannaməni imzalayarkən dövlət başçısı bildirmişdi ki, bu Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bu saziş hər iki ölkənin bütün istiqamətlərdə maraqlarının qorunması imkanlarının birləşdirilməsinə, regional və beynəlxalq strategiyalarının, xarici siyasət məsələlərində mövqelərinin qarşılıqlı əlaqələndirilməsi və uyğunlaşdırılmasına istiqamətləndirilmişdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi açıqlamasında Bəyannamənin mahiyyətini bir daha açıqlayıb: «Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur».
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyənin simasında regionda yeni güclü və davamlı birliyin yaranmasının əsasını qoyub. Bu müqavilə imzalanmamışdan əvvəl də uzun illərdir ki, Azərbaycan və Türkiyə vahid siyasi mövqedən çıxış edib. Xüsusən Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etmək istiqamətində apardığı siyasi və hərbi fəaliyyəti zamanı bütün çətin dönəmlərdə dünyanın güclü dövlətləri və Ermənistanın himayədar siyasətlçilərinin müqavimətinə rəğmən Turkiyənin daim dövlətimizin yanında olması və hər zaman onu dəstəkləyəcəyini bəyan etməsi bu birliyin bariz nümunəsidir. Türkiyə-Azərbaycan birliyinin sarsılmağlığı və müasir geosiyasi vəziyyətdə bölgəmizin iqtisadi-siyasi inkişafı və təhlükəsizliyi üçün mühüm amil olması artıq hamıya bəllidir.
Bəyannamə həmçinin Azərbaycanla Türkiyənin arasında hərbi müttəfiqliyini də rəsmən təsdiq etmişdir. Bu, hər iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə digər dövlətlərin təcavüzünə qarşı qüvvələrini birləşdirəcəyinə təminat verir.
Azərbaycan Prezidenti məbtuata açıqlamasında hərbi əməkdaşlıq istiqamətində iki dövlət arasında görülmüş və görüləcək işlər haqqında məlumat vermiş və Azərbaycan ordusunun Türkiyə modeli əsasında inkişaf etdiriləcəyini bildirmişdir. Muharibənin sınaqlarından rəşadətlə çıxmış Azərbaycan ordusu öz hərbi qüdrət və bacarığını xüsusən Şuşa qalasının azad edilməsi zamanı nümayiş etdirmiş və beləliklə də dünyanın ən güclü ordularından biri olmağa köklənmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müasir dünyada beynəlxalq hüquq və siyasətdən daha çox, möhkəm ordunun önəmli olduğunu ölkəmizin yaxın tarixində təcrübədən çıxardığımızı öz çıxışlarından birində vurğulamışdı: «Bugünkü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq».
Tarixi inkişafımızın məntiqi nəticəsi belədir ki, Azərbaycan Türkiyə qardaşlığı əbədi və sarsılmazdır.
© 2020 - Created by İLK XEBER.