Fransa məhkəməsi Korsika parlamentində korsika dilinin istifadə edilməsinin konstitusiyaya zidd olduğu barədə qərar verib.
Bastia Məhkəməsinin qərarı, dövlət ofisində danışıla bilən yeganə dilin fransız dili olduğu qərarına gəlib. Qətnamədə “Korsika xalqının varlığını” faktiki olaraq təsbit edən yerli qaydaların da konstitusiyaya zidd olduğu bildirilib.
350 min əhalisi olan adada sərt reaksiya ilə qarşılanan qərar, Fransa mərkəzi hökumətinin adadakı ən yüksək nümayəndəsi Korsika valisi tərəfindən yurisdiksiya mövzusu edilib.
Korsika dilini qadağan etmək qərarı Fransa prezidenti Emmanuel Makronun yerli siyasətçilərlə daha çox muxtariyyət üçün danışıqlar apardığı bir vaxtda verilib.
Korsika Parlamentinin sədri Mari-Antoinette Maupertuis və İdarə Heyətinin sədri Gilles Simeoni tərəfindən verilən ortaq bəyanatda Fransa məhkəməsinin bu qərarına etiraz edilib. "Qərar Korsikalı deputatları danışıqlar zamanı ana dillərində danışmaq hüququndan məhrum edir. Bu tendensiyanın qəbul edilməsi bizim üçün ağlasığmazdır", - deyə bəyanatda deyilir.
Bəyanatda həmçinin bildirilib ki, Korsika dilinin yaşaya bilməsi və inkişafı üçün ona fransız dili ilə yanaşı rəsmi dil statusu da verilməlidir.
Müstəqillik tərəfdarı olan Fronte partiyası məsələ ilə bağlı verdiyi açıqlamada qərarı "utanc verici" adlandırıb. Korsika Millət Partiyasının lideri Jean-Christophe Angelini isə qərarın onlar üçün "alçaldılma" olduğunu ifadə edərək, "haqsızlıq və rüsvayçılıq" ifadələrini işlədib.
Qeyd edək ki, İtalyan dilinə bənzəyən və dünyada 150.000 insanın danışdığı Korsika dili də BMT-nin mədəniyyət təşkilatı UNESCO tərəfindən yox olmaq təhlükəsi ilə üzləşən dillər siyahısındadır.
Millətçi hərəkatların yerli siyasətə hakim olduğu Korsikada daha çox muxtariyyət və hətta tam müstəqillik tələbləri Fransanın mərkəzi hökuməti ilə problemli münasibətə gətirib çıxarıb.
Keçən ay Makron Korsikanın hüquqi statusunda islahatlarla bağlı heç bir tabuunun olmadığını desə də, Korsika adasının Fransanın bir hissəsi olaraq qalacağını vurğulamışdı.
Paris və Korsika liderləri arasında yekun danışıqlar yalnız 1998-ci ildə öldürülən Fransa Korsika qubernatoru Klod Erinyakın qətlində əli olan iki nəfərin şərti azadlığa buraxılmasından sonra mümkün olub.
Fransanın ən kasıb bölgəsi olan Korsika adası dil və mədəniyyəti ilə materikdən fərqlənsə də, coğrafi baxımdan İtaliyaya daha yaxındır.
Fransanın 18 bölgəsindən biri hesab edilən Korsika adası 2018-ci ildən məhdud muxtariyyət təmin edən “xüsusi ərazi bütövlüyü” statusu ilə idarə olunur.
Keçən il Claude Erignacın qətlinə görə ömürlük həbs cəzasına məhkum edilən Kolonnanın həbsxanada hücuma məruz qalması və komaya düşməsi adada gərginliyi artırıb və hiddətə səbəb olub.
O dövrdə Conse Martin qəzetinin keçirdiyi sorğu nəticəsində məlum olub ki, Korsika sakinlərinin 71 faizi və Korsikalı fransızlar muxtariyyətə "hə" deyir, 32 faizi isə tam müstəqilliyi dəstəkləyir.
Fransada əhalinin 53 faizi Korsikanın muxtariyyətinə “hə” deyib. Mütəxəssislərin diqqət çəkdiyi məqamlardan biri də 1989-cu ildə 18 faiz olan bu nisbətin təxminən üç dəfə artması idi.
Qeyd edək ki, Makronun Xankəndindəki ermənilərə münasibəti ilə korsikalıların hüquqlarının pozulmasına münasibətdə ikili standartları açıq-aşkar görünür. Parisin bir rayonu boyda olmayan Xankəndidəki ermənilərin "muxtariyyət, milli müqəddaratı təyin etmək hüququ və erməni dilinin önəmi" barədə danışmağı çox sevən Fransa prezidenti korsikalıların dilini məhdudlaşdırır, onların assimilyasiya prosesini sürətləndirir.
Korsikalıların muxtariyyət və doğma dildən istifadə tələblərini Makron "yolverilməz, əsassız və qanunsuz tələblər" adlanldırır, amma separatçı qarabağlı ermənilərin marazmatik tələblərini tam dəstəkləyərək "siz anlamırsınız, bu, ayrı məsələdir" deyir.
Makronun Fransada milli azlıqların hüquqlarını tapdaması siyasəti ilə ermənilərdən artıq erməni olmaq istəyi çox tragikomik təsir bağışalyır.
BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn bildirib ki, Korsikada yalnız fransızcanın istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. “Belə ki, ingiliscə dövlət universitetlərində istifadə olunduğu halda, korsikan dili yasaqlanıb", - deyə BMT rəsmisi qeyd edib.
Qeyd edək ki, Korsika dilinin fransız dili ilə ortaq rəsmi olması uzun illər təkcə millətçilərin deyil, həmçinin adanın rəhbərliyinə seçilənlərin də tələbi olub. Korsika dilinin fransız dili ilə eyni şəkildə tanınması hazırkı tələblərin əsasını təşkil edir. Korsika adasında ikidillilik ideyası hələ 1980-ci illərin sonunda sosiolinqvist Jan-Batist Marselesi tərəfindən nəzəriyyələşdirilib.
“Corsu” və ya “Lingua Corsa” adlanan Korsika dili İtaliyanın Toskana vilayətində danışılan İtalyan dilinin bir qoludur. Korsika dili təkcə Korsikada deyil, İtaliyanın Sardiniya adasında da istifadədir. Korsika dili YUNESKO tərəfindən yox olmaq təhlükəsi altında olan dillər qrupuna daxil edilib. Bu dildə təxminən 150 min insan danışır.
Seçki kampaniyası çərçivəsində ilk dəfə adaya səfər edən Emmanuel Makron Regional Dillər üzrə Avropa Xartiyasının ratifikasiyasını üzərinə götürməsinə baxmayaraq deyib: “Respublikanın dili fransız dilidir və bu, Konstitusiyamızda təsbit olunub. Bu dəyişməməlidir”. Bununla da regional Korsika dili ilə bağlı millətçilərin tələbinə son qoyub.
Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib.
Məhkəmənin qərarı Fransa hökuməti tərəfindən Korsikanın prefekti (adada ən yüksək rütbəli məmur) təyin olunmuş Amori de Sent-Qventin (Amaury de Saint-Quentin) tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi əsasında verilib.
Dil məsələsi ilə yanaşı, məhkəmə Korsika xalqının mövcudluğunu müəyyən edən yerli qaydaların da anti-konstitusion olması barədə qərar verib.
Aparıcı siyasətçilər məhkəmə qərarını dərhal tənqid ediblər, bu qərarı “utancverici” adlandırıblar. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. Adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər.
Müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası tviter hesabında bu qərarı “rüsvayçı” hesab edib. Millətçi deputatlar hesab edirlər ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.
Beləliklə təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir.
Korsika dilinin istifadəsinə qoyulan qadağalar ada əhalisinin dil, mədəniyyət və bütövlükdə milli kimliyi ilə bağlı hüquqlarına qarşı rəsmi Parisin ayrıseçkilik siyasətinin bir hissəsidir. Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır.
Özünün siyasi maraqları naminə dünyanın müxtəlif regionlarında separatçılığa açıq dəstək göstərən Fransa öz ərazilərində nəinki müstəqillik və muxtariyyət, hətta ən məhdud formada milli azlıqların mədəni hüquqlarının həyata keçirilməsinə imkan vermir, təzyiqlər, hədə-qorxu, iqtisadi təsir mexanizmləri, zorakılıq, həbslər, qətllər yolu ilə belə meyllərin qarşısını alır.
Öz konstitusiyasının müddəaları ilə pərdələnərək ərazilərində qanunsuzluqlar törədən Fransa riyakarcasına digər ölkələrin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, milli konstitusiyaları və milli qanunlarına söykənən siyasətlərinə hörmət etmir. Öz ərazisində suverenliyini qoruyub saxlamağa can atan elə həmin Fransa digər ölkələrin suveren hüquq və maraqlarını tapdalayır, sarsıtmağa çalışır.
Fransada korsikalıların mübarəzisənə etinasız münasibətə diqqət etdikdə aydın olur ki, Paris eyni dözümsüzlüyü dünyanın başqa yerlərindəki separatçılara qarşı göstərmək istəmir. Əksinə, ikili standart nümayiş etdirərək, Qarabağdakı separatçılara dəstək verir, Ermənistanın təcavüzkar siyasətinə arxa durur.
Yaxın keçmişdə şahidi olduq ki, bu dövlət hələ utanmaz-utanmaz Qarabağdakı separatçıların qondarma “lideri” Araik Arutyunyanı Fransanın dövlət kanalına dəvət edib, onu qondarma rejimin "prezident"i kimi sırımağa çalışıb.
Fransa 44 günlük Vətən müharibəsində və sonrasında Qarabağda yaşayan ermənilərə "muxtariyyət" verilməsi ilə bağlı Azərbaycana hədə-qorxu gələnlərin önündə getdi.
Fransa nə beynəlxalq hüquqa, nə də insan haqlarına məhəl qoymaq barədə düşünür. Bu gün Qarabağda bir neçə minlik yerli erməni əhalinin "azadlığını" tələb edərək, Azərbaycanın suverenliyinə qarşı təhdid törətməkdə, təhlükə olmaqda davam edən Fransa eyni şeyi Korsikada edir. Bir fərqi var ki, Korsika Fransanın yanında bir adadır, Azərbaycan isə minlərlə kilometr uzaqda - uzaq Cənubi Qafqazda müstəqil bir dövlətdir. Görünən isə odur ki, Fransa hakimiyyəti düşünür ki, bütün oyunlar onun qaydalarına uyğun oynanılmalıdır.
Fransada baş verən son olaylar barədə daha aydın təsəvvür yaratmaq üçün tarixə qısa ekskurs edək.
1729-cu ildə Korsika sakinləri Genuyadan 4 əsrlik asılılığa son qoymaq üçün mübarizəyə başlayır və 1735-ci ildə özlərini müstəqil elan edirlər. Genuya Fransanın dəstəyi ilə adanı yenidən fəth etməyə çalışır. Məğlub olan üsyançılar 1755-ci ildə Paskal Paolinin başçılığı ilə yenidən müstəqilliyini bərpa etməyə çalışır. Elə həmin il müasir tarixdə tez-tez ilk demokratik konstitusiya sayılan Korsika Konstitusiyası qəbul edilir. O, icra, qanunverici və məhkəmə hakimiyyətini bir-birindən ayırır, qadınlar da daxil olmaqla, bütün ailə başçılarının ümumi seçki hüququnun əsasını qoyur.
Genuya 1768-ci il 15 may tarixli Versal müqaviləsi ilə de-fakto nəzarət etmədiyi Korsika üzərində hüquqlarını "müvəqqəti" olaraq Fransaya verdi. Fransa kralı XV Lüdovik Korsika Respublikasının müstəqilliyini tanımaqdan imtina etdi və ölkə ilə birləşdiyini elan etdi. 1769-cu ildə Paskal Paolinin qoşunları məğlub olur, o, Böyük Britaniyaya qaçır. Nəticədə Korsika Fransanın idarəçiliyinə keçir.
1790-cı ildə fransız inqilabçılar Paskal Paolini adanın komandiri təyin etmək üçün geri çağırıblar. Milli Konvensiya ilə (1792-ci ilin sentyabrından 1795-ci ilə qədər Fransanın siyasi rejimi) fikir ayrılığı və terrordan narahat olan P. Paoli 1794-cü ildə Böyük Britaniyanın himayəsi altında Korsika Krallığının yaradılması üçün danışıqlar aparıb. 1796-cı ildə “Gözəllik adası” Fransanın tərkibinə keçir. Paskal Paoli və onun Konstitusiyası Korsikanın müstəqilliyinin simvolu kimi tarixdə qalır.
1804-cü ildə Fransa imperatoru olan Napoleon Bonapart məhz 1769-cu ildə Korsikanın Ayaçço şəhərində anadan olub.
1962-ci ildə Əlcəzair müstəqillik əldə etdikdən sonra on minlərlə “qara ayaq” (Əlcəzairdən gələn) adlandırılan fransız vətənə qaytarılır. Onlar təcili olaraq Korsika kəndlərinə yerləşdirilir və becərilə bilən torpaqların 90 faizini əldə edirlər. Bununla da korsikalıların etiraz tətilləri başlayır. Həmin dövrdə Fransanın ən kasıb departamenti Korsika idi. Adanın təcrid olunması tələblərin radikallaşmasını sürətləndirir. Müstəqilliyə nail olmaq üçün regionçuluqdan muxtariyyətə keçmək kimi tələblər irəli sürülür.
1975-ci il avqustun 21-22-də Korsika Regionalist Aksiyasının (ARC) on ikiyə qədər yaraqlısı şərab sektorundakı fırıldaqlara və repatriasiya edilmiş insanların məskunlaşma şərtlərinə etirazlarını bildirmək məqsədilə Aleriyada “qara ayaq” adlanan fransızlar tərəfindən idarə olunan şərab anbarını zəbt edirlər. Buna cavab olaraq Fransa hökuməti adaya 1200 nəfərdən ibarət təhlükəsizlik qüvvələri göndərir. Zirehli texnika və helikopterlər zəbt edilmiş binanı mühasirəyə alır. Bundan sonra Fransa hökumətinin sərt reaksiyasına qarşı bütün Korsikanı şiddətli iğtişaşlar bürüyür.
1990-cı illərdə Korsika müstəqillik və muxtariyyət tərəfdarları arasında parçalanma baş verir. Nəticədə iki əsas qol yaranır: müstəqillik tərəfdarı olan Korsika Milli Azadlıq Cəbhəsi (FLNC Canal-Historique) və muxtariyyət tərəfdarları (FLNC Kanalı).
1998-ci ilin fevralında Korsika prefekti Klod Erinyakın Ayaçço küçəsində öldürülür. FLNC-ə yaxın İvan Kolonna ömürlük həbs cəzasına məhkum edilir.
2014-cü ildə yaydığı mətbuat açıqlamasında FLNC silahlı mübarizəni dayandıracağını elan edir. Vəziyyət sakitləşir. 2015-ci il dekabrın 13-də muxtariyyətçiləri və separatçıları birləşdirən "Pè a Corsica" (Korsika naminə) millətçi partiyası 35 faizdən çox səslə ərazi seçkilərinin ikinci turunda qalib gəlir. Koalisiya 2017-ci ildə ikinci turda böyük səs çoxluğu ilə (56 faiz) yenidən seçilir və Korsika Assambleyasında üstünlük əldə edir. Bu qələbə "Korsika kollektivi"nin yeni statusuna əlavə olaraq, muxtariyyətə doğru dialoq təklif edir.
Ancaq 2022-ci ildə İvan Kolonnanın həbsxanada öldürülməsi ilə vəziyyət yenidən kəskinləşir, o cümlədən etiraz nümayişləri və müstəqillik tələbləri yenidən gündəmi bürüyür. Vəziyyəti sakitləşdirmək üçün adaya səfər edən daxili işlər naziri Jerald Darmanən ona muxtariyyət verməyə açıq olduqlarını vəd edir.
Uzun illər ATƏT-in Minsk qrupunda vasitəçi dövlət kimi fəaliyyət göstərən Fransa Qarabağ probleminin həllində heç bir təşəbbüsün sahibi olmayan dövlət kimi Azərbaycan cəmiyyəti tərəfindən daha yaxşı tanındı. Vasitəçilik missiyasının tələb etdiyi tərəfsizlik prinsipini kobud şəkildə pozan Fransa Ermənistanın işğalına göz yumdu, Qarabağdakı erməni separatçılarının tərəfdarı kimi özünü göstərdi. Ədalətə bu qədər yalnız ölkəsinin yanlış siyasəti ilə baxan Fransa bir çox hallarda ermənilərin himayəçisi olduğunu açıq mətnlərdə də göstərib. Makronun problemlə münasibətdə tərəf olduğunu aşkar göstərən ifadələrinə diqqət edin: “Fransa burdadır və vasitəçi dövlətdir, biz erməniləri atmayacağıq”. Görünür, Makron vasitəçilik missiyasını tərəf kimi anlayıb.
Bu cür “ədalət” sərgiləyən Fransa dövləti və onun başçısı korsikalıların hüquqlarının müdafiəçisi ola bilməz.
Göründüyü kimi, Fransada korsikalılara qarşı etnik və mədəni terror dövlət səviyyəsində həyata keçirilir. Markon korsikalılara elan olunmamış müharibəyə başlayıb. Rəsmi Paris ölkə daxilində korsikalıların hüquqlarını heç sayır. Amma Fransadan minlərlə kilometr uzaqda yerləşən Azərbaycanın daxili işlərinə qarışır. Ölkənin daxildə 150 min nəfərdən çox insanın danışdığı dili qadağan edən Fransa hakimiyyəti dünyaya hansı dəyərini nümunə göstərə bilər?
Təbii ki, heç bir dəyərini...
Çünki Fransa beynəlxalq konvensiyaları pozaraq, korsikalıların hüquqlarını məhdudlaşdırır, hətta onları dilini qadağan edir. Parisin belə qeyri-demokratik davranışlarının əksinə olaraq, Azərbaycan ölkə sərhədləri daxilində yaşayan bütün xalqlara eyni münasibəti göstərir. Onları mədəni və öz dilində danışmaq hüququna hörmətlə yanaşır. Hətta Azərbaycan 44 günlük Vətən Müharibəsində elə bir hərbi əməliyyat keçirdi ki, bir nəfər də olsun, siravi erməninin burnu belə qanamadı. Bütün bunlar göstərir ki, Fransa etnik qrupların hüquqlarını təmin edilməsi məsələsində Azərbaycandan çox şey öyrənməlidir.
Xanoğlan Əhmədov,
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri
© 2020 - Created by İLK XEBER.