Avropada Rusiya kabusunun reinkarnasiyası: Qərb Ukraynaya xəyanət edir? (TƏHLİL)

Azər Rəşidoğlu

"Avropada bir kabus dolaşmaqdadır - kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: Papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşiblər”. 

Kommunist Partiyasının Manifesti bu sözlərlə başlayır. Son günlər Avropa paytaxtlarında cərəyan edən proseslər Rusiya kabusunun reinkarnasiyadan xəbər verir.

Çexiya və Almaniya Ukraynaya xəyanət edir

Çexiyanın paytaxtı Praqada 70 mindən çox nümayişçi artan enerji qiymətlərinə və Rusiya-Ukrayna müharibəsində hökumətin birtərəfli münasibətinə etiraz edib. Nümayişçilər yüksək enerji qiymətləri səbəbindən hökuməti istefaya çağırıb, çex xalqına və iqtisadiyyatına zərər vurduğu üçün Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının ləğv olunmasını və Çexiyanın neytrallığını tələb ediblər.

Bənzər aksiyanın Almaniyanın Köln şəhərində də getdiyi bildirilir. Prosesin bu vəziyyətə çatacağı müəyyən qədər gözlənilən idi. Aydın məsələdir ki, keçirilən aksiyalar Kremlin maraqlarına cavab verir. Ukrayna savaşının həlledici məqamında Avropanın iki aparıcı ölkəsinin tutduğu mövqe xəyanət kimi dəyərləndirilə bilərdi. Lakin "xəyanət”, "sədaqət”, "vicdan” və s. kimi epitetlər ölkələrə şamil edilə bilməz. 

Ölkələrin insanlar kimi vicdanı olmur. Ölkələrin yalnız marağı olur. Odur ki, əsas sual vicdan axtarışı ilə bağlı deyil. Vaxtilə Almaniyanı parçalayan, ölkənin böyük bir ərazisini işğal və idarə edən Rusiyaya alman sevgisi nədən qaynaqlanır? Bəs, dəfələrlə Rusiya işğalına məruz qalan, parçalanan Çexiyada əsən şimal küləyinin səbəbi nədir?

Uşaq ölümü sadəcə statistikadır

Ukrayna böhranı başlayan andan anqlosaksonlar (Vaşinqton və London) savaşın dərinləşməsində maraqlı olduqlarını nümayiş etdiridlər. Savaş Ukraynanı xarabalığa çevirdiyi kimi, Rusiyanı da çökdürür və Kremlin zəifləməsi Vaşinqton və Londonun maraqlarına cavab verir. Lakin müasir geosiyasətdə ABŞ-Avropa qarşıdurması daha da dərinləşir. 

"Vahid Avropa ailəsi” barədə deyilənlər bir nağıldır. Ölkələrin maraqları müxtəlifdir və hazırkı durumda "rus təhlükəsi” heç də bütün Avropanı birləşdirən amil deyil. Bir çox Avropa ölkələri üçün əsas təhlükə Rusiyadan deyil, Çin və İrandan gəlir. İranın Yaxın Şərqdə dominantlıq layihəsi, Çinin Mərkəzi Asiyada hegemonluq cəhdləri Avropa ölkələrinin baxış bucaqlarını da dəyişir. Şübhəsiz ki, demokratik Avropa Rusiyanın Ukraynanı işğal edib, dinc əhalisini qırmasını lənətləyir. Lakin yenə də nəzərə alsaq ki, böyük ölkələrin vicdanı yox, maraqları olur, dolayısı ilə olsa da, Rusiyanın müdafiəsinə yönələn aksiya təşkilatçılarının baxış bucağını müəyyən etmək mümkündür - "Rusiya problemdir, özü də böyük problemdir, amma bu mənim problemim deyil”. 

Qarşıdan gələn soyuq qış millətçi iqtidarlar üçün ağır sınaqdır. İnsanlar geosiyasət oynayandan sonra isti ocaqlarına qayıdıb, rahatlıq tapmaq və Ukraynadakı qətliamı telekanallardan izləyib, başlarını bulamaq, siqar çəkib, viski içib, gedib isti yataqlarında dincəlmək istəyirlər. 

Ukraynada uşaqların qətlə yetirilməsi onlar üçün sadəcə olaraq statistikadır, mənzil soyuq olanda strategiya barədə düşünmək də çətinləşir və qəzəb hədəfi Kremlə deyil, "bacarıqsız iqtidar”lara yönəlir. Bu, acı reallıqdır və heç bir pafos bu reallığı dəyişmək gücündə deyil.

Deyingən qarıya çevrilən avropalı

Avropa vətəndaşları Rusiyanı pisləyir. Onları işğalçı adlandırır. Dostoyevskini oxumaqdan imtina edir, lakin deyingən qarıya çevrilən orta statistik avropalı ABŞ-ın "təkqtüblü dünya ambisiyası” ucbatından özünün əziyyət çəkməsi ilə barışmaq istəmir. 

Avropa enerji böhranı və Ukraynada münaqişənin inkişafı nəticəsində yaranan kəskin qiymət artımı ilə ciddi problemlər yaradır. Hökm sürən siyasi və sosial qeyri-sabitlik iqtidarların vida nəğməsi oxuması ilə sonuclanır. Avropa seçicisi öz vətəndaşını Rusiya-ABŞ qarşıdurmasına qurban vermək istəmir.

Praqmatik maraqlar nə deyir?

Rusiyanın Ukraynada törətdiyi cinayətlər barədə yəqin ki, saysız hesabsız filmlər çəkiləcək, əsərlər yazılacaq. Lakin siyasət maraqlar uğrunda savaşdır. Avropa üçün Rusiya böyük qonşu, Çin isə ən mühüm satış bazarıdır. ABŞ Çini də küncə sıxışdırmaq istəyir. Lakin Avropa Vaşinqtonun maraqlarına görə Rusiya və Çinə qarşı vahid cəbhə yaratmaq fikrində deyil. Ekspertlər əmindirlər ki, Avropa Vaşinqtonla müttəfiqlik münasibətlərini qorumaq naminə öz maraqlarını qurban verməyəcək. Amerikanın Çin və Rusiya təhdidləri ilə bağlı təbliğatı çətin ki, uğurlu olsun. Vaşinqton Moskva və Pekinə nə qədər düşmən kimi baxırsa və vahid cəbhədən danışırsa, Avropa ölkələrini öz bayrağı altında birləşdirə bilmir. Strateji konsolidasiya real görünmür. Məntiqi nəticə 21 fevral 2022-ci il müqaviləsinin hazırlanmasında Fransa və Almaniya ilə birlikdə mühüm rol oynayan Polşanın "Avropa xoru”nu tərk etməsi Kremlə uzanan barışıq əli idi. Polşa artıq öz oyununu oynamaq istəyir. 

Avropalı müttəfiqlərini birləşdirən ABŞ müxtəlif gündəmlər arasında aktiv manevrlər edir. Rusiya ilə iqtisadi əlaqələrin pozulması dinamikası transatlantik müttəfiqlərin Moskva ilə sərt qarşıdurmaya fərqli yanaşdığını nümayiş etdirdi. Aİ ölkələri Rusiya ilə iqtisadi əlaqələrin qorunmasında, xüsusilə enerji sahəsində əməkdaşlıq seqmentində daha çox maraqlıdırlar. Odur ki, Aİ-nin ayrı-ayrı üzvləri Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazır olmadıqlarını açıq dilə gətirdilər. Rusiya ilə ticarət-iqtisadi münasibətlərin saxlanmasında daha az maraqlı olan Vaşinqtonun faktiki olaraq təkləndiyi üzə çxır. 

ABŞ siyasətinin "xaç atası” Kissincer də reallığı dərk edir və odur ki, 24 fevral 2022-ci il öncəsinə qayıtmağı, Kiyev və Moskvanı barışmağa dəvət edir. Yəni, Kiyev Krım və Donbasdan imtina etməli, Avropa üçün parçalayıcı rol oynamamalıdır. Sual yaranır: Bəs, on minlərlə günahsız insanın ölümü, dağıdılmış şəhərlər necə olsun? Yuxarıda acı reallığın cavbını söylədik - bütün bunlar bir statistikadır.

Ukrayna savaşı və enerji böhranı

Aİ-nin Rusiya qaz idxalından asılılığını azaltmaq mümkün olmadıqca Avropa ailəsinin Rusiya qarşı açıq savaş açacağını düşünmək də reallıq hissini itirməkdir. Aİ və ABŞ-ı ən çox narahat edən məsələ Avropanın mürəkkəb və kapital tutumlu infrastruktur tələb edən təbii qaz təchizatının Moskvadan asılılığıdır. 

Amerikanın Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində iştirakı real deyil, daha çox arzuolunan amil olaraq qalır. Rusiyanın enerji təchizatından (məsələn, Polşa kimi) tam asılı olan güclü ölkələr fərqli gedişlər etmək zorundadırlar.

Ayazlı, şaxtalı bir qış axşamı...

Qarşıdan soyuq qış gəlir. Avropa qışa hazır deyil. Avropanın qaz anbarları demək olar ki, boşalmaq üzrədir. Hazırda Avropa anbarlarında toplanmış qaz ehtiyatı xeyli dərəcədə azalıb. Amerikalılar bundan istifadə etmək qərarına gələrək, Avropaya çoxlu sıxılmış qaz təklif ediblər. Lakin Avropa ölkələrinə okeanın o tayından gələn enerji ehtiyatlarına pul xərcləmək praqmatik maraqlara cavab vermir. 

Avropada qazın qiyməti fantastik dərəcədə artıb. Qiymətlər 300 dollarlıq həddi keçib. Halbuki "Qazprom"un büdcəsində qazın qiyməti 170 dollar nəzərdə tutulub. Düzdür, Avropa İttifaqı ölkələrinə qaz Norveç, Qətər, Əlcəzair, ABŞ və Nigeriyadan da tədarük olunur. Lakin almanlar və ingilislər rus qazını "Şimal axını" vasitəsilə alırlar. Başqa alternativ variant hələlik mövcud deyil. 

Əlbəttə, sıxılmış təbii qaza da keçmək olar, lakin bu yanacaq növü bahadır. Bundan əlavə, onun üçün xüsusi terminallar olmalıdır. Almaniyada isə bu tipli saxlanclar son zamanlar yaradlmağa başlayıb. Həm də sıxılmış qaz Almaniyaya Belçika və Niderland ərazisi ilə çatdırılır. İtaliya və Böyük Britaniyada bu tipli terminallar mövcuddur, lakin onlar da boru kəməri ilə nəql olunan qazdan imtina etməyə tələsmirlər. 

Keçmişə doğru addımlamaq

Avropa İttifaqında rus qazının rəqiblərinin sayı çoxdur: Çexiya, Polşa, Macarıstan, Slovakiya, Rumıniya, Xorvatiya. Onlar qaz tranziti ölkələridir və xeyli vəsait qazanırlar. Yeri gəlmişkən, Varşava 2022-ci ildə rus qazı olmadan dolanacağını bəyan etmişdi. Belə ki, polşalılar Şimal dənizində Norveç şelfinə doğru inşa olunan "Baltic Pipe" boru kəmərinə ümid bəsləyirdilər. Onların tədarük edəcəyi qazın qalanı isə okeanın o tayından nəql olunacaq sıxılmış qazdır. Lakin Polşa da, digər Avropa ölkələri kimi bahalı qaz almağa meylli olmadığını bəyan etməli oldu. Ən azından buna biznes maraqları imkan vermirdi.

Vəziyyət dalana dirənib. Sanki çıxış yolu Kiyev - Moskva danışıqlarından keçir. 

Bir sözlə, Avropa 24 fevral 2022-ci ilə qayıtmaq istəyir. ABŞ siyasətinin "qoca tülküsü” Henri Kissincer də bunu təklif etmişdi. Lakin... problem elə keçmişə səyahətdən başlaya bilər. Əgər Putin bu savaşdan simasını qorumaqla xilas ola bilsə, Kremlin imperiyaçı iddiaları da artacaq. İlk təhlükə zonası isə MDB məkanı, o cümlədən Azərbaycan olacaq...

Qaynarinfo.az