Türkiyə Qara dənizdə yeni qaz yataqları kəşf edib, bu gün rəsmi açıqlama veriləcəyi gözlənilir. Bu barədə “Bloomberg” məlumat verib. Nəşrin mənbələrinə istinadən verdiyi xəbərə görə, Qara dənizdəki “Amasra-1” quyusundan alınan ilkin məlumatlar yeni qaz yatağında əhəmiyyətli dərəcədə böyük qaz rezervinin olduğunu göstərir.
Türkiyənin energetika naziri Amasra kəşfi ilə bağlı açıq şərh verməkdən imtina etsə də, Prezident Rəcəb Tayyib Ərdoğanın gözlənilən açıqlamasından bir neçə saat əvvəl tvitterdə video paylaşaraq rəsmi açıqlama vaxtı olan saat 18:00-a işarə edib. Videoda isə Fatih Qazma Gəmisi görünür. Videoda mühəndisin kamera önündən keçməsindən sonra “Gözlərimiz üfüqdədir” yazısı diqqət çəkib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan həftənin əvvəlində TRT-yə verdiyi müsahibə zamanı bu barədə eyham vurub və cümə günü Qara dəniz sahillərindən “yaxşı xəbər” verəcəyini vəd etmişdi.
Türk tədqiqatçılar keçən il Qara dənizdə ölkənin ən böyük qaz yatağını kəşf etdiklərini açıqlamışdılar. “Tuna-1” quyusunda aşkarlanan qaz yatağının 405 milyard kubmetr qaz rezervinə malik olduğu və 2023-cü ilə qədər hasilata hazır olacağı bildirilir.