“Ermənistan bu il sülh sənədini imzalayacaq...” - Bakı İrəvanın bir yalanını da çıxardı

Ermənistanın artıq danışıqları pozmaq üçün güvənəcəyi kimsə qalmayıb; politoloq: “İrəvan Bakı ilə birbaşa anlaşmaq zorundadır...”

Ermənistan rəhbərliyinin vaxtı uzatmağa hesablanmış sülh oyunları davam edir. Beynəlxalq birliyə özlərini “sülh göyərçinləri” kimi təqdim etməyə çalışan İrəvan rəsmiləri həm də elə təsəvvür yaratmaq istəyirlər ki, sanki sülh müqaviləsini məhz “müharibə istəyən” Azərbaycan ləngidir.

“Ermənistan bugünlərdə Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıb”.

Bunu srağagün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində almaniyalı həmkarı Annalena Burbokla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, İrəvan onları nəzərdən keçirir və mətn üzərində işi davam etdirir. Mirzəyan həmçinin Bakını sülh prosesinə əngəl yaratmaqda suçlayıb. Öz növbəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda Xorvatiya XİN başçısı ilə görüşdə eyni fikri ifadə edib. İddia edib ki, Azərbaycan hələ ki, sülh müqaviləsi imzalamağa hazır deyil.

Yaxşı deyiblər, “adımı sənə qoyum, səni də yana-yana”. Görəsən, “hazır olmaq” başqa necə olur, əgər Azərbaycan 44 günlük müharibə bitən kimi sülh müqaviləsinin əsasında duracaq 5 məlum prinsip irəli sürüb və sırf beynəlxalq hüquqa söykənən həmin prinsiplərlə rəsmi İrəvan razılaşıbsa? Onları bir daha erməni tərəfinin yadına salmaq pis olmaz:

Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

O zaman Ermənistan rəhbərliyi nəyi gözləyir, sülhə əngəl yaradan Bakıdır, yoxsa İrəvan?

Cavab məlumdur. İrəvan özünün cürbəcür əlavələri və yeni təklifləri ilə sülh sazişi mətninə “Dağlıq Qarabağ” ifadəsini, Qarabağda yaşayan ermənilərin gələcək statusu ilə bağlı hansısa bəndin əlavə olunmasına çalışır. Buna isə Azərbaycan razı ola bilməz. Çünki sülh sənədi iki dövlət arasında bağlanır və ora bir tərəfin digər tərəfin daxili məsələsi olan hər hansı mövzunu daxil eləməyə ixtiyarı yoxdur. Bu, bəri başdan qarşı tərəfin suverenliyini və ərazi bütövlüyünü şübhə altına almaq deməkdir. Yəni Ermənistan bu yolla əslində sülh müqaviləsindən yayınmaq yolu tutub, nəinki onu imzalamaq.

Xatırladaq ki, Ermənistan tərəfi ötən ilsonu Azərbaycana əlavələr edilmiş sülh müqaviləsinin mətnini göndərdiyini və cavab gözlədiyini bəyan eləmişdi.

Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə isə bildirib ki, Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün yox, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edilib. “Bununla yanaşı, Ermənistan xarici işlər nazirinin bu bəyanatından göründüyü kimi, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə, prosesə süni maneələr yaradır. Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”.

*****

Bəs Ermənistan daha nə qədər “suyu bulandıracaq”, yaxud “rezini uzatmağa” səy edəcək?

“Bəzən Ermənistan dərsdən yayınmaması üçün arabir başının arxasına şillə vurmağa ehtiyacı olan geridə qalan məktəbli oğlana bənzəyir”.

Bunu politoloq İlqar Vəlizadə deyib.

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dediyinə görə, bugünlərdə Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıblar. Mirzoyan İrəvanın bunları nəzərdən keçirdiyini və mətn üzərində işləməyə davam etdiyini bildirib. Prosesin müddətinə, sülh müqaviləsinin mətninin hazırlanmasına baxsaq, erməni tərəfi sanki siyasi razılaşma yox, bir neçə hissədən ibarət roman hazırlayır. Sülh müqaviləsi müvafiq beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərə əsaslanan aydın dildən ibarət olmalıdır. Biz onlara 5 prinsip təqdim etdik. Razılaşdılar. Bu qədər uzun müddət "mətn üzərində işləmək" üçün başqa nələr fikirləşə bilərsiniz?"

Politoloqa görə, görünən odur ki, İrəvan prosesi süni şəkildə gecikdirməyə səy edir.

Rusiyalı tanınmış politoloq Aleksey Naumov isə ehtimal edir ki, sülh sazişi məsələsində Ermənistan bu il daha konstruktiv olacaq.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza”ya müsahibəsində deyib. 

“Məncə, bu baş verəcək, çünki Azərbaycanın yanaşması öz bəhrəsini verir. Biz görürük ki, Rusiya getdikcə daha aydın şəkildə Azərbaycanın tərəfini tutur, Lavrovun son açıqlamasından da göründüyü kimi, Bakının mövqeyinin ədalətli olduğunu daha açıq şəkildə vurğulayır, İrəvanın yalançı ümidlərini təmin etməyə hazır olan tərəflər isə getdikcə azalır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın artıq danışıqlar prosesini uzatmaqda güvənəcəyi kimsə yoxdur və ona görə istər-istəməz Azərbaycanla birbaşa danışmağa məcbur olacaq: “Siyasət baxımından heç nəyə təsir etməyən Avropa İttifaqının heç bir monitorinq missiyası burada İrəvana kömək etməyəcək. Ona görə də sülh proseslərinin daha aktiv gedəcəyini gözləyirəm. Ümid edirəm ki, bu il biz təkcə Ermənistanın daha konstruktiv mövqeyini deyil, həm də tam hüquqlu sülh müqaviləsinin imzalanmasını görəcəyik”.

Sülh müqaviləsinin yeni mətninə gəlincə, analitik bildirib: “Azərbaycanın təkliflərində hansısa yeni və mühüm aspektin olduğunu düşünmürəm. Azərbaycanın mövqeyi yaxşı məlumdur və bundan geri çəkilməyəcək. Yəqin ki, bu Bakı tərəfindən sənədin formal təzələnməsidir ki, Ermənistanın təkliflərinə Bakının guya cavab verməməsi və sülh sazişini pozması iddiası aradan qalxsın. Çox güman ki, Ermənistanın təklifləri Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisinin statusu məsələsi ilə bağlıdır - hansı ki, artıq çoxdandır müzakirə mövzusu deyil. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu mövzu həmişəlik bağlanıb”.

Politoloqun fikrincə, Azərbaycan öz hədəflərinə çatmaq  üçün daimi diplomatik və hərbi əməliyyatlar taktikasını seçib. “Və məhz Bakının, o cümlədən Moskvanın mütəmadi təzyiqi İrəvanı sülh sazişini imzalamağa yaxınlaşdıracaq”, - Naumov bildirib.

Əlavə edək ki, İrəvan sülh tərəfdarıdırsa, bunu artıq əməldə təsdiqləməlidir və birdəfəlik anlamalıdır ki, nə anklavdakı ermənilər, nə də Ermənistan əhalisi Bakının prinsipial mövqeyi ilə barışmadan dinc həyata və rifaha qovuşa bilməyəcəklər...  

Siyasət şöbəsi,
“Yeni Müsavat”