2020-ci il 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın ən mühüm tələblərindən biri sonuncu bənddə əks olunurdu. Bu tələbə əsasən, Naxçıvana quru keçidin təmin edilməsi üçün kommunikasiyaların açılması öhdəliyi qoyulur, Ermənistanın hər iki istiqamətdə maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanət verməsi nəzərdə tutulurdu.
Ancaq çox keçmədən məhz həmin bəndin yerinə yetirilməməsi üçün əvvəlcə Ermənistanda, sonra da İranda böyük bir kampaniya başladıldı. İranlı ekspertlər narahatlıqlarını əsaslandırmaq üçün açılacaq dəhlizi Rusiya, İran və Çinə qarşı təhdid kimi təqdim edir, onu "NATO-Turan dəhlizi" adlandırırdılar. Bu adqoyma Tehran siyasi dairələrində o qədər rəğbətlə qarşılanmışdı ki, "kəşfin" müəlliflik hüququnun kimə məxsus olması uğrunda əməlli çəkişmə də gedirdi. Sabiq səfirlər, universitet professorları, "qafqazşünas" və "azərbaycanşünas"lar özünün müəllif olduğunda israr edirdilər.
Nəhayət, uzun çək-çevirdən sonra çoxluq razılaşdı ki, müəllif adıbəlli “azərbaycanşünas” ekspert Akef Kazemidir. Adam əsil qələbə ovqatı yaşayır, şərh və müsahibələrinə mütləq "mənim təklif etdiyim adla desək", "mənim dediyim kimi" qeydini də əlavə edirdi.
Əslində müəllif iranlı diplomat, ekspert və professorların heç biri deyildi. Müəlliflik hüququ “Miatsum”-panerməni hərəkatının ideoloqlarından olan Zori Balayana məxsusdur. İlk dəfə məhz o, uzaq 80-ci illərdə sovet mətbuatında "NATO-Turan yolu" adlandırdığı Mehri keçidini bağlamağı təklif etmişdi. Bu yarlık iranlı ekspertlərə də, yəqin ki, erməni həmkarlarından “pas” edilmişdi. Erməni lobbisi ilə ən sıx işləyən ekspertlərdən biri kimi də müəlliflik hüququ A. Kazemiyə ərməğan olunmuşdu.
Yarlık yapışdırılandan sonra regionun başının üstünü alan “NATO təhlükəsi” haqda yüzlərlə təhlil, rəy, müsahibə, şərh dərc edildi. İddia olunurdu ki, həmin yolu NATO ona görə çəkmək istəyir ki, Rusiyanı, Çini və zavallı İranı mühasirədə saxlasın. Deyilirdi ki, bu, NATO-nun Çinə də yolunu açacaq, Çində uyğur separatizmini təşviq edəcək, Rusiyanın NATO tərəfindən dövrələnməsi isə başa çatacaq.
Lakin son ay yarımdır ki, İran mediası rebrendinqə gedib- "NATO-Turan yolu" əvəzinə "Beynəlxalq Turan Yolu" yazır. Səbəbi nədir?
Sirr deyil ki, Tehran Respublikası Avropa İttifaqı və Azərbaycan arasında müşahidəçilər missiyasına görə yaranmış narazılıqlardan, Rusiyanın tədricən bölgədən çəkilməyə məcbur olmasından istifadə etməyə çalışır.
İndi Tehran, faktiki Rusiyanın vasitəçilik missiyasını əvəz etməyi, qeyri-müəyyən hesab etdiyi üçtərəfli bəyanatı öz çətiri altından imzalanacaq yeni sülh sazişi ilə əvəzləməyi təklif edir. Təklif Tehranın Bakıdakı sabiq səfiri Möhsün Pakayinin qələmilə İRNA agentliyində təqdim edilib.
Bununla yanaşı Tehran mediasında Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizi uğrunda mümkün toqquşmalarında necə davranmalı olduqları haqda ssenarilər də götür-qoy edilir. Təklif olunan ssenarilərdən birinə görə, birbaşa döyüş meydanına daxil olmaqdansa, “ağıllı müdaxilə” forması seçilməlidir. Bu ssenariyə görə, müharibə olacağı təqdirdə İran Ermənistan ordusunun silah və maddi-texniki təchizatını öz üzərinə götürəcək. İranın hərbi məsləhətçilərini Ermənistana dəvət etmək belə bu ssenarinin bir hissəsi ola bilər. “Tehranın bu halda məqsədi qüvvələr balansını və mövcud vəziyyəti saxlamaq olacaq. Yəni Bakı hərbçiləri cəbhə xəttində irəliləyə bilməz”-deyə bildirilirdi. İranlı ekspertlərə görə, bu ssenari digər variantlardan daha çox sahə reallıqlarına yaxındır. Belə ki, “Amerika və Avropa ölkələri də bu ssenarinin ən mühüm tərəfdarları ola bilər. Hətta ola bilsin ki, Tehran kimi Qərb dövlətləri Ermənistana hərbi dəstək məsələsini gündəmə gətirsin”. Yəni indiyədək II Qarabağ savaşını NATO-nun Rusiya və İrana qarşı proksi savaşı adlandıran Tehran öz ordusunu Amerikanın maşasına çevirməyə hazırdır, Azərbaycan və Türkiyə əleyhinə NATO proksisi olmağı təklif edir. Yeri gəlmişkən son toqquşmalarda İran istehsalı olan dronların istifadəsi, bir müddət əvvəlsə Qafanda və Xankəndidə iranlı hərbi təlimçilərin olması haqda xəbərlər bu ssenarinin tətbiq edildiyini göstərir.
Aprelin əvvəlində isə rejimim xaricdəki proksi mediası xəbər verirdi ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə müzakirə edilən 3 əsas maddədən biri Qarabağla bağlı olub. O, İran hərbçilərini də sülhməramlıların tərkibinə daxil etmək haqda tələb səsləndirmişdi. Tehran hesab edir ki, Türkiyə və Rusiya qədər o da prosesdə iştirak etməlidir. Tələb Moskva tərəfindən rədd ediləndə isə Abdullahian deyib ki, İran ordusunun komandanlığı siyasi rəhbərliyə ləngimədən ölkəsinin hərbi müdaxiləsinin zəruriliyini tövsiyə edir və Rusiya laqeyd qalmaqda davam etsə, siyasi rəhbərlik ordunun məsləhəti ilə hərəkət edəcək.
Bunun ardınca apreln 8-də İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ermənistanlı həmkarı Armen Qriqoryanla görüşündə Cənubi Qafqazda istənilən coğrafi dəyişikliyə qarşı olduqlarını bir daha bəyan edib. Tehran mediası çıxışı şərh edərək yazır ki, Şamxani Bakının “İran sərhədi boyunca dəhliz” yaratmaq səylərini nəzərdə tuturdu.
2021 və 2022-ci illərdə İranda ən azı ekspertlər səviyyəsində aparılan müzakirələrdə yenidən Qasim Süleymani kimi davranmaq, onun Putini Suriyada İranla birgə işləməyə inandırdığı kimi, indi də Cənubi Qafqazda birgə addımlar atmağa inandırmaq lazım gəldiyi bildirilirdi. Görünür, o plan Rusiya tərəfindən qəbul edilmədiyindən, üstəlik, Avropa ilə Azərbaycan arasında problemlər olması haqda sui-zənn səbəbindən İran “B” planına keçir- bu dəfə Avropa ilə birgə Azərbaycana qarşı çıxmaq üçün.
Beləliklə, qonşu ölkənin KİV-lərində Azərbaycanla bağlı siyasi kontentin linqvistik analizi, sadəcə termin dəyişikliyini deyil, bu dəyişikliyin səbəbini də aşkarlamış olur. İndi Zəngəzur dəhlizinə “NATO-Turan layihəsi” demək arzuolunmazdır, çünki Ermənistana dəstək mövzusu bəhanə edilərək Qərbin hərbi strukturları ilə hansısa formatda təmas yolları axtarılır. Bu macəra naminə isə Zori Balayanın düzəltdiyi, iranlı ekspertlərin plagiat etdiyi siyasi kalamburdan imtina etmək, ya da o söz birləşməsində kiçik təshih aparmaq mübahdır.
Cəmaləddin Quliyev, siyasi ekspert
© 2020 - Created by İLK XEBER.