Vladivostokda Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamaları Moskva və əsas da Avropa İttifaqının vasitəçiliyi ilə aparılan sülh danışıqlarna İrəvanın gerçək münasibətini ortaya qoydu. Paşinyan açıq şəkildə bəyan etdi ki, Minsk qrupunun fəaliyyəti bərpa olunmalıdır, Qarabağ münaqişəsi həll olunmayıb, tərəflər 31 avqust Brüssel görüşündə əsas məsələllər üzrə razılıq əldə edə bilməyiblər, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı məsələlər Azərbaycanın daxili işi ola bilməz.
Paşinyan qəti şəkildə bəyan etdi ki, sülhün əldə olunması ilə bağlı İrəvan və Bakının fərqli baxışları yanaşması var. Bu açıqlamalar Bakının son iki ildə bütün gücü və imkanları ilə zərrə-zərrə ərsəyə gətirdiyi, aktuallaşdırdığı, Moskva, Brüssel, hətta İranla az-çox razılaşdıra bildiyi sülh gündəliyinin üstündən xətt çəkmək idi. Rəsmi Bakı Paşinyanın növbəti dəfə razılaşmalardan boyun qaçırmasına mümkün olduğu qədər təmkinlə yanaşmağa çalışdı. Paşinyanın Vladivostokda diplomatik həmləsi nəhayət sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə davam etdi.
Bakının bu təxribatlara başqa cür cavab vermək seçimi var idimi?
Son 30 illik təcrübəmiz göstərir ki, yox, bir daha yox. Əgər bu cür qətiyyətli cavab verilməsəydi, bu Paşinyanın Vladivostokda irəli sürdüyü yeni şərtləri qəbul etmək, yenidən mənasız və illərlə uzanacaq danışıqlara razılıq vermək anlamına gəlirdi.
Azərbaycanın qətiyyətli cavabı yenidən Bakının ədalətli sülüh gündəliyinə qayıdılması üçün yeganə çıxış yolu idi. Ermənilərlə yalnız onların anladığı dildən danışmaqla sülhə məcbur etmək olar. Digər bütün şərtlər bu prinsipə tabedir. ABŞ, Qərb ölkələri və s mövqeyi isə bəllidir. Onların əsas niyyəti Paşinyanı qorumaqdır, sülh sazişinin imzalanmasının uzanması bütün regiona təsir etmək imkanını saxlayır. Onların da baza prinsipi budur. Bütün yanaşma bu prinsipdən doğur və dəyişməyəcək.
Azərbaycan Ordusunun Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirləri Bakı üçün böyük strateji üstünlük yaradıb. İrəvan – Gorus yolu və Ermənistanın cənubu ilə şimalını birləşdirən hər iki yola ordumuzun atəş nəzarəti təmin olunub. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Dövlət sərhəddində Ermənistanın hərbi potensialı böyük ölçüdə sırdan çıxarılıb. Bu Paşinyan komandası, bütövlükdə Ermənistan siyasi istebleşmenti üçün ciddi xəbərdarlıqdır. Əldə edilmiş mövqelər və yeni atəş nöqtələri Ermənistanın ölkəmizdə qarşı hər hansı hərbi planlarını həyata keçirmək imkanlarını çox məhdudlaşdırır.
Azərbaycanın üzləşdiyi riskləri də tez-tez qeyd edirlər, bu daha çox ölkəmizin beynəlxalq aləmdə təzyiqə məruz qala biləcəyi ilə bağlı iddialardır. Qısa müddər üçün əlbəttə erməni təbliğatı maksimum ölkəmizə qarşı ictimai rəy yaratmağa çalışacaq. Lakin 30 ildə Ermənistan 20% ərazimizi işğalda saxaldı, daha İrəvanı pisləməyən təşkilat qalmadı, sonda yenə qan tökərək azad etdik. Azərbaycan Cənub Qafqazın kilid ölkəsi, Şərqin qapısı və Şimalla-Cənub birləşidrən əsas məkanlardan biridir, bu cür əhəmiyyətli parametrlərə malik ölkəni heç bür qüvvə narazı salmaq istəməz.
Zaur İBRAHİMLİ
Siyasi icmalçı
© 2020 - Created by İLK XEBER.