Qəzənfər Həmidoğlu
Futbol ekspertləri və bukmekerlər DÇ-2022-nin çərşənbə günü oynanılacaq Fransa-Mərakeş yarımfinal qarşılaşmasında afrikalılara faktiki olaraq heç bir şans tanımırlar. Əksəriyyət əmindir ki, fransızlar məsələni əsas vaxtda həll edib adlarını ardarda nəinki ikinci dəfə finala yazdıracaqlar, 4 il əvvəl Moskvada olduğu kimi, Dohada da dünyanın ən prestijli Kubokunu başları üzərinə qaldıracaqlar. Yəni, Fransa millisi Qətərdə üçqat dünya çempionu olacaq.
Əlbəttə, Fransa yığması yalnız ərəblərə qarşı matçda qeyd-şərtsiz fovarit deyil, Argentina və Xorvatiya milliləri ilə müqayisədə də daha güclü oyuna, heyətə və ulduzlara sahibdirlər. Gerçəkdən Messi və Modriçi çıxsaq, Argentina və Xorvatiya yığmaları ortabab olmasalar da, super də sayılmazlar.
Amma soyuqqanlı haqq-hesab ayrı, tərəf tutmaq isə tamamilə ayrı işdir. Düzdür, mindiallar sürpriz, sensasiya sarıdan nə qədər bol olsalar da, sonda hər şey yerbəyer olur, Kuboku köhnə çempionlardan biri qazanır.
Bununla belə, xəyal qurmağa kim əngəl ola bilər?!. Nəyəsə nail olmaq istəyirsənsə, əvvəlcə onun xəyalını qurmalısan. Bunsuz Mərakeş millisinin ikiaylıq baş məşqçisi Valid Reqraqi bu yerlərə gələ, dünya çempionatının ən heyrətamiz və unudulmaz narrativini yarada bilməzdi. “Atlaz dağlarının şirləri” Qətərdəki möcüzə-macəralarında Avropanın qrandlarını – Danimarka, İspaniya və Portuqaliyanı evə göndəriblər. Qapıçı Yasin Bunu 5 matçda qapısında bir top görüb ki, onun da müəllifi Kanada ilə oyunda öz komanda yoldaşı olub.
Bundan başqa, Mərakeş Krallığının İspaniya Krallığı ilə olduğu kimi, Fransa Respublikası ilə də köhnə hekayəsi var, özü də faransızlarla haqq-hesabları daha dərindir. Bu iki müstəmləkəçi XX əsrin ilk yarısında Mərakeşi iki yerə bölmüşdülər: Fransa Mərakeşi və İspaniya Mərakeşi.
İndi Mərakeş bir keçmiş protektor-matadoru yerə səribsə, digər eks-protektorun pipiyini niyə qanatmasın?! Bu,“1001 gecə” nağıllarını da kölgədə qoyardı. Təsəvvür edin, iki ay əvvəl millinin baş məşqçi olmağı ağlının ucundan keçirməyən Valid Reqraqi qəfildən istefa verən Vahid Xəlilhociçin yerini tutur. Və Yuli Sezarsayağı ”veni-vidi-vici” (gəldim-gördüm-qalib gəldim) yürüşü edir; əvvəl pipik qanadır, sonra da Kuboku Messinin əlində qapıb Krallığa möhtəşəm zəfərlə qayıdır. Təsəvvür etmək çətindir, yəni, Böyük Səhraya qar yağar, bu iş olmaz. Amma xəyal qurmaq da müftədir...
İşdi-şayət şirlər xoruzları banlada bilsələr, mundialların 92 illik tarixində bir ilkin şahidi olacağıq: finalda ənənəvi Avropa-Avropa, Cənubi Amerika-Cənubi Amerika və ya Avropa-Cənubi Amerika qarşılaşması yox, Afrika- Avropa (Xorvatiya) və ya Afrika-Cənubi Amerika (Argentina) qarşıdurması olacaq. Mərakeş isə Afrika, ərəb və müsəlman dünyasının birinci finalçısı kimi üçqat ilkə imza atacaq.
Yeri gəlmişkən, çərşənbə günü matçını Avropa futbol məktəbi ulduzlarının qarşıdurması və ya “Afrika yarımfınalı” kontekstində də nəzərdən keçirmək olar. Hər halda, Mərakeş millisinin futbolçuları İspaniya, Hollandiya və Fransa futbol məktəblərinin yetirmələridir, amma hamısı ərəb mənşəlidir.
Fransa millisi isə fransız-afrikalı kokteylindən ibarətdir:
Olivye Jiru –fransız;
Hugo Lloris – fransız;
Antuan Qrizmann – fransız baskı;
Adruen Rabyo – fransız;
Teo Ernandes- fransız;
Kilian Mbappe – atası kamerunlu, anası əlcəzairli;
Orelyen Tçuameni – kamerunlu;
Usman Dembele – Seneqal-Mavritaniya mənşəli;
Dayo Upamekano – qvineyalı;
Rafael Varan – martinikili (Karib adaları);
Jül Künde – beninli.
Əsas heyətin 55%-ni Afrika mənşəli Fransa vətəndaşları təşkil edir. 23 nəfərlik heyətdə isə bu nisbət 66%-dir və ya 15 nəfər qeyri-fransızdır.
Çərşənbə axşamı günü keçirələcək yarımfinal isə ənənəvidir: avropalılar versus latinas.
Messiçilər hesab edirlər ki, son 15 ildə futbolun yükünü argentinalı daşıyıb və dünya futbolunun ona bir Kubok borcu var. Əksər ümid və təxminlərə görə, finalda Argentina Fransa ilə qarşılaşacaq. Messi Mbappe və kampaniyasının öhdəsindən gəlib karyerasını zirvədə bitirə, “Messi, yoxsa Maradona” polemikasına birdəfəlik nöqtə qoya biləcəkmi? Çətin sualdır.
Digər tərəfdən, Braziliyanı yasa batıran Modriçin komandası da bərk qozdur və xorvatların fransızlarla Moskvadanqalma haqq-hesabı var. Amma daha bir Fransa-Xorvatiya finalı çox boyat olar, elə bir ləzzət verməz...
© 2020 - Created by İLK XEBER.