“Qarabağ”la birgə Marselə “Bayraqdar” göndərməli...

Dövlətin müvafiq strukturları, ilk növbədə AFFA gərəkir ki, fevralın 17-də keçiriləcək oyunda “Qarabağ”klubuna hər cür mənəvi dəstək versin

 

Fevralın 17-də “Qarabağ” səfərdə Fransanın “Olimpik- Marsel”i  ilə qarşılaşacaq. Vaysınlamaqdan çox keçib, ötən ilin dekabrında UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü "Qarabağ"ı potensial rəqibləri arasında bəlkə də ən çətin komanda ilə - “Marsel”ə dəng gətirdi. “Qarabağ”ın təmsil etdiyi region kimi bir az da bəxt sarıdan üzü gülmür, çətinlik harada olsa, onu axtarıb tapır. Narahatlıq təkcə rəqibin gücündən, onun Avropanın ən yaxşı 5 çempionatından birində liderlər sırasında (hazırda 2-ci pillədə qərarlaşıb) olmasından getmir. Məsələnin qəlizliyi həm Marseldə, həm də “Qarabağ”dadır.

Sanki bir qəsd idi bu “Marsel”in bizə rəqib olması. İlanın yarpızdan, Azərbaycanın isə yumşaq desək, ermənidən zəhləsi gedir. Ermənilər də bizi harada olursa-olsun rəqib kimi görməkdən məmnun deyillər. Ermənilərlə hərb meydanında məsələni çözmüşük, baxmayaraq ki, hələ də tam ağıllanmayıblar. Qalır idman meydançaları ki, futbolda birbaşa onlarla qarşılaşmırıq, amma “Qarabağ” yaşıl meydanlarda-Lüksemburqda, Kiprdə ermənipərəstlərin təxribatları ilə rastlaşıb. “Qarabağ” isə bu dəfə ermənin “mətəsində” “Marsel”ə qarşı oynamalıdır. Oynamaq problem deyil, “Qarabağ”adlı-sanlı klublardan çəkinmir, layiqli müqavimət göstərir. Uduzması da problem deyil, rəqib 9 dəfə Fransa çempionluğunu qazanmış, 2017-2018 mövsümündə Avropa Liqasının finalında (“Atletiko”ya uduzub) oynamış klubdur. Lakin məlumdur ki, bu oyunla bağlı ən böyük narahatlıq Marseldə ermənilərin sıx məskunlaşmasıdır.  

Məlumatlara görə, liman-şəhərdə 100 mindən çox erməni yaşayır. Şəhərin idarəetməsində də əsas fiqurant məmurlar da ermənilərdir. Marsel erməni lobbisinin əsas mərkəzlərindəndir, təsadüfi deyil ki, bu şəhərdə 12 erməni kilsəsi fəaliyyət göstərir. Deyilənlərə görə, 44 günlük müharibədən sonra da Azərbaycanın işğaldan azad olunmuş rayonlarından da, Xankəndindən də Marselə köçənlər var. Əgər deyilənlər doğrudursa, fevralın 17-də stadionda əsas potensial təxribatçılar da onlar ola bilər. Ürəyinizdən keçəni mən deyim: “Qarabağ” özü ilə Fransaya “Bayraqdar” apara bilsəydi...

Fransadakı ilk matçın məhdud sayda azarkeşlə keçirilə biləcəyi haqda xəbərlər var. Buna səbəb Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq etdiyi  məhdudiyyətlərdir. Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin “Qarabağ”la oyunda qüvvədə olub-olmayacağı bilinmir...Bilinən odur ki, Bakıdan da Marselə gedənlər var, artıq biletlərini alıb səfərə çıxacaqları günü gözləyirlər. “Qarabağ” birbaşa Marselə gedəcək, amma azarkeşlər müxtəlif marşrutlar və ölkələr üzərindən... Məndə olan xəbərə görə, Avropanın bir sıra ölkələrindən də “Qarabağ”a dəstək üçün Marselə gedənlər çox olacaq.  

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son açıqlamasında Fransada mümkün təxribat məsələsinə toxunub: "İnanmıram, ciddi bir şey olsun. Bəlkə də bu şəhərdə təxribat daha çox gözlənilə bilər. Amma hər halda inanmıram ki, nə onların federasiyası, nə klub, nə UEFA belə bir şey üçün şərait yaratsın. Biz dəfələrlə belə hallarla rastlaşmışıq. Mənə elə gəlir ki, narahat olunası bir şey yoxdur. Klub rəhbərliyi danışıqlar aparır. Ümid edirəm ki, hər şey qaydasında olacaq. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. İstəyirik ki, onlara qarşı layiqli oyun oynayaq. Səfərə çəkinmədən gedirik".

fa7b497c-de42-3d79-8a4e-dc084279ad57_850.jpg (150 KB)

Marsel haqda daha nə demək olar? Ermənilər iddia edirlər ki, şəhəri  523-cü ildə qədim erməni tayfaları(?) salıb. Qondarma bir ad da tapıblar: Marsax...  

Prezident İlham Əliyev müharibənin davam etdiyi günlərdə-oktyabr ayının 4-də  “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində Fransanın tutduğu mövqeyi pisləmiş və bu məşhur fikirləri demişdi: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər...” Müharibədən sonra- dekabrın 1-də Laçının düşmən tapdağından azad edilməsi münasibətilə xalqa müraciətində də Prezident Əliyev yenidən Fransanın bu şəhərini belə yada salmışdı: “Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın...”

Ermənilər əlbəttə ki, bunlardan xəbərdardırlar. “Qarabağ”la oyunda da mütləq nəsə hoqqa çıxaracaqlar. O səbəbdən dövlətin müvafiq strukturları, ilk növbədə AFFA gərəkir ki, bu məsələdə diqqətli olsun, “Qarabağ”a hər cür mənəvi dəstəyi versin...

Uğurlar, “Qarabağ!” 

Nazim SABİROĞLU,
Musavat.com