Babayanın babasını Şuşada axtarmaqlığı

 

Xankəndidəki cinayətkar erməni çətəsinin fəal üzvlərindən olan David Babayan bildirib ki, 1920-ci ilə qədər Azərbaycan türkləri Şuşa əhalisinin cüzi bir hissəni təşkil edib və guya Qalanın 95%-i ermənilərdən ibarət olub.
Bu, əlbəttə ağ yalandır.
Sonradan "Şuşa" adı alacaq Qala Qarabağ xanı Pənahəli xan Sarıcalı tərəfindən tikilib. Pənahəli xan şəhəri digər xanların hücumundan qorunmaq üçün salıb. Yer xoşuna gəlsə də, su problemi üzündən bir müddət tərəddüd edib. Əvvəllər heç bir yaşayış olmayan həmin yerdə test üçün qazılan quyuların birindən su çıxmasından sonra qalanın tikilməsinə göstəriş verib.
Pənahəli xan öz dövlətxanası ilə birlikdə Şahbulaq qalasının camaatını da Qalaya köçürüb. Şahbulaq qalasında yaşayanlar Pənahəli xanın doğma tayfası- sarıcalılar idilər. İlk şuşalılar da məhz sarıcalı boyundan olan şahbulaq əhalisi idi.
Pənahəli xan öz mənşəyini Ulu Çingiz xana dayayırdı və tayfası da xalis moğol-türk idi.
İlk dövrlər "Pənahabad" adlanan qalaya Qarabağən başqa səmtlərindən və digər xanlıqlardan da türk ailələri yerləşmişdi. Bir misal: Şuşada "Merdinli" məhəlləsi var. Bu tayfanın əksər hissəsi Qarabağın "Merdinli" adlanan kəndlərində yaşayırdı.
Şəhərdə ilk və azsaylı xristian ailələri alban mənşəli Məlik-Şahnazaryanlar olmuşdu. Məlik-Şahnazaryan Qarabağdakı xristian məlikləri- "Xəmsə" feodalları arasında Pənahəli xanı dəstəkləyən bir feodal idi. Onlardan sonra yenə alban mənşəli məşhur Xaçın knyazı Həsən Cəlaldövlənin varisləri də Şuşaya köçmüşdülər.
Qarabağ xanlığı Rusiyaya ilhaq edildikdən sonra Qarabağa, eləcə də Zəngəzur və İrəvana Qacar imperiyasından çox sayda erməni köçürüldü. Bu ermənilər vaxtilə Şah Abbasın Vaspurakan ətrafından Səfəvi dövlətinin içlərinə sürgün etdikləri idi. Çar dövründə onların da "fəal iştirakı" ilə Qarabağda və Zəngəzurda albanlarının bir qismi erməniləşdirildi. Zira, tarix boyu albanların mühüm bir qismi müsəlmanlaşmışdı. Məsələn, Səfəvilər zamanında "Quştasif" adlanan Şərqi Zəngəzur bölgəsində ermənilərin "Məlik Aykaz" kimi təqdim etdikləri alban feodalının "Allahverdi" namlı oğlu islamı qəbul etmiş və müsəlmanlaşmış, ailənin bəzi nümayəndələri isə Nuxaya köçərək sonradan orada qriqoryanlaşmışdı. Eləcə də Çar Rusiyası Alban kilsəsini rəsmən ləğv etdikdən sonra bir çox tanınmış alban ailəsi erməniləşdi. Onların arasında Həsən Cəlaldövlənin varisləri də vardı.
İnşası 1868-ci ildən başlayan Qazançı kilsəsinin ətrafında məskunlaşmış ermənilər Qalaya heç də Qarabağdan gəlməmişdilər. Şuşaya gələndə cındırından cin ürkən bu marginal ermənilər 1905-ci ildə daşnakların təhriki ilə Qalada fitnə törətdilər və Şuşa bəyzadəsi, əslən Zəngəzurun Qazıqurdalı elindən olan Əhməd Ağaoğlunun yaratdığı "Difai"dən rus çinovnikləri ilə birikdə layiqli cavab aldılar. Sovet dönəmində Xankəndi şəhərə çevrildikdən sonra Şuşada qalmış azsaylı ermənilər də şəhəri tərk etdilər.
Əslində, David Babayan kimilərinə cavab verməyə, dediklərinə baş qoşmağa dəyməz. Mən əminəm ki, Babayan öz şəcərəsini araşdırsa ya oğuz, ya qıpçaq, ya da Marağa ermənisi çıxacaq. David Babayan kimilərinin Türkə nifrətinin bir kökü də nənələrinin Qarabağ xanlarının hərəmxanasındakı xatirələrinin yaratdığı komplekslərdir. O, əgər ermənidirsə, yerli qarabağlı deyil, Marağa/ Vaspurakan kökənlidir.
Bəs, bu məsələyə niyə toxundum?
Müasir Azərbaycan dövləti 1917-20-ci illərdə Zəngəzurda baş verən qətliamları tarixi və hüquqi baxımdan "soyqırımı" olaraq qiymətləndirir. Ulu Öndər Heydər Əliyevin, prezident İlham Əliyevin bu qırğınların araşdırılması, yerli və beynəlxalq ictimaiyyətə çatdırılması üçün imzaladıqları sənədlərdə məhz "soyqırımı" ifadəsindən istifadə edilir. Hadisələrlə bağlı bütün faktlar, sənədlər də bu mövqenin haqlı olduğunu təsdiq edir.
Dövlətin yanaşması ortada, tarixi faktlar əldə olduğu halda, AMEA-nın bəzi tarixçiləri Zəngəzurda erməni silahlı çətələrinin törətdikləri qətliamı "poqrom" kimi təqdim etməyə xüsusi israr göstərirlər.
"Poqrom" və "genosid" formaca oxşar hadisələrdir. Fəqət hüquqi baxımdan kəskin şəkildə fərqlənən məzmuna malikdirlər. "Poqrom" sözünün yarandığı Rusiyada bu kəlimə Cinayət Məcəlləsinin 212-ci maddəsində keçir. Maddə bütövlükdə kütləvi iğtişaşlarla bağlıdır. Cəzası bu maddə ilə müəyyən edilən cinayətlər ictimai asayişə qarşıdır. Fəqət "genosid" sülhə və bəşəriyyətə qarşı olmaqla hüquq nöqteyi-nəzərindən ən ağır cinayətdir.
20-ci əsrin əvvəllərində ermənilərin Zəngəzurda da, Qarabağda da, Bakıda, Şamaxıda, Qubada da törətdikləri soyqırımı aktlarının bir məqsədi vardı. Millətimizi, mədəni irsimizi yox etməklə ərazi sahibi olmaq. Bunun üçün saxta tarix yazır, saxta xəritələr çıxardır, saxta demoqrafik məlumatlar uydururlar.
Elə 20 əsrin sonlarında da.
21 əsrin birinci rübü başa çatmaq üzrədir, babasını tanımayan babayanlar hələ də bu cəfəngiyyatların peşindədirlər və öz uydurmaları ilə cinayətlərini ört-basdır etmək istəyirlər. Əminəm ki, getdiyi yol tezliklə onu Bakı zindanlarına gətirəcək.
Bəs, bizim bəzi tarixçilər Zəngəzur qətliamına "genosid" yox, "poqrom" deməklə nəyə nail olmaq istəyirlər?
Bax, bu suala cavab tapmış deyiləm.