Əliyev müqaviləsi: “Müharibəni və sülhü qazanan bütün Qafqazı xilas edir”

Əgər məğlubiyyətdən sonra barışa getməzsə, Ermənistan özü boyda Qarabağa çevrilər..

“Ruskiy mir”lə yanaşı, fars millətçiliyi və Turan idealları arasında “Azərbaycan kultu…

 

Əliyev Kazimirova “Gümüş əsr” restoranında Arkadi Qukasyan və Zori Balayanla yeyib-içməsini…

 

Bismarkın “qan və dəmir”lə bir araya gətirdiyi torpaqlarda təkcə Fransa ilə meydana çıxan üç müharibədən sonra qoca Avropada, nəhayət, filosofların və siyasi mütəfəkkirlərin birləşmə idealı qalib gəldi, faşizmin süqutundan sonra dağıdıcı müharibələrə son qoyuldu, “təhlükəsizlik dilemması” birgə həll olundu, “vahid Avropa” arzusu yeni elitaların əsas dövlət kursuna çevrildi. Elzas və Lotaringiya, Rur və Saar kimi məşhur vilayətləri dəfələrlə əldən-ələ keçən, sonuncuları Millətlər Liqasının idarəçiliyinə verən almanlar 3-cü Reyxin məğlubiyyətinin ardından külə dönmüş ərazilərdən boy verib yenidən dirçəlməyə başladılar.

Doğrudur, almanları təkcə qalib Stalin bölməmişdi, qələbəyə şərik qərbli müttəfiqlər də işğal etdikləri - qənimət kimi ələ keçirdikləri torpaqları 1919-cu ildə imzalanan “Versal müqaviləsi”nin şərtləri altında idarə edirdilər, yəni məğlub etdikləri bir xalqın təzədən münaqişə çıxarmasının qarşısını almaq və güclü ordu qurmasını əngəlləmək üçün Amerika başda olmaqla Fransa-Britaniya cütlüyü “şimali və cənubi Almaniya” yaratmaq yolu ilə “yeni Bavariya, Prussiya milləti” formalaşdırmaq niyyətindəydilər. Razılaşın ki, belədə Avropanın təkcə etnik-milli xəritəsi dəyişir, qitənin gələcək müharibələrə sürüklənməsi qaçılmaz olurdu.

 O vaxt birləşmə planını Şarl de Qolla təqdim edən Jan Mone adlı sahibkar Almaniyanın güclü sənaye mərkəzləri üzərində nəzarətinə imkan verməmək üçün Rur, Saar və Reyn vilayətlərini həmişəlik Parisin sərəncamına vermək təklifi ilə çıxış etmişdi. Doğrudur, ideya gerçəkləşmədi, çünki amerikalılar Fransanın Qərbdə həlledici mövqe qazanmasını və iqtisadi güc yığmasını istəmirdilər, lakin dünənədək düşmən səngərlərdə bir-birinə qarşı duran milyonlarla avropalının elə həmin müharibələrdən ittifaqı doğuldu.

Saar və Rurun təbii ehtiyatlarının birtərəfli qaydada yalnız almanların hərbi potensialını artırmasının qarşısını almaq üçün ənənəvi rəqiblər və keçmiş imperiya mərkəzləri yığışıb “Kömür və Polad ittifaqı” yaratdılar. Müasir Avropa Birliyinin qurucu ataları Jan Mone və Rober Şumanın güclü məntiqi və praqmatik hesablamaları qalib gəldi. Beləliklə, 19-cu əsrin imperiyaları Avstriya, Hollandiya, Almaniya, Fransa və digər mərkəzlər müharibələrdən cana doyan, yorulan xalqlarına barış və anlaşma, rifah və çiçəklənmə, daha sonra vahid valyuta, kollektiv təhlükəsizlik və Şengen zonası kimi sərhədsiz məkan - indiki 447 milyonluq nəhəng Avropa Birləşmiş Ştatları qismət oldu.

Əks halda, koloniyalar üzərində hökmranlıq keçmişi ilə öyünən avropalı siyasətçilər öz paytaxtlarına Florensiya və Venesiya kimi muzey eksponatıtək baxacaqdılar.

Lakin Sovetlər Birliyinin çöküşü ilə 3-cü Roma statusuna iddia edən qədim Moskvanın yeni elitası 90-cı illərdə çevik və strateji düşünməyi bacarmadı, Vaşinqton və Brüssel qarşısında sazişçilik və itaətkarlıq göstərdilər, bununla da Lenin-Stalinin nailiyyətlərini yerlə bir etdilər, eləcə də çar Rusiyasının əsrlərlə qan töküb aldığı mövqelərdən geri çəkilməyə məcbur oldular. Halbuki müstəqilliyin ilk illərində Kreml strateqləri, nəhəng hərbi-sənaye kompleksi və yeni güc-hakimiyyət qazanan iqtisadi mənafe qrupları ingilislərin “Böyük Oyun” adlandırdıqları - 19-cu əsrin üçdə ikisini, 20-ci əsrin isə əvvəllərini əhatə edən diplomatik, siyasi və sonda 3-cü ölkələr vasitəsilə aparılan gerçək silahlı vuruşmaları sadəcə “Şərq məsələsi” adlandırıb üstündən keçməsəydilər, indiki kimi “yaxın xaric” saydıqları ərazilərdə qeyri-sabitlik zolağı qazanmaz, ikiqat müdafiə istehkamı qurmalı olmazdılar. Bəli, gərək tarixi yaxşı öyrənəsən, xüsusilə də siyasət qurucuları min illik zaman ölçüsündə makroskopik düşünməyi bacarmalıdırlar.

Keçmişdən söz düşmüşkən, iki yüz il əvvəl 1828-ci ildə imzalanan “Türkmənçay müqaviləsi” onun hazırlanmasında əvəzsiz rol oynayan diplomat-şair Aleksandr Qriboyedovun taleyində faciəli rol oynayanda Rusiya və İran dövlətləri 30 illik qanlı müharibədə təkcə region xalqlarını deyil, öz ordularının da say-seçmə generallarını, cəngavər oğul və qızlarını itirməli olmuşdular. Təkcə çeçen-rus savaşının iki əsr əvvəlki statistikası vahimə doğurur. 1814-1867-ci illərdə davam edən savaşda ölən və yaralıların sayı 200 min nəfərdən çox idi. Halbuki ondan sonra da münaqişə ocağı sönmədi - istər sovet, istərsə də növbəti illərdə Çeçenistanla davam edən silahlı toqquşmalar hazırkı Rusiyanın demoqrafik böhranına səbəb olduğunu,  Qafqazda qalıcı sülh formulunu tapmağı tələb edirdi.

 

Qriboyedovun “Ağıldan bəlası”nın onun öz taleyində necə yaşandığını görməkdən ötrü uzun zaman gözləməyə ehtiyac qalmadı. Cəmi bir il sonra hər şey məhz fatalist bir dramaya, 1829-cu il yanvarın 30-da iki dövlət arasında bağlanan aktın ildönümündə mistik bir qətliama doğru irəliləmişdi. Təsadüfdən, ya zərurətdən ingilislərin məğlub dövlət rəhbəri Abbas Mirzəyə verdikləri silah da məhz müqavilənin epiloqunda açılmışdı. Axı səfir necə öldürülə bilərdi?

İran şahından qalib Rusiyanın əldə etdiyi böyük bac-xəracı Qriboyedovun müstəsna xidmətləri ilə qazanan qalib general İvan Paskeviçin çara məktubu təkcə təslimiyyət traktatının hazırlanmasında şairin oynadığı misilsiz rolla bağlı deyildi, həmçinin iki yüz il davam edən erməni-azərbaycanlı savaşının “xəmsə”si sayılacaq razılaşmanın imzalanması ilə Qarabağa, Naxçıvana və digər torpaqlara kütləvi köçün səbəb olduğu ilk qurbanları görmək baxımından da qiymətlidir. Axı şahın xəzinəsinin açarlarını daşıyan Yaqub Markaryan adlı erməni on minlərlə soydaşı ilə birgə qaçıb axın etdikləri Rusiya səfirliyinin binasını sığınacağa - səngərə çevirəndə nəinki parlaq ədəbi simanı, eləcə də ölümünə bais olduqları 37-dən artıq kazak dəstəsini qəzəblənmiş 100 minlik kütlənin ayaqları altında qoyacaqlarını bilməliydilər.

 Qriboyedovun missiyası həm də ona görə acı sonluqla bitdi ki, o dvoryan və zadəgan sinfinə bəslədiyi kin-küdurəti qələmə aldığı gündəliklərdə müxtəlif ədəbi təhkiyyələrlə dilə gətirsə də, dövlətinə və xalqına ləyaqətlə xidmət edirdi. “Rusiyanın diplomatı olmaq şərəflidir”, - deyən ədibin Gürcüstanda - Müəqəddəs David kilsəsində torpağa tapşırılan tanınmaz hala salınmış cəsədinə - başı bədənindən ayrılmış cisminə münasibətdə iki əsr bir-birini əvəzləyən gürcü hakimiyyətləri də daim yüksək ehtiram göstərmişdilər. Hətta 2008-ci ilin beş günlük müharibəsinin baş qəhrəmanı, hazırda həbsdə can savaşı verən Mixail Saakaşvili də eyni ehtiramı sərgiləmişdi. Lakin Qriboyedovun xələfləri onun əsərlərini görünür, diplomatiya dərsləritək əxz edə bilmədilər. Düz 160 il sonra Kremlin əbədi vasitəçi missiyasına rəhbərliyə başlayan Vladimir Kazimirovun 1992-1996-cı illəri əhatə edən, lakin indinin özündə də yazılmaqda olan “Qarabağa sülh” adlı əlyazmaları ilə tanış olarkən başqa fikrə yer qalmır.

Sovet diplomatiyasının ataları Çiçerinin, Molotovun ənənələrini davam etdirən “Qazi və Mir” soyadlı-gen mühəndisi, səfir istər “Ağ kitab”ında, istərsə də qəzet səhifələrində münaqişənin tarixi köklərinə - üç əsrlik keçmişinə qayıdarkən zərrə qədər ədalətli ola bilmir, 1905-1906-cı illərin, o cümlədən Cümhuriyyət dövrünün qırğınlarını Xankəndini hərbi yolla ələ keçirmək istəyən azərbaycanlılarda axtarır. Halbuki Kazimirov Qriboyedovdan fərqli olaraq, SSRİ-nin dağılması ilə Qafqazı ələ keçirməyə çalışan Qərb dövlətlərinin hər addımda Moskvanı qonşuları ilə düşmənə çevirmək üçün Qorbaçov-Yeltsin duetinin səhvlərindən necə faydalandığını, Rusiya çarları, Lenin və Stalinlə müqayisədə sonuncu sovet rəhbərlərinin milli respublikalara münasibətdə siyasi qəddarlığını və özünün də o sırada yer aldığını söyləməkdə acizlik göstərir.

Doğrudan da sülh təşəbbüslərinin hansı paytaxtdan verilməsi özlüyündə Ermənistan və Azərbaycan üzərində nüfuz, təzyiq qazanmaqda müstəsna rolu vardı.ABŞ-ın 12 may 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs razılaşmasını soyuq qarşılaması, ATƏT-in Minsk qrupunu yaradıb Moskvanın o zamankı zəifliyindən yararlanması, Rusiyanın təkbaşına hərb-sülh missiyasına son qoyaraq diqtə edən tərəfə çevrilməsi Finlandiyadan İsveçə qədər kiçik dövlətləri Vaşinqtonun çoxməchullu planlarına qoşmaqla mümkün olmuşdu, lakin rusiyalı səfirin “güclü siyasət adamı” adlandırdığı patriarx Heydər Əliyevin ağır hakimiyyət mirasını qəbul edərkən taktiki manevrlərlə və hərbi-iqtisadi tədbirlər hesabına uduzulmuş mövqelərdən bəzilərini geri qaytarması unudulmaz tarixi hadisədir. Əlbəttə, Kazimirovun “Qarabağ gündəliyi” “Gülüstan və Türkmənçay traktatlar”ı ilə müqayisədə zəif əsərdir, çünki Azərbaycanı hər addımda günahlandırmaq əsrlərlə bir coğrafiyada yaşayan ruslarla azərbaycanlıları düşmən etmək istəyən dövlətlərə sərfəli olduğu üçün onu son 30 ilin mötəbər külliyatı adlandırmaq olmur.  

Lakin Qriboyedovla müqayisədə Kazimirovun “Qarabağda sülh”ü ermənilərə müstəqillik verməkdə görməsinə Heydər Əliyevin cavabı indiki zaman zirvəsindən daha təsirli görünür. Həyatının üçdə birini Qafqazın ən qədim münaqişəsini daha da düyünə salmağa yönəldən diplomatın mandatı başa çatanda Kremlin labirintlərindən mənən qalib çıxan Əliyev Kazimirova “Gümüş əsr” restoranında Arkadi Qukasyan və Zori Balayanla yeyib-içməsini əks etdirən fotonu təqdim edir. Razılaşın ki, Əliyevə xas çekist məharəti təkcə bir şəxsin məkrli oyunlarına verdiyi qiymət deyildi. Sadəcə qafqazlılar borclu qalmağı sevmirlər. Hər gün cəbhədə növbəti yaşayış məntəqəsini ələ keçirən erməni səhra komandirlərinə belə münasibət Şimali Qafqaza sıçrayan separatizmin baş səbəbi oldu. Əks halda, Ermənistanda 90-cı illərdə səfir olan Vladimir Stupişinin qələmə aldığı “Mənim missiyam” kitabında Rusiyanın regionda varlığını yalnız İrəvan və Qarabağda hərbi-siyasi iştirakdan ibarət görməsi uzun on illər birtərəfli siyasətin nəticələrini Kremldə görməyə imkan vermirdi. Əvəzində Qərb Azərbaycanı antimoskva planlarına qoşulmadığı üçün cəzalandıranda nə Kazimirov, nə Stupişin, nə də onların mərkəzi hamiləri dinmirdilər.

Halbuki Kazimirovun hazırladığı “konfliktlərin atlası” Moskvanın gələcək elitası üçün əks yolgöstərən ola bilərdi. SSRİ-ni dağıtmaq ssenarisinin eynilə Rusiyaya qarşı tətbiq olunduğunu görmək üçün gərək Qriboyedovun qəbri önündə tarix imtahanından keçəsən.Gürcüstanın Abxaziya və Cənubi Osetiya torpaqlarında cəmi 13 min kvadrat kilometrə yaxın ərazidə, sayı 300 minə çatan kiçik toplumlara iki dövlət qurub vermək regionu xırda subyektlərə bölərək Pankisidən Qroznıya uzanan Xəttabın ordularına yol açmağa yaradı. Əlbəttə, Qamsaxurdiyadan Saakaşviliyədək gürcü rəhbərlərinin antimoskva siyasəti onları cəzalandırmağı tələb və Qərbin Tiflisə himayədarlığını əks tədbirlərə vadar edirdi. Eləcə də Moldovanın Rumıniya ilə birləşməsinə yol verməmək üçün Dnestryanı bölgədə 30 illik qeyri-sabitlik zolağının, milli-etnik savaşların bütün sərhəd boyu mina kimi əkilməsindən başqa bir şey deyil. Nəhayət, son 7 ildə böyük toqquşmaya çəkilən vahid slavyan xalqları -    Ukrayna, Krım, Donbas ətrafındakı silahlı toqquşmalar, küll halında, Dağlıq Qarabağdan törəyən 30 illik dağılma prosesinin növbəti həlqələridir və “xalqlar dostluğu” şinelindən çıxanların “çoxəsrlik düşmənçilik” genlərinin oyanmasıdır. Gizli inqilabi emissar kimi Qafqazı əla tanıyan İosif Stalinin silahdaşlarının iradəsini qıraraq, Ermənistanı və Azərbaycanı hissələrə bölməyi deyil, əksinə daha da genişləndirməyi, İran ərazilərini də ələ keçirmək istəyi, ordularını çəkib Təbrizə, yaxud Trabzon sərhədlərinə qədər getməyi “xalqlar atası”nın nə üçün tarixdə “diri” qaldığını görməyə imkan verir.

Ona görə də Kazimirov ermənilərlə “Serebryannıy vek” restoranına yox, Moskvanın “Qızıl dövrü”nə qayıdıb bir əsrlik yaşında, heç olmasa  indi Troitsa qarşısında həqiqətləri söyləməlidir. Bəli, Rusiyanın ən böyük silahı ədalət olmalıdır. Çünki üstündən üç on illik keçəndən sonra Azərbaycan sübut etdi ki, iki xalqın etnik düşmənçiliyinin kökləri Qarabağa bağlı deyil, tam əksinə 300 illik tarixin dialektikası bir neçə on illər boyu həm siyasət, həm idarəçilik və inzibati tabeçilik zamanı yaşanan kütləvi qırğınlar müxtəlif əsrlərdə fərqli intensivlikdə, dəyişən miqyasda və qeyri-sabit motivdə daim meydana çıxıb, indi də davam edir.

Tarixdə ermənilərin qədim əhəmənilər, parfiyalılar, farslar, yunanlar və romalılar arasında bufer məkanda özlərinə məskən salması, xristianlığı ilk sırada 3-cü əsrdə qəbul etmələri, xüsusilə də dini seçimlərinin inanc üzərindən deyil, sağ qalmaq ehtiyacından irəli gəlməsi, imperiya ordularının tərkibində titullu döyüşçülər silkinə mənsub olmaları, Mark Krasdan Spartaka qədər savaşlarda məharət göstərmələrini daim vurğulayır. Osmanlı, Rusiya və Pers imperiyaları tərkibində onların yaşadıqları aqibətdən danışanda bütün bəlaların kökünü son 100 ilə bağlamaq tarixə xəyanətdir.Yəni, Stalinin Kislovodskdan Orconikidze və Kirovun xahişi ilə Tiflisə - Qafqaz komitəsinin yığıncağına gəlməsi və orada verilən qərarlar SSRİ-nin dağılması zamanı ermənilərə Qarabağın müstəqilliyini elan etməyə əsas verə bilməzdi. Qədim Roma dövlətinin yuxarı ranqında, cəngavər döyüşçüləri statusunda olduğunu iddia edən ermənilər son əsrdə müxtəlif imperiyaların arasında yanlış səngər seçərkən dəhşətli fiziki və mənəvi itkilər yaşamağa məhkum idilər. Doğrudur, Stalin marksist və materialist olaraq, etnik-milli müharibələri geriliyin nəticəsi sayırdı, lakin millətçiliyi oyadıb onun üzərində dövlət qurmaq Avropaya olduğu kimi, Qafqazlara da faciələr gətirdi. Halbuki Qarabağsız Ermənistan 100 il əvvəlki reallıqda bir ayrı liderlərin başçılığı altında türk, fars, rus və ingilis imperiyaları arasında fərqli siyasətlə regionun İsverçəsi ola bilərdi. İki dağın arasında - Ağrı və Qafqaz yüksəkliklərində həqiqətən “cəngavər keçmişi”nə malik olanlar indi yalnız kilsə və ruhaniyyət, ticarət və xidmətçilərə çevrilmələrinin səbəbini mifik iddialarında görməliydilər.

Yoxsa, qlobal dəyişikliklər zamanı hər fürsətdə özünə mənfəət axtaran xalqın gələcəyi olmaz. Son 30 ildə Ermənistanı yalnız xarici dövlətlərin iradəsinin məhsulu kimi təqdim edəndə öz vətəndaşlarını və milyonların “mən”ini məhv edirsən. Ona görə ötən ilki döyüş meydanında məğlub olan ayrı-ayrı müxalif qruplarının dediyi kimi, Paşinyan hakimiyyəti deyil, məhz xalqdır, onun fəlsəfəsidir, dünyagörüşüdür, seçdiyi ideallardır. İnkarçılıq mərəzi, əsaslandırılmamış optimizm və institusional zəiflik, qeyri-təkmil ideologiya və şovinizm mədəniyyəti başqa hansı nəticələri doğura bilərdi ki?

Əlbəttə, Azərbaycan son 30 illik tarixin dərslərini hamıdan yaxşı öyrənib və indi nəinki yerləşdiyi coğrafiyanın, eləcə də dünyanın ən ayıq millətidir. Ona görə də Suriya, Liviya, Krım və Cənubi Qafqaz arasında yaranan vahid geosiyasi xəritədən gələn təhlükələrdən öz taleyini asılı etməmək üçün bütün resurslarını səfərbər edir. Yaxın Şərqdəki qeyri-sabitlik ocağının, yaxud Türkiyə-Rusiya ordularının ən azı üç hərbi meydanda sürətlə dəyişən mövqelərinin bizə təsir etməməsi üçün yollar aranır. O üzdən nəinki müstəqillik, eləcə də çoxəsrlik tarixində qazandığı ilk böyük qələbəsini yalnız özünün, ayrıca bir millətin və ya bir ordunun Zəfəri hesab etmir. Prezident İlham Əliyevin uğur formulunun sirri də bundadır. Tarixdə mövcud olan, lakin son 30 ilin məhv etdiyi bütün kommunikasiyaları, ticarət və xalqlararası kanalları bərpa etmək təkcə bir bölgəyə deyil, dünyaya rəhbərlik deməkdir. Axı bir vaxtlar “Amerika arzuları” sadə bir istəkdən törənmişdi - kapitalın, ideyaların və hərəkətin önünü aç, onda dünyanın sahibi olacaqsan. İndi Əliyevin missiyası əsrlərlə düşmənçiliyə və nifrətə investisiya qoyanlara müqavimət göstərib region xalqlarına qalıcı sülh gətirməkdir. Qələbəni ixrac etmək, onun arealını genişləndirmək və yaymaq Əliyevin “Qafqaz Sülh paktı” adlandırıla bilər. Sözsüz ki, o razılaşma yalnız iki xalq arasında deyil, onu əsrlər boyu burada hökmran olan imperiya varislərinin hər biri ilə imzalamış olursan. Ona görə Şuşanın sahibi Pənahəli xanın çalışdığı, Cümhuriyyətin qurucusu Rəsulzadənin can atdığı, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin möhkəm təməllər üzərində yaratdığı ədalətli Sülh platformasını 21-ci əsrin qalib lideri İlham Əliyev həyata keçirir.

Cəmi iki ay əvvəl “Xeybərin fəthi” planı ilə qoşunlarını Araz hövzəsinə yığan İran dövləti övladı saydığı Bakını Zülfüqar raketləri ilə qazanmağın mümkün olmadığını yaxşı bilir. Silahla dağıtmaq və kütləvi qırğınlar törətmək olar, lakin fəth üçün onlar kifayət deyil. Elə olsaydı, Ermənistan yer üzündən sildiyi 7 rayonda fərqli bir vətən inşa edərdi. Lakin əvəzində tarix ayrı bir nümunəni tanıyır:1895-ci ildən başlayaraq, çar Rusiyası zirehli çəkmələrlə gəldiyi torpaqları süngü gücü ilə deyil, rifahla qoruyub saxlamaq üçün o vaxtkı Tiflisdən İrəvana, Qarsdan Culfaya, Təbrizdən Bakıya qədər düzgün olaraq “Zaqafqaziya” adlandırdığı ərazilərdə polad magistrallar salaraq İran şahları ilə savaş apardığı ərazilərə milyon tonlarla yük daşıyırdı və xalqlara orta əsr geriliyindən çıxmağa kömək edirdi. Təsadüfi deyil ki, məşhur lend-liz proqramı ilə ABŞ-Britaniya hərbi texnikası, silahları alman faşizmi ilə mübarizə üçün 1941-ci ildə məhz həmin yolla sovetlərə çatdırılmışdı. O zaman Bakı və İrəvan arasındakı dəmir yolu şəbəkəsi Hindistandan Avropaya qədər ticarət qovşaqlarının bir hissəsini təşkil edirdi. Nəticəsi hamıya bəllidir: Ermənistanın Stalinə nifrəti çarizmin və bolşeviklərin qurduğu bütün mirası dağıtmaqda özünü göstərir. Əvəzində özləri tam çıxdaşa çevrilib.

İndi müharibədə məğlubiyyətin gətirdiyi soyuq ağıl və rasionallıq Paşinyanı fərqli danışmağa vadar edir: “Biz bölgədə körpü salmağa çalışırıq, Şimal və Cənub, Qərb və Şərq arasında ötürücü naqil olacağıq və sülh erası quracağıq”. Gerçəkdən də inanılmazdır. Uzun illər nifrətlə baxdıqları Bakının tribunasından verilən bəyanatların sözbəsöz təkrarıdır. Lakin məşhur dövlət xadimi Klemonso deyirdi ki, düşməninə bənzəmək istəyəndə savaş bitir.

Əgər məğlubiyyətdən sonra barışa getməzsə, Ermənistan özü boyda Qarabağa çevrilər. 30 ilin sərhəd tanımayan iddialarını və işğalını aparan tərəf rəqibindən ədalət və çərçivə tələb edir. Üstəlik, nişanlamadığın sərhədlərin açılması bir əsrlik nifrət yağdırdığı Türkiyəyə sülh danışıqlarında yüksək mandat qazandıracaq və Moskva-Ankara ittifaqını daha gücləndirəcək. Əlbəttə, Qərb buna qarşı olacaq. Çünki müharibə kimi sülh planı da “imperiya maraqları”na xidmət sayılır. Təsadüfi deyil ki, keçmiş səfir Robert Sekuta Amerikanı Cənubi Qafqazda fəal addımlara səsləyir. Əbədi, dəyişilməyən devizdir. Düz yüz il əvvəl britaniyalı Lord Kerzon deyirdi: “Türküstan, Əfqanıstan, Xəzər regionu və Persiya deyəndə çoxlarında yadlıq, uzaqlıq hissi doğurur, lakin mənə görə onlar dünya hökmranlığı üçün şahmat fiqurlarıdır”. Çox dəqiq ifadə edilən və zamanın dəyişilməz ruhunu göstərən imperiya şüarıdır. Ona görə də Qərblə savaşan Rusiyanın Qarabağdakı mandatı ona bütün dünyada yeni nüfuz qazandıra bilər. Əgər Gürcüstandan Moldovaya qədər böyük bir zolaqda ərazi bütövlüklərinə dəstək verilərsə, bolşeviklərin silah və birlik ideyasıtək Moskva-Ankara ittifaqının planları qalib gələr. Hamı yaxşı başa düşür ki, Rusiyanı məğlub edərək torpaq bütünlüyünü təmin etmək və sepatarçı rejimləri yox etmək mümkün deyil.

 

Ona görə də sülhməramlı orduların missiyası təkcə Xankəndidə deyil, bütün regionu əhatə edir, mandatı da Ərdoğan-Əliyev-Putin triadasının strateji planları müəyyənləşdirir. Göründüyü kimi, “ruskiy mir”lə yanaşı, fars millətçiliyi və Turan idealları arasında “Azərbaycan kultu” güclənir, “azərbaycanlı milli mən”i böyük coğrafiyada özünə cazibə qazanır. Avrasiyanın yenidən şəkillənən iqtisadi-siyasi-hərbi-təhlükəsizlik xəritəsi prezident Əliyevin 300 illik müharibəyə son qoyması ilə tarixə möhürünü vurur. Əliyevin Ərdoğan və Putinlə eyni səmiyyət, etibar əsasında bir-birinə əl, çiyin verməsinin sirri məhz budur. Qafqaza özü boyda Lələ təpə yüksəkliyi kimi baxanda, yeni eranın haradan başlandığını görə bilirsən.

Bir vaxtlar ərazi mübadiləsi ideyası ilə qoca Şərqin qanlı müharibələrinə son verməyə çalışan çekist Pol Qobl indi deyir: “Füzuli hava limanı regionu birləşdirəcək”. Əlbəttə, amerikalı siyasətçi tək bir nəqliyyat vasitəsinə əsaslanıb o sözü deməz. Söhbət müharibələrin yerinə qarşılıqlı tanıma və anlaşma hissinin gəlməsindən gedir. Gerçəkdən də Böyük Avrasiyada axıdılan qanın durdurulması hər iki xalqın - erməni və azərbaycanlıların İlham Əliyevin tarixi missiyasını dərk etməsindən asılıdır. Çünki yalnız O, xilas edir və birləşdirir.

Əsərləri ilə sovet xalqlarının sevimlisi olan Rəsul Həmzətovun həyatının sonunda etdiyi səhvə görə gələ bilmədiyi Qarabağ səmasından indi Azərbaycan təyyarələri azad uçuşlar həyata keçirir. Bəli, Ermənistanla düşmənçilik milli gücümüzün böyük bir hissəsini istismar edir, daha böyük ideallara yönəlməyə qoymur. Halbuki Qələbəmizi xarici siyasətdən təhsilə, Böyük qayıdışa, İrəvana dönüşə, bir sözlə, milli həyatın bütün sahələrinə qədər daşımağı bacarsaq, onda Bakı təkcə Azərbaycanın paytaxtı olmayacaq. 

Baxın, Şuşa digər dinlərin də məbədlərini daşıyır. Məhz məscid və kilsələrdəki ilahi səsləri birləşdirəndə o güclü olur! Qarabağa qayıdan sülhü əbədi etmək xalqımızın bir nömrəli amalı olduqca qurulan yeni ssenarilər iflasa uğrayacaq. Əlbəttə, 30 illik daşlaşmış məğlubiyyətin gətirdiyi faciələrə öyrəşmə duyğusu “Zəfərdə məğlubiyyət” axtaranlarla gərgin işləməyi tələb edir. Lakin bu dəfə “Ocağ”ı biz yazmalıyıq. Dünyanın hər yerinə aparıla biləcək ədalət və ləyaqət, istilik və həyat rəmzi olan, qoca Şərqin əbədi sönməyən ocağını. Balayandan fərqli, Köçəryanın “bir yerdə yaşamağın qeyri-mümkünlüyü” iddiasının əksini göstərən kitab və həyat qurmaq məhz qalib millətin vəzifəsidir. Yalnız onda əsl dövlət ideyamız parlaq Zəfərdən sonra ölkəmizin dünyada dəyişən rolu və yerinə uyğun olacaq.    

Rusiyanın Qarabağda göstərdiyi sülhməramı ona dünyada çoxsərlik tarixin mirasını qəbul edərək, Qriboyedovn taleyindən yan keçərək, Yermolovun zirehli çəkmələrini, Leninin 11-ci qırmızı ordusunu və Qorbaçov-Yeltsinin qanlı tanklarını deyil, Putinin son görüşdə hədiyyə etdiyi müqəddəs “Zeytun budaqları”nın gerçək məqsədlərində axtarıla bilər. O üzdən sülyaradıcı qüvvələrin 90-cı illərdə basdırılan 26 mindən artıq partlayıcı maddə və minanı təmizləməsi lokal ərazi hadisəsindən daha böyük məna daşıyır - Rusiya Qarabağa mina deyil, müqəddəs ağaclar əkməyə çağırış edir. Belədə erməni oğulları atalarının dagıtdığı ərazilərdə üzr və kontribusiya olaraq, gəlib işləsələr, sülh şəraitində yaşamağın üsulunu taparlar. Elə Gorus-Qafan yoluna da itaət göstərmək, Hörmüz boğazına və Bosfora tabeçilik qədər əhəmiyyətlidir. Quru və dəniz yolu olması onları fərqləndirmir.

Türkiyədəki kimi Qarabağda ermənilər statussuz yaşaya bilərlər. Onlara xüsusi imtiyaz verəndə dağıdıcı siyasi iddiaları meydana çıxır. “Biz kiçik ölkə, dünyəvi xalqıq”, - deyən prezident Armen Sərkisyan yaxşı başa düşür ki, dünyada olduğu kimi, ermənilərin yaşadıqları Türkiyə və Azərbaycana xidmət etməyin alternativi yoxdur.

Əliyevin “sülh formulu” Britaniya ilə uğurlu bir uzlaşma tapmaqda, İranla gərginlikləri çözməkdə, Moskva ilə Brüsseli toqquşdurmadan Qələbənin nəticələrini rəsmiləşdirməkdə, bir vaxtlar Bakı-Tiflis-Ceyhandan keçən qlobal transmilli kəmərləri Zəngəzur regional qovşağına daşımağı bacarmaqdadır. Müharibədə Zəfərin verdiyi, güclü ordunun diplomatiyada və siyasətdə qazandırdığı üstünlük budur.

Ona görə də Paşinyanın Türkiyəyə - Azərbaycana qorxu dolu, həyacanlı müraciətinə bütün aydınlarımız cavab verməlidir: “Heç kəs Ermənistanı və erməniləri yer üzündən silməyi düşünmür”!

Ağır metallurgiyanın vətəni olan Rur və Saarda topların istehsalına gedən polad və kömür üzərində qurulan birlik platforması kimi biz yaraya çevrilən Qarabağda yeni həyat və sülhü inşa etməliyik. Əliyevin xilaskar missiyası təkcə əks-həmlə savaşını başlatması deyil, həm də onu bitirməyi də bacarmasındadır!

Gülüstan və Türkmənçay, Moskva və Qars müqavilələri ilə müqayisə aparmadan  “Əliyev müqaviləsi” sülh və barış, ədalət və ləyaqət, əmin-amanlıq və rifah anlaşmasıdır. Yüz illərdir bütün resurslarını qanlı savaşlara və 3-cü dövlətlərin planlarına xərcləyən bir millətə yeni həyat fəlsəfəsi və yaşam ideologiyası verən bir siyasət…

Xalqları müharibələrə səfərbər etmək sərkərdəlikdir, lakin “sülhə hazırlamaq” əsl dünya liderliyidir!

Əliyev müharibəni uddu, indi sülhü qazanır!

Zahid Oruc, deputat, STM İH sədri