QİBTƏ və HƏSƏD

 Mirtacir Xurşidov

İnsan şəxsiyyətinin ən xarakterik xislətləri sırasında QİBTƏ və HƏSƏD çox önəmli, qabarıq mövqeyə malikdir... Fitrətən, insanın qanı, geni ilə onun ruhuna aşılanan bu keyfiyyətlər bəllidir ki, insanın onu əhatə edən kütlə, cəmiyyət arasında bir şəxsiyyət kimi hansı mövqeyə malik olmasını, dəyərini müəyyən edir...

Bu keyfiyyətlər həm də görünməyən, daxili-ruhi keyfiyyətlərdir ki, mənəviyyat deyilən bir fəzilətin sükanı onların əllərindədir...Ya hörmət qazandırar, ya da nifrət gətirər... üz qaraldar...

İslam əxlaqında miyanə, düzgün qibtə FƏZİLƏT, həsəd, paxıllıq isə rəzalət sayılır...

 

QİBTƏ...

 

Əgər insan başqa birisində olan nemətin, yaxud hər hansı bir humanist keyfiyyətin özündə də olmasını arzulayırsa, həmin insana qarşı pis niyyəti yoxdursa, bu, QİBTƏ adlanır...

Yaxşı mənada qibtə etmək ınsanı mübariz olmağa, işgüzarlığa, fəallığa cəlb edir ki, bu da istər ailədə, istərsə də iri sosial qruplarda yalnız rəğbət doğurur...

Məsumlardan İMAM SADİQ (ə.) buyurub: "Mömin şəxs qibtə edər, həsəd aparmaz..."

Qibtəni xarakterizə edən ən ğözəl missiyalardan biri el yolunda, şəhid ailələri naminə, yardıma ehtiyacı olan kasıb zümrəyə əl tutmaqda bir-biri ilə bəhsə girmələridir... Əlbəttə, burda da qəlbləri kibrdən, riyadan qorumaq gərəkdir ki, əməllər batilliyə yuvarlanmasın, ALLAH xatirinə olsun...

 

HƏSƏD...

 

Şəxsiyyətin, mənəviyyatın ən dəhşətli, sağalmaz yarası...

RUHUN ÖLÜM NÖQTƏSİ... Heçliyə, boşluğa yuvarlanması... İnsanı hər yerdə, hər zaman cılızlaşdıran, dəyərdən salan, cəmiyyət içərisində urvatsız, hörmətsiz edən çirkli, irinli, bəd qoxulu, üfunətli bir mənəviyyat yarası...

Bu iyrənc xislətin cürbəcür növləri mövcuddur...

Həsud, yəni həsəd aparan şəxs başqasının sərvət, nemət sahibi olmasını, yüksək məqama çatmasını istəmir, onun var-dövlətinin məhv olmasını arzulayır, yaxud, onun sərvətinin öz əlinə keçməsini istəyir...

Həsud şəxs başqasında gördüyü sərvətin, və ya fərasətin özündə olmayacağına əmin olduğundan, çalışır ki, hansı yolnan olur-olsun, ona özü bir ziyan yetirsin... Satqınlığa, mərdimazarlığa qurşanır, özünü insanlıqdan uzaq hər cildə salır...

Həsud, paxıl şəxs hər hansı bir toplum, yığıncaq, adi yoldaşlıq görüşlərində belə, "içinin qurd unu" büruzə verir; yəni kiminsə orada öz ürək sözünü deməyə, müəyyən məsələ bağlı öz fikrini söyləməsinə paxıllığı tutur, ona imkan vermir, özünü hamıdan müdrik, ağıllı, zirək, nüfuzlu birisi kimi ğözlərə soxmaq istəyir...

Göründüyü kimi, burada attıq kibr, riya, eqoizm kimi əsl ŞEYTANİ XİSlƏTLƏR də onun xarakterində özünü büruzə vermiş olur...

Həsud məxluq (əslində elə məxluqdan başqa ada layiq deyil) özündə hər bir nemət olduğu halda, başqasında həmin nemətlərin olmasına dözə bilmir, fitrətən şeytani xisləti buna yol vermir, onun özünün, varidatının məhv olmasını arzulayır, başqasının kiçik bir uğuru onun üçün yasa, müsibətə çevrilir, yuxusu ərşə çəkilir, bəzən paxıllığın xəbisliyin şiddətindən xəstəliyə mübtəla olur... Hətta, paxıllıq etdiyi adamın məhvi naminə özünün də müəyyən əzasının şikəst olmasına daxilən razı olur... Bu, ən DƏHŞƏTLİ, sağalmaz həsəd xəstəliyi olan MƏXLUQLARDIR... Belələri geni, nütfəsi ilə, bütün bioloji-fiziki varlığı ilə sanki, şeytanla əlbir, dilbirdir...

Onun bütün əməlləri maskalı, təvazödən, ixlasdan kənar, ŞEYTANIN DİKTƏSİ ilə həyata keçmiş olur...

Belə adamlar cəmiyyət üçün çox təhlükəlidirlər...

Belələri ağacda öz görünüşü ilə ğöz oxşayan,"ğəl-ğəl" deyən əlvan rəngli nar timsallıdırlar... Amma dərib içərisinə baxdıqda... büllur dənələr əvəzinə... iyrənc qurdların, çirkabın "səltənəti" ilə qarşılaşırsan...

Həsədli, paxıl MƏXLUQLAR həyatın hər bir sahəsində - mədəniyyət və ədəbiyyatda, şair-nasir aləmində, siyasətdə... peyda ola bilir...

Zamanımızın MƏNƏVİ XƏRÇƏNGinə çevrilən bu bəladan xilas olmaqda "pasiyentlərə" ALLAH kömək olsun!

İslam PEYĞƏMBƏRİ buyurub: "Bir-birinizə paxıllıq etməyin, ey Allah bəndələri qardaş olun"!

Allah sizləri, bizləri, hamımızı həsud, paxlı məxluqların şərindən, hər cür xəstəlik və bəlalardan hifz eləsin, İNŞALLAH! AMİN!..