MSŞA Koalisiyası Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edir

Koalisiya beynəlxalq qurumları Ermənistana və Qarabağda qanusuz fəaliyyət göstərən şirkətlərə qarşı müvafiq beynəlxalq hüquqi prosedurlar həyata keçirməyə səsləyir

Ictimai Birliklərin  “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqları ətrafında yaranmış vəziyyətlə bağlı Mövqe  Sənədi qəbul edib.

İlkxeber.org həmin sənədi olduğu kumu təqdim edir:

“MSŞA Koalisiyası dekabrın 3-ü və 7-də Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirməsi faktının ictimaiyyətdə yaratdığı  narahatlıgı bölüşür.

Azərbaycan hökmətinin öz ərazisində yerləşən  faydalı qazıntı yataqlarına, o cümlədən, Ağdərə ərazisində yerləşən mineral ehtiyyatlarla zəngin olan ərazilərə-Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına getmək  və bu ərazilərdə qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına yönəlik  tədbirlərin  müəyyənləşdirilməsi məqsədilə yerində baxış keçirmək üçün Rusiya “sülhməramlı” kontingentinin komandanlığından icazə almaq çabası və onların da bu qanuni tələbin yerinə yetiriməsinə şərait yaratmaq əvəzinə məsələni əsassız müzakirə predmetinə çevirməsi xüsusi narazılıq dogurur.

 Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkənin ən zəngin faydalı qazıntı yataqları uzun müddət işğal altında olmuş  Qarabag ərazilərində yerləşir. Bu ərazilərdə 150-dən çox müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, eləcə də, respublikanın iqtisadi potensialında mühüm rol oynaya bilən digər mineral ehtiyyatlarla zəngin yataqlar mövcuddur.  

 Bildirmək istərdik ki, bu günlər baş vermiş olaylarla ictimaiyyətin diqqətində olan  Ağdərə rayonun Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmanə yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton sink var. Dəmirli mis yatağının sənaye ehtiyatalrı isə 100 milyon ton təşkil edir. Həmin ərazilərdə, həmçinin, Canyataq-Gülyataq qızıl yatağı mövcud olub.

Araşdırmalar göstərir ki, 2012-ci il noyabr ayının sonunda Dəmirli (Kaşen) yatağında açıq mədənçilik işlərinə və 2013-cü il mayın 1-dən filiz istehsalına başlandıqdan sonra müntəzəm olaraq bu yataqlardan gündə 2 min ton həcmində filiz Drmbon dağ-mədən zavoduna aparılaraq emal edilirdi. Dəmirli  yataqından filiz emalının həcmini  nəzərə alaraq ermənilər Drmbon dağ-mədən zavodunda aparılan yenidənqurma işləri nəticəsində zavodun istehsal gücünü iki dəfə - 350 min tondan 700 min tona qədər çatdırmışdılar. Hazırda da Drmbon dağ-mədən zavodu ildə 600 min ton Kaşen filizi və 100 min ton Drmbon filizi emal edə bilir. Buradan əldə olunan gəlir qondarma respublikanın büdcəsinin 11-15 %-ni təşkil edirdi və eyni zamanda, hazırlanmış xammal Ermənistana daşınaraq onlara xeyli gəlir qazandırırdı. İşgaldan azad olunduqdan sonra da (Qarabağda rus sülhməramlıların yerləşməsinə baxmayaraq)  bu mədənlərdə qanunsuz fəaliyyətlərin davandırılmaması-  həm sərvətlərimizin talan olunması, həm də  hər gün ətraf mühitə minlərlə ton çirkləndirici maddələrin atılmasi ilə bağlı yayılan informasiyalar ictimaiyyətin narahatlığını daha da artırır.

Dövlətə və xalqa məxsus belə böyük ehtiyyatlara malik mineral yataqların qanunsuz olaraq Ermənistan tərəfindən talan edilməsi və üstəlik beynəlxalq konvensiyalara zidd olaraq bu yataqların istismarına  xarici şirkətlərin cəlb edilməsi ölkə əhalisini rahatsız etməyə bilməz və bununla əlaqədar olaraq MSŞA Koalisiyası zaman-zaman öz etirazını müxtəlif səviyyələrdə bildirib.

Eyni zamanda, MSŞA Koalisiyası Azərbaycanın bu sahədəki haqlı mövqeyinin beynəlxalq səviyyədə müzakirə müstəvisinə çıxarılma imkanlarının məhdudlaşdırılmasından da narahatdır. Belə ki, Azərbaycan höküməti  2017-ci ilin martında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü (MHŞT) tərk  etməsinə rəğmən, Ermənistan  həmin ildə bu mötəbər təşkilata qoşulmuşdur. Bununla da Azərbaycan hökuməti, yanlış olaraq, özünütəcrid yolunu seçərək ölkəmiz üçün vacib olan bir sıra məsələlərdə, xüsusilə, qiymətli metal yataqlarımızın ermənilər tərəfindən qanunsuz istismarının qarşısının alınması, xarici şirkətlərin ermənilər tərəfindən bu prosesə cəlb edilməsi və hasilat sənayesi ilə bağlı digər  mühüm məsələrin həllində MHŞT kimi nüfuzlu bir platformanın dəstəyindən özünü  məhrum etmişdir.  Halbuki, MHŞT-nin strategiyasındakı mədən hasilatı şirkətlərindən təbii sərvətlərin hasilatında yalnız ərazi üzrə beynəlxalq qurumların tanıdığı hüquqi idarəçiliyə malik dövlətlə müqavilə bağlamaq tələbinin olması da bu məsələdə Azərbaycanın mövqeyinin dəstəklənəcəyinə əsas yaradırdı.

Bildiririk ki, məsələ ilə əlaqədar MSŞA üzrə QHT Koalisiyası ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin səfirlikləri və beynəlxalq təşkkilatlar qarşısında bü məsləni daim qaldırmış və Ənənəvi Beynəlxalq Humanitar Hüququn[1], xüsusən də 1907-ci ildə qəbul edilmiş İV Haaqa Qaydalarının[2], 1949-cu ildə qəbul edilmiş İV Cenevrə Konvensiyasının işğalçı dövlət tərəfindən ciddi və davamlı şəkildə pozulmasını daim diqqətdə saxlamışdır və işğalçı dövlətin işğal edilmiş ərazilərdə təbii resurs qaynaqları kapitalını qorumaq öhdəliyi olmasını bəyan etmişdir[3].

Bir daha vurğulayırıq ki, işğala məruz qalmış, qanuni inzibati idarəçiliyi itirilən və hüquqi statusu hələ də naməlum qalmış ərazilər haqqında Cenevrə konvensiyasına əsasən, münaqişə nəticəsində uzun müddət işğal altında qalmış və faktiki statusu hələ də tam aydın olmayan ərazilərdə sirkətlərin  mədən hasilatı ilə məşğul olmaq qadağandır. İşğalçı dövlətin işğala məruz qalmış ərazinin hər hansı bir təbii resurs qaynağını və əmlakını öz iqtisadiyyatının xeyrinə istismar etmək üçün qanuni səlahiyyəti yoxdur.[4]

İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası ,  Azərbaycan hökumətinin Dəmirli və Qızılbulaq mədən yataqlarında monitorinq aparılmasını dəstəkləyir və  Rus “sülhməramlıları”nın yaratdığı maneəni dəf edə bilmək üçün bu sahədə peşəkarlaşmış Vətəndaş cəmiyyətinin imkanlarından  istifadə etməsini və onlarla aparılan  bu görüşlərdə MSŞA Koalisiyasının ekspertlərinin iştirakına şərait yaradılmasını tövsiyyə edir.

 MSŞA Koalisiyası  Dəmirli və Qızılbulaq yataqlarında hasilat işlərinin dərhal dayandırılmasını tələb edir və Vətəndaş Cəmiyyəti nümayəndələrinin də iştirakı ilə həmin yerlərdə təcili monitorinq aparması  və araşdırmadan sonra bu mədənlərin necə istismar olunması ilə bağlı beynəlxalq və yerli ictimaiyyətə məlumat verilməsinin vacibliyini vurğulayır.

MSŞA Koalisiyası, həmçinin, Azərbaycan hökümətini, Qarabağın işğaldan azad edilmiş digər ərazilərində yerləşən mineral yataqlar (Zəngilan rayonundakı Vejnəli,  Kəlbəcər rayonundaki Zod  və s.) üzrə bağlanmış müqavilə şərtlərini açıqlanmağa, bu yataqlarda da aparılan  istismar-istehsal fəaliyyətləri və  bunların ətraf mühitə olan təsirlərini müəyyənləşdirmək  üçün  Vətəndaş Cəmiyyəti təmsilçilərinin bu regionlara  səfərlərini təşkil etməyə və mineral yataqların yerləşdiyi ərazilərin real vəziyyətinin və görülmüş işlərin monitorinq-qiymətləndirməsini həyata keçirmək üçün müvafiq şəraitin yaradılmasına, MHŞT-yə üzv olmaq üçün yenidən müraciət etməyə, eləcə də, bu gün və gələcəkdə ehtimal olunan  problemlərin beynəlxalq ictimaiyyətə çatdırılması və zəruri  beynəlxalq dəstəyin alınmasında Vətəndaş Cəmiyyəti ilə real əməkdaşlıq etməyə çağırır.

MSŞA Koalisiyası, eləcə də,  Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadan  uzun illər boyunca  Azərbaycanın təbii sərvətlərini talan etməsinin və bu gün də bunu davam etdirməsinın beynəlxalq məsuliyyətlə nəticələnməli olduğuna diqqət çəkərək  beynəlxalq qurumları - hökumətlərarası təşkilatları, beynəlxalq insan hüquq və azadlıqları təşkilatlarını, eləcə də MSŞT  üzrə Beynəlxalq Katibliyi, Beynəlxalq “Ödədiyini Açıqla”  Hərəkatını   məsələnin hüquqi tərəflərini diqqətə alaraq  Ermənistana  və Qarabağda  qanusuz fəaliyyət göstərmiş və hazırda da orda fəaliyyət göstərən şirkətlərə qarşı müvafiq beynəlxalq hüquqi prosedurlar həyata keçirməyə səsləyir”.

[1] https://ihl-databases.icrc.org/ihl/WebART/195-200065

[3] M. Bothe, “The Administration of Occupied Territory”, in A. Clapham et al (eds.), The 1949 Geneva Conventions: A Commentary (Oxford University Press, 2015), chap 69.

[4] I. Scobbie, “Natural Resources and Belligerent Occupation”, in S. Akram et al (eds.) International Law and the Israeli-Palestinian Conflict (London: Routledge, 2011), chap. 8.