Təhsilə həsr olunmuş ömür: Faiq Şahbazlı - 70

Bu gün Azərbaycan təhsilinin parlaq simalarından biri, Azərbaycanın qabaqcıl təhsil işçisi, Əməkdar müəllim, filologiya  üzrə fəlsəfə doktoru, ADNSU-nun nəzdindəki Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı 70 illik yubileyini qeyd edir. Bu münasibətlə Faiq müəllimi səmimiyyətlə təbrik edir, ona uzun ömür, xoşbəxtlik, cansağlığı, elmi və pedaqoji fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayıram.
Faiq müəllim uzun illər boyu həm müəllim, həm pedaqoq, həm də rəhbər kimi təhsil sahəsindəki zəngin təcrübəsi və fəaliyyəti ilə bir çox uğurlara imza atmış, Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşməsinə əhəmiyyətli töhfələr vermişdir.
Faiq müəllim dərin biliyi və çoxillik təcrübəsi sayəsində çoxsaylı tələbələr yetişdirmişdir. Onun rəhbərliyi altında olan kollecdə təhsil alan tələbələr yalnız elmi biliklərə deyil, həm də həyat təcrübəsinə və peşəkar bacarıqlara yiyələnməklə öz sahələrində uğurlar əldə etmişlər. Xüsusilə diqqətə layiqdir ki, Faiq müəllim, tələbələriniə təkcə savad, bilik verməklə kifayətlənmir, həm də müsbət xarakter və dəyərlərlə yetişməsinə çalışır.
Yuxarıda qeyd etdiyim kimi Faiq müəllim həm də təcrübəli təşkilatçıdır. ADNSU-nun nəzdindəki Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsində çalışdığı müddətdə təhsil sahəsindəki yenilikləri davamlı şəkildə rəhbərlik etdiyi təhsil müəssisəsinə tətbiq etməyə çalışır. Bu yeniliklərin nəticəsində kollecdə təhsilin keyfiyyəti daha da yüksəlmiş, müasir tədris metodları tətbiq olunmuş və tələbələrin təcrübə qazanmaq imkanları genişlənmişdir. Eyni zamanda, kollecdə təşkil olunan bir çox elmi konfranslar, seminarlarla yanaşı, yenilikçi layihələrin və proqramların nəticəsində təhsilin keyfiyyəti xeyli yüksəlmişdir.
Faiq müəllim uzun illər boyu təhsil sahəsindəki əvəzsiz xidmətlərinə görə, Azərbaycanın Əməkdar müəllimi fəxri adı ilə təltif olunmuşdur. Bu gün əminliklə demək olar ki, Faiq müəllimin 70 illik yubileyi, yalnız əvvəlki uğurlarının təhlili deyil, bu zəngin fəaliyyətin qiymətləndirilməsi və təhsil sahəsindəki böyük xidmətlərinin bir təntənəsidir.
Faiq müəllimi bir daha yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, xoşbəxtlik və fəaliyyətində yeni nailiyyətlər arzulayıram.


Fərid Əhmədli