ABŞ Azərbaycanla Ermənistanı barışdırmaq istəyir. Bu Vaşinqtonun 22 ildən sonra ikinci cəhdidir.
Avropa.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O xatırladıb ki, 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü olub.
"Danışıqlar intensiv olaraq 4 gün davam etdi və nəticəsiz qaldı. Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqtonda dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri üçtərəfli müzakirələrə başlayıblar", - deyə politoloq bildirib.
Elxan Şahinoğlunun sözlərinə görə, nazirlərin görüşündə irəliləyiş əldə edilərsə, Vaşinqton liderlərin görüşünə də ev sahibliyinə iddialı olacaq: "Kolin Paulell 2001-ci ildə tərəfləri barışdıra bilmədi, bu dəfə Entoni Blinkendə alınacaqmı? Bu Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır".
© 2020 - Created by İLK XEBER.