Türk Ticarət və Sənaye Palatasının (TTSP) “Türk Biznes Forum”u çərçivəsində Qadın Sahibkarlar Komitəsinin I iclası keçirilib.
Bu barədə İlkxeber.org-a Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) məlumat verilib.
Məlumata görə, noyabrın 10-da keçirilmiş Palatanın 3-cü Baş Assambleyasında ASK prezidenti Məmməd Musayev Türk dünyası Qadın Sahibkarlar Komitəsinə sədrliyin Azərbaycana verilməsi təşəbbüsünü irəli sürüb, təşəbbüsü Palatanın sədri Rifat Hisarcıklıoğlu dəstəkləyib. Çıxışlar zamanı, son illər Azərbaycanda qadın sahibkarlığın sürətlə inkişaf etdiyi və bunun Türk dünyasında qadın sahibkarlığın inkişafına böyük töhfə verəcəyi bildirilib.
Komitəyə sədrliyə ASK-nın Rəyasət Heyətinin üzvü, "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyinin sədri Səkinə Babayevanın namizədliyi irəli sürülüb. O, səsvermə nəticəsində 2 il müddətinə Komitənin sədri seçilib.
Türk dünyası Qadın Sahibkarlar Komitəsinin yaradılmasına ötən il noyabrın 24-də Türk Ticarət və Sənaye Palatasının onlayn formatda keçirilən 2-ci Baş Assambleyasında qərar verilib.
© 2020 - Created by İLK XEBER.