Tanrıya və Tarixə Təşəkkür üçün Təqdimat və yaxud “Mirovoy Azərbaycanlı”

Aydın Canıyev

 
Daha çox hamının “Professor” kimi çağırdığı, müraciət etdiyi İlham Rəhimov azərbaycanlı düşüncəsində “RF prezidenti V.V.Putinin tələbə dostu” kimi assosiasiya olunur! Və bu fakt... daha çox litota mənbəyi kimi istifadə olunur – bizdə yaxşı olanımızı metaforayla dəyərləndirmək qabiliyyəti yoxdur axı! Mütləq “ironiya-kinayə-sarkazm, alternativ fikir, obyektiv dəyərləndirmə” şkalasından keçirmək lazımdır və bunu niyə edirlər, kimin üçün edirlər, hələ də anlamını bilən yoxdur! Daha doğrusu, niyəsini bilən varsa da, yenə də bilə-bilə edirlər: “KİM”əsə xoş olsun!
Həqiqətən obyektiv yanaşma prinsiplərinə əməl olunsaydı, adamlar artıq çoxdan anlamış olardı ki... İlham Rəhimov, sadəcə, professor, hüquq elmləri doktoru, xeyriyyəçi – xeyrixah insan, görkəmli alim ranqında-rütbəsində qalmayıb, O həm də “mirovoy” – bəşəri azərbaycanlı ucalığındadır!
Bu yazıda bir neçə faktı sadalamaqla çatdırmaq istəyirəm ki, İlham Rəhimov bizim Tanrıya və Tarixə Təşəkkür üçün Təqdimatını edə biləcəyimiz çox az azərbaycanlılarımızdan biridir: ilk növbədə İnsan kimi, Elm İnsanı kimi!
Azərbaycan siyasi və biznes, iqtisadi və hərbi kontingentinin bu sanbalda bəlkə də heç bir nümayəndəsi yoxdur, amma elmdə... hə! Yusif Məmmədəliyev, Lütfi Zadə, Rafiq Əliyev nə qədər bizim düşüncə-təfəkkür-dəyər üçbucağında fəxrimizdirsə, İlham Rəhimov bu gün tamamını etdiyi 71 yaşa o əyarda daxil olub!
Azərbaycan böyük və faydalı qlobal polemikalar ölkəsi deyil, cılız və məhəlli intriqa tayfası kimi daha çox cazibədardır!
Bu baxcımdan, istənilən sahədə biz yenilgən sayılırıq – bizi ya rəqib, ya da opponent kimi qəbul etmirlər birmənalı şəkildə! Amma çox yaxşı haldır ki, elm adına sələflərimiz böyük bir ənənənin təməlini qoyublar sələfləri üçün!
Riyaziyyat, fizika, kimya üzrə fədailərimiz kifayət qədər irəlilyiblər, ədəbiyyat axsayır, tibb irəli atılmaq istəyir, fəlsəfə cücərtiləri ümidləndirir!!!
Dünya(nın demokrastik dövlətləri və ya demokratiya adı altında gizli niyyəti olanlar) bu dəqiqə insan hüquq və azadlıqları prioritet sayır və bu mənada Azərbaycan hüquq elminin-alimlərinin düşüncəsi, təklif və tövsiyələri daha çox nəzərə çarpır!
İlham Rəhimovun həyat və yaradıcılığında hüquq elminin önəmi onun gəncliyindən verdiyi seçimindən bəlli!
Düzdür, belə ciddi imza üçün yazıda bu tərəfinə işıq salmaq bəlkə də məqsədəuyğun sayılmaz, amma deməmək də olmur? İlham Rəhimov nəfs adamı, şöhrət adamı deyil! SSRİ-də ən gənc elmlər doktoru olmuş bir insanın elə o zaman dövlət idarəetməsinə uyğun olaraq, ən gənc hkim, ən gənc prokuror, ən gənc polis rəisi və hətta ən gənc nazir olmaq şansları heç də az olmayıb! Bunun üçün Onun hər cür resursu – varlı Atasından tutmuş nüfuzlu elmi rəhbərinə, vəzifəli qohumlarına qədər hər kəsi və hər şeyi olub! Fəqət... İlham Rəhimov elmi seçib: elmlər namizdəi, elmlər doktoru, professor!
Niyyət və xislət saf olanda... mükfatını, sərvətini Tanrı özü düşünür, düzür-qoşur necə çatdırsın!
ElEMENTAR BİR AVTOBİOQRAFİK EKSKURS
edək həyat salnaməsinə: Rəhimov İlham Məmmədhəsən oğlu 14 yanvar 1951-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1970–1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975–1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır. Onun elmi rəhbəri Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının professoru, Rusiya Təhsil Nazirliyinin hüquq elmləri üzrə Baş Şurasının sədri Nikolay Aleksandroviç Belyayev (1923–2004) olmuşdur.
1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.
Hə, bu faktların üstündə “obıvatel” oxucu üçün İlham Rəhimov Rusiya miqyasında hüquq elminin uğurlu azərbaycanlısı qədərincədir!
Amma axı daha Rusiya yoxdur, Azərbaycanda da İlham Rəhimov direktoru olduğu İnstitutun Ədliyyə Nazirliyini rəhbərinə “mən sizinlə işləyə bilmərəm” yazıb ərizəsində işdən çıxıb və özü özü üçün bütün qapıları bağlayıb: dəyərlərini müdafiə etdiyi hüquqların pozulduğu ölkədə elmi yaradıcılığı hər cür təqdirə layiq olan bir insan elə göydən düşməmişdi axı o boyda ucalığa! Fikir verək:
Əmək fəaliyyətinə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi başlamış, uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləmişdir. 1982–1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik idarəsinin müdiri vəzifəsində işləmiş, Kollegiyanın üzvü olmuşdur. Həmin dövrdə İ.Rəhimov tərəfindən çoxlu sayda normativ aktlar, eləcə də qanunvericilik aktları üzrə nəticələr hazırlanmışdır. 1992–1996 illərdə Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya problemləri üzrə Elmi-tədqiqat institutunun direktoru vəzifəsində işləmişdir.
Bəzən ağıllı, müdrik, vicdanlı insan hiss edir ki, dfoğru olmayan yerdə, məqbul olmayan cəbhədə olmaqdansa, faydalı ola biləcəyi yeri tapmalıdır! İlham Rəhimov üçün istefa ərizəsi yazdığı o dönəmlərdə - 1996–2000-ci illərdə faydalı ola biləcəyi ən doğru və məqbul yer... müxtəlif ali məktəblərdə hüquq fənnindən dərs deməsi ola bilərdi ki, bunu da edib! Həm də... Ali Diplomatiya Kollecində (indiki Avrasiya Universitetində) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
Elmi yaradıcılığına gəldikdə isə... yenə də avtobioqrafik bilgilərə nəzər yetirək:
Cinayət və islah-əmək hüququ üzrə yüzə yaxın elmi məqalənin, eləcə də bir neçə məhkəmə və qanunvericiliyin fundamental problemlərinə həsr olunmuş monoqrafiyaların müəllifidir. Onun yaradıcılığında "İslah-əmək təsirinin nəzəri və praktiki problemləri" (Bakı, 1981), "Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" (Bakı, 1987), "Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri" (Bakı, 1998), "Cinayətkarlıq və cəza" (Moskva, 2012), "Cinayət və cəzanın fəlsəfəsi" (S.-Peterburq, 2013) kitabları mühüm yer tutur.
İ.M.Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" kitabı 2014-cü ildə Azərbaycan dilində (elmi redaktor: Sakit Hüseynov, tərcüməçilər: Aydın Əlizadə, Elsevər Səmədov) çap edilmişdir.
İ.M.Rəhimov 1992–1993 illərdə hazırlanmış məhkəmə sistemində islahatlar Konsepsiyasının ilk müəllifi olmuşdur. 1994-cü ildə isə cinayətkarlıqla mübarizə üzrə dövlət proqramını hazırlamışdır.
O, 18 aprel 2004-cü ildə Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki seçilmişdir. İlham Rəhimov bu akademiyanın akademiki adına layiq görülmüş ikinci azərbaycanlıdır.
“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 16-cı sayından jurnalın “Hüquq və Siyasi elmlər” üzrə redaksiya heyətinin üzvüdür.
Demək istədiyim, başlığa çıxardığım əsas fikir isə budur: hüquq elmlərfi doktoru, professor İlham Rəhimov 2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə 2-ci dərəcəli Böyük Pyotr ordeni ilə təltif olunub, (ilk azərbaycanlıdır ki, bu ordenə layiq görülüb), 27 avqust 2009-cu ildə Beynəlxalq Qara dəniz və Xəzər dənizi əməkdaşlıq və tərəfdaşlıq fondunun direktorlar Şurasının Fəxri üzvü seçilib, xalqların və dinlərin bir-birinə yaxınlaşması, eləcə də cəmiyyətin inkişafında xidmətlərinə görə Beynəlxalq fondun diplom və medalları ilə təltif edilib, Fondun ilk diplomu Azərbaycan alimi olaraq professor İ.Rəhimova verilib.
Azərbaycan Respublikasının əməkdar hüquqşünası İ.Rəhimov 2011-ci ildə Fransanın "Beynəlxalq İnsan hüquqları müdafiə komitəsinin" I dərəcəli (ali) "Aypara və ulduz" ordeni ilə təltif edilmiş və ona Beynəlxalq "Aypara və ulduz" ordeninin kavaleri fəxri adı verilmişdir.
Paris təltifindən sonra, professor İlham Rəhimov 2014-cü ilin fevral ayında mərkəzi ofisi Nyu-Yorkda yerləşən Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı adına layiq görülüb!
Növbədə İstanbulun etirafıdır: 9 mart 2014-cü ildə İstanbul şəhərində "Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondunun fəaliyyətinin inkişafına verdiyi xüsusi töhfəyə görə" mükafata layiq görülüb!
12 noyabr 2014-ci ildə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Bolqarıstan Elmlər Akademiyasının "Doktor Honoris Kauza" ali mükafatı təqdim olunmuşdur
İlham Rəhimov 2015-ci ildə demokratik cəmiyyət quruculuğu və hüquqi dövlət institutlarının inkişafındakı xidmətlərinə görə Femida ali hüquq mükafatına layıq görülüb.
19–21 yanvar 2016-cı ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası yaradılmış və bu qurumun rəhbəri seçilmişdir.
9 mart 2016-cı il tarixində Rusiya Federasiyası İstintaq Komitəsinin Akademiyasının Elmi Şurasının qərarı ilə İ.M.Rəhimov akademiyanın "Fəxri professoru" adına layiq görülmüşdür. Eyni zamanda O, Rusiya Vəkillər Gildiyasının "Vəkilliyin inkişafındakı xidmətlərinə görə" fərqlənmə nişanı ilə təltif edilmişdir.
Və... nəhayət: 13 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib!
Bütün bu etiraflar və dəyərləndirmələr ona görə olub ki, ortada sanballı elmi əsərləri olub!
İslah-əmək təsirinin nəzəri və praktiki problemləri (Bakı, 1981); Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi (Bakı, 1987); Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri (Bakı, 1998); Cinayətkarlıq və cəza (Moskva, 2012); Cinayət və cəzanın fəlsəfəsi (Sankt-Peterburq, 2013).
"Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" (Bakı, 1987) kitabında riyazi və statistik vasitələrdən istifadə edərək proqnozlaşdırma yolu ilə, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə nail olmağın mümkünlüyünü elmi faktlarla sübut etməyə cəhd göstərilmişdir. Kitabda fərdi məhkəmə proqnozlaşdırılmasının nəzəri və metodoloji əsaslarının yaranması və inkişaf problemləri geniş şəkildə araşdırılmışdır.
"Cinayətkarlıq və kibernetika" (Bakı, 1995) kitabında cinayətkarlıqla mübarizə üzrə kompleks elmi-tədqiqat proqramlarının yaradılmasının aktual problemlərinə həsr edilmiş bu kitab İ.M.Rəhimov tərəfindən E.H.Həsənov, Y.S.Abdullayev, İ.A.Cavadova ilə müştərək yazılmışdır.
"Zorakı və tamah xarakterli cinayətlərin krimonoloji analizi" (Bakı, 1996) kitabında 1987–1993 illər dövründə müxtəlif xarakterli cinayət işlərinin materialları əsasında yazılmışdır. Kitab İ.M.Rəhimov tərəfindən Y.S.Abdullayev, İ.A.Cavadova, S.V.Fomina, M.R.Kazımov ilə müştərək hazırlanmışdır.
"Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri" (Bakı, 1998; Bakı, 1999, ingilis dilində) kitabında cəzanın hüququ, onun anlayış və mahiyyəti araşdırılmışdır. Kitabda cəzanın obyektiv imkanları, məqsədi və səmərəliliyi şərh edilmiş, cəzanın təyin edilməsində etik kateqoriyaların əhəmiyyətinə diqqət yetirilmiş, cəzanın təyin edilməsinə təsir edən bir çox subyektiv amillər təhlil edilmişdir.
"Cinayətkarlıq və cəza" (rusca, Moskva, 2012; türkcə, İstanbul, 2014; azərbaycanca, Bakı, 2015) kitabında cinayətkarlığın təbiəti və səbəbləri araşdırılmış, cinayət cəzasının mahiyyəti, formaları və növləri şərh edilmiş, cinayət cəzasının təyinində ədalətin hüdudları göstərilmiş və onun gerçəkləşdirilməsi zamanı qanunçuluğun təmin edilməsində dövlətin rolu aydınlaşdırılmışdır. Kitabda cinayət cəzasının anlayış və mənasının tarixi aspektləri əhatəli şəkildə tədqiq olunur, bu məsələyə müxtəlif məktəb və mütəxəssislərin əsas yanaşmaları təhlil edilmişdir.
"Cinayət və cəzanın fəlsəfəsi" (Sankt-Peterburq, 2013; Bakı, 2014; İstanbul, 2014; London, 2015; Turin, 2015; Qüds, 2015; Sofiya, 2015; Pekin, 2016) kitabında cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilmişdir. Müəllif həmçinin cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın və cəzalandırmanın gələcək məsələləri haqqında öz fəlsəfi düşüncələrini kitabda şərh etmişdir.
"Cəzanın əxlaqiliyi haqqında" (Hamburq, 2017; Sankt-Peterburq, 2016; London, 2016; Roma, 2016) kitabında bildirilir ki, hüquq elmi cəzanı yalnız formal cəhətdən müəyyənləşdirməkdən başqa bir şeyə qadir deyildir. Bu fenomenin mahiyyəti haqqında fəlsəfi araşdırma isə onun əxlaqi tərəfinə müdaxiləyə cəhd etməyə, kateqoriyaların fəlsəfi fikir əsasında işlənib hazırlanmasına imkan verir.
"Ölməz ölüm cəzası" (Sankt-Peterburq, 2017) kitabı rusca çap edilmişdir. Müəllifin bu əsərini "Cinayət və cəzanın fəlsəfəsi", "Cəzanın əxlaqiliyi haqqında" əsərlərinin davamı kimi qiymətləndirmək olar. Əvvəlki əsərlərdə cəzanın, o cümlədən ölüm hökmünün fəlsəfi mahiyyəti araşdırılırdısa da bu əsərdə müəllif problemə tarixi, dini, fəlsəfi, sosioloji və psixoloji aspektlərdən yanaşmışdır. Ölüm hökmü haqqında mülahizə yürütmək isə oxucunun öz öhdəsinə buraxılmışdır. Bu kitab 2018-ci ildə azərbaycan, alman və ingilis dillərində də nəşr edilmişdir.
"Müasir mərhələdə Rusiyada və dünyada terrorizm" kitabı ("Терроризм в России и мире на современном этапе") Rusiyanın Sankt-Peterburq şəhərində "Hüquq mərkəzi" ("Юридический центр") nəşriyyatı tərəfindən rus dilində nəşr edilmişdir. Kitabın həmmüəllifləri – hüquq elmləri doktoru, professor Y.V.Qolik, hüquq elmləri doktoru, professor A.İ.Korobeyev və hüquq elmləri doktoru, professor D.V.Lobaçdır. Bu kitab müasir dövrdə Rusiyada və dünyada terrorçuluq, ümumi kriminoloji situasiya və bu kimi proseslərə həm siyasi, həm də hüquqi cavab tədbirlərinin hazırlanması haqqında analitik məruzədən ibarətdir.
"Qlobal transformasiyalar dövründə müasir dövlətçilik” kitabı 2019-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Akademiya-hüquq mərkəzi" nəşriyyatında rus dilində çap edilmişdir. Kitabın həmmüəllifləri S.N.Baburin, Y.V.Qolik, Y.İ.Duk, A.İ. Korobeyevdir. Bu kitabda qeyd edilmişdir ki, bizim və əcdadlarımızın yaşadıqları dövlətlər artıq keçmişdə qalmaqdadır. Bunun yerinə isə yeni dünyadüzəni və bu qaydalara uyğun münasibətlər gəlməkdədir. Xalqların rifahı naminə bu şəraitə uyğunlaşmaq müasir dövlətçiliyin qarşısında duran zəruri tələblərdən biridir.
"Din və cəza" kitabı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rus dilində çap edilmişdir. 2021-ci ildə kitabın azərbaycanca tərcüməsi Bakıda, ingiliscə tərcüməsi isə Londonda çapdan çıxmışdır. Əsərdə dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılmışdır. Müəllif dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışlarını araşdırmışdır.
Özümü siyasi-bədii publisitikanın nümayəndəsi sayaraq, bu faktoloji təqdimatlara əl atmadan da İlham Rəhimovun ictimai-siyasi, elmi fəaliyyətini təəssürat və duyğu sömürüsü üstündə yaza bilərdim. Dəfələrlə haqqında yazdığım İlham Rəhimovdan bu dəfəki ad günündə yazmazdan öncə ilk sualı özümə verdim: biz İlham Rəhimovu olduğu kimi tanıyırıqmı, Onun haqqında xoş zənn etdiyimiz fikirləri söyləyəndə doğrudanmımı layiqincə qiymətləndiririk? Şəxsən mənim üçün İlham Rəhimov həmişə diqqət mərkəzindədir, amma axı diqqət mərkəzində olmadığı nə qədər insanımız var, onlar “İlham Rəhimov kimdir” sualı veriləndə niyə elə o düşüncədə olsunlar ki, “RF prezidenti V.V.Putinin tələbə dostudur”, bəs axı Onun yüzlərlə elmi əsərlərinin adını niyə bilməsinlər, minlərlə azərbaycanlı üçün Azərbaycanda, milyonlarla azərbaycanlı üçün Rusiyada, bütövlükdə Azərbaycan üçün dünyada elmi töhfələri niyə sadalanmasın informasiya saxlanclarında!
Hesab edirəm ki, hüquq elmləri doktoru, PROFESSOR Ilham Rəhimov haqqında düşünərkən, kimdir o sualı veriləndə, qısa və konkret deməyə bu fikir yetərlidir yazıda sadalanan faktlara görə:
İlham Rəhimov bizim Tanrıya və Tarixə Təşəkkür üçün Təqdimata verə biləcəyimiz çox az İnsan-İmzamızdır!
Təbriklər, Professor!